Məhkəmə qərarları › İş №2(105)-1298/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1298/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1298/2020 15.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X5 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-78/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-78/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X1 Cavabdeh qarşı kredit məbləğinin geri qaytarılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 2.600,000 manat əsas borc və 305.066,64 manat faiz borcu olmaqla, cəmi 2.905.066,64 manat məbləğində kredit borcunun və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxxxx 2018-ci il tarixdə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X2 iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ******* manat məbləğində əsas borc, 305066,64 manat məbləğində faiz borcu, ümumilikdə 2905066,64 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 151/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi ilə 12 ay müddətinə, illik 8% dərəcəsi olmaqla ******* manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə bank borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə ******* manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit nağd və ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh bankla imzalanmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtlı-vaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin banka ******* manat məbləğində əsas borcu, 305066,64 manat məbləğində faiz borcu, ümumilikdə 2905066,64 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında nəlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuzdur. Belə ki, o, ekspert rəyi ilə tanış edilməmiş və ekspertiza onun iştirakı olmadan keçirilmişdir. Ona görə də həmin ekspert rəyi sübut sayıla bilməz. Məhkəmə isə ekspert rəyini sübut saymaqla Azərbaycan Respublikası MPM-in 88-ci maddəsini düzgün tətbiq etməmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, borcu düzgün hesablamaqla yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X2 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 151/14 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh illik 8 faiz olmaqla, 12 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X1 xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh cəmiyyətə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxx 2017-ci il tarixinə kredit öhdəliyi üzrə ******* manat əsas borc və 305066,64 manat faiz borcu olmaqla, cəmi 2905066,64 manat kredit borcu vardır. İş materiallarında olan xx xxxxxxx 2017-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə olan borcunun tam ödəməsi üçün xəbərdar edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 9/3247 saylı rəyindən görünür ki, iş materiallarında olan bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış məlumatlarına əsasən xx xxxxxx 2014-cü il tarixli, 151/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2015-ci il tarixə (müqavilə müddəti bitən tarixə) banka olan əsas borcu 2.594.221,22 manat, faiz borcu 35.742,60 manat müəyyən olunur. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdən sonra 305.066,57 manat məbləğində ödəniş olmuşdur, lakin sualda xx.xx.2015-ci il tarixə soruşulduğundan tədqiqatla 305.066,57 manat nəzərə alınmamışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş üzrə araşdırılmış sübutlardan görünür ki, xx xxxxxx 2014-cü il tarixli, 151/14 saylı kredit müqaviləsinə əsasən İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh illik 8 faiz olmaqla, 12 ay müddətinə ******* manat məbləğində kredit verilmişdir. Göründüyü kimi, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsi 12 ay müddətinə bağlanmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X2 isə xx xxxxxx 2014-cü il tarixli, 151/14 saylı kredit müqaviləsinin müddəti, yəni 12 aylıq müddət bitdikdən sonra da, xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək hesablanmış faizlərin ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulan faiz məbləği müqavilə müddətinə hesablanmalıdır. Bundan sonrakı müddət ərzində isə kreditor hesablanmış faiz formasında zərəri-real zərəri və əldən çıxmış faydanı tələb etməlidir. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X2 tərəfindən cavabdehdən hesablanmış faiz formasında zərərin-real zərərin və ya əldən çıxmış faydanın tələbi irəli sürülməmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli, 21936 saylı rəyi ilə müəyyən edilmişdir ki, xx xxxxxx 2014-cü il tarixli, 151/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2015-ci il tarixə (müqavilə müddəti bitən tarixə) banka olan əsas borcu 2.594.221,22 manat, faiz borcu 35.742,60 manat təşkil edir. Rəyin tədqiqat hissəsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2015-ci il tarixədək 177.956,56 manat məbləğində ödəniş etmişdir və həmin məbləğin 5.778,78 manatı əsas borca, 172.177,78 manatı faiz borcuna silinmişdir. Həmçinin rəydən görünür ki, xx.xx.2015-ci il tarixdən sonra, xx.xx.2016-cı il tarixdə Cavabdeh tərəfindən 305.066,57 manat məbləğində ödəniş edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi X2 xx xxxxxx 2018-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərkən Cavabdeh xx.xx.2016-cı il tarixdə 305.066,57 manat məbləğində ödəniş etməsini nəzərə almamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş 2.629.963,82 manatdan (2.594.221,22 manat əsas + 35.742,60 manat faiz borcu) Cavabdeh xx.xx.2016-cı il tarixdə etdiyi ödəniş olan 305.066,57 manat çıxılaraq cavabdehdən iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 2.324.897,25 manat (2.629.963,82 manat - 305.066,57 manat) tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 manat cavabdehdən tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayətiqismən təmin edilsin. İs üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-78/2019 saylı qətnaməsinə dəyişiklik edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 2.324.897,25 (iki milyon üç yüz iyirmi dörd min səkkiz yüz doxsan yeddi manat 25 qəpik) manat əsas borctutulsun. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüzəlli) manat Cavabdeh tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar