Məhkəmə qərarları › İş №2(105)-1299/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1299/2025

21.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1299/2025 21.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(060)-2787/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məhv edilmiş 10.000 manat dəyərində əşyaların əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 18.000 manatın alınaraq, ona vurmuş olduğu ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşı olmuşdur. O, övladlarları ilə birgə Sumqayıt şəhəri, Corat bağları, 787 saylı sənədsiz tikilidə yaşamış, evin məişət ehtiyaclarını, kommunal xərclərini özü qarşılamış, yüksək şəkildə təmir etdirib yaşanılası hala gətirmişdir. X14 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 44 günlük Vətən müharibəsində xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur. Bunun üzərindən 1 il yarım keçəndən sonra, Cavabdeh içkiyə başlamış, şəhid atası adına laiq olmayan hərəkətlər etməyə başlamışdır. Dəfələrlə bunun qarşısını almağa çalışsa da, onu söyüb təhqirlər etmiş, xəsarət yetirmişdir. Sonuncu dəfə 2022-ci ilin iyulunda içkili halda, əlində böyük qaz açarı ilə onlara zərər vermək üçün evə gəldikdə, onları tapa bilmədiyindən 10.000 manat dəyərində bütün məişət əşyalarını sındırmış, yararsız hala gətirmişdir. Belə ki yararsız vəziyyətə salınmış əşyaların siyahısı aşağıdakı kimidir, yazı masası, beko markalı 2022-ci i istehsal kondisonerin əsas korpus hissəsi, bir aydır almış olduğu yataq dəstinin çarpayısı taxta hissəsi bütünlükdə, makyaj masası bütövlükdə, paltar şkafı bütünlüklə qapıları, rəfləri şüşələri, onlara sonradan məlum olan 500 manat dəyərində kosmetik vasitələr, 400 manata aldığı “lg” markalı tozsoran, mətbəx mebelinin bütün rəfləri, qapıları, 2022-ci ildə 1740 manata aldığı “LG” markalı paltaryuyan maşının qapısı, qapağı və barabanı, “SAMSUNG” markalı qaz sobasının qapısı və aşağı hissəsi, ƏƏSMN tərəfindən onun istifadəsinə verilmiş 6000 manat dəyərində bişirmə aparatlarının qapıları, soyuducusunun süşəsi, sprilları, kolidora yığılmış şkafların qapılarını ortadan sındırmış, divanın oturcaq hissəsi, qab-qacaqlar, oğlunun xatirə otağındakı əşyaları dağıtmış və s. Ümumilikdə bu əşyların bəzilərinin detalları ölkədə tapılmamış, mebellərin isə bir neçə ustalarla danışsa da bərpası mümkünsüz olduğunu demişlər. Ona 10.000 manat dəyərində maddi ziyan dəymişdir əvəzi isə ödənməmişdir. Bu barədə DİN-ə şikayət versə də, təhqiqat araşdırılması məqsədilə Məhkəmə Ekspertizası Mərkəzinə əşyaların qiymətləndirilməsi ilə bağlı sorğuya, cavab olaraq,xx.xx.2022-ci ildə daxil olmuş 9/4957 nömrəli rəyə əsasən dəymiş ziyan 1305 manat təşkil etmiş və İXM-in 232-1-ci maddəsinin tərkib hissəsini yaratmışdır. O, bu məbləğlə razılaşmamış, lakin Cavabdeh ölkəni uzun müddətdir tərk etdiyindən bu məsələni mübahisələndirə bilməmişdir.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. 11 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanmasının rədd edilməsi, faktda Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı yaşadığı evə gəlib ev əşyalarını qəsdən sındıraraq ona maddi ziyan vurmuş Cavabdeh barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surətinin aidiyyəti üzrə sahə rəisinə verilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən Sumqayıt şəhər Prokuroruna və maraqlı şəxslərə göndərilməsi, toplanmış materialların saxlanılması üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. - Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, təhqiqat araşdırması zamanı İddiaçı dəymiş ziyanı müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunaraq 124-10070 nömrə ilə dəftərxanada qeydiyyata alınaraq sorğu göndərilmişdir. MEM-dən sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə daxil olmuş 9/4957 nömrəli ekspertiza rəyindən görünür ki, İddiaçı dəymiş maddi ziyan 1305 manat təşkil edir. Beləliklə, Cavabdeh tərəfindən İddiaçı yaşadığı evə gələrək qəsdən ev əşyalarını sındıraraq sonuncuya ümumillikdə 1305 manat məbləğində maddi ziyan dəyməsi faktında özgənin əmlakını qəsdən zədələmə və yaxud məhv etmə kimi qiymətləndirilməməsi səbəbindən Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkib əlamətləri istisna olunur, belə ki, qüvvədə olan mövcud qanunvericiliyə əsasən AR CM-nin 186-cı maddəsinin tərkib əlamətləri üzrə məsuliyyət tövsifedici əlamətlərinə görə əmlakı qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxs xeyli miqdar təşkil etməmiş, yəni şərti maliyyə vahidinin min mislindən az məbləğ təşkil edir.

6. Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş 07 aprel 2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı müraciətdə göstərilən xüsusatlar mülki xarakter daşıdığından müraciət müəllifinə müraciətində qeyd etdiyi xüsusatlar ilə bağlı olaraq mülkimühakimə icraatı qaydasında Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. - Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, İddiaçı Əluqulu qızı birgə nikah dövrlərində Cavabdeh ilə birlikdə əldə etdikləri əşya və əmlakın sonuncu tərəfindən sındırılaraq ona maddi ziyan vurması barədə etdiyi müraciətində göstərdiyi xüsusatlar mülki xarakter daşıdığından, həmçinin həmin tərəflər arasında hazırda da Sumqayıt Şəhər Məhkəməsində mülki iddia ilə bağlı məhkəmə prosesləri davam etdiyindən həmin xüsusatlarda cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən qeyd edilənlər üzrə cinayət işinin başlanılması rədd edilməlidir. Bundan başqa X1 həyat yoldaşı Cavabdeh tərəfindən təhqirlərə, hədə-qorxularaq məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar alınmış izahatlara əsasən öz təsdiqini tapmadığından həmin xüsusat üzrə də cinayət işinin başlanılması rədd edilməlidir.

7. "xxxx" MMC tərəfindən tərtib edilmiş 18 iyun 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində, Sumqayıt şəhəri, Corat bağları, 787 saylı fərdi yaşayış evində yerləşən, təqdim edilmiş video, fototəsvirlərə və siyahıya əsasən 1 ədəd yazı masasının, 1 ədəd bazalı çarpayının, 1 ədəd makyaj masasının, 1 ədəd güzgülü paltar dolabının, 1 ədəd “LG” markalı tozsoranın, 1 ədəd kiçik şkafın, mətbəx mebelinin və qab-qacaqların hazırki bazar dəyəri, 1 ədəd kondisonerin, 1 ədəd paltaryuyan maşının, 1 ədəd “Samsung” markalı qaz sobasının, 1 ədəd dəhlizdə yerləşən divara yığılmış şkafın, 1 ədəd divanın təmir xərci ilə birgə ümumillikdə 18 iyun 2025-ci il tarixinə 4800 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(060)-2787/2025 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş zərərin maddi əvəzinin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 4800 manat pulun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsinə görə 68 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1 və 1115-ci maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2 və 9.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 119.2, 14.2, 77.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(060)-2787/2025 nömrəli nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı və Cavabdeh hər biri ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.

11. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2787/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilərək iddia tələbinin həcminin tam şəkildə, yəni ona dəymiş ziyanın tam, sonradan dəqiqləşdirmə etdiyi yəni 18.000 manat məbləğdə, eləcə də ekspertiza keçirilməsi üçün ödədiyi 200 manat pulun, ümumilikdə 18.200 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona 10.000 manat dəyərində maddi ziyan dəymiş, əvəzi isə ödənilməmişdir. Bu barədə DİN-ə şikayət versə də, təhqiqat araşdırılması məqsədilə Məhkəmə Ekspertizası Mərkəzinə əşyaların qiymətləndirilməsi ilə bağlı sorğuya cavab olaraq, xx.xx.2022-ci ildə daxil olmuş 9/4957 nömrəli rəyə əsasən ona dəymiş ziyan 1305 manat təşkil etmiş və İXM-in 232-1-ci maddəsinin tərkib hissəsini yaratmışdır. O, bu məbləğlə razılaşmasa da Cavabdeh ölkəni uzun müddətdir tərk etdiyindən bu məsələni mübahisələndirə bilməmişdir. İlkin ekspertiza qiymətləndirilməsi sadəcə qapı-pəncərənin və ya əşyaların detallarının qiymətini müəyyənləşdirdiyindən, bu məhsulun düzəldilib-düzəldilməmə və yararlılıq dərəcəsi məsələsini araşdırmadan rəy çıxarılmışdır. Lakin bunların heç birinin qiyməti müəyyən olunmamışdır. 2-ci dəfə ekspertizaya müraciətində 4800 manat müəyyən olunsa da o, bu məbləğə sadəcə mebel ilə divan ala bilər. Bundan əlavə o, ekspertizaya gec müraciət etdiyindən, ekspertiza isə Dövlət tərəfindən verilən aparat dəstinin qiymətini müəyyənləşdirə bilmədiyindən, vaxt baxımından məhkəmə qiymət barədə X3 sorğu verə bilməmişdir. Bununla yetinməyib xx.xx.2025-ci ildə evə maneəsiz köçürülməsinə baxmayaraq, otaqdakı 2000 manat dəyərindəki Türkiyə istehsalı Bellona markalı yataq dəstini sındırmışdır. Cavabdehin vurmuş olduğu zərər təhqiqat materiallarındakı fotoşəkillərindən aydın görünür və özü bunu etiraf edir. Həmçinin həmin anın videosu da iş materiallarında mövcuddur. Bu səbəbdən Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə razılaşmır, ona dəymiş ziyanın tam, sonradan dəqiqləşdirmə etdiyi, yəni 18.000 manat məbləğdə, eləcə də ekspertiza keçirilməsi üçün ödədiyi 200 manat pulun, ümumilikdə 18.200 manatın cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə real görüntülər göstərilsə də, həmçinin təhqiqat materiallarında da görünmüşdür ki, evə dəymiş ziyan ekspertizanın rəyinin 3 qatıdır, bundanda əlavə Agentlikdən şəxsi istifadəsinə verilmiş aparatura dəstinin qiyməti nəzərə alınmamışdır. Əməli törəkdikdən qısa müddət sonra Cavabdeh ölkəni bir illik tərk etmiş, bu səbəbdən də törətdiyi əmələ görə məsulliyət daşımamışdır. Hələ onun susduğunu görən cavabdeh 2025-ci ilin martında gəlib yenidən evdə dağıntılar etmişdir. Cavabdeh izahatında deyir ki, bir stəkan götürürdü, şkaf elə qırıldı. Evi o, dağıtmışdısa 3 il niyə gözləyirdi məhkəmədə iddia qaldırmaq üçün? Yazılan izahatda da, təhqiqatda əks olunan fotoşəkillərlə onun təqdim etdiyi foto və video üst-üstə düşür. Soyuducunun içində sındırdığı yumurtalara qədər, hər bir şeyin qarşılığını ona ödəməlidir. Real foto, video və sənədlərdən də görünür ki, evdə salamat bir əşya saxlamamışdır, təhqiqatçı onun şok vəziyyətindən istifadə edib əşyaların yararlılıq dərəcəsini yox, sadəcə qapısının qiyməti barədə yalnış sorğu göndərmişdir. Agentlikdən aparat dəstinin tam siyahısını əldə etmişdir. Bundan da əlavə qiymət barədə Sumqayıt Şəhər Məhkəməsi sorğu eləməli idi.

13. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2787/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməklə iddia tələbinin bütünlüklə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının real həqiqətə uyğun olmayan və iddia tələbində istədiyi qədər sadaladığı və tərəfindən sındırıldığı bildirilən əmlakların qiymətləndirilməsi ilə bağlı təyin edilmiş ekspert rəyinə əsaslanmaqla iddia tələbinin qismən təmin olunması qənaətinə gəlmişdir. Məhkəmənin hazırkı iddia tələbi üzrə gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətini təqdim edir. Məhkəmənin bu yanaşması tam əsassızdır. Belə ki, o, mülkiyyətində olan KİA markalı avtomaşının iddiaçı tərəfindən özgəninkiləşdirilməsindən və qızı Nümayəndə adına rəsmiləşdirilməsindən xəbər tutandan sonra buna əsəbləşmiş və evə gələrək öz vəsaiti ilə aldığı bir neçə əşyaya xətər yetirmişdir. Bu barədə təhqiqatçıya araşdırma zamanı bildirmiş və iddiaçı tərəfindən təqdim edilmiş siyahıda göstərilən əmlaklar ekspert tərəfindən qiymətləndirilmiş və həmin qiymət müəyyən olunmuşdur. Lakin iddiaçı ilə aralarında baş vermiş bu hadisədən sonra o, bir daha həmin evə getməmiş və hər hansı bir əmlaklara ziyan vurmamışdır. Əgər belə olsaydı iddiaçı həmin vaxt polisə şikayət etməklə digər əmlakları da dəyərləndirərdi. Lakin məhkəmə birtərəfli və qeyri-obyektiv mövqe nümayiş etdirməklə qarşı tərəfin kim tərəfindən, nə vaxt və hansı şəraitdə sındırıldığı və harada olduğu ona məlum olmayan əmlakların fotosunu məhkəməyə təqdim etməklə, guya həmin əmlakların onun tərəfdən sındırıldığını bildirmiş və məhkəmə də qarşı tərəfin təqdim etdiyi siyahı üzrə ekspertiza təyin etmişdir. Bundan başqa ekspert rəyində iddiaçının təqdim etdiyi əşyaların bazar qiyməti və həmin əşyaların bərpası üçün tələb olunan vəsaitlər də nəzərə alınmaqla 4800 manat qiymət qoyulmuşdur. Lakin qeyd etdiyi kimi evdə olan əşyalar onun vəsaiti ilə alınmış əşyalar olmuş və məhkəmə qətnaməsi əsasında o, qeyd olunan ünvana köçürülən zaman birgə nikah dövründə və onun öz şəxsi vəsaiti ilə alınmış əşyaları həmin evdə görməmiş, eyni zamanda iddiaçının sındırıldığı bildirdiyi əşyalar da evdə olmamışdır. Necə olur ki, 2022-ci ilin iyul ayında bu hadisənin baş verdiyini bildirən iddiaçı həmin vaxt ona qarşı belə bir iddia qaldırmır və o, məhkəmədə ona qarşı 60000 manata yaxın pullarını kart və bank hesablarından çıxarılması barədə iddia qaldırdıqdan sonra ona qarşı bu iddia tələbini irəli sürür? Məhkəmə kollegiyasının nəzərinə onu da çatdırmaq istəyir ki, onun adına olan kart hesabından iddiaçı 2021-2022-ci illər ərzində külli miqdarda vəsaitlər çıxarmış və həmin vəsaitlərin hansı məqsədlərə sərf olunması ilə bağlı Sumqayıt Apellyasiyüa Məhkəməsi MK-nın 2(105)-502/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsidə iddiaçının məhkəməyə ünvanladığı etiraz ərizəsinə istinad olunmuş və iddiaçı həmin etiraz ərizəsində onun pullarının hansı məqsədlərə sərf olunmasına aydınlıq gətirməklə qeyd etmişdir ki, «pullardan mənzilə və avtomobilə xərclənən məbləğlər 7500 manat məbləğində gömrük xərclərindən (Kia Optima markalı avtomobilin xaricdən coopart vasitəsilə gətirilməsi üçün banka ödənilən ilkin məbləğ), 12000 manat evin təmirinə xərclənən məbləğ (eyvanın artırılaraq tam təmir edilməsi, metlaqla döşənməsi, evin dam örtüyünün təmiri (şiferin yenilənməsi), evin və həyətyanı sahənin rənglənməsi, darvazanın önünə beton tökülməsi, 3 otaq, koridor və mətbəxin parketlənməsi, divarların rənglənməsi və.s), 3000 manat şəhid abidəsi (evin qarşısında mərmər materialında abidə), 4500 manat 1-ci il üçün ehsan məclisinə xərclənən məbləğdən (Qubadlı restoranı), 3000 manat 2-ci il üçün ehsan məclisinə xərclənən məbləğdən (Billur restoranı), 2000 manat xiyaban üçün alınan güllər (şəxsi büdcə ilə düzəldilən çələnglər), 1800 manat yataq mebeli (çarpayı, güzgülü polka, kamod, geyim polkası (qarderob)) 1500 manat divan, 1600 manat kondisioner, 1250 manat LG markalı paltaryuyan, 3 il ərzində keçirilən ehsan məclislərinə çəkilən xərclər(iftar süfrəsi, zəfər günü, anım günü, 20 yanvar və.s) daxildir. Göründüyü kimi iddiaçı tərəfindən sındırıldığını iddia etdiyi əmlaklara yetirilən ziyanı ondan tələb edir, pullarının hansı məqsədlərə sərf edilməsinə gələndə isə, həmin əmlakları siyahıda göstərir, əgər qəbul etsək ki, bu əşyalar onun vəsaiti ilə alınmışdır, onda o, bu əmlaklara görə cavabdehliyə hansı məntiqlə cəlb olunmalıdır. Bundan başqa necə olur ki, təhqiqat zamanı, yəni hadisə baş verən zaman vurulmuş ziyan 1308 manat məbləğində qiymətləndirilir, lakin 3 il sonra əmlakların siyahısı süni şəkildə artırılır və ziyanın məbləği 4 dəfə artırılaraq 4800 manat olur? Məhkəmə bu halları araşdırmaq əvəzinə iddiaçının əldə etdiyi və foto və disklərə istinad etməklə həmin əmlakların guya onun tərəfindən sındırılması qənaətinə gələrək bu qanunsuz bir qətnaməni qəbul edir. Əksinə iddiaçı evdə olan və onun kart və bank hesabından çıxardığı pullarla alınan bütün əşyaları evdən aparmış və istifadəyə yararsız, qırıq-sınıq bir-iki əşyanı evdə saxlamışdır, bu evə daxil olan zaman çəkilmiş video görüntü ilə də təsdiq olunur. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İşdə olan 11 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanmasının rədd edilməsi, faktda Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı yaşadığı evə gəlib ev əşyalarını qəsdən sındıraraq ona maddi ziyan vurmuş Cavabdeh barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surətinin aidiyyəti üzrə sahə rəisinə verilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən Sumqayıt şəhər Prokuroruna və maraqlı şəxslərə göndərilməsi, toplanmış materialların saxlanılması üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, təhqiqat araşdırması zamanı dəymiş ziyanı müəyyən etmək üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunaraq 124-10070 nömrə ilə dəftərxanada qeydiyyata alınaraq sorğu göndərilmişdir. MEM-dən sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə daxil olmuş 9/4957 nömrəli ekspertiza rəyindən görünür ki, dəymiş maddi ziyan 1305 manat təşkil edir. Beləliklə, ev əşyalarının sındırılması ilə bağlı 1305 manat məbləğində maddi ziyan dəyməsi faktında özgənin əmlakını qəsdən zədələmə və yaxud məhv etmə kimi qiymətləndirilməməsi səbəbindən onun əməlində Azərbaycan Respublikası CMnin 186-cı maddəsinin tərkib əlamətləri istisna olunmuş və qüvvədə olan mövcud qanunvericiliyə əsasən AR CM-nin 186-cı maddəsinin tərkib əlamətləri üzrə məsuliyyət tövsifedici əlamətlərinə görə əmlakı qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxs xeyli miqdar təşkil etməmiş, yəni şərti maliyyə vahidinin min mislindən az məbləğ təşkil etmişdir. Həmin qərar qüvvədədir və ləğv olunmamışdır, lakin məhkəmə həmin qərarla müəyyən olunmuş halların mötəbərliyinə inanmayaraq və qarşı tərəfin ona atdığı böhtanları daha inandırıcı hesab edərək, ziyan çəkmiş əşyaların dairəsini daha da artırmış və yenidən qiymətləndirməyə başqa əmlakları da təqdim etmiş, nəticədə ziyan məbləği 4 dəfə artırılmışdır. Bu da məhkəmə tərəfindən AR MPM-nin 77, 88-ci maddələrinin tələblərinin pozulmasına xidmət edən hal kimi qəbul olunmalıdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. İddiaçı xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında öz apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı iddia tələbini həm 2022-ildə, həm də 2025-ci ildə baş vermiş hadisə nəticəsində ona dəymiş zərər təşkil edir. Hər iki hadisə nəticəsində dəymiş zərərin miqdarını ümumiləşdirərək tələb edir.

17. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

18. Cavabdeh xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

19. Cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində qətnaməsinin dəyişdirilərək iddia tələbinin həcminin tam şəkildə təmin olunmasını, Cavabdeh verdiyi apellyasiya şikayətində qətnaməsinin ləğv edilməklə iddia tələbinin bütünlüklə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

24. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı yaşadığı evə gedərək ev əşyalarını sındıraraq sonuncuya məsus əşyalara zərər yetirmiş və iddiaçıya maddi ziyan vurmuşdur.

26. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək, məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, əmlaklara ziyan vurması iş materiallarında olan 11 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda öz əksini tapmış 9/4957 saylı ekpertiza rəyinə əsasən müəyyən edilmişdir. Həmin hadisədən sonra cavabdehin ikinci dəfə mənzilə daxil olaraq mənzili dağıtması işin ararşdırlan hallarına əsasən öz təsdiqi tapmış, iş materiallarında olan şəkillərə, sənədlərlə müəyyən edilmişdir. Qeyd olunan xüsusatlarla bağlı cavabdeh etiraz etməsinə baxmayaraq etiraz və mülahaizələrini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, əşyalara dəymiş zərərin ümumi məbləği 4800 manat məbləğində qiymətləndirilmişdir.

27. Lakin, iddiaçı və cavabdeh birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və hər biri ayrı-ayrılıqda apellyasiya şikayətləri ilə məhkəməyə müraciət edir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, apellyasiya şikayətləri formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, işin faktiki hallarına tam uyğundur.

30. İddiaçının özünün iddianı əsaslandığı hallara dair məhkəməyə təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, təqdim edilmiş video, fototəsvirlər və siyahı əsasında tədqiqat aparılaraq əşyalara dəymiş zərərin ümumi məbləği 4800 manat müəyyən edilmişdir.

31. İş materiallarından görünür ki, rəy mübahisələndirilməmiş, vurulmuş zərərin miqdarının yenidən hesablanması məqsədi ilə təkrar rəy alınması üçün vəsatətlə məhkəməyə müraciət edilməmişdir.

32. Kollegiya qeyd edir ki, istər iddiaçı, istərsə də cavabeh tərəfindən mütəxəssis rəyinin mötəbərliyini şübhə altına alan heç bir sübut təqdim edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyi sübut növü olaraq qiymətləndirmiş və rəylə müəyyən edilən hallar nəzərə alınmışdır.

33. Qeyd olunmalıdır ki, iddiaçının apellyasiya şikayətinin əsas dəlillərindən biri X6 tərəfindən onun şəxsi istifadəsinə verilmiş şirniyat avadanlığına dəymiş zərərin nəzərə alınmaması ilə bağlıdır.

34. Kollegiya qeyd edir ki, iddiaçı X6 tərəfindən onun şəxsi istifadəsinə verilmiş avadanlığa zərər dəyməsi ilə bağlı etirazının əsası olaraq heç bir sübut apellyasiya şikayətinə əlavə etməmişdir.

35. Bununla yanaşı kollegiya vurğulayır ki, işin sadalanan hallarından görünür ki, vurulmuş zərərin məbləği iddiaçının özünün təqdim etdiyi sübutlar əsasında hesablanmışdır. İddiaçı həmin avadanlığa zərər vurulması ilə bağlı birinci instansiya məhkəməsindəki araşdırması zamanı da heç bir sübut təqdim etməmişdir.

36. Eləcə də kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində zərər yetirilmiş əşyaların birgə nikah dövründə onun vəsaiti ilə alınmış əşyalar olduğunu bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

37. Cavabdehin şikayətinin digər bir dəlili iddiaçının şikayəti əsasında aparılmış araşdırma zamanı təhqiqat orqanı tərəfindən vurulmuş ziyanın 1308 manat məbləğində qiymətləndirilməsi, üç il sonra ziyanın məbləğinin iddiaçı tərəfindən artırılması ilə bağlıdır.

38. Kollegiya şikayətin bu dəlili ilə də razılaşmır.

39. Belə ki, məhkəmə iclasında dindirilən iddiaçı bildirdi ki, hazırkı iddia tələbini həm 2022-ildə, həm də 2025-ci ildə baş vermiş hadisə nəticəsində ona dəymiş zərər təşkil edir. Hər iki hadisə nəticəsində dəymiş zərərin miqdarını ümumiləşdirərək tələb edir.

40. İş materiallarından görünür ki, tərəflər arasında ayrı-ayrı vaxtlarda baş vermiş münaqişə ilə bağlı istintaq orqanı tərəfindən araşdırma aparılmış, 11 avqust 2022ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, təhqiqat araşdırması zamanı Cavabdeh tərəfindən İddiaçı yaşadığı evə gələrək qəsdən ev əşyalarını sındıraraq sonuncuya ümumillikdə 1305 manat məbləğində maddi ziyan dəyməsi faktı müəyyən edilmişdir.

41. Bundan başqa, 07 aprel 2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı Əluqulu qızının əşya və əmlakının Cavabdeh tərəfindən sındırılaraq ona maddi ziyan vurması barədə etdiyi müraciətində göstərdiyi xüsusatlar mülki xarakter daşıdığından cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı tərəfindən yaşadığı ünvanda olan əşyaların sındırılaraq yararsız vəziyyətə gətirilməsini əks etdirən foto şəkillər təhqiqata təqdim edilmişdir.

42. Yuxarıda sadalananlardan müəyyən edildiyi kimi vurulmuş zərərin əvəzi təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir. İddiaçının göstərdiklərindən və mülki iş mateririallarından görünür ki, həmin sənədləri həm 2022-ci ildə, həm də 2025-ci ildə baş vermiş münaqişə nəticəsində zərər dəymiş əşyaların qeydə alınmış fotoşəkilləri, videogörüntüləri təşkil edir.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, e-2(060)-2787/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (iddiaçı tərəfindən) kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar