Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1300/2021 08.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(012)-3615/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı MMC-nin xeyrinə ona vurulmuş maddi zərərə görə 5640 (beş min altı yüz qırx) manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı MMC Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı MMC-yə vurulmuş 5640 (beş min altı yüz qırx) manat maddi zərərin və iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin 123 saylı marşrut xəttində sürücü vəzifəsində işləyən cavabdeh 2019-cu ilin yanvar ayından 2020-ci ilin mart ayına kimi işlədiyi dövr ərzində (2019-cu ilin yanvar ayında 300 manat, fevral ayında 545 manat, mart ayında 540 manat, aprel ayında 505 manat, may ayında 590 manat, iyun 455 manat, iyul ayında 625 manat, avqust ayında 370 manat, sentyabr ayında 180 manat, oktyabr ayında 105 manat, noyabr ayında 250 manat, dekabr ayında 195 manat, 2020-ci ilin yanvar ayında 375 manat, fevral ayında 220 manat, mart ayinda isə 385 manat olmaqla cəmi: 5640) mütamadi olaraq təyin olunmuş gündəlik planı kəsirlə ödəyərək 1 il, 3 ay ərzində iddiaçıya ümumilikdə 5640 (beş min altı yüz qırx) manat məbləğində zərər vurmuşdur. Cavabdehlə dəfələrlə söhbətlər aparılaraq göstərilən məbləğlərdə pulu ödəmək təklif olunsa da, cavabdeh vurduğu ziyanı hissə-hissə ödəyəcəyinə söz versədə bu günədək heç bir ödəniş etməmişdir. Bu barədə axırıncı dəfə iddiaçı tərəfindən 14.07.2020-ci il tarixdə cavabdehə rəsmi (poçt vasitəsilə) qaydada (pretenziya) məktubla müraciət edilərək 10 gün müddətində zərərin ödənilməsi tələb olunsa da cavabbdeh zərəri ödəməkdən yayınaraq iddiaçı müəssisəyə heç bir ödəniş etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron rayon məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir, nəticədə əsassız qətnamə çıxarılmışdır. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin vəkil X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin əmək müqaviləsinin 3.1-ci maddəsində göstərilən öhdəliklərə və tam maddi məsuliyyət haqqında müqavilədə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, nəticədə iddiaçıya maddi zərər vurması ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21.1., 21.2., 1096, 1096.2, Əmək Məcəlləsinin 191.1., 194.1, 199, 202-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh bu nəticəni apellyasiya qaydasında mübahisələndirmiş, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşdən görünür ki, iddiaçı Cavabdeh tərəfindən gündəlik planı kəsirlə ödəyərək onun tərəfindən iddiaçıya 5640 (beş min altı yüz qırx) manat məbləğində ziyan vurduğunu əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin işdən görünür ki, tərəflər 12.03.2018-ci il tarixli əmək müqaviləsinə əsasən əmək münasibətlərində olmuş, eyni zamanda cavabdehlə 01.04.2018-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və əmək müqaviləsindən irəli gələn bir sıra vəzifələri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Əmək Məcəlləsinin 191.-ci maddəsinin 1ci 194-cü, 199-cu və mülki məcəllənin 21-ci maddələrinin tələbləri baxımından cavabdehdən təşkilata vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməkdə, birinci instansiya məhkəməsi də mübahisəni mahiyyəti üzrə düzgün həll etmiş olsa da, cavabdehdən tutulmalı olan məbləğin MPM-nin 14.2 və 77.1-ci maddəsinin tələblərinə uyğun həll etməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi Forma №5K cədvəlinə nəzər saldıqda görünür ki, 04.01.2019-cu il tarixdə 120 manat,17.02.2019-cu il tarixdə 30 manat, 19.02.2019-cu il tarixdə 35 manat, 21.02.2019-cu il tarixdə 35 manat, 21.03.2019-cu il tarixdə 50 manat, 23.03.2019-cu il tarixdə 50 manat borcun qalması barədə cədvələ imza etməmişdir. Lakin digər ayrı-ayrı vaxtlar üzrə aparılmış ödənişlər üzrə borc məbləğini öz imzası ilə təsdiq etmiş və imzanın ona məxsus olmadığını mübahisələndirməmişdir. Odur ki, həmin 320 manat tələb olunan 5640 manatdan çıxılmalı (5640-320=5320) yerdə qalan 5320 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2., 77.1 maddələri). Tərəfin çəkişməli olan prosesdə passiv iştirakı yalnız onun özü üçün neqativ nəticəyə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 5320 (beş min üç yüz iyirmi) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1300/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1300/2021
08.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver