Məhkəmə qərarları › İş №2(105)-1308/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1308/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1308/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Bank ASC-nin vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(059)-312/2024 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC və Cavabdeh arasında 01 may 2023-cü il tarixdə bağlanmış DKM/024N05A02186423 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh 36 ay ərzində qaytarmaq şərti ilə illik 14%-lə istehlak məqsədilə 8000 manat məbləğində kredit vermişdir.

2. İşdə olan "xxxx" ASC-nin Cavabdeh ünvanlanmış 03 noyabr 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehin həmin tarixə sözügedən müqavilə üzrə "xxxx" ASC-yə 159,82 manat faiz, 0,32 manat dəbbə borcu yaranmışdır. Həmçinin, yaranmış borcla əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 7266,95 manat əsas, 535,39 manat kreditdən istifadəyə görə hesablanmış adi faiz, 39,88 manat vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penya olmaqla, cəmi 7842,22 manat borcun, 14 mart 2024-cü il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 14% dərəcəsi ilə hesablanan adi faiz və illik 15% dərəcəsi ilə hesablanan penyanın, eləcə də ödənilmiş 98,43 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla cavabdeh arasında bağlanmış 01 may 2023-cü il tarixli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 36 ay müddətinə, illik 14% ödənilməsi şərtilə 8000 manat məbləğində kredit verilmişdir. Beləliklə, cavabdeh müqavilənin 1 №-li əlavəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Kredit müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ondan borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq xəbərdarlığın göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir addım atılmamışdır. Nəticədə, onun banka kredit müqaviləsi üzrə cəmi 7842,22 manat borcu yaranmışdır. Ona görə də, iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(059)-312/2024 nömrəli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) iddia qismən təmin edilərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7266,95 manat əsas, 159,82 manat faiz, 0,32 manat penya olmaqla, cəmi 7427,09 (yeddi min dörd yüz iyirmi yeddi manat 09 qəpik) manat borc və ödənilmiş 98,43 manat məhkəmə xərcinin 95%-i, yəni 93,51 (doxsan üç manat 51 qəpik) manatın tutularaq ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Bankla Cavabdeh arasında bağlanmış 01 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 14% dərəcəsi ilə 8000 manat kredit vermiş, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir.

7. Birinci instansiya məhkəməsi iddianın faizin ödənilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, iddiaçı 03 noyabr 2023-cü il tarixdə borcluya bildiriş göndərərək cavabdehdən sözügedən müqavilə üzrə olan əsas borcunu və gecikmə günü üçün hesablanmış faiz borcunu qaytarmasını tələb etmişdir. Belə olan halda, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bu halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Bu mənada, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya bildiriş göndərdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir.

8. Bank tərəfindən borcluya bildirişin göndərildiyi 03 noyabr 2023-cü il tarixə hesablanmış faiz borcunun 159,82 manat, penya borcunun isə 0,32 manat təşkil etməsi müəyyən edilir ki, bu borcların da qeyd olunan həcmlərdə tutulması ədalətli və mütanasibdir.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 448.1, 465.2, 467, 739.1, 739.2, 741-ci maddələri, Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 217.4-cü maddələrinin, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının tələbləri ilə əsaslandırmışdır.

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(059)-312/2024 nömrəli qətnaməsinin qismən, iddia tələblərinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 49.22 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan kredit müqaviləsi xx.xx.2023-cü il tarixində 36 (otuz altı) ay müddətinə bağlanmış, yəni müqavilə xx.xx.2026-cı il tarixinə qədər qüvvədədir və həmin kredit müqaviləsinin 3.1.3-cü bəndinə əsasən Bank əsaslar yarandıqda kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini borcalandan tələb edə bilər. Həmin kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən cavabdeh kredit üzrə əsas borc məbləğini və hesablanmış faizləri hər ay Banka ödəmək öhdəliyi götürmüş, müəyyən müddət bu öhdəliyi yerinə yetirsə də, sonrakı vaxtlarda həmin öhdəliyi pozmağa başlamışdır. Bu səbəbdən Bank xx.xx.2023-cü il tarixində cavabdehə “Xəbərdarlıq” məktubu ünvanlayaraq həmin tarixə (məktubun tarixinə) 539.62 manat məbləğində gecikdirilmiş borcun yarandığını, bunun 379.48 manatı gecikdirilmiş əsas borcdan, 159.82 manatı hesablanmış gecikdirilmiş faizlər üzrə borc məbləğindən, 0.32 manatı isə cərimə faizləri üzrə borc məbləğinin təşkil etdiyi barədə məlumat verilmişdir. Eyni zamanda gecikdirilən borc məbləğinin 3 (üç) gün ərzində ödənilməsi tələb edilməklə, öhdəliklərin vaxtında icra edilməyəcəyi təqdirdə cərimə sanksiyalarının tətbiq ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlıq məktubunun məzmunu iddia tələbində qeyd olunan borc məbləğinin tam şəkildə qaytarılması ilə bağlı deyil, cavabdehin həmin günə formalaşmış gecikdirilmiş borcun qaytarılması ilə bağlıdır. Lakin, məhkəmə həmin məktubu iddiaçının kredit müqaviləsi üzrə bütün borcun vaxtından əvvəl geri tələb etməsiilə bağlı qarşı tərəfə “bildiriş” göndərdiyini və bununla da həmin tarixdən sonra müqavilənin ləğv edildiyinə dair səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Bank ASC-nin vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

16. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

17. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

18. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

19. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.

20. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

21. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissələrində, yəni iddianın xx.xx.2023-cü il tarixdə bağlanmış DKM/024N05A02186423 saylı kredit müqaviləsi üzrə 535,39 manat kreditdən istifadəyə görə hesablanmış adi faiz və 39,88 manat vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penyanın, xx.xx.2024-cü il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 14% dərəcəsi ilə hesablanan adi faiz və illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulmasına dair hissəsində mübahisələndirilir.

32. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7266,95 manat əsas, 159,82 manat faiz, 0,32 manat penya olmaqla, cəmi 7427,09 manat borcun tutularaq ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

33. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə bildiriş göndərərək kredit müqaviləsi üzrə əsas borcu və gecikmə günü üçün hesablanmış faiz borcunun qaytarmasını tələb etmişdir.

34. Apellyasiya şikayətinin dəlilinə görə həmin xəbərdarlıq məktubunun məzmunu iddia tələbində qeyd olunan borc məbləğinin tam şəkildə qaytarılması ilə bağlı deyil, cavabdehin həmin günə formalaşmış gecikdirilmiş borcunun qaytarılması ilə bağlıdır. Məhkəmə həmin tarixdən sonra müqavilənin ləğv edildiyinə dair səhv nəticəyə gəlmişdir.

35. İş materiallarından və işin araşdırılmış hallarından görünür ki, iddiaçı adı çəkilən bildirişdən sonra cavabdehə hər hansı xəbərdarlıq məktubu göndərməmiş və kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün müəyyənləşdirilmiş müddət bitmədiyi halda məhkəməyə müraciət edərək, müqavilə üzrə müvafiq tarixə yaranmış bütünlükdə olan borcu tələb etmişdir.

36. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2023cü il tarixli sonuncu bildiriş tarixini kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunması tarixi kimi və müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsinin yolverilməzliyini nəzərə almaqla, müqavilə şərtləri üzrə həmin tarixə yaranmış faiz borcunun və penyanın tutulması, o cümlədən iddianın xx.xx.2024-cü il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 14% dərəcəsi ilə hesablanan adi faiz və illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulmasına dair hissənin isə təmin olunmaması barədə gəldiyi nəticə əsaslı olmuşdur.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

38. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

41. Apellyasiya şikayətinin verilməsinə görə 49.22 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 49.22 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

42. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(059)-312/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar