Məhkəmə qərarları › İş №2(105)-1315/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1315/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1315/2021 06.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(012)-1499/2020 saylı qətnaməsindən İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(012)-1499/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddiasının iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borc üzrə ******* ABŞ dolları, faiz borcu üzrə 513646,53 ABŞ dolları, cəmi 1821596,53 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun təşkilatın xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti ilə İddiaçı qapalı səhmdar cəmiyyəti arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin problemli aktivlərinin tələb hüququ İddiaçı qapalı səhmdar cəmiyyətinə keçmişdir. İddiaçı qapalı səhmdar cəmiyyətinin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli, ********** saylı dəyişikliyin 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər S-FK-1401 saylı, 05.04.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı qapalı səhmdar cəmiyyətinə verilmişdir. “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında 29.09.2010-cu il tarixdə, 207/10 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 14% olmaqla 36 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. “Borcalan”a verilən vəsaitdən istifadə müddəti 36 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka borcu hazırda əsas borc üzrə ******* ABŞ dolları, faiz borcu üzrə 513646,53 ABŞ dolları, cəmi 1821596,53 ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Birinci instansiya məhkəməsi qeyd olunan maddənin tələblərini pozmaqla işə baxmışdır. Halbuki məhkəmə işin hallarını tam və ətraflı aydınlaşdırmaq üçün tərəflərə şərait yaratmalı idi. Buna baxmayaraq məhkəmə cavabdehin iddianı qəbul edib-etməməsini aydınlaşdırmamış, yalnız cavabdehin qarşılıqlı iddia ərizəsi ilə kifayətlənmişdir. Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında 29.09.2010-cu il tarixdə, 207/10 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 14% olmaqla 36 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. İddia ərizəsində göstərilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti ilə İddiaçı qapalı səhmdar cəmiyyəti arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin problemli aktivlərinin tələb hüququ İddiaçı qapalı səhmdar cəmiyyətinə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1401 saylı, 05.04.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı qapalı səhmdar cəmiyyətinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının (bundan sonra-İddiaçı qapalı səhmdar cəmiyyəti) idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. Həmin Fərmanda müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş aktivlərin İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir. İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətindən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə almır. İddiaçı qapalı səhmdar cəmiyyəti bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq alınmış aktivləri idarə edərkən aşağıdakı vəzifələri yerinə yetirir: “Azərbaycan Beynəlxalq Bankı" açıq səhmdar cəmiyyətindən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək, ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görmək, tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək, aktivlərin idarə edilməsi ilə əlaqədar tələb olunan xərcləri bu Fərmanın 2.1-ci bəndinə əsasən əldə olunan vəsait hesabına, bu məqsədlər üçün hər il təsdiq olunan xərclər smetasına uyğun olaraq həyata keçirmək. Həmçinin iş materiallarına əlavə edilmiş “X5 Edilməsi Agentliyi”nin nizamnaməsinin 1.1-ci bəndində göstərilir ki, “X5 Edilməsi Agentliyi” məhdud məsuliyyətli cəmiyyəti hüquqi şəxs kimi İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının (bundan sonra İddiaçı qapalı səhmdar cəmiyyəti adlanacaq) tabeliyində “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanı ilə İddiaçı qapalı səhmdar cəmiyyətinə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində iştirak etmək məqsədilə yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu nizamnamə əsasında həyata keçirir. İşə əlavə edilmiş S-FK-1401 saylı, 05.04.2018-ci il saylı “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı təhvil-təslim aktından görünür ki, 05.04.2018-ci il tarixdə borclu şəxs Cavabdeh dair sənədlər İddiaçı qapalı səhmdar cəmiyyətinə verilmişdir. Məhkəmə qətnamə qəbul edərkən iddia müddətinin axımını məhz 05.04.2018-ci il tarixdən tətbiq edə bilərdi. Bundan əlavə, məhkəmə iddia müddəti ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, 29.09.2010-cu il tarixdə bağlanmış kredit müqaviləsinin 5-ci bəndində göstərilir ki, bu müqavilə bağlandığı andan qüvvəyə minir və öhdəlik tam icra olunduqdan sonra qüvvədən düşmüş hesab olunur. Müqavilənin 5-ci bəndinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş vaxt borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir. Kreditin tam həcmdə qaytarılması tarixi isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin borc hesabına daxil olduğu tarix hesab olunur. Kredit müqaviləsi bu müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş kreditin təminat üsulu ilə bağlı müqavilədə nəzərdə tutulmuş hallarda, müqavilə üzrə borcalanın öz üzərinə götürdüyü öhdəliklər borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında tam həcmdə yerinə yetirildikdə, müqavilə üzrə borcalanın öz üzərinə götürdüyü öhdəliklər borc alan və ya üçüncü şəxs tərəfındən vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə, borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və ya lazımi qaydada yerinə yetirmədiyi halda, müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş kreditin təminat üsulu ilə bağlı müqaviləsinə uyğun olaraq borcverənin tələbləri tam şəkildə təmin edildikdə xitam olunur. İşin hallarından da müəyyən olunur ki, cavabdeh tərəfindən kredit tam həcmdə ödənilməmişdir. Belə olan halda, məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməli deyildir. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 373.2, 375.2-ci və 377.1-ci maddələri düzgün tətbiq edilməmişdir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 29 sentyabr 2010-cu il tarixli, 207/10 saylı kredit müqaviləsinin surətindən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin Suraxanı filialı tərəfindən Cavabdeh illik 14 faizlə 36 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin Suraxanı filialının arayışından görünür ki, Cavabdeh ******* ABŞ dolları, faiz borcu üzrə 513646,53 ABŞ dolları, cəmi 1821596,53 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan “X5 edilməsi Agentliyi” məhdud məsuliyyətli cəmiyyətinin 19 sentyabr 2019-cu il tarixli, 4036 saylı bildirişindən görünür ki, Cavabdeh borcunu 10 gün müddətində ödəməsi barədə xəbərdar edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 13 avqust 2020-ci il tarixli, 9/2859 saylı rəyindən görünür ki, 29 sentyabr 2010-cu il tarixli, 207/10 saylı krediti müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçı “Azərbaycan Beynəlxalq Bankı”na olan borcu 29.09.2013-cü il tarixə (müqavilə müddətinin sonuna) ******* ABŞ dolları, o cümlədən əsas borc üzrə ******* ABŞ dolları, faiz borcu üzrə 556500 ABŞ dolları məbləğində müəyyən olunur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşdən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin Suraxanı filialı tərəfindən Cavabdeh arasında 29 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi 36 ay müddətinə bağlanmış, kredit müqaviləsinin müddəti 29 sentyabr 2013-cü il tarixdə bitmiş və həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı 29 sentyabr 2013-cü il tarixdən başlanmışdır. Kredit müqaviləsinin müddəti bitdikdən sonra cavabdeh tərəfindən son ödəniş 18 may 2015-ci il tarixdə olmuş, bundan sonra heç bir ödəniş edilməmişdir. Yəni, istər kredit müqaviləsinin qüvvədə olma müddətinin bitdiyi tarixdən, istərsə də borcalan tərəfindən kredit borcu üzrə edilmiş son ödəniş tarixindən 3 ildən artıq müddət keçmiş və belə olan təqdirdə isə iddia müddəti ötürülmüşdür. İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı isə 24 fevral 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən kredit borcunun tutulmasını xahiş etmişdir. İş materiallarında olan hesabdan çıxarışdan da görünür ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş 18 may 2015-ci il tarixdə aparılmışdır. Göründüyü kimi, kredit müqaviləsinin müddəti bitdikdən 6 il 5 ay Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş, yəni 18 may 2015-ci il tarixdən 4 il 3 ay keçdikdən sonra İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia müddətinin buraxıldığını bildirmiş, mübahisəyə iddia müddətini tətbiq etməklə, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsini tətbiq etməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi üçün iddianı rədd etmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı təşkilat apellyasiya şikayətində məhkəmənin qətnamə qəbul edərkən iddia müddətinin axımının Cavabdeh dair sənədlərin “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti tərəfindən İddiaçı qapalı səhmdar cəmiyyətinə təhvil verildiyi 05.04.2018ci il tarixdən tətbiq edilə bilinməsini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti ləğv edilməmişdir və iddia müddəti ərzində məhkəməyə müraciət edə bilərdi. Yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(012)-1499/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar