Məhkəmə qərarları › İş №2(105)-1322/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1322/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1322/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi A.Əhmədova tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 17R000007878 saylı kredit razılaşması üzrə 7809,28 ABŞ dolları məbləğində kredit borcu, 6282,24 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 14141,52 ABŞ dolları borcu ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun və iddia ərizəsinin verilməsinə görə 20 manat dövlət rüsumuna görə pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər müştərək qaydada bankın xeyrinə 17R000007878 saylı kredit razılaşması üzrə 7809,28 ABŞ dolları məbləğində kredit borcu, 7043,64 ABŞ dolları məbləğində faiz borcu, 4985,34 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 19.838,26 ABŞ dolları borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2014-cü il tarixdə bağladığı 17L000003703 saylı kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 17R000007878 saylı kredit razılaşması əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 17R000007878S saylı, xx.xx.2016-cı il tarixli 17R000007878SA saylı, xx.xx.2017-ci il tarixli 17R000007878SD saylı, xx.xx.2018-ci il tarixli 17R000007878SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncular bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Lakin Cavabdeh1 götürdüyü kredit borcundan 12509,87 ABŞ dolları ödəmişdir. Cavabdeh1 17R000007878 saylı kredit razılaşması üzrə 7809,28 ABŞ dolları məbləğində kredit borcu, 7043,64 ABŞ dolları məbləğində faiz borcu, 4985,34 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 19838,26 ABŞ dolları borcu vardır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi A.Əhmədova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual huquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməmiş hissəsinin ləğv edilməsi üçün odur ki, hazırki işin faktiki hallarından görünür ki, tərəflər xx xxxxxx 2014-cü il tarixli 17L000003703 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi zaminliyi müəyyən etmiş və bu müəyyənetmə mülki qanunvericiliyin tələbləri ilə uygunsuzluq təşkil etməmişdir. Zaminlər Cavabdeh2 və Cavabdeh3 50000 ABŞ dolları daxil olmaqla həmin çərçivədə 120 ay müddətinə kimi öhdəlik götürmüşdür. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(012)- 1876/2020 saylı qətnaməsini qismən, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh2 də münasibətdə təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi A.Z.Əhmədova apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zamin müqaviləsinin olmasına, cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqlı, işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi A.Əhmədovanın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 17L000003703 saylı kredit xətti müqaviləsindən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli 17R000007878 saylı kredit razılaşmasından müəyyən edilir ki, Cavabdeh1 İddiaçı QSC-dən 36 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İşə əlavə olan xx.xx.2014-cü il tarixli 17S000007936 saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli 17R000007878 saylı kredit razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Cavabdeh1 zamin durmaqla bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 17S00006013 saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli 17R000007878 saylı kredit razılaşması üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 Cavabdeh1 zamin durmaqla bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. İşdə olan maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2020-ci il tarixinə Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2014-cü il tarixli 17R000007878 saylı kredit razılaşması üzrə 7809,28 ABŞ dolları məbləğində kredit borcu, 7043,64 ABŞ dolları məbləğində faiz borcu, 4985,34 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 19838,26 ABŞ dolları borcu vardır. İşə əlavə olan maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixinə Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2014-cü il tarixli 17R000007878 saylı kredit razılaşması üzrə 7809,28 ABŞ dolları məbləğində kredit borcu, 6282,24 ABŞ dolları məbləğində faiz borcu, 7129,09 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 19838,26 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli 17R000007878 saylı kredit razılaşması üzrə hesablanmış 4985,34 ABŞ dolları məbləğində cərimənin məbləği azaldılmalı və həmin məbləğ 50 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə iddia tələbini cavabdeh-zamin Cavabdeh3 münasibətdə qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi zaminlik müqaviləsinin müddəti 120 aydır, ödəniş qrafiki üzrə faiz dərəcəsi ilə də zamin Cavabdeh3 tanış olmuşdur. Ona görə də, o, borcalanla birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları ilə müəyyən olunur ki, digər zamin Cavabdeh2 ödəniş qrafiki ilə tanış olmamışdır, yəni kredit müqaviləsinin faiz dərəcəsi ilə tanış olmadığından onunla bağlanmış zaminlik müqaviləsində isə yalnız müddət qeyd edildiyindən onun bank qarşısında öhdəliyi yaranmamışdır. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının bu zamin qarşı birinci instansiya məhkəməsi tərəfindən düzgün qərara gəlməməsi barədə dəlili qəbul etmir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci i il tarixli 2(012)- 1876/2020 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar