Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1314/2025 28.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il trixli, 2(074)-572/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Qəbzlərdən görünür ki, iddiaçıya məxsus kart hesabından cavabdehin hesabına müxtəlif tarixlərdə toplam olaraq 23000 manatdan artıq məbləğində pul vəsaiti köçürülmüşdür.
2. Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X2 Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 05 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan İddiaçı ərizə ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək, 2024-cü ilin yanvar ayından aprel ayına qədər tanışı X3 ümumilikdə 15100 manat pul verdiyini, lakin həmin məbləği ələ keçirərək, pulunu qaytarmadığını bildirmişdir. Araşdırma nəticəsində, Şüküfə Zeynalovanın əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, mübahisənin mülki xarakter olması qeyd olunaraq, məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borc qismində alınmış 15100 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ötən ilin yanvar ayında tanış olmuş və tədricən şəxsi münasibətləri formalaşmışdır. Həmin münasibətlər çərçivəsində cavabdehə 2024-cü ilin yanvar və aprel ayları ərzində ümumilikdə 15100 (on beş min yüz) manat pul vəsaiti borc qismində verilmiş, həmin məbləğin 13700 (on üç min yeddi yüz) manatı ona və ərinə məxsus kart hesablarından cavabdehə məxsus müxtəlif kart hesablarına mədaxil etmə, həmçinin +994 50 *** ** ** mobil nömrəsinə bağlı M10 hesabından pul köçürmələri əməliyyatının icrası yolu ilə, qalan 1400 (min dörd yüz) manat isə əlbə-əl təqdim olunmuşdur. Borc qismində verilmiş məbləğin qaytarılması ondan dəfələrlə tələb edilsə də, aparılmış təqiblər nəticə verməmiş, nəticədə borc verilmiş məbləğ həcmində ona maddi ziyan dəymişdir. Sözügedən əməllərin dələduzluq motivli olduğunu hesab etdiyindən, Cavabdeh barəsində cinayət işinin başlanması tələbi ilə müvafiq polis orqanına müraciət edilmiş, lakin cinayət işinin başlanması xx.xx.2024-cü il tarixli qərarla rədd edilmişdir. Aparılmış təhqiqat zamanı, Şükufə iddia tələbini hüquqi əsasını təşkil edən xüsusatları qismən etiraf etmiş, lakin borc qismində aldığı məbləğin 7500 (yeddi min beş yüz) manatını qaytardığını bildirmişdir. Hesab edir ki, cavabdeh tərəfindən ondan borc qismində alınmış 15100 (on beş min yüz) manat pul vəsaiti, həmçinin sözügedən məbləğdə pul tələbi ilə bağlı məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, ona ödənilməlidir
5. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il trixli, 2(074)-572/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 10950 manat məbləğində pulun və ödənilmiş 122,85 manat dövlət rüsumunun əvəzinin tutularaq, iddiaçı X1 verilməsi qət edilmişdir (hakim Fərid Yaqubov).
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 1091.1, 1091.2, 1092.1, maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verib Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-572/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı borc yox, faiz pul almışdır. Bir gün Cəmalə xanım zəng vurub demişdir ki, faizə pul lazım olsa onda var desə verər. O həddindən çox lotereyaya qoşulmuşdur. Çatdırmamaq həddinə gəlib çıxmışdır, günlük həftəlik oyunlar idi ödəyə bilməyəndə istəyirdi verirdi. Həftəyə 100 manata 20 manat pul ödəmişdir. 8000 manat pul götürmüşdür ondan. Hər həftə üstlərinin vaxtı çatdıqda ödəmişdir. Ona 7500 manat pul ödəmişdir. Maddi vəziyyəti hədsiz pisləşdiyindən o da gündəlik, həftəlik faiz hesabladığından öz özlüyündə şişirdib faizi 13 min manat istəmişdir. Ona bildirmişdir ki, 8000 manat borca pul götürüb 7500 manatını qaytarıb. O isə onu şərləyib məhkəmədə ondan 13700 manat pul istəyir. Guya əlbəəldə 1400 manat pul vermişdir. Guya demişdir ki, verə bilməsə pulu işə düzəldəcək onu. Bu ağ yalandır. İlk olaraq bildirir ki Cəmalə adlı şəxs onu şərləyir. Onu üz-üzə görməmişdir, nə də ki ondan əlbəəl pul almamışdır. Sübutlar içində nə qədər yanlış çeklər qəbzlər gətirilmişdir. Həmin qəbzlər araşdırılmışdırmı ki, o pullar onların kart hesabına daxil olub ya yox. Əlbəttə ki araşdırılmamışdır. Araşdırılmadan bəs necə qənaətə gəlinir. Axı bu məhkəmənin ədalətli araşdırma funksiyasına ziddir. Hakim bu halları araşdırmadan sanki münəccim kimi belə qənaətə gəlib ki iddiaçı nə deyirsə düzdür. Bu gülünc bir qətnamədir. O əl işi ilə məşğuldur. İddiaçı ondan xonçalar almışdı. Həmin xonçaları ona təhvil verdikdə o da xonçaların pulunu ona atıb. O, hal-hazırda həmin çek və qəzbləri təqdim edib guya borc verdiyini iddia edir. Vüsalə xanımın lotereya pulunu yığıb 1060 manat kartına atan zaman səhv olaraq pulu başqa kart hesabına atmışdır. İddiaçı ilə yaxın olduğu üçün dərdini danışmışdır, o isə demişdir ki, yoldaşı səhər danışıb o pulu səhv gedən adamdan geri istəyər. Həmin o çeki sübut kimi verdiyi faiz borcu kimi göstərib həmin qəbzi də məhkəməyə təqdim edib ondan pul istəyir. Bunlarla bağlı ətraflı Whatsapp yazışması mövcuddur. Həmin yazışmaları çıxarıb apellyasiya şikayətinə əlavə edir. O Cəmalə xanımdan borc pul almış, aldığını da yetərincə artıqlaması ilə qaytarmışdır. Amma ki əgər o gətirdiyi çeklərə istinad edirsə onlar tam araşdırılan zaman onun cəmi 500 manat borcu qalır. O tam şəkildə borcunu artığı ilə iddiaçıya ödəmişdir, bununla bağlı Sumqayıt şəhər Boşa Polis İdarəsində onların izahatları da alınmışdır. Orada bildirib yazışmaları, səs yazılarını ora təqdim etmişdir Çox xahiş edir həmin izahatı, verdiyi sübutlar Sumqayıt Şəhər Baş Polis İdarəsindən sorğu olunub alınsın. O, zaman iş tam təsdiqini tapacaqdır. Eyni zamanda iddiaçı özü bildirir ki, o bildirmişdir ki, polis orqanında 8000 manat borc alıb onun 7500 manatını qaytamışdır. Bu özü onu etiraf edə edə, Whatsapp yazışmaları olaola, saxta qəbzlərin hansı kartdan hansı karta köçdüyü dəqiqləşmədən kart hesablarının kimə məxsus olması dəqiqləşmədən bu qədər pulun ona yüklənməsi haqsızlıqdır. Məhkəmə niyə banka sorğu edib həmin qəbzlərin həmin kart hesablarının kimə məxsus olmasını araşdırmır. Əlbəttəki bu özü onun göstərcəsidir ki, məhkəmə təktərəfli, sübutlara qiymət vermədən ədaələtsiz qətnamə çıxarmışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
11. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
16. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
17. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
18. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 78. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
24. Maddə 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Şamaxı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-572/2025 nömrəli qətnaməsinin tam ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etdiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddianın təmin edilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, lakin iddiaçı iddiasının əsasını təşkil etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübuta yetirə bilmişdir.
39. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, onun xeyrinə ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən – yalnız 10950 manat məbləğində pul vəsaitin tutulması hissəsində təmin etmişdir.
40. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
41. Apellyasiya icraatı zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri olmuş, bununla yanaşı tərəflər “lotereya” oyununa görə daimi bir-birinə onlara məxsus bank kartlarına pul köçürülmələr etmişlər. Məhz apellyasiya icraatı zamanı cavabdeh pulun qaytarılmasını sübut etmək məqsədi ilə çoxsaylı mobil bank sistemi vasitəsi ilə edilən əməliyyatları təsdiq edən qəbzlər təqdim etmişdir. Bundan sonra isə iddiaçı tərəf də, əksini sübut etmək məqsədi ilə 23000 manatda artıq pul köçürülmələrini təsdiq edən qəbzlər təqdim edərək, tərəflər arasında borc münasibətlərindən başqa “lotereya” oyununa görə pul köçürülmələrinin edilməsini təsdiq etmişdir. Tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən olur ki, cavabdeh iddiaçıdan borc pul ilə bağlı münasibətlər 2024-cü ilin aprel ayından əvvəl (yanvar-mart aylarında) yaranmışdır, iddiaçının 2024-cü ilin aprel ayından başlayaraq cavabdehə göndərildiyi pul vəsaiti isə “lotereya” oyununa görə olan pul vəsaitidir. Cavabdeh 8000 manat borcun götürülməsini və həmin puldan 7500 manat pul vəsaitinin qaytarılmasını bildirsə də, bu faktı təsdiq edən 2024-cü ilin mart ayına aid olan yalnız 1830 manat pul vəsaitinin qaytarılmasını təsdiq edən qəbzlər təqdim etmişdir. Cavabdeh tərəf özü də məhkəmə iclasında bildirmişdir ki, mart ayından sonra borc puldan iddiaçıya hər hansı ödəniş edə bilməmişdir. Odur ki, kollegiya hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş 2024-cü ilin aprel-may aylarına aid olan qəbzlər borcun qaytarılmasına dair qəbzlər kimi qiymətləndirilə bilməz.
42. Həmçinin iddiaçı tərəfindən təqdim olunmuş qəbzlərdən müəyyən olunur ki, iddiaçı cavabdehə 2024-cü ilin yanvar, fevral, mart aylarında cavabdehə 14000 manatdan artıq pul vəsaiti göndərmişdir. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən pul vəsaitinin ona göndərilməsi faktı inkar edilməmişdir.
43. Kollegiya belə olan halda hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, yəni cavabdehdən iddiaçının xeyrinə 10950 mant pul vəsaitin tutulması hissəsində işin hallarına uyğundur və apellyasiya icraatı zamanı öz təsdiqini tapmışdır.
44. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Göstərilənlərə əsasən, tərəflər arasında pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, iddiaçı tərəfindən təqdim olunmuş mobil bank sistemin qəbzləri ən azından iddiaçı tərəfindən cavabdehə 10950 manat pulun verilməsini və cavabdehin iddiaçıya həmin pulun qaytarmadığını təsdiq edir. Tərəflər arasında sözügedən pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə ödənilməmiş 10950 manat pul məbləğini ona qaytarmalıdır.
45. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
46. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
47. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
48. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
49. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-572/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-572/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.