Məhkəmə qərarları › İş №2(105)-1313/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1313/2023

19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1313/2023 19.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair (Açar sözlər: aliment artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhiyyədin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1045/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 2(067)-2098/2020 saylı qətnamədən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 29067)- 2008/2019 saylı qətnaməsinə əsasən müəyyən edilmiş aliment miqdarı artırılaraq xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 110 manat olmaqla cəmi 220 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir.

2. İş materiallarında olan AZ-İİİ seriyalı 929912 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X10 anadan olmuşdur.

3. İş materiallarında olan AZ-İV seriyalı 305599 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdü X12 anadan olmuşdur

4. “X6 iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı X6 iştirak etmiş, Cavabdeh X6 iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərci ödəmişdir.

5. Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin 750 saylı, 18 may 2023-cü il tarixli arayışından müəyyən olunur ki, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh xx.xx.2006-cı ildən xx.xx.2006-cı il tarixə qədər Quba Rayon PNRM-da stasionar müalicədə olmuşdur. Xəstəliyinin diaqnozu “İsterik tipli şəxsiyyət dəyişkənliyi”.

6. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 18 may 2023-cü il tarixli, 182831/03 nömrəli arayışından müəyyən olunur ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2098/ nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən iki uşağın saxlanması üçün hər ay bir uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat məbləğində alimenti tələbkar İddiaçı ödəməlidir. Həmin icra sənədi üzrə 830 manat aliment borcu yaranmışdır.

7. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh, xx.xx.2020-ci il tarixdən Xaçmaz Rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmışdır.

8. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Quba-Xaçmaz regional filialının 06 mart 2023-cü il tarixli, 3-17-1/2-C-47331/2023 saylı arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2009-cu il tarixdən müddətsiz 3-cü qrup əlilliyə görə aylıq 150 manat məbləğində sosial müavinət təyin olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2017-ci il təvəllüdlü X3 üçün hər ay 220 manat, xx.xx.2019-cu il təvəllüdlü X4 üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat məbləğində sabit pul şəklində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi üçün alimentin artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(067)-2098/2020 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq övladları xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdü X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 110 manat olmaqla cəmi 220 manat məbləğində sabit pul şəkilində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. 2023-cü ilin yanvar ayından azyaşlılar üçün minimum aliment məbləği 220 manat həddində müəyyən olunmuşdur. Hazırda həmin aliment məbləği uşaqların ehtiyaclarının qarşılanmasına kifayət etmir. Bu səbəbdən iddia təmin edilməlidir.

11. Xaçmaz Rayon Məhkəməsinin (hakim S.Səmədzadə) xx.xx.2023-cü il tarixli, 2(067)-1045/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-2008/2019 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdü X1 üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilmiş, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 39,2 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay cəmi 220 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdü X9 mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2, 112.1-ci maddələri, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsi, Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2, 9.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1045/2023 nömrəli qətnaməsinin dəyişdirilərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2098/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, ondan hər ay hər uşaq üçün 120 manat olmaqla ümumilikdə 240 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyasının SERTSE-01№100442saylı, xx.xx.2009-cu il tarixli arayışı ilə müəyyən olunur ki, müddətsiz olaraq üçüncü qrup əlildir, yüngül işlərdə işləyə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Quba-Xaçmaz regional filialının 06 mart 2023cü il tarixli, 3-17-1/2-C-47331/2023 saylı arayışı ilə müəyyən olunur ki, xx.xx.2009-cu il tarixdən müddətsiz üçüncü qrup əlilliyə görə ona sosial müavinət təyin olunmuşdur. Halhazırda aylıq 150 manat sosial müavinət alır. xx.xx.2020-ci il tarixdən Xaçmazr Rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdadır. 2006-cı ildən Quba rayon X2 stationar müalicələrdə olmuşdur, ona “İsterik tipli şəxsiyyət dəyişkənliyi” diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd olunan sənədlərə heç bir əhəmiyyət verməmiş, həmin sənədlərə məhkəmə qətnaməsində münasibət bildirilməmişdir. Qətnamədə aliment məbləğinin qeyd olunan həddə artırılması barədə məhkəmənin mövqeyi əsaslandırılmamışdır. Onun keçən müddət ərzində maddi vəziyyətində hər hansı müsbət dəyişiklik olmamışdır. Onun aylıq gəliri yalnız aldığı 150 manat sosial müavinətdir. Başqa qazanc mənbəyi yoxdur və iddiaçı tərəf də bunu bilir. Məhz bu səbəbdən də 2020-ci ildə alimentin miqdarı hər uşaq üçün cəmi 10 manat artırılarkən iddiaçı həmin məbləğlə razılaşmış və qətnamədən şikayət verməmişdir. Bundan başqa əvvəlki qətnamə üzrə müəyyən edilmiş aliment məbləğini o vaxtı-vaxtında ödəyə bilmir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 18 may 2023-cü il tarixli, 182831/03 nömrəli arayışından görünür ki, onun hazırda ödənilməyən 830 manat məbləğində aliment borcu vardır. Göstərilən hallar nəzərə alınmalı və apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehin qətnamə ilə müəyyən edilmiş məbləğdə alimenti ödəməyə imkanı yoxdur. İddiaçı hər il alimentin artırılması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Apellyasiya şikayətinə əlavə edilən sənədlərdən göründüyü kimi cavabdeh üçüncü qrup əlildir. Onun yeganə qazancı aylıq 150 manat məbləğində sosial müavinətidir. İşsiz kimi qeydiyyatdadır. Qüvvədə olan icra sənədi üzrə aliment məbləğini belə çətinliklə ödəyir. Həmin icra sənədi üzrə 800 manata yaxın aliment borcu vardır. Belə olan halda aliment məbləğinin birdən-birə heç bir ciddi müsbət dəyişiklik olmadan qətnamədə qeyd olunan məbləğdə müəyyən edilməsi ədalətli deyildir. Cavabdeh alimentin artırılmasına etiraz etmir. Lakin artırılan məbləğin ağlabatan və ödəməyə imkan verən həddə olmasını istəyir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

21. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

22. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

23. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.3. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətindən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1045/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsini xahiş etmişdir.

26. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, cavabdeh tərəfin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, alimentin məbləği dəyişdirilməlidir.

28. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar tam araşdırılmamış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməməklə yuxarıdakı qənaətə gəlinmişdir.

29. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

30. Qeyd edilməlidir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşaqları saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi, o cümlədən onun himayəsində digər şəxslərin olması kimi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi atanın da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Bundan əlavə qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi.

31. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.

32. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

33. Bu baxımdan Kollegiya hesab edir ki, qeyd olunanlarla yanaşı, işin faktiki halını da nəzərə almaq lazımdır. Birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

34. Belə ki, iş materialları ilə sübut olunur ki, cavabdeh 3-cü qrup əlil olmaqla, 150 manat məbləğində sosial müavinət alır və yalnız yüngül işlərdə işləyə bilməsi tövsiyyə olunub.

35. Ona görə də məhkəmə kollegiyası bütün yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh alınmalı olan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 170 mаnаt olmaqla, cəmi 340 manat məbləğində müəyyən edilməlidir.

36. Kollegiya sonda bildirir ki, iddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı üçün hər ay, hər uşaq üçün 110 manat, cəmi 220 manat aliment tutulması barədə məhkəmə qətnaməsi mövcud idi və hazırda o, həmin alimentin hər uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində artırılmasını tələb edir. Deməli, iddiaçının hazırkı mübahisəli tələbinin məbləği hər uşaq üçün 110 manat, cəmi 220 manat təşkil edir.

37. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı işdə mübahisələndirilən iddianın qiyməti 2640 (12x220=2640) manat təşkil edir.

38. Kollegiya belə qənaətə gəlir ki, hazırki iddia tələbinin qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1045/2023 nömrəli qətnaməsi “xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdü X9 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh alınmalı (tutulmalı) olan аlimentin məbləği ilə bаğlı hissədə dəyişdirilsin və həmin аlimentin məbləği hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat, olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar