Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1310/2021 23.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli, 2(067)-562/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli, 2(067)-562/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlkin Xəlilov) İddiaçı Cavabdeh qarşı debitor borcun tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 384,92 manat pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 384,92 manat pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Xaçmaz Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(067)-450/2021 saylı qətnaməsi ilə onun cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış qaz sərfiyyatı məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə iddiası qismən təmin edilmiş, İddiaçı tərəfindən ona hesablanmış 513 manat məbləğində pulun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minərək icra edilmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq göstərdi ki, Xaçmaz Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(067)-450/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış qaz sərfiyyatı məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh hesablanmış 513 manat məbləğində pulun silinməsi qət edilmişdir. Qətnamə ilə silinməsi qət edilən məbləğə hazırki iş üzrə Cavabdeh tutulmuş 384,92 manat da daxildir. Xaçmaz Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(067)- 450/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı hazırki iddia tələbi Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 384,92 manat borcun tutulması barədədir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(067)-450/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış qaz sərfiyyatı məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh hesablanmış 513 manat məbləğində pulun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 30.06. 2021-ci il tarixli, 2(067)- 450/2021 saylı məktubundan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(067)-450/2021 saylı qətnaməsi qanuni qüvvəsini almış və 17 may 2021-ci il tarixdə icraya yönəldilmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(067)-450/2021 saylı qətnaməsi ilə silinməsi qət edilən məbləğə hazırki iş üzrə Cavabdeh tutulmuş 384,92 manat da daxildir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilmiş qətnaməsi vardır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətdə göstərilən dəlillərə qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 365, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli, 2(067)-562/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh Hacıbaba oğluna qarşı debitor borcun tələbinə dair mülki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1310/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1310/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver