Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-130/2023 03.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: "xxxx" KB ASC-nin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə yönəltmə - yalnız ipoteka predmetinin likvid dəyər hissəsi mübahisələndirilir) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Mürsəlova Heyran Mehman qızının katibliyi, iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 (sonuncu iclasda iştirak etmir) Cavabdeh1 iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(028)-222/2020 nömrəli qətnaməsindən iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. "xxxx" KB ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Bank Cavabdeh1 illik 23 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit vermişdir.
2. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsəd ilə cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzil banka ipotekaya qoyulmuşdur. Tərəflərin razılığı ilə ipoteka predmeti olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzil 86.000 manata qiymətləndirilmişdir.
3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzil xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə "xxxx" KB ASC-nın xeyrinə 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir.
4. İş materiallarından görünür ki, "xxxx" KB ASC tərəfindən Azərbaycan Respublikasının DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə ünvanlanmış 12 may 2020-ci il tarixli ərizədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilir.
5. "xxxx" KB ASC ipoteka qoyana bildiriş göndərmişdir. Bildirişdə göstərilir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ödəniş aparılmazsa, "xxxx" KB ASC borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəkdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2021-ci il tarixli 9/5670 saylı rəyindən görünür ki, 16 aprel 2014-cü il tarixli 201/14SU saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 16 aprel 2016-cı il tarixinə "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə olan faiz borcu 323,25 ABŞ dolları məbləğində müəyyən edilir.
7. “S-Əmlak Qiymətləndirmə” Ekspert Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 04 fevral 2021-ci il tarixli rəyindən görünür ki, ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzili qeyri-yaşayış kimi qeyd edərək likvid qiymətini 325.000 manat qiymətləndirmişdir, halbudu ki, ipoteka ilə yüklü edilmiş 2 otaqlı mənzil yaşayış mənzil kimi ipoteka ilə yüklü edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6625, 9/9329 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri 5-ci məhəllə, 15/32 saylı evdə yerləşən 8 nömrəli mənzilin, sonradan aparılmış tikililər nəzərə alınmadan bazar dəyərinin təqribən 77300 manat, likvid dəyərinin isə təqribən 70.000 manat məbləğində olması müəyyən olunur. Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri 5-ci məhəllə, 15/32 saylı evdə yerləşən 8 nömrəli mənzilin sonradan aparılımış tikililər nəzərə alınmaqla hazırki vəziyyətdə bazar dəyərinin təqribən 337.000 manat məbləğində və likvid dəyərinin isə 302.300 manat məbləğində olduğu müəyyən olundu. Rəyin tədqiqat hissəsində qeyd olunanlar nəzərə alınmaqla, Sumqayıt şəhəri 5-ci məhəllə, 15/32 saylı evdə yerləşən 8 nömrəli mənzilin (faktiki yeməkxana kimi istifadə olunur) sonradan qeyri-yaşayış sahəsi kimi inşa edilmiş tikilidən naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin və metodik vəsaitin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olundu.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 20/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 20-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə əsas borc məbləği üzrə 9755,00 ABŞ dolları, faiz borcu üzrə 1290,36 ABŞ dolları, cərimə borcu üzrə 4703,23 ABŞ dolları, cəmi 15748,59 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulmasını, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 86000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzilindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən, Bank Cavabdeh1 illik 23 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzili banka ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin şərtlərini cavabdeh pozur və öz öhdəliklərini icra etməkdən boyun qaçırırdı. Bu səbəbdən 2017-ci ildə bank iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi qismən təmin edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə Qubadlı Rayon Məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ləğv edilərək Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına istinad olunmaqla iddia ərizəsi baxılmamış saxlanılmışdır.
11. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə müəyyən olunmuş müddət ərzində borclu "xxxx" KB ASC ilə yeni müqavilə bağlamamış və kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin banka kredit borcu üzrə xx.xx.2017-ci il tarixli maliyə arayışına əsasən əsas məbləğ borcu üzrə 9755,00 ABŞ dolları, faiz borcu üzrə 1290,36 ABŞ dolları, cərimə borcu üzrə 4703,23 ABŞ dolları, cəmi 15748,59 ABŞ dolları borcu olmuşdur.
12. Qubadlı Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddia qismən təmin edilərək, Cavabdeh1 əsas borca görə 9.755 ABŞ dolları, hesablanmış faizə görə 1.290,36 ABŞ dolları, cəriməyə görə 100 ABŞ dolları olmaqla, cəmi 11.145,36 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 86.000 manat müəyyən edilməsi, mənzilin hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına Banka olan borcun ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 15 aprel 2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 16 aprel 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 23 faizlə 30.000 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 15 aprel 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzili iddiaçının xeyrinə ipoteka qoyulub. Tərəflərin razılaşması ilə ipoteka predmeti olan sözügedən mənzilin ilkin satış qiyməti 86.000 manat müəyyən edilib. Lakin, borclu Cavabdeh1 sözügedən müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. İddiaçının 01 iyun 2017-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin ödənilməmiş 9.755 ABŞ dolları əsas, 1.290,36 ABŞ dolları faiz, 4.703,23 ABŞ dolları cərimə olmaqla, cəmi 15.748,59 ABŞ dolları kredit borcu vardır. Ona görə də hesablanmış cərimənin məbləği 100 ABŞ dollarına azaldılmaqla iddia qismən təmin edilməlidir.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 269.1, 385.1, 443.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı "xxxx" KB ASC apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı "xxxx" KB ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə tərəfindən iddiaçı iddia tələbini ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və o satıldıqdan sonra cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılması hissəsində təmin edilməməsidir ki, bunun əsası kimi də Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsi qeyd olunmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsindn irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzili ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iddianı bu hissədə rədd edərkən, cavabdehlərin mənzildən çıxarılması ilə bağlı iddiaçı bankın subyektiv hüququ olmamasını bildirmişdir. Məhkəmənin gəldiyi bu mövqe ilə razı olmamışlar. Qubadlı Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(028)- 222/2020 saylı qətnaməsinin qismən ləğv edilərək, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
17. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin nəticə hissəsində Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzilin ilkin satış qiymətinin 86.000 manat müəyyən edilməsi ilə razı deyildir. İş üzrə məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası keçirilməmişdir. İddiaçının ondan tələb etdiyi əsas və faiz borcu ilə razı deyildir. Qubadlı Rayon Məhkəməsinin 02 sentyabr 2020ci il tarixli, 2(028)-222/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli, 2(105)-389/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti tam təmin, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Qubadlı rayon məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilib, Cavabdeh1 ödəniş günü milli manata məzənnədə 16 aprel 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə əsas borca görə 9.755 ABŞ dolları, hesablanmış faizə görə 323,25 ABŞ dolları, cəriməyə görə 100 ABŞ dolları olmaqla, cəmi 10.178,25 ABŞ dolları kredit borcunun tutulub Banka ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 86.000 manat müəyyən edilməsi, mənzilin hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına Banka olan kredit borcunun ödənilməsi, mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci bir ay ərzində mənzildən cavabdehlərin çıxarılması qət edilib.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 15 aprel 2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 16 aprel 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 23 faizlə 30.000 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 15 aprel 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzili iddiaçının xeyrinə ipoteka qoyulub və tərəflərin razılaşması ilə ipoteka predmeti olan sözügedən mənzilin ilkin satış qiyməti 86.000 manat müəyyən edilib. Lakin, borclu Cavabdeh1 sözügedən müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. İddiaçının 01 iyun 2017-ci il tarixli maliyyə arayışına görə, cavabdehin ödənilməmiş 9.755 ABŞ dolları əsas, 1.290,36 ABŞ dolları faiz, 4.703,23 ABŞ dolları cərimə olmaqla, cəmi 15.748,59 ABŞ dolları kredit borcu vardır. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və əlavə kredit müqaviləsinin müddətinin 16 aprel 2016-cı il tarixdə bitməsini nəzərə almayıb. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2021-ci il tarixli ekspert rəyinə görə Cavabdeh1 16 aprel 2016-cı il tarixə iddiaçıya olan faiz borcu 323,25 ABŞ dolları təşkil edir. Həmçinin cavabdehlərin mənzildən çıxarılmaları ilə bağlı iddiaçının müvafiq subyektiv hüquqa malik olmamalarına dair dəlili də əsassızdır və ipoteka predmeti olan mənzil düzgün qiymətləndirilməyib. Belə ki, “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi”nin 04 fevral 2021-ci il tarixli qiymətləndirici rəyinə görə, ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzili qeyri-yaşayış sahəsinə çevrilərək onun likvid dəyəri 325.000 manat təşkil edir. Məhkəmə bu rəylə razılaşmayaraq, yenidən iş üzrə məhkəmə əmtəşünaslıq ekspertizasının keçirilməsini və ipoteka ilə yüklü edilmiş mənzilin qeyri-yaşayış sahəsi kimi qiymətləndirilməsini məqsədəmüvafiq hesab edir, lakin Cavabdeh1 ekspertizanın keçirilməsi üçün dövlət rüsumu ödəməkdən boyun qaçırıb və bununla da işin süründürməçiliyinə yol verib. Odur ki, bu hissədə Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz.
21. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 425.1, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
22. Cavabdeh1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli, 2(105)-389/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2022-ci tarixli, 2(102)-1999/2022 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli, 2(105)-389/2021 nömrəli qətnaməsi qismən - ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması və qalan mübahisələndirilən hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılmsı qət edilmişdir.
24. Kassasiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin mübahisəli məsələyə dair vahid məhkəmə təcrübəsinin formalaşması baxımından qəbul etdiyi 20 iyul 2020-ci il tarixli qərarında da göstərilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi baxımından ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.
25. Qərardan göründüyü kimi ipoteka predmetinin ilkin satış qiyməti ilə yanaşı likvid qiyməti də müəyyən edilməlidir.
26. Göründüyü kimi ipoteka predmetinin ilkin satış qiyməti və likvid dəyəri ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qeyd olunan maddənin tələblərinə, habelə vahid məhkəmə təcrübəsinə cavab vermir və apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə ipoteka predmetinin likvid dəyərini müəyyən etməyib və yalnız 15 aprel 2014cü il tarixdə tərəflər arasında olmuş razılaşmanı əsas tutub ipoteka predmetinin ilkin satış qiymətini 86.000 manat müəyyən edib.
27. Digər tərəfdən işdən, o cümlədən “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi”nin 04 fevral 2021-ci il tarixli qiymətləndirmə rəyinə görə, sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllə, 15/32 saylı evin 2-otaqlı, ümumi sahəsi 55,2 kv.metr olan 08 saylı mənzili Bankın xeyrinə ipoteka qoyulsa da, hazırda həmin mənzil faktiki olaraq qeyri-yaşayış sahəsinə çevrilib və bələdiyyənin sərəncamına əsasən mənzilin sahəsi 225 kv.metrədək genişləndirilib. Mənzildən faktiki olaraq ərzaq, geyim mağazası və yeməkxana kimi istifadə olunur və hazırda mənzilin likvid dəyəri 325.000 manat təşkil edir.
28. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə qeyd olunan hallar üzrə heç bir araşdırma aparmayıb, həmin mənzilin hüquqi statusuna aydınlıq gətirməyib və sözügedən mənzilin qeyri-yaşayış sahəsinə çevrilib-çevrilməməsi ilə bağlı hüquqi müəyyənedici sənədləri məhkəməyə təqdim etməyi Cavabdeh1 təklif etməyib. Həmçinin işdə, ipoteka predemetinin dəyəri ilə bağlı biri-birindən kəskin şəkildə fərqlənin iki qiymətin (86.000 manat və 325.000 manat) olmasını nəzərə almayıb.
29. Daha sonra, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin yenidən qiymətləndirilməsi ilə bağlı ekspertizanın keçirilməsi üçün Cavabdeh1 dövlət rüsumunu ödəməkdən boyun qaçırdığını və bununla da işin süründürməçiliyinə yol verdiyini göstər də, işdə bu barədə, habelə Cavabdeh1 ekspertiza xərcini ödəməkdən imtina etməsini özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
32. Göründüyü kimi, hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilməyib.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
33. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, ipoteka predmeti olan əmlakın qiymətləndirməsindən narazıdır. Belə ki, onun əmlakının dəyəri daha çoxdur. Ona görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
34. Məhkəmənin sonuncu iclasında iştirak etmiş cavabdeh qarşılıqlı razılıq üçün nümayəndəsini Banka göndərdiyini bildirmişdir.
35. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 (sonuncu iclasda iştirak etmir) apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mənzil ipotekaya qoyulan zaman mənzil kimi qeydiyyata alınmış və mənzil kimi qiymətləndirilmişdir. Cavabdeh tərəfindən edilmiş əlavələr dövlət qeydiyyatına alınmayıb. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
36. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını, həmçinin mənzilin ilkin satış qiymətinin (likvid dəyərinin) 86.000 manat məbləğində müəyyən edilməsinə etirazlarının olmadığını bildirmişlər.
37. İş üzrə Cavabdeh2 Surxan qızına məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişdir
38. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
40. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
41. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2022-ci tarixli, 2(102)-1999/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli, 2(105)-389/2021 nömrəli qətnaməsi qismən ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması və qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
43. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini yalnız cavabdehin apellyasiya şikayətinə münasibətdə ipoteka predmetinin ilkin satış (likvid) qiymətinə aid hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2022-ci tarixli, 2(102)-1999/2022 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli, 2(105)-389/2021 nömrəli qətnaməsi qismən - ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması və qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
45. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə və yalnız ipoteka predmetinin ilkin satış dəyərinin mübahisələndirilməsi hissəsində araşdırılır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
47. Hazırki iddia tələbindən görünür ki, iddiaçının tələbi bir neçə hissədən ibarətdir. - kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas, faiz və cərimə borcunun) cavabdehdən alınması; - tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, - həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması; - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra yaşayış sahəsinin boşaldılması barədədir.
48. Mübahisələndirilən qətnamədən görünür ki, iddiaçının yuxarıda sadalanan tələbləri qismən təmin edilmişdir.
49. Öyrənilən işdən görünür ki, 15 aprel 2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 16 aprel 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 23 faizlə 30.000 ABŞ dolları kredit verilib.
50. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 15 aprel 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 15/32 saylı evin 8 saylı mənzili iddiaçının xeyrinə ipoteka qoyulub və tərəflərin razılaşması ilə ipoteka predmeti olan sözügedən mənzilin ilkin satış qiyməti 86.000 manat müəyyən edilib.
51. Cavabdeh1 sözügedən ipoteka predmetini yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə çevrildiyini, tərəflərin razılaşması ilə 15 aprel 2014-cü il tarixdə qoylmuş 86.000 manat likvid dəyərin hazırki real bazar qiymətinə uyğun olmadığını bəyan edərək iddiaya etiraz edir.
52. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
53. Yuxarıda qeyd olunan qanunvericiliyə əsasən ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyərinin) iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulub. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında.
54. İpoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini (likvid dəyərini) deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” (likvid dəyəri) anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti (likvid dəyəri) tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir.
55. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz.
56. Formalaşmış məhkəmə təcrübəsinə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi baxımından ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Qərardan göründüyü kimi ipoteka predmetinin ilkin satış qiyməti ilə yanaşı likvid qiyməti də müəyyən edilməlidir.
57. Göründüyü kimi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qeyd olunan maddənin tələblərinə, habelə vahid məhkəmə təcrübəsinə cavab vermir və birinci instansiya məhkəməsi ümumiyyətlə ipoteka predmetinin likvid dəyərini müəyyən etməyib və yalnız 15 aprel 2014-cü il tarixdə tərəflər arasında olmuş razılaşmanı əsas tutub ipoteka predmetinin ilkin satış qiymətini 86.000 manat müəyyən edib.
58. Apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarının göstərişləri baxımından ikinci apellyasiya icraatı zamanı yenidən qiymətləndirmə keçirmiş və ekspertizanın aparılmasını AR ƏN MEM-ə həvalə etmişdir.
59. MEM tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/6625, 9/9329 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri 5-ci məhəllə, 15/32 saylı evdə yerləşən 8 nömrəli mənzilin, sonradan aparılmış tikililər nəzərə alınmadan bazar dəyərinin təqribən 77300 manat, likvid dəyərinin isə təqribən 70.000 manat məbləğində olması müəyyən olunur.
60. Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri 5-ci məhəllə, 15/32 saylı evdə yerləşən 8 nömrəli mənzilin sonradan aparılımış tikililər nəzərə alınmaqla hazırki vəziyyətdə bazar dəyərinin təqribən 337.000 manat məbləğində və likvid dəyərinin isə 302.300 manat məbləğində olduğu müəyyən olundu.
61. Rəyin tədqiqat hissəsində qeyd olunanlar nəzərə alınmaqla, Sumqayıt şəhəri 5-ci məhəllə, 15/32 saylı evdə yerləşən 8 nömrəli mənzilin (faktiki yeməkxana kimi istifadə olunur) sonradan qeyri-yaşayış sahəsi kimi inşa edilmiş tikilidən naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin və metodik vəsaitin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olundu.
62. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında qeyd olunmuş digər göstərişlər əsasında araşdırma apararaq, mübahisəli həmin mənzilin hüquqi statusuna aydınlıq gətirməklə, sözügedən mənzilin qeyri-yaşayış sahəsinə çevrilib-çevrilməməsi ilə bağlı hüquqi müəyyənedici sənədləri məhkəməyə təqdim etməyi Cavabdeh1 təklif etmişdir.
63. Lakin məhkəmə araşdırması zamanı sorğu-sual nəticəsində cavabdeh sözügedən əlavə tikilinin qeydiyyata alınmadığını, yalnız bələdiyyə sənədi əsasında fəaliyyət göstərdiyini bildirmiş, əlavə olaraq məhkəməyə bununla bağlı hər hansı rəsmi sənəd təqdim edə bilməcəyini qeyd etmişdir.
64. Beləliklə kollegiyanın araşdırması nəticəsində müəyyən edilmişdir ki, ipoteka predmeti olan Sumqayıt şəhəri 5-ci məhəllə, 15/32 saylı evdə yerləşən 8 nömrəli mənzil rəsmi olaraq qeyri-yaşayış sahəsinə keçirilməmiş, həmçinin həmin mənzilə edilmiş əlavə tikililər dövlət qeydiyyatına alınmamışdır.
65. Bundan əlavə araşdırma nəticəsində hətta müəyyən edilmişdir ki, sözügedən əlavə tikililərin naturada ayrılması mümkündür.
66. Qeyd olunmalıdır ki, İpoteka predmeti olan əşyanın dəyərinin artmasına səbəb olan yaxşılaşdırmalar gələcəkdə öhdəliyin təminat dəyəri azalmadığından kreditorun mənafeyi hər hansı təhlükəyə məruz qalmır, əksinə ipoteka predmetinin dəyərinin artması ipoteka saxlayanın təminatının güclənməsinə gətirib çıxarır.
67. Lakin hazırki mübahisənin həllində kollegiya bildirir ki, ipoteka predmeti olan əşyanın dəyərinin artmasına səbəb olan yaxşılaşdırmalar edilsə də, həmin əlavə və yaşılaşdırmalar dövlət tərəfindən qeydiyyata alınmamış, həmin tikililərin hər daim kənar müdaxiləyə və ya təsirə məruz qalma riski böyükdür. Ona görə də kollegiya yalnız ipoteka müqaviləsi bağlanan zaman hüquqi qüvvədə olan mənzilin real bazar dəyərini (likvid dəyərini) əsas götürməyi vacib hesab edir.
68. Bununla belə kollegiyanın təkrar araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəsi gedən əmlakın likvid dəyəri ekspert rəyinə əsasən 70.000 məbləğində müəyyən edilsə də, iddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq ilkin satış dəyərinin (likvid dəyərin) 86.000 manat olmasına etirazının olmadığı bildirmişdir.
69. Yuxarıda qeyd olunduğu kimi ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyərinin) iki qaydada - tərəflərin razılaşması və qiymətləndiricinin rəyi əsasında müəyyənləşdirilməsi nəzərdə tutulduğundan kollegiya cavabdehin də mənafeyini nəzərə alaraq ipoteka predmetinin likvid dəyərini 86.000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir.
70. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin mübahisələndirilən hissəsində ləğv olunması üçün əsaslı olmasa da, ilkin satış qiymətinə likvid dəyər sözünün əlavə edilməsi və likvid dəyərin də 86.000 manat məbləğində müəyyən olunması üçün əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(028)-222/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən - yəni ipoteka predmetinin ilkin satış qiymətinə likvid dəyər sözü əlavə edilməklə dəyişdirilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri 5-ci məhəllə, 15/32 saylı evdə yerləşən 8 nömrəli mənzilin likvid dəyəri 86.000 (səksən altı min) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.