Məhkəmə qərarları › İş №2(105)-1304/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1304/2022

20.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1304/2022 20.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: işçinin vurduğu ziyana görə maddi məsuliyyət) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə Quba Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(027)-133/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh tərəfindən ödənilməmiş 6566 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən alınaraq MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 03 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə sonuncu satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və onunla “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalamışdır. xx.xx.2018-ci il tarixli, 192-K saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci ildə admistrator vəzifəsinə təyin edilmişdir. xx.xx.2019- cu il tarixdə, 424-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba-NZS 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun olaraq 6819 manat məbləğində zərər vurması məlum olmuşdur. Ümumi 6819 manat borcdan 253 manat ödəniş etmiş, qalıq borc 6566 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikası Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həmdə onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Quba Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(027)-133/2021 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı əmlakına (ticarət mal və ehtiyatları) vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia təmin edilib, Cavabdeh maddi ziyanın əvəzi kimi 6566 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı-nin bank hesabına ödənilməsi və iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh tutularaq Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, təkzibedilməz sübutlarla və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin MMC-nin administratoru vəzifəsində işlədiyi müddət ərzində 10291,44 manat məbləğində mal çatışmazlığı müəyyən edilmiş, iddiaçı 6566 manat məbləğində maddi ziyanın alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə ekspert rəyində qeyd olunmuş məbləği deyil, iddia ərizəsində göstərilən məbləği əsas kimi qəbul etmiş və hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin MMC-yə 6566 manat məbləğində mal çatışmazlığına görə borcunun olduğu müəyyən edildiyindən iddia əsaslı hesab olunmuşdur. Məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və cavabdehin təqsirli olması öz təsdiqini tapmışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191, 194, 199, 202-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1115-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(027)-133/2021 nömrəli qətnaməsinin qismən – iddianın təmin olunmuş hissədə ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmamış, işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə arasında uyğunsuzluq yaranmışdır. Məhkəmə iş materiallarında olan ziddiyyətli sübutlara ümumiyyətlə qiymət verməmişdir. İddiaçı mal çatışmamazlığına görə 6566 manat məbləğində borc olmasına dair maliyyə arayışı təqdim etmişdir. Lakin ekspertiza keçirilməsi ilə bağlı təqdim edilmiş sənədlərdə mal çatışmazlığının 10291.44 manat olması göstərilmişdir. Məhkəmə araşdırma apararkən ümumiyyətlə bu ziddiyyətin səbəbini müəyyən etməmişdir. Bundan başqa məhkəmə araşdırma zamanı onun adminstrator vəzifəsinə təyin edilən tarixə mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) hansı vəziyyətdə olmasını ümumiyyətlə dəqiqləşdirməmişdir. Halbuki mağaza ona təhvil verilməmiş və o, adminstrator vəzifəsinə təyin edildikdən sonra mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) çatışmamazlığının olması barədə rəhbərliyə dəfələrlə məlumat verərək araşdırılmasını xahiş etmişdir. Bununla bağlı təqdim edilmiş sübutlara isə məhkəmə ümumiyyətlə qiymət verməmişdir. Hətta həmin sübutları araşdırma zamanı almamışdır. Həmçinin bildirmək istəyir ki, ekspertiza təqdim edilmiş sənədlər əsasında keçirilmişdir. Lakin ekspertə təqdim edilmiş sənədlərin və həmin sənədlərdə olan məlumatların həqiqəti əks etdirib-etdirməməsini dəqiqləşdirmək məhkəmənin səlahiyyətində olsa da bununla bağlı heç bir tədbir görməmişdir. Həmçinin qətnamədə göstərilir ki, guya vurulmuş zərərdən 253 manat ödəniş etmişdir, halbuki o, heç bir ödəniş etməmişdir. Bunu onun adımdan kimsə etmişdir. Hətta işdən çıxan zaman son haqq-hesab edilərək ona əmək haqqı da köçürmüşlər. Əgər onun mağazaya borcu olsaydı bu pul vəsaiti köçürülməzdi və həmin pul vəsaitinə də tutma yönəldilərdi. Lakin məhkəmə bu sübutlarıda araşdırmamış və hüquqi qiymət verməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və qətnamədə öz əksini tapan rəqəmlər arasında ciddi fərq mövcuddur. Bu hal tələbin əsassız olmasını, sübutların isə ziddiyyətli olmasını göstərir. Qətnamədən görünür ki, iddiaçının kifayət qədər ziddiyyətli sübutlar təqdim etməsinə baxmayaraq məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları əlaqəli şəkildə şərh etməmiş, həmin sübutlardan hansını qəbul edib-etməməsini və qəbul etməsinin səbəblərini göstərməmiş, həmçinin izah etməmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyib, rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması

1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə 206. Vurulan ziyanın ödənilməsi üçün hakimin prosessual tədbirləri

1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər.

Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallında olan xx.xx.2017-ci il tarixli, 415-K saylı əmrdən görünür ki, Cavabdeh İddiaçı-nin satış əməliyyatları şöbəsinin OBA marketlər şəbəkəsinə xx.xx.2017ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə “satıcı-kassir” vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin surətindən görünür ki, Cəmiyyətin direktoru ilə Cavabdeh arasında İddiaçı-nin satış əməliyyatları şöbəsinin OBA marketlər şəbəkəsinə xx.xx.2017-ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə “satıcı-kassir” vəzifəsinə işə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanmışdır. Tam maddi məsuliyyət haqqında xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, Cəmiyyətin direktoru ilə Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən sonuncu maddi məsul şəxs olaraq ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. xx.xx.2018-ci il tarixdə imzalanmış əmək müqaviləsinə əlavə müqavilədən görünür ki, Cəmiyyətin direktoru ilə Cavabdeh arasında Cəmiyyətin Satış Departamentinə “Administrator” vəzifəsinə keçirilməsi barədə müqavilə bağlanmışdır. xx.xx.2018-ci il tarixli, 192-K saylı əmrindən görünür ki, Cavabdeh Cəmiyyətin satış əməliyyatları şöbəsinə xx.xx.2017-ci il tarixdən Baş satıcı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli, 206-K saylı əmrdən görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, OBA NZS-2 mağazasının müdiri işləmiş maddi-məsul şəxs - Cavabdeh xx.xx.2019-cu il tarixli inventarizasiya siyahısı ilə təhvil təslim tarixinə siyahıya alınmış mal – material qiymətərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılan zaman 10291,44 manat məbləğində kəsirin olduğu müəyyən edilmişdir. xx.xx.2019-cu ildə təsdiq edilmiş, xx.xx.2019-cu il tarixində OBA NZS-2 filialında aparılmış təhvil-təslim məsələlərinə dair aktdan görünür ki, Cavabdeh maddi məsul şəxs olduğu filial üzrə 10291,44 manat əksikliyə dair inventarizasiyanın nəticələri ilə razılaşaraq akta imza etmişdir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “Arayış”da xx.xx.2019-cu il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 6819,00 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 253 manat Cəmiyyət tərəfindən güzəşt edilməklə 6566 manat borcu qaldığı qeyd edilmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 3 gün ərzində 6566 manat məbləğində maddi ziyanın Cəmiyyətə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Ona görə də Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 6819,00 manat çatışmazlıq müəyyən edilməsi və həmin yoxlamadan keçən dövrdə cavabdeh tərəfindən 253 manat pul vəsaitinin Cəmiyyətin xəzinəsinə mədaxil etməsi öz təsdiqini tapmayıb, təkzib olunduğundan həmin pul vəsaitinin cavabdehə heç bir aiddiyyatı yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5189 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan Aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx.xx.2019-cu il tarixli yekun akta əsasən aparılmış inventarizasiya yoxlaması nəticəsində İddiaçı-nin adminstratoru vəzifəsində işləmiş Cavabdeh hesabında mal çatışmazlığının ümumi məbləği 10291,44 manat müəyyən edilmişdir. Baxılan iş üzrə iddia ərizəsi işəgötürənin işçiyə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbi ilə bağlıdır. Tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlandığı işin mübahisəsiz halıdır. İddiaçı cavabdehin də imzaladığı inventarizasiya aktına istinad edərək, cavabdehdən maddi zərərə görə 6566 manat pulun tutulmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmir və iddiaçıya zərərin vurulmasına hər hansı təqsirinin olmadığını bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. Bununla yanaşı, Əmək Məcəlləsi işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı konkret halların dəqiq siyahısını müəyyən edir (maddə 199), vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarının araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır (maddə 203). Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir (maddə 206). Lakin işə baxmış birinci instansiya məhkəməsi işəgötürən tərəfindən hazırkı iddianın qaldırılmasınadək həmin müddəalara riayət olunub-olunmadığı barədə hər hansı hüquqi dəyərləndirmə aparmamış, iddiaçının təqdim etdiyi inventarizasiya aktı və həmin akt üzrə verilmiş ekspert rəyi əsasında belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya tələb olunan məbləğdə maddi ziyan vurmuşdur. Halbuki Əmək Məcəlləsinin 191-ci maddəsi işəgötürənin istənilən maddi itkilərə məruz qaldığının belə iddiaların təmin olunması üçün yetərli olmadığını, bununla yanaşı, işçinin qanuna zidd əməlinin mövcud olmasını və bu əməllə zərər arasında səbəbli əlaqənin müəyyən edilməsini zəruri şərt kimi nəzərdə tutur. Qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi inventarizasiya aktı əsasında məhkəmə xx.xx.2019-cu il tarixdə mağazada faktiki məlumatlarla uçot məlumatlarının üzləşdirilməsinin aparıldığını və 10291,44 manat kənarlaşma olduğunu müəyyən etmişdir. Halbuki qeyd olunan kənarlaşma faktının mövcudluğunun müəyyən edilməsi və işçinin bu faktı təsdiq etməsi özü-özlüyündə Əmək Məcəlləsinin 191-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu kimi qiymətləndirilə bilməz. Əmək qanunvericiliyinə əsasən bunun üçün işəgötürən tərəfindən həmin Məcəllənin 192, 203 və əlaqəli digər maddələrinin tələblərinə cavab verən araşdırma aparılması tələb olunur. Eyni zamanda, birinci instansiya məhkəməsində zərərin müəyyən edilməsi üçün məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında iddiaçının cavabdehdən tələb etdiyi ziyanın məbləğinin (maddi qiymətlilərə) iş materiallarında olan sənədlərlə hesablanarkən nə qədər təşkil etdiyi barədə sual qoyulmuşdur. Lakin ekspert yalnız iş materiallarında inventarizasiya aktında əskik gəldiyi qeyd edilən ərzaq mallarının orta bazar qiymətinin ümumi dəyərini nəzəri qaydada müəyyən etməklə kifayətlənmişdir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri). İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normalarının tələblərini nəzərə almadan yuxarıda qeyd olunan ekspert rəyini cavabdehin iddiaçıya tələb olunan məbləğdə ziyan vurduğunu təsdiq edən mötəbər sübut kimi qəbul etmişdir. Mülki işin 51-125-ci səhifələrində olan və iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin iclasında təqdim olunmuş sənədləri digər sübutlarla müqayisəli surətdə tədqiq edərək məhkəmə kollegiyası hesab edir ki, cavabdehin administrator vəzifəsinə təyin edilən tarixə mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) hansı vəziyyətdə olmasına dair işdə heç bir rəsmi məlumat mövcud deyildir və təklif edilməsinə baxmayaraq iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut təqdim olunmamışdır. Bundan əlavə cavabdeh administrator vəzifəsinə təyin edildikdən sonra mağazada malmaterialın (ərzaq və digər satış predmetlərinin) çatışmazlığının olması ilə əlaqədar Cəmiyyətin rəhbərliyə dəfələrlə məlumat verərək araşdırılmasını xahiş etmiş, lakin müdiriyyət tərəfindən həmin müraciətlərə heç bir reaksiya verilməmiş və müvafiq araşdırmalar aparılıb qanuni tədbirlər görülməmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına qiymət verərək hesab edir ki, xx.xx.2019cu ildə təsdiq edilmiş, xx.xx.2019-cu il tarixində OBA NZS-2 filialında aparılmış təhviltəslim məsələlərinə dair yekun Akt” X1 tələblərinə uyğun tərtib edilməmişdir və həmin aktın düzgünlüyü məhkəmə tərəfindən qəbul edilmir, iddiaçı tərəfindən iddianın təmin olunmasına dair başqa bir sübut təqdim edilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Belə ki, MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. İddia tələbi əsassız olub, həqiqəti əks etdirmədiyinə və mötəbər sübutlarla öz təsdiqini tapmayıb təkzib olunduğundan təmin ediə bilməz. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiarilları ilə müəyyən olur ki, iddiaçı tərəfindən iddia tələbinin məhkəmədə baxılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5189 nömrəli rəyi ilə bağlı tədqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia ərizəsi təmin edilməməli, iddia ərizəsi əsassız olduğundan İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilməli və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı-dən alınıb AZ.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(027)-133/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı-dən alınıb AZ.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar