Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1311/2025 30.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcunun qaytarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, e-2(012)-3347/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13680,7 manat əsas borcun, 2441,12 manat faiz borcunun, 474,04 manat cərimə borcunun, cəmi 16595,86 manat borcun və 140 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 22 faiz olmaqla 20000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır, beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. 12 may 2022-ci il tarixli, CC/11844/86 saylı kredit sazişi müqaviləsindən görünür ki, İddiaçı ASC (bank) ilə Cavabdeh (müştəri) arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı ASC (bank) tərəfindən Cavabdeh (müştəriyə) 48 ay müddətinə, illik 22 faiz olmaqla 20000 manat məbləğində kredit verilmişdir.
5. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 12 may 2022-ci il tarixli, CC/11844/86 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 13680,7 manat əsas, 2215,4 manat faiz borcu, 474,04 manat məbləğində cərimə borcu vardır.
6. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, müqaviləyə əsasən Cavabdeh Banka 13680.7 manat əsas, 2106.72 manat faiz və 474.04 manat məbləğində cərimə borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. Abşeron Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, e-2(012)-3347/2025 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 13680,7 manat əsas, 2441,12 manat faiz borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 16141,82 manat borc və 140 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 739.1 və 467-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4, 216- 220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, e-2(012)-3347/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, o, əvvəllər kifayət qədər məbləğdə maaş almışdır. Belə ki, o, dənizdə işləmiş və 2.500 manat maaş almışdır. Daha sonra onları həmin işdən kənarlaşdırmışdırlar və o, hazırda 1.200 manat məbləğində maaş alır. Əlavə olaraq bildirir ki, onun digər banklara da borcu vardır, həmçinin ailəlidir. Kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada və müqavilə üzrə müəyyən edilmiş müddət ərzində icra etməməsinin səbəbi iş yerinin dəyişməsi olmuşdur. Kredit müqaviləsi bağlanan vaxtda cavabdeh 2.500 manat əmək haqqı aldığı halda, hazırkı dövrdə 1.200 manat əmək haqqı alır. Qeyd olunanlardan göründüyü kimi onun aylıq gəliri 50%-dən çox azalmışdır. Digər bir məsələ isə, cavabdeh ailəlidir və ailəsinə qazanc gətirən yeganə şəxsdir. Lakin, buna baxmayaraq iddiaçı bank sanki onu qəsdən icra etməməsi kimi qələmə verərək yenə də kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Çox təəssüf ki, məhkəmə bu hallara lazımı hüquqi qiymət verməmişdir. Belə ki, hesablamaları nəticəsində müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə əsas borca mütənasib olaraq müəyyən edilmiş faiz məbləği olduğundan qat-qat çox hesablanmışdır. Məhkəmə də öz növbəsində işin hallarını, o cümlədən iş materiallarını araşdırarkən səhlənkarlığa yol vermiş və laqeyd yanaşmışdır. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədlərə əsasən kor-koranə şəkildə iddia tələbini təmin etmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Lakin məhkəmə yuxarıda qeyd olunanlar nəzərə almayaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edərək, faiz borcunun düzgün hesablanıb-hesablanılmamasını aydınlaşdırmalı idi. Hesab edirik ki, məhkəmə işdə olan sübutlara lazımi hüquqi qiymət verməyərək, ümiyyətlə araşdırmayaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Cavabdeh 02 oktyabr 2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
13. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə iddia tələbinin faiz məbləğinin tutulması hissəsinə münasibətdə səhv nəticəyə gələrək, faiz məbləğini düzgün müəyyən etməmişdir.
18. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır. Nəticədə iddiaçı araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
19. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir.
20. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında 12 may 2022-ci il tarixli, CC/11844/86 saylı kredit sazişi müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar mövcud deyildir.
21. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab etmişdir ki, cərimə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin 12 may 2022-ci il tarixli, CC/11844/86 saylı kredit müqaviləsinə əsasən hesablanmış 474,04 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək cərimə pulu 20 manat məbləğində olmalıdır.
22. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir.
23. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
24. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən tərəflər arasında sərbəst şəkildə qanunla müəyyən edilən qaydada kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etməkdə haqlı olmuşdur.
26. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə cavabdehdən tələb olunan faiz məbləğinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir.
27. Belə ki, İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli bildirişə əsasən Cavabdeh Banka 13680.7 manat əsas, 2106.72 manat faiz və 474.04 manat məbləğində cərimə borcun ödənilməsi tələb olunmuşdur.
28. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin banka olan faiz və cərimə borcu 17 oktyabr 2024-cü il tarixli bildiriş nəzərə alınmaqla müəyyən edilməlidir.
29. Göründüyü kimi Bank bütün borc məbləğinin ödənilməsini tələb etməklə müqavilənin ləğv edilməsinə dair iradə ifadəsini digər tərəfə bildirilmişdir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında irəli sürülmüş mövqeyə görə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunduqda və bununla da müqaviləyə xitam verildikdə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
31. Şərh olunalara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, qətnamə 2441,12 manat faiz borcunun tutulması hissədə dəyişdirilməli, faiz borcu 2106.72 (iki min bir yüz altı manat, yetmiş iki qəpik) manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, e-2(012)-3347/2025 nömrəli qətnaməsi -Cavabdeh 2441,12 manat faiz borcunun tutulması -hissəsində dəyişdirilərək, faiz borcu 2106,72 (iki min bir yüz altı manat, yetmiş iki qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.