Məhkəmə qərarları › İş №2(105)-1305/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1305/2024

30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1305/2024 30.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Dəmirov İlqar Kamal oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(012)-1992/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(012)-1992/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-993/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, 05 aprel 2009-cu il təvəllüdlü X4 və 21 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit məbləğdə alimentin tutulması, Cavabdeh alimentin bu qaydada tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılması qət edilmişdir (hakim Məlahət Abbasova). Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-993/2020 saylı qətnamasi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 05 aprel 2009-cu il təvəllüdlü X4 və 21 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin və eləcə də, mediasiya xərci olaraq ödənilmiş 50 manat pulun əvəzinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq cavabdehlə birgə nikahdan anadan olmuş 05 aprel 2009-cu il təvəllüdlü X4 və 21 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Aliment məbləği uşaqların tələbatının ödənilməsinə kifayət etmədiyindən məbləğin artırılması üçün aidiyyəti qaydada Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(043)- 993/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək alimentin miqdarı hər uşağa görə 20 manat artırılıb 140 manat müəyyən olunmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh sözügedən qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(104)-3183/2020 saylı qətnaməsi ilə şikayət təmin edilməyərək qeyd olunan qətnamə dəyişdirilmədən saxlanılmışdır. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Onların yaşını, cinsini diqqətə aldıqda tələbatlarının daha da artdığı, xərclərinin çoxaldığı mübahisəsizdir. Uşaqlar təhsillərini yüksək səviyyədə davam etdirmək, idmanla məşğul olmaq istəsələr də, cavabdehin bir ata kimi üzərinə düşən öhdəliyi icra etməməsi, hətta təyin edilmiş alimenti hər bəhanə ilə ödəməməsi səbəbindən uşaqların yaşam səviyyəsi bu günün tələblərinə uyğunlaşmır. Dəfələrlə cavabdehdən alimenti ödəməsini xahiş etsə də o, müxtəlif bəhanələrlə onları yola verərək valideyn kimi üzərinə düşən öhdəliklərinin icrasından yayınmışdır. Cavabdeh təyin edilmiş alimentdən başqa, bir manat da olsa oğlanları üçün xərcləməmiş, bundan əlavə heç onların təhsili, sağlamlığı ilə də maraqlanmamışdır. Dəfələrlə icra idarəsinə müraciət edərək onun barəsində şikayətlər olunandan sonra az miqdarda pul ödəmiş və sonra yenə də öz istədiyi kimi davranaraq uşaqların mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Onun rayonda yaşamağa yeri olmadığı üçün iki övladı ilə birlikdə məcburən anasıgilin Abşeron rayonunda yerləşən evində müvəqqəti qeydiyyata düşərək yaşayır... Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(012)-1992/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hər bir uşağın saxlanılmasına 235 manat məbləğində aliment təyin edərkən hansı əsaslara istinad etdiyini göstərməmişdir. Onun yeni qurduğu ailəsində azyaşlı uşağının olmasını, həyat yoldaşının hamiləliyini, işsiz olduğunu, gəlirinin ümumiyyətlə olmamasını məhkəmə nəzərə almamışdır. Onun tərəfindən məhkəməyə sübut olaraq işsizliyi və gəlirlərinin olmaması barədə arayışlar, yeni ailəsinin olması barədə nikah şəhadətnaməsinin, azyaşlı uşağının Doğum haqqında şəhadətnaməsinin surətləri təqdim olunmuşdur. Məhkəmə tərəfindən qəbul edilən qətnamə onun digər ailə üzvlərinin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Ona görə də həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edir. Məkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İzahatında bildirdi ki, o, hər uşağa ayda 140 manat alimenti çətinliklə ödəyir, bundan artıq aliment ödəməsi mümkün olmayacaq. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cavabdehin apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən olunan hallara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi təyin olunmuş alimentin miqdarı azaldılmaqla dəyişdirilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İşin müəyyən olunmuş hallarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından anadan olmuş 05 aprel 2009-cu il təvəllüdlü X4 və 21 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı hər uşağa görə 20 manat artırılıb 140 manat müəyyən olunmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(012)-1992/2024 nömrəli qətnaməsi ilə alimentin miqdarı yenə də artırılaraq, 05 aprel 2009-cu il təvəllüdlü X4 və 21 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit məbləğdə alimentin tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində onun yeni qurduğu ailəsində azyaşlı uşağının olmasını, həyat yoldaşının hamiləliyini, işsiz olduğunu, heç bir gəlirinin olmamasını, hər uşağa görə 140 manat (cəmi 280 manat) məbləğdə alimenti də çətinliklə ödəməsini nəzərə almağı, ondan tutulan alimentin miqdarının heç olmasa əvvəlki həddində saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, uşaqların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. BMT-nin “Uşaq hüquqları Bəyannaməsi”nin 2 saylı prinsipinə əsasən, “uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir”. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən, uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndində də məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Digər tərəfdən, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktları uşaqların daha üstün mənafeyindən çıxış edərək hər bir halda və hər hansı çətinliyə baxmayaraq uşağın minimum dolanacaq xərclərini qarşılamağı valideynlərin əsas vəzifəsi kimi müəyyən etmişdir. Konkret halda uşaqları bilavasitə ana, yəni iddiaçı saxladığından uşaqların minimum dolanacaq xərclərini çəkmək, yəni minimum dolanacaq xərclərinə yaxın məbləğdə aliment ödəmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin yeni nikaha daxil olması və bu nikahdan da uşağının olması onun iddiaçının yanında qalan uşaqlarının təminatını aşağı səviyyədə saxlamağa, yaxud maddi imkansızlığına istinad edib bu uşaqların təminatını azaltmağa əsas vermir. Şərh olunanlar baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddianın rədd edilərək alimentin miqdarının əvvəlki həddə, yəni hər uşağa görə ayda 140 manat olmaqla cəmi 280 manat məbləğində saxlanılması barədə tələbi qəbuledilməzdir. Bununla belə, məhkəmə kollegiyasının qənaətincə, 2 uşağa görə təyin olunmuş alimentin miqdarının birdən-birə 280 manatdan 470 manata, yəni təxminən 70% artırılması cavabdehin bu məbləği ödəməkdə ciddi çətinlik çəkməsinə, özünün və indiki ailə üzvlərinin maddi təminatlarının kəskin şəkildə pisləşməsinə səbəb ola bilər. Digər tərəfdən, iddiaçının izahatına görə o, fərdi əmək fəaliyyəti ilə məşğul olur və deməli, uşaqlarının maddi ehtiyaclarının ödənilməsində müəyyən qədər iştirak edə bilir. Bundan əlavə, cavabdehdən 470 manat aliment ödəməsinin tələb olunması üçün, Ailə Məcəlləsinin 76-cı maddəsinin müddəaları baxımından, onun aylıq qazancının 1400 manatdan yuxarı olması müəyyən olunmalıdır. Lakin iddiaçı məhkəməyə bu barədə və ya iddiaçının aylıq qazancının faktiki olaraq qeyd edilən məbləğ civarında olmasını ehtimal etməyə əsas verən sübutlar təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, konkret halda alimentin miqdarının hər uşağa görə ayda 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində müəyyən olunması tərəflərin sosial-maddi vəziyyətləri baxımından yetərlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilməli, 05 aprel 2009-cu il təvəllüdlü X4 və 21 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit məbləğində müəyyən edilməlidir. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(012)-1992/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Həmin qətnamə ilə 05 aprel 2009-cu il təvəllüdlü X4 və 21 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit məbləğində müəyyən edilsin. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(012)-1992/2024 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar