Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-131/2025 23.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(067)-748/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 2277,40 manat məbləğində maddi zərərin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(067)-132/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkum Cavabdeh xx.xx.2022-ci il tarixdə cəza çəkdiyi müddətdə gəzdirməsi üçün üzərinə elektron nəzarət vasitəsi bağlanılmışdır. Həmin tarixdə də şöbənin sabiq böyük icra məmuru (probasiya üzrə) X3 və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Həmin protokolda məhkum Cavabdeh cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə bağlanılmış elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Həmin protokolla bir ədəd “Attenti” markalı mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji daşıyıcı (adapter), bir ədəd elektron qolbaq kəmərlə birlikdə, bir ədəd mobil qurğu üçün qoruyucu kabro məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyinə əsasən qurğunu qapağına yapışqan vurmuş, qurğunun təmiri mümkün olmamış və istifadəyə tam yarasızdır. Cavabdeh xx.xx.2023-cü il tarixli izahatında elektron nəzarət vasitəsini istifadəyə yarasız hala salmasını etiraf etməmişdir. Cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusunun yapışqan vasitəsi ilə yapışdırdığına görə yararsız hala düşmüş və maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə elektron nəzarət vasitələrinin dəyəri 2277,40 manat təşkil edir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(067)-132/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir.
5. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Texniki rəydən görünür ki, “Attenti V 6” markalı mobil nəzarət qurğusuna keçirilmiş texniki baxış zamanı qurğunun qapağına kley vurulduğu, təmiri mümkün olmadığı, istifadəyə yarasız olduğu müyyən edilmişdir.
6. Arayışdan görünür ki, bir ədəd “Attenti” markalı elektron nəzarət vasitələri avadanlıqlarının cəmi dəyəri 2277,4 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. Xaçmaz Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(067)- 748/2024 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddianın təmin edilməsi, Cavabdeh 2277.40 manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 1097.1, 21.1 və 21.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.3, 76, 88, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(067)-748/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən qeyri-qanuni qətnamə qəbul edilmişdir. Məhkəmə onun tərəfindən İcra və Probasiya Şöbəsinə təhvil-təslim aktı əsasında mübahisələndirilən qurğunun geri qaytarılması faktını araşdırmamışdır. Həmin qurğu onun tərəfindən təhvil verilmiş və dövlət qurumu tərəfindən qəbul edilmişdir, qurğunun təhvil alınması faktı onu həmin cihaza olan maddi məsuliyyətdən azad edir. Bunda əlavə olaraq Məhkəmə sözügedən iş barədə dəymiş maddi zərərin miqdarını müəyyənləşdirmək üçün MPM-nin 97-ci maddəsin əasən ekspertiza təyin etməmiş və cihazın məbləği tərəfindən mübahisələndirilir. İş üzrə eskpertiza təyin edilməsini xahiş edir. Hesab edir ki, tərəfindən cihazın təhvil verilməsi faktı onu maddi məsuliyyətdən azad edir və Xacmaz Məhkəməsinin 5 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. İş üzrə iddiçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
17. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh nəzarət qurğusunu yapışqan vasitəsi ilə yapışdırdığına və mobil qurğu istifadəyə yararsız olduğuna görə dəyəri 2277,40 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi qət edilmişdir.
20. Lakin, Cavabdeh birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və bunu cihazın təhvil verilməsi faktının onun maddi məsuliyyətdən azad edilməsi ilə əsaslandırmışdır.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, işin faktiki hallarına tam uyğundur. Cavabdehin istifadəsində olduğu müddətdə mobil qurğunun istifadəyə yararsız vəziyyətə salındığı, nəticədə iddia olunan məbləğdə maddi zərər dəyməsi iş üzrə toplanmış sübutlarla öz təstiqini tapır.
23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(067)-748/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.