Məhkəmə qərarları › İş №2(105)-1323/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1323/2024

13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1323/2024 13.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2422/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan AZ-İİİ № 643294 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır.

2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2080/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-2907/2020 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulması, alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyri-rəsmi nikahdan anadan olmuş 20 iyun 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(012)-2080/2022 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və mediasiya xərcinin əvəzi olaraq 60 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2009-cu ildə qeyri-rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur və birgə münasibətlərindən 20 iyun 2010-cu il təvəllüdlü X5 anadan olmuşdur. Neftçala Rayon Məhkəməsinin 25 fevral 2011-ci il tarixli, 2(53)-93/2011 nömrəli qətnaməsi ilə 20 iyun 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 20 (iyirmi) manat sabit pul məbləğində aliment, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(012)-2907/2020 nömrəli qətnaməsi ilə hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment, Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(012)- 2080/2022 nömrəli qətnaməsi ilə hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh oğlu Elyarın əsəblərini pozduğu üçün onun gözündə problem yaranmışdır. Bu səbəbdən də oğlu eynək taxmağa məcbur qalmışdır. Hər 3 aydan bir onun eynəyi yenisə ilə əvəz edilməlidir. Maddi imkanı yoxdur. Həmçinin E.Quliyevin tələbatları günü-gündən artır. Şəxsi mənzilinin olmaması səbəbindən kirayədə yaşayır. 2024-cü ildə uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 235 (iki yüz otuz beş) manat müəyyən edildiyindən iddia ərizəsinin təmin edilməsini xahiş edir.

5. İşdə olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindəndən əldə edilən məlumatlardan görünür ki, İddiaçı “Bakı Universal Maşınqayırma" Məhdud Məsuliyyətli Cəmiyyətində süpürgəçi vəzifəsində çalışır və aylıq əmək haqqı 377.16 manat təşkil edir.

6. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindəndən əldə edilən məlumatlardan görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində nasos qurğularının maşininsti vəzifəsində çalışır və aylıq əmək haqqı 665.6 manat təşkil edir. Həmçinin 363.87 manat yaşa görə pensiya alır.

7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2422/2024 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2080/2024 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, mediasiya haqqı kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənil və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi azyaşlı Elyarın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab etmişdir ki, təyin dilmiş 193 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, 235 manat məbləğində təmin edilməlidir.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 75.1, 56.1, 78.1, 112.1-ci maddələrinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarının, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1954-cü il tarixdə Cəbrayıl rayonu, Maralyan kəndində anadan olmuş, ahıl yaşımdadır və xəstədir. İddiaçının ona qarşı iddiası qərəzli mövqedir, çünki iddiaçı onun maddi vəziyyətini, çətin yaşayış şəraitini bildiyi halda alimentin artırılımasını məhkəmədən tələb edir. "xxxx" KB ASC-yə borcu var və hər ay kredit ödəyir. Bundan əlavə vəfat etmiş oğlu - X4 oğlu, yəni nəvəsi də onun himayəsindədir və hazırda vətəninə xidmət edir Füzuli rayonunda əsgərdir. Digər oğlu isə xəstədir, ona da özü baxır. Onun maddi və mənəvi bütün yükü onun üzərindədir. Özünün daimi yaşayış yeri yoxdur. Çox çətin və acınacaqlı vəziyyətdə yaşayır. Qeyd etdikləri halları Abşeron Rayon Məhkəməsində bildirsə də, onun dediklərinə əhəmiyyət verən olmamışdır. Alimenti artırmaq üçün cavabdeh tərəfində maddi vəziyyəti, sağlamlığı və gəliri göz önündə tutulmalıdır. İddiaçının yaşayış şəraiti və gəliri ondan artıqdır. Onun pay torpaqları və gəliri ondan çox olmasına baxmayaraq, ondan pul tələb edir. İddiaçının rayonda öz şəxsi evi, yaşayışı yaxşı olduğu halda Bakı şəhərində kirayə yaşayır. Ondan aldığı aliment pulunu da kirayə haqqına ödəyir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

15. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

16. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

17. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

19. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

20. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

23. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.

28. Qərarda (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

29. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda isə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.

30. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi üçün qanunda nəzərdə tutulmuş əsasların mövcud olduğu görünür.

31. Məhkəmə kollegiyasının araşdırması zamanı “Elektron məhkəmə” informasiya sisteminə edilmiş sorğunun nəticəsinə əsasən cavabdehin gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində nasos qurğularının maşininsti vəzifəsində çalışır və aylıq əmək haqqı 665.6 manat təşkil edir. Həmçinin 363.87 manat yaşa görə pensiya alır. İddiaçı isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində süpürgəçi vəzifəsində çalışır və aylıq əmək haqqı 377.16 manat təşkil edir.

32. Cavabdehdən uşağın saxlanılması üçün müəyyən edilmiş 193 manat sabit pul məbləğində alimentin məbləğinin artırılması məsələsini müzakirə edərkən, məhkəmə kollegiyası alimentin artırılması məsələsinin davam edən münasibətlər kateqoriyasına aid olduğunu, tərəflərin gəlirlərini, onların maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları əsas tutaraq, cavabdehdən tutulması müəyyən edilən alimentin miqdarı barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq qanuni və əsaslı hesab edir.

33. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

36. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2422/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar