Məhkəmə qərarları › İş №2(105)-1320/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1320/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1320/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-2309/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2017-ci il tarixli 001784 nömrəli bank xidmətləri müqaviləsinə xx.xx.2017-ci il tarixli KM037T09175845 nömrəli 5 saylı əlavəyə əsasən, ləğv prosesində olan İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 29% dərəcəsi ilə Cavabdeh 2500 (iki min beş yüz) AZN məbləğində kredit verilmişdir.

2. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur.

3. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 2297,80 (iki min iki yüz doxsan yeddi manat, səksən qəpik) manat əsas, 2814,66 (iki min səkkiz yüz on dörd manat, altmış altı qəpik) manat faiz, 2071,03 (iki min yetmiş bir manat üç qəpik) manat cərimə, 328 (üç yüz iyirmi səkkiz) AZN gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi borcu 7511,49 (yeddi min beş yüz on bir manat, qırx doqquz qəpik) AZN təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

4. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cəmi 7511,49 (yeddi min beş yüz on bir manat, qırx doqquz qəpik) AZN - bundan 2297,80 (iki min iki yüz doxsan yeddi manat, səksən qəpik) manat əsas, 2814,66 (iki min səkkiz yüz on dörd manat, altmış altı qəpik) manat faiz, 2071,03 (iki min yetmiş bir manat üç qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 328 (üç yüz iyirmi səkkiz) AZN faiz borcu və iş üzrə ödənilmiş 95,12 (doxsan beş manat on iki qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2017-ci il tarixli KM037T09175845S01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə 29 (iyirmi doqquz) faizlə 2500 (iki min beş yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.1.5ci bəndinə əsasən borc alan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirməkdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmyaraq, cavabdehə borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayşından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 7511,49 (yeddi min beş yüz on bir manat, qırx doqquz qəpik) AZN təşkil edir. Bundan 2297,80 (iki min iki yüz doxsan yeddi manat, səksən qəpik) manat əsas, 2814,66 (iki min səkkiz yüz on dörd manat, altmış altı qəpik) manat faiz, 2071,03 (iki min yetmiş bir manat üç qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 328 (üç yüz iyirmi səkkiz) AZN faiz borcu təşkil edir.

6. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-2309/2022 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia qismən təmin edilərək, Cavabdeh 2297,80 (iki min iki yüz doxsan yeddi manat, səksən qəpik) manat əsas, 2814,66 (iki min səkkiz yüz on dörd manat, altmış altı qəpik) manat faiz, 230 (iki yüz otuz) manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 328 (üç yüz iyirmi səkkiz) manat faiz borcu olmaqla, cəmi 5670,46 (beş min altı yüz yetmiş manat qırx altı qəpik) manat məbləğində pulun və 95,12 (doxsan beş manat on iki qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 739.1, 739.2, 462.1, 465.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək, ekspertiza təyin olunub, hesablanan əsas borcdan başqa digər borcların tələbi hissəsində iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əsas, faiz və digər borc məbləği həddən artıq çox hesablanmışdır. Borcun məbləği ilə bağlı mübahisə olduğundan ekspertiza təyin edilməlidir. İddiaçı hüquqdan sui-istifadə edərək əsas borc məbləğindən də artıq faiz borcu hesablamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

13. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

14. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

15. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

16. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

19. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

20. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

23. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi faiz borclarının tutulması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən 24 ay müddətinə illik 29% dərəcəsi ilə Cavabdeh 2500 (iki min beş yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür.

27. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.

28. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

29. Beləliklə, iddiaçı bank tərəfindən kredit müqaviləsi üzrə tələb edilmiş əsas və faiz borc məbləği cavabdeh tərəfindən ödənilmədən qalmışdır və həmin borc məbləğinin tələb edilməsinin hüquqi əsasları vardır.

30. Kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış faiz borcu ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına əsasən, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

31. Cavabdeh tərəfindən borc məbləği mübahisələndirildiyi üçün məhkəmə kollegiyası iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5871 nömrəli, xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli, KM037T09175845S01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2019-cu il tarixə (müqavilənin bitdiyi tarixə): əsas borc üzrə 2297,80 manat, faiz borcu üzrə 1260,54 manat, xx.xx.2022-ci il tarixə (sual üzrə tarixə) əsas borc üzrə 2297,80 manat, faiz borcu üzrə 1260,54 manat, faiz borcu üzrə (5%-lə) 322,65 manat.

33. Rəydə həmçinin qeyd olunur ki, hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra 847.48 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2022-ci il tarixə göstərildiyindən 847,48 manat məbləğində ödəniş nəzərə alınmadı.

34. Göründüyü kimi kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün müəyyən edilmiş müddətin bitdiyi tarixə cavabdehin 2297,80 manat əsas, 1260,54 manat faiz borcunun olması iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən olunmuşdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan göstərilən faiz borcunun məbləği 1260,54 manatdan ekspertiza tədqiqatı zamanı nəzərə alınmayan 847,48 manat ödəniş çıxılmalı və cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 413,06 manat (1260,54-847,48=413,06) müəyyən edilməlidir.

36. Məhkəmə kollegiyası ekspert rəyinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün müəyyən edilmiş müddətin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi ilə bağlı tələbinə (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış) münasibətdə isə hesab edir ki, cavabdehdən tutulmalı olan həmin faiz 322,65 manat məbləğində müəyyən edilməlidir.

37. Beləliklə məhkəmə kollegiyası işin araşdırılmış hallarına və sadalanan qanunvericilik aktları normalarına əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-2309/2022 nömrəli qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli, Cavabdeh 413,06 (dörd yüz on üç manat altı qəpik) manat faiz borcu və iddiaçı tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 322,65 (üç yüz iyirmi iki manat altmış beş qəpik) manat faiz borcu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehdən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-2309/2022 nömrəli qətnaməsi faiz borcu hissəsində dəyişdirilsin. Cavabdeh 413,06 (dörd yüz on üç manat altı qəpik) manat faiz borcu və iddiaçı tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 322,65 (üç yüz iyirmi iki manat altmış beş qəpik) manat faiz borcu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar