Məhkəmə qərarları › İş №2(105)-1297/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1297/2024

01.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1297/2024 01.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinin boşaldılması və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-27/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 176.20 m2 olan fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********57-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

2. İddiaçı BOKT ASC-nin Cavabdeh göndərilmiş bildirişin surətindən görünür ki, Cavabdeh İddiaçı BOKT ASC-yə məxsus, **********57-10301 reyestr nömrəli, xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli xüsusi mülkiyyəti olan Abşeron rayonu, Masazır kəndi Fərman Kərimzadə küçəsində yerləşən 244 saylı fərdi yaşayış evində yaşadığı digər şəxslərlə birlikdə evdən çıxmağı, mənzili boşaltmağı və pasport qeydiyyatından çıxmağı xahiş olunmuşdur.

3. İddiaçı BOKT ASC-nin İdarə Heyətinin sədri Rəşad Qasımov, Hüquq Departamentinin Direktoru Nümayəndə1, Ümumi Şöbənin müdiri Könül Abdullazadə və kredit üzrə mütəxəssis Ceyhun Bədəlov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı BOKT ASC-yə məxsus ünvan 2 ünvanında yaşayan Cavabdeh evin boşaldılması və evdən çıxması ilə bağlı bildiriş təqdim olunması üçün qeyd olunan ünvana gedilmiş, lakin Cavabdeh evdə olmadığına görə bildirişi təqdim etmək mümkün olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3475/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər Abşeron rayon İcra və probasiya şöbəsi və “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyəti cəlb edilməklə) “hərracın nəticələri barədə protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın ləğvi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

5. “X3” "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli X5 barədə Protokolundan görünür ki, ünvan 1 ünvanında, 0.0267 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 176.2 kv.metr olan fərdi yaşayış evini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən, tələbkar İddiaçı BOKT ASC tərəfindən 57.375 manat məbləğində əldə edilmişdir.

6. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)- 3253/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsi, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3475/2021 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilsin, iddianın təmin edilməsi, X1 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən (0.0267 ha torpaqla birgə) fərdi yaşayış evinə dair keçirilmiş hərracın nəticələrinə dair YP 93 saylı, xx.xx.2021-ci il tarixli yekun protokol və xx.xx.2021-ci il tarixli hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən 0.0267 ha torpaq sahəsi və ümumi sahəsi 176.20 kv.m olan fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə İddiaçı bank olmayan kredit X7 cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyat və həmin əmlaklara dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir.

7. İşdə olan Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-524/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər "xxxx" MMC, İddiaçı BOKT ASC və Abşeron rayon İcra və Probasiya Şöbəsinə qarşı sifariş məktubunun, hərracın nəticələri barədə protokolun və reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

8. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4238/2023 saylı qərarınından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2(105)-1196/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4238/2023 saylı qərarınından həmçinin görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(012)-524/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyəti Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinin boşaldılması və istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-yə məxsus xüsusi mülkiyyəti olan Abşeron rayonu, Masazır kəndi, Fərman Kərimzadə küçəsində yerləşən 244 saylı fərdi yaşayış evindən məcburi çıxarılması, mənzilin boşaldılması və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi, Fərman Kərimzadə küçəsində yerləşən 244 saylı fərdi yaşayış evi iddiaçının tam mülkiyyətindədir. Qeyd olunan fərdi yaşayış evi iddiaçının tam mülkiyyətində olmasına baxmayaraq həmin fərdi yaşayış evinə dair sahiblik, istfadə və sərəncam vermək hüququnu həyata keçirə bilmir. Belə ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Fərman Kərimzadə küçəsində yerləşən 244 saylı fərdi yaşayış evində Cavabdeh yaşayır və fərdi yaşayış evində pasport qeydiyyatındadır. Cavabdehin fərdi yaşayış evi iddiaçının balansına keçdikdən sonra bu günə kimi yaşayış yerini tərk etməməsi iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır.

12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-27/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli mənzildən çıxmaması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.

14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33-cü, Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi Abşeron rayon icra və probasiya şöbəsindən, DƏDRX-nin 4 saylı Əİ-dən və hərrac təşkilatından sənədləri istəməmiş və işi ətraflı araşdırmadığını hesab edir. Belə ki, Mülki Prosesual Məcəllənin, İpoteka haqqında qanunun, İcra haqqında qanunun, Mülki Məcəllənin və bir çox tənzimləyici normaların kobud pozulması məlumdur. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hər dəfə aşkar pozuntularla hərrac keçirilmiş və hərrac təşkilatı və İcra şöbəsi prosesə gəlməmiş və hərracın etibarsızlığı barədə iddia tələbləri təmin edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

20. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

21. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

23. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (...) 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. (...)

25. Maddə 205. Mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi (...) 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

27. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 176.20 m2 olan fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin adına xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Normanın tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddia tələbinin əsaslı olması üçün qeyd edilən normanın dispozitiv şərtləri hazırki işin hallarına uyğun olmalıdır. Bunun üçün iddiaçı iddia etdiyi əmlakın mülkiyyətçisi olmalı, əmlak özgəsinin sahibiyində olmalı və özgəsinin əmlaka sahibliyi qanunsuz olmalıdır.

35. İddiaçı bank mübahisəli əmlakın mülikyyətçisidir. Belə ki, keçirilmiş hərracın yekununda həmin ev banka təklif edilmiş və bankın evə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır.

36. Cavabdehin həmin əmlaka sahibliyinin hazırda hər hansı bir qanuni əsası yoxdur. Çünki tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, mülkiyyət isə toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğundan, qanunla qorunduğundan, iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

37. Aşkar pozuntularla keçirilmiş hərracın nəticələrinə baxmayaraq iddianın təmin edilməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası nəzərə alır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-524/2023 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdehlər "xxxx" MMC, İddiaçı BOKT ASC və Abşeron rayon İcra və Probasiya Şöbəsinə qarşı sifariş məktubunun, hərracın nəticələri barədə protokolun və reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-524/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4238/2023 saylı qərarına əsasən iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2(105)-1196/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

38. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

39. İddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından mülkiyyətçi kimi hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-27/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar