Məhkəmə qərarları › İş №2(105)-1326/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1326/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1326/2021 05.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, X3 katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Qubadlı rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(028)-367/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (hakim V.Ruvinov) ərizəçi Cavabdeh Qubadlı rayon məhkəməsinin 2(028)-367/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi, Cavabdeh Qubadlı rayon məhkəməsinin 2(028)-367/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi əsassız olduğundan rədd edilməsi və apellyasiya şikayətinin Cavabdeh qaytarılması qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Qubadlı rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 4469,37 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, abonent kodu **********00266 olan Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə “xxxx” ASC-yə 4469,37 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməyərək “xxxx” ASC-yə zərər vurmuşdur. “xxxx” ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğaçın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşarı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, ölkə ərazisində karantin elan edilməsi ilə əlaqədar məhkəmələrin fəaliyyət göstərmədiyini düşünmüş, bu səbəbdən apellyasiya şikayətini vermək üçün müddəti üzrlü səbəbdən ötürmüşdür. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X2 şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsini cavabdehin ərizəsində göstərdiyi səbəbin üzürlü hesab olunmaması və müvafiq olaraq qanunla müəyyən edilmiş ötürülmüş prossesual müddətin bərpası üçün əsas ola bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, Cavabdeh xx xxxxxxx 2020-ci il tarixli qətnaməni xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə qəbzinə imza edərək almış, bununla da onun apellyasiya şikayəti verməsi üçün müddətin axımı başlamış, xx xxxxxx 2020-ci il tarixə kimi davam etmişdir. Azərbaycan Respublikası MPM-nin 357-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1. maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur (Mülki Prosessual Məcəllənin 129.1., 129.3. maddələri). Mülki Prosessual Məcəllənin 130.1. maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (K.N.Qəribovanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2008-ci il tarixli qərarı). Məhkəmə kollegiyasının fikrincə, buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etməsi imkanının olmaması haqqında sübutlar göstərməlidir. Lakin cavabdeh ərizəsində göstərilən xüsusatları təsdiq edən hər hansı əsaslı şübhə yaratmayan sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qətnamədən apellyasiya şikayəti verməsi üçün prosessual müddətin bərpasına ərizəsində göstərilən xüsusatlar müddətin bərpası üçün əsas hesab edilə bilməməklə formal mülahizədən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli və onunla bağlı xx xxxxxx 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh şikayəti təmin edilməsin. Qubadlı rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli və onunla bağlı xx xxxxxx 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar