Məhkəmə qərarları › İş №2(105)-132/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-132/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-132/2021 12.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-416/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-416/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh oğlundan «xxxx» ASC-nin xeyrinə 3885,39 manat əsas, 457,40 manat faiz borcu, cəmi 4342,79 manat pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 qəpik bank xidməti haqqının tutulması qət edilmişdir. (hakim V.Ruvinov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan «xxxx» ASC-nin xeyrinə 3885,39 manat əsas, 457,40 manat faiz borcu olmaqla, cəmi 4342,79 (dörd min üç yüz qırx iki,79) manatın, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 qəpik bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Bank Cavabdeh illik 26 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 4500 (dörd min beş yüz) manat məbləğində kredit vermişdir. Lakin cavabdeh öhdəliyini lazımı qaydada icra etməmiş, kreditdən istifadə etməsinə baxmayaraq, onu tam qaytarmamışdır. Buna görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, bank tərəfindən borc şişirdilmişdir. Məhkəmə isə işin faktiki hallarını düzgün araşdırmamışdır. O, banka qətnamədəki məbləğdən də artıq ödənişlər etmişdir. Qətnamə ilə tutulan borcun bu məbləğdə olması qanunsuzdur. Bundan başqa, məhkəmə iclasının vaxtı və yeri barədə o, qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamışdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflər qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsalar da, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bank Cavabdeh illik 26 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 4500 ( dörd min beş yüz) manat məbləğində kredit vermişdir. Yenə iş materiallarında olan kassa məxaric orderindən görünür ki, Cavabdeh «xxxx» ASC-dən 4500 ( dörd min beş yüz) manat məbləğində krediti almışdır. İşdə olan bildiriş məktubundan görünür ki, Cavabdeh borca dair xəbərdar edilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə «xxxx» ASC-yə 3885,39 manat əsas, 457,40 manat faiz borcu olmaqla, cəmi 4342,79 manat borcu vardır. Yenə işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/3035 saylı ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə «xxxx» ASC-yə xx xxxxxx 2019-cu il tarixinə 3885,96 manat əsas, 457,46 manat faiz borcu olmaqla, cəmi 4343,42 manat borcu vardır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehə «xxxx» ASC tərəfindən illik 26 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 4500 ( dörd min beş yüz) manat məbləğində kredit vermiş, bu barədə onlar arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit məbləğindən istifadə etmiş, lakin kredit borcunu müqavilə üzrə razılaşdırılmış vaxtda tam qaytarmamışdır. Hazırda iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılmasını tələb edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşdən görünür ki, iddiaçı bank borclu ilə bağlanan müqaviləyə əsasən ondan 3885,39 manat əsas, 457,40 manat faiz borcu olmaqla, cəmi 4342,79 manat borc tələb edir. Cavabdeh isə bu məbləğdə borcla razılaşmamışdır. Mübahisə üzrə daha obyektiv nəticəyə gəlinməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx xxxxxx 2021-ci il tarixli, 9/3035 saylı ekspert rəyinə əsasən qeyd edilən borc bir daha təsdiq edilmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/3035 saylı ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə «xxxx» ASC-yə xx xxxxxx 2019-cu il tarixinə 3885,96 manat əsas, 457,46 manat faiz borcu olmaqla, cəmi 4343,42 manat borcu vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməli, aparılmış ekspertiza xərci isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-416/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar