Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1313/2024 09.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun onun vərəsəsindən tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-446/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" ASC-nin “Xaçmaz” filialı ilə X9 arasında bağlanmış 2250-xx.xx.2018-003015 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə hesablanmaqla, 950 manat məbləğində kredit verilmişdir. AZ-İ seriyalı 932878 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli, reyestrdə 2V-735 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin “Xaçmaz” filialı tərəfindən 142 nömrəli xx.xx.2019-cu il tarixli arayışa əsasən ******************** saylı hesabda olan 445,03 manat puldan ibarətdir. X7 məxsus ******************** saylı hesabdan çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdə 444,80 manat məbləğində pul vəsaiti “dəfn vəsaiti” adı altında hesaba mədaxil edilmiş və xx.xx.2019-cu il tarixdə Cavabdeh vərəsəlik şəhadətnaməsinə əsasən 445,03 manat məbləğində pulu hesabdan məxaric etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə cəmi 895,20 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Xaçmaz” filialı ilə X9 arasında bağlanmış 2250xx.xx.2018-003015 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə hesablanmaqla, 950 manat məbləğində kredit verilmişdir. X3 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Xaçmaz rayon 1 saylı notariat ofisinin xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, mərhum X4 miras qalmış əmlaka dair vərəsəlik işi Cavabdeh tərəfindən mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair verilmiş ərizə əsasında açılmışdır. Bankın “Xaçmaz” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X6 vəfat etdiyi tarixə Banka 895,20 manat əsas kredit borcu qalmışdır. Cavabdeh mərhum X4 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsindən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli 2***-*******8-003015 saylı kredit müqaviləsi mərhum X9 ilə bağlanmışdır. X9 xx.xx.2018-ci il tarixində dünyasını dəyişmişdir. Ərinin vəfatından sonra Cavabdeh xx.xx.2018-ci il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən mərhumun vərəsəsi hesab edilmişdir. Həmin vərəsəlik şəhadətnaməsinin alınması Cavabdeh "xxxx" ASC tərəfindən məcbur edilmişdir. Belə ki, dövlət tərəfindən dəfn xərcləri üçün həmin pul vəsaitinin bank hesabından çıxarılmasını "xxxx" ASC tərəfindən əngələnmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alındıqdan sonra dəfn üçün ayrılmış vəsait mərhumun həyat yoldaşına verilmişdir. X1 adına heç bir əmlak olmamışdır. Məlum olduğu kimi iddia ərizəsinin surəti poçt vasitəsilə onlara göndərilmədiyi üçün ərizənin surətini xx.xx.2023 tarixində məhkəmə iclas zalında almışdır. "xxxx" ASC ilə X9 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2***-*******8-003015 saylı kredit müqaviləsi 2 il müddətinə verilmiş, müqavilə xx.xx.2020-ci il tarixində bitmişdir. Bank qanunda nəzərdə tutulmuş iddia müddəti bitdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-446/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 375.1, 375.2, 377.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verib Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-446/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon 1 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubuilə müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair arvadı Cavabdeh Ağamurad qızının ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Bundan sonra tərəflərindən X1 vərəsəsi Cavabdeh Ağamurad qızına kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair müraciət edilmiş, kredit müqaviləsi üzrə yaranmış borcun tam ödəməsi xahiş olunmuş, əks təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. Müvafiq xəbərdarlığı qəbul etdikdən sonra X1 vərəsəsi Cavabdeh Ağamurad qızı öz öhdəliyini yetirməmişdir. Bundan sonra tərəflərindən X1 vərəsəsi Cavabdeh Ağamurad qızına qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulmasına dair iddia tələbi qanunvericiliyin tələblərinə əsasən verilmişdir. Lakin hazırkı mülki işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən tam hərtərəfli araşdırmamış və nəticədə qəbul edilmiş qətnamənin ləğvini şərtləndirən maddi və prosessual hüquq pozuntularına yol vermişdir. Qeyd edilən maddəyə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Hazırkı mübahisədən və mülki iş materiallarından da görünür ki, Cavabdeh Ağamurad qızı mərhum Cavabdeh Ağamurad oğlunun arvadı olduğuüçün birinci növbəli qanuni vərəsəsidir. Göründüyü kimi, iddiaçı tərəf olaraq tərəflərindən Cavabdeh Ağamurad qızına qarşı iddia tələbi mərhum şəxsin qanuni vərəsəsi olduğu üçün verilmişdir. Qeyd edilən maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Hazırkı mübahisədən və mülki iş materiallarından da görünür ki, Xaçmaz rayon 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair arvadı Cavabdeh Ağamurad qızının ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Göründüyü kimi Cavabdeh Ağamurad qızı vərəsə olaraq mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdiyi üçün və vəsrəslik şəhadətmamisi aldığı üçün o, X1 vərəsəsidir. Bununla da o, X6 vərəsəsi olduğunu şəksiz formada nümayiş etdirmişdir. Göründüyü kimi, iddiaçı tərəf olaraq tərəflərindən Cavabdeh Ağamurad qızına qarşı iddia tələbi mərhum şəxsin qanuni vərəsəsi olduğu üçün verilmişdir. Qeyd edilən maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində X4 miras qalmış mirasdan imtina etməyən vərəsə Cavabdeh Ağamurad qızı mirası qəbul etmiş vərəsə hesab edilməlidir. Qeyd edilən maddəyə əsasən, qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 iş günü müddətinədək başa çatdırılmalı, məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Lakin hazırki mübahisədə məhkəmə elan edilmiş qətnamə xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirmişdir yəni elan edilmiş qətnamənin hazırlanması və iddiaçıya verilməsində prosessual pozuntuya yol vermişdir. Məhkəmə qətnamə qəbul edərkən, X1 vərəsəsi Cavabdeh Ağamurad qızının həm mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsini vərəsəlik şəhadətnaməsinin alması X6 vərəsəsi olduğunu şəksiz formada nümayiş etdirməsini nəzərə almamışdır. Bundan başqa məhkəmə, Cavabdeh Ağamurad qızı tərəfindənmirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilməməsini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi göstərilən halları araşdırmadan, yalnız formal mülahizələrə əsaslanaraq qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsi Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarınauyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, iddiaçı "xxxx" ASC Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-446/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam həcmdə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə düzgün hüquqi nticəyə gəlmişdir. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, X1 "xxxx" ASC ilə bağlamış olduğu xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 895,20 manat borcu qalmış, həmçinin xx.xx.2019-cu il tarixli, reyestrdə 2V-735 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumun arvadı Cavabdeh X1 vərəsəsi kimi 445,03 manat pula münasibətdə hüququ yaranmışdır. X7 məxsus ******************** saylı hesabdan çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdə 444,80 manat məbləğində pul vəsaiti “dəfn vəsaiti” adı altında hesaba mədaxil edilmiş və xx.xx.2019-cu il tarixdə Cavabdeh vərəsəlik şəhadətnaməsinə əsasən 445,03 manat məbləğində pulu hesabdan məxaric etmişdir. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. Lakin hazırkı işin hallarından görünür ki, cavabdeh miras əmlakı yox, ərinin vəfat etməsi ilə bağlı dəfn vəsaitini məxaric etmişdir. Kollegiya hesab edir ki, dəfn xərci miras əmlaka daxil olmadığından, cavabdeh həmin həcmdə ölmüş ərinin öhdəliyinə görə məsuliyyət daşıya bilməz. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)- 446/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-446/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1313/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1313/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver