Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1321/2021 30.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respubikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(012)-2614/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(012)-2614/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, 28.05.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED markalı televizor üçün 784 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 01.07.2019-cu il tarixli müqaviləyə əsasən, HP markalı komputer üçün 657 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 27.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********88488 Samsung J320 markalı telefon üçün 1200 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu və 25.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********32351 Xiaomi Redmi 7 markalı telefon üçün 456 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, ümumilikdə 3142 manat borcun və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi qət edilmişdir. (hakim E.Məmmədov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilən hissədə tutulan pulun məbləğinin azaldılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.05.2019- cu il tarixli müqaviləyə əsasən, Samsung LED markalı televizor üçün 784 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu olmaqla 901 manat, 01.07.2019-cu il tarixli müqaviləyə əsasən, HP markalı komputer üçün 657 manat ödənilməmiş hissə, 153 manat dəbbə pulu olmaqla 810 manat, 27.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********49365 Samsung Galaxy A50, İMEİ Kodu **********21554 Samsung Galaxy A50 markalı 2 ədəd telefon üçün 1200 manat ödənilməmiş hissə, 360 manat dəbbə pulu olmaqla 1560 manat, 25.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********32351 Xiaomi Redmi 7 markalı telefon üçün 456 manat ödənilməmiş hissə, 80 manat dəbbə pulu olmaqla 536 manat, ümumilikdə isə 3807 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh alınaraq «xxxx» MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh «xxxx» MMC ilə bağladığı 28.05.2019-cu il, 01.07.2019-cu il, 27.08.2019-cu il və 25.09.2019-cu tarixli müqavilələrə əsasən, Samsung LED markalı televizor, HP markalı komputer, İMEİ Kodu **********88488 Samsung J320 markalı telefon və İMEİ Kodu **********32351 Xiaomi Redmi 7 markalı telefon almış və 3807 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə qiyməti 1088 manat olan Samsung LED markalı televizor üçün 784 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu, qiyməti 876 manat olan HP markalı komputer üçün 657 manat ödənilməmiş hissə, 153 manat dəbbə pulu, qiyməti 1200 manat olan İMEİ Kodu **********88488 Samsung J320 markalı telefon üçün 1200 manat ödənilməmiş hissə, 360 manat dəbbə pulu və qiyməti 456 manat olan İMEİ Kodu **********32351 Xiaomi Redmi 7 markalı telefon üçün 456 manat ödənilməmiş hissə, 80 manat dəbbə pulu olmaqla, ümumilikdə 3807 manat borcu yaranmışdır. Qeyd edilən mallara görə cavabdehin cəmi ödədiyi məbləğ 443 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, qət edilən borc məbləği tərəflər arasında imzalanmış müqaviləyə əsasən hesablanmamışdır və borc «xxxx» MMC tərəfindən süni şəkildə şişirdilmişdir. İddianı təmin edən məhkəmə yalnız qarşı tərəfin təqdim etdiyi maliyyə arayışına, habelə nümayəndəsinin izahatına istinad etmişdir. Lakin məhkəmə mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınalşdırmamış, bunun nəticəsində isə qanunsuz qətnamə qəbul etmişdir. Buna görə də qətnamə ləğv edilməli, iddianın təmin edilən hissədə tutulan pulun məbləğinin azaldılması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrsinə baxmayaraq, cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan 28.05.2019-cu il tarixli, 00687816 saylı müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 1008 manata Samsung LED markalı televizor almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi (18 aya, ayda 56 manat olmaqla) öhdəsinə götürmüşdür. Yenə iş materiallarında olan 01.07.2019-cu il tarixli, 00753995 saylı müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 876 manata HP markalı komputer almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi (12 aya, ayda 73 manat olmaqla) öhdəsinə götürmüşdür. Yenə də iş materiallarında olan 27.08.2019-cu il tarixli, 00872705 saylı müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 1200 manata 2 ədəd Samsung A50 DS markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi (6 aya, ayda 200 manat olmaqla) öhdəsinə götürmüşdür. İşdə olan 25.09.2019-cu il tarixli müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh 456 manata İMEİ Kodu **********32351 Xiaomi Redmi 7 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yenə işdə olan 01 iyun 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Samsung LED markalı televizor üçün Cavabdeh 784 manat ödənilməmiş məbləğ və 117 manat dəbbə pulu, HP markalı komputer üçün 657 manat ödənilməmiş hissə, 153 manat dəbbə pulu İMEİ Kodu **********88488 Samsung markalı telefon üçün 1200 manat ödənilməmiş hissə, 360 manat dəbbə pulu və İMEİ Kodu **********32351 Xiaomi Redmi 7 markalı telefon üçün 456 manat ödənilməmiş hissə, 80 manat dəbbə pulu olmaqla ümumilikdə 3807 manat borcu vardır. İşdə olan bildirişlərdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan AR Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, “xxxx” MMC kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. İşə əlavə edilmiş maliyyə arayışlarından görünür ki, 27.08.2019-cu il tarixli müqavilə üzrə (Samsung Galaxy A50 telefonları) Cavabdeh “xxxx” MMC-yə heç bir ödəniş etməmişdir, 1200 manat əsas borcu və 360 manat dəbbə pulu borcu vardır. 25.09.2019-cu il tarixli müqavilə üzrə (Xiaomi Redmi 7 telefonu) heç bir ödəniş edilməmişdir, əsas borc 456 manat, dəbbə pulu borcu 80 manat təşkil edir. 28.05.2019-cu il tarixli müqavilə üzrə (Samsung LED TV) 230 manat ödəniş edilmişdir, 1008 manat əsas borc, 117 manat dəbbə pulu borcu vardır. 01.07.2019-cu il tarixli müqavilə üzrə (HP kompyuter) isə 224 manat ödəniş edilmişdir, əsas borc 876 manat, dəbbə pulu borcu 153 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, bu hissədə qətnamə apelyasiya baxışının predmetini təşkil etmir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(012)-2614/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh «xxxx» MMC ilə 28.05.2019-cu il, 01.07.2019-cu il, 27.08.2019-cu il və 25.09.2019-cu il tarixli müqavilələrə əsasən aldığı, alqı-satqı qiyməti ümumilikdə 3540 manat olan Samsung LED markalı televizor, HP markalı komputer, 2 ədəd Samsung A50 DS markalı telefon və 1 ədəd Xiaomi Redmi 7 markalı telefon almış, cəmi 443 manat ödəniş etsə də, 3097 manat borcu qalmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə aldığı mallar üçün cəmi 3807 manat olmaqla, ondan 3097 manat ödənilməmiş hissə, 710 manat dəbbə pulu borcu yaranmışdır. Məhkəmə əsas borc hissəsində iddianı tam təmin etmiş, dəbbənin məbləğini 45 manat endirmiş, iddiaçı bunu mübahisələndirməmişdir. Cavabdeh şikayətində ümumiyyətlə qət edilmiş borcun azaldılmasını xahiş etmiş, lakin konkret məbləğ göstərtməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh həmin müqavilədə müəyyən edilmiş əmlakları iddiaçıdan almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında onun dəyərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan müqavilə predmetini almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. AR Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Yenə həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşdə olan 28.05.2019, 01.07.2019 və 27.08.2019-cu il tarixli bildirişlərdən görünür ki, Cavabdeh qeyd edilən malları tam qüsursuz halda təhvil aldığını təsdiq etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə cəmi 3142 manat olmaqla, ondan 3097 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, maliyyə sənədlərilə, habelə müqavilələrlə təsdiq olunur. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən cavabdehin əmlak vəziyyətini nəzərə alıb 710 manat cərimə məbləğini 45 manat həddində müəyyən etməklə birinci instansiya məhkəməsi ədalətli və ağlabatan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə dair apelyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onların apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(012)- 2614/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1321/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1321/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver