Məhkəmə qərarları › İş №2(105)-133/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-133/2025

05.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-133/2025 05.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Nurəhmədov Kamil Faiq oğluna qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü, ekspert rəyi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), X10 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı X2 (sonuncu məhkəmə iclasına gəlməmişdir), cavabdeh Nurəhmədov Kamil Faiq oğlunun və onun nümayəndəsi və vəkili X6 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2844/2024 nömrəli qətnaməsindən cavabdeh Nurəhmədov Kamil Faiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İnzibati Tənbeh vermə haqqında TP6026866 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Nurəhmədov Kamil Faiq oğlu Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmu inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

2. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Nurəhmədov Kamil Faiq oğlu barəsində toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

3. Avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, X4 məxsus “Toyota Rav-4 minik” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə xx.xx.2024-cü il tarixə dəymiş zərərin həcmi 11960 (on bir min doqquz yüz altmış) manat təşkil edir.

4. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3634 saylı ekspert rəyindən görünür ki, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı “Toyota RAV-4 minik” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10560 manat müəyyən edilir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda qeyd edilmişdir ki, mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" ASC tərəfindən verilən qüsur aktında qeyd edilən “Toyota Rav 4” markalı avtomobilin ehtiyat hissələrinin həmin tarixə satışı və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından tədqiqat aparılmamışdır.

6. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Dəymiş zərərin hesablanmasına dair” Aktında qeyd edilmişdir ki, “Toyota Rav 4” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər yekun olaraq 5215 manat təşkil etmişdir.

7. Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli, MEB-119-0525 nömrəli qiymətləndirmə hesaatına əsasən X4 məxsus “Toyota Rav 4” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 4990 (dörd min doqquz yüz doxsan) manat təşkil etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, aparılmış qiymətləndirmə işi üzrə 350 manat xidmət haqqı Nurəhmədov Kamil Faiq oğlu tərəfindən tam şəkildə ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş 6960 manat məbləğində maddi zərərin və ödənilmiş 90 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh Nurəhmədov Kamil Faiq oğlu idarə etdiyi “Mercedes Benz” minik markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq, iddiaçının idarə etdiyi “Toyota Rav 4” minik markalı 99-GB- 38 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq ona maddi zərər vurmuşdur. Faktla əlaqədar olaraq araşdırma aparılmış, cinayət tərkibi olmadığı üçün xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və cavabeh şəxsin barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarla cavabdeh Nurəhmədov Kamil Faiq oğlu İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, hadisə zamanı iddiaçıya məxsus olan “Toyota Rav 4” minik markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomaşına 11960 manat məbləğində zərər dəymişdir. Həmin zərərin 5000 manatı sığorta tərəfindən iddiaçıya ödənilib. Qalan məbləği, yəni 6960 manat pulu cavabdehdən tələb etsə də, cavabdeh iddiaçıya hər hansı bir ödəniş etməmişdir. Cavabdeh könüllü olaraq avtomaşına vurduğu zərəri ödəmək istəmir. İddiaçı dəfələrlə cavabdehdən pulunu tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, dəymiş maddi zərərə görə 6960 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2844/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Nurəhmədov Kamil Faiq oğlundan baş vermiş hadisə nəticəsində iddiaçının avtomobilinə dəyən zərərə görə 5560 (beş min beş yüz altmış) manat məbləğində pul və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 90 (doxsan) manat tutularaq iddiaçı X4 ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manatın cavabdeh Nurəhmədov Kamil Faiq oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1097.3, 1111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 220.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Nurəhmədov Kamil Faiq oğlu apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2844/2024 nömrəli qətnaməsini ləğv etməklə iddia tələbinin bütünlüklə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, maddi hüquq norması kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097 və 1111.2-ci maddələrinə istinad etmiş və qətnamədə qeyd etmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Bu nəticəyə gələn məhkəmə işdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il 9/3634 saylı ekspert rəyinə istinad etmiş və həmin rəydə avtomobilin hissələrinin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı “Toyota RAV-4 minik” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10560 manat müəyyən olunduğu qeyd edilmişdir. Bu rəy əsaslı sayıla bilməz, əvvəla ekspert qarşı tərəfin təqdim etdiyi siyahı üzrə qiymətləndirməni aparmış və maşına baxış keçirməmişdir, digər tərəfdən qarşı tərəf hadisə nəticəsində sıradan çıxan hissələri deyil, maşının başqa hissələrində olan detalları da həmin siyahıya salmışdır. Onu da qeyd edir ki, sığorta şirkəti tərəfindən verilən 5000 manat məbləğində vəsait həmin maşının tam təmiri üçün yetərli bir məbləğ olmuş və hətta o özü də iddiaçıya təklif etmişdir ki, həmin vəsaiti ona versin və gəlib maşını tam təmirli halda ondan qəbul etsin, lakin iddiaçı pulu almağa qərar vermiş, həmin vəsaitlə maşını təmir etdirdikdən sonra ondan əlavə vəsait qoparmaq üçün bu addımı atmışdır. Hadisə zamanı sıradan çıxan hissələrlə qarşı tərəfin təqdim etdiyi hissələr eyni deyildir, zərbə dəyən hissə ilə yanaşı qarşı tərəf digər hissələri də şişirdilmiş qiymətlərlə siyahıya salmış və maşına qoyulan qiymət əsasında həmin maşını almaq mümkündür, bu da verilmiş rəyin tam əsassız olmasına dəlalət edir. Buna görə də maşına dəymiş ziyanın yenidən qiymətləndirilməsi aparılmalı və bu qiymətləndirmə maşının foto görünüşü əsasında hadisə nəticəsində sıradan çıxan hissələrin qiymətləndirilməsi fonunda təşkil edilməlidir.

15. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə qeyd edilən maddənin tələblərini pozmuşdur. Belə ki, o qarşı tərəfin təqdim etdiyi siyahı əsasında qiymətləndirmənin aparılmasına etiraz etsə də maşına dəyən zərərin qiymətləndirilməsi qarşı tərəfin təqdim etdiyi avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabat əsasında aparılmış və həmin hesabat “Toyota Rav-4 minik” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə xx.xx.2024-cü il tarixə dəymiş zərər üzrə tərtib olunmuşdur, lakin hadisə hesabatın tərtib olunduğu vaxtdan 3 ay qabaq baş vermiş və bu 3 ay müddətində iddiaçıya məxsus maşına müxtəlif səbəblərdən və müxtəlif şəraitdə də zərər dəyə bilərdi, lakin Məhkəmə Ekspertiza Mərkəzi həmin hesabatda qeyd olunanan detalların qiymətləndirilməsini aparmaqla onun əsassız olaraq yüklənməsinə səbəb olmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında cavabdeh Nurəhmədov Kamil Faiq oğlu və onun nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

18. İddiaçı X5 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhmkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

32. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

35. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

38. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

42. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

45. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Nurəhmədov Kamil Faiq oğlu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2844/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini iddianın təmin edilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

47. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

48. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı əvvəla qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

49. Apellyator şikayətində dəymiş ziyanın məbləğini mübahisələndirmiş, dəlilləri nəzərə alan kollegiya tərəfindən iş üzrə icraat dayandırılaraq təkrar ekspertiza təyin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi ekspertiza təyin edilməsi barəsində qərardadında ekspertizanın “Toyota Rav 4” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməklə, bu mümkün olmadıqda isə iş materiallarında olan "xxxx" MMC-nin “Avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə” xx.xx.2024-cü il tarixli hesabatında əks olunan avtomobilin bərpa olunmasının hesablanması cədvələ əsasən keçirilməsini müəyyən etmişdir. Kollegiya isə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq rəyin iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli “Dəymiş zərərin hesablanmasına dair” Aktında qeyd olunan ehtiyat hissələrin və işçiliyin siyahısı nəzərə alınmaqla verilməsini qeyd etmişdir.

50. Qeyd edilən halı və eləcə də apellyasiya şikayətinin dəlillərini nəzərə alan kollegiya obyektiv və hərtərəfli araşdırmaya nail olmaq üçün iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmənin qərardadı əsasında alınmış Mərkəzi Ekspertiza Bürosunun xx.xx.2025-ci il tarixli, MEB-119-0525 nömrəli qiymətləndirmə hesabatına əsasən X4 məxsus “Toyota Rav 4” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 4990 (dörd min doqquz yüz doxsan) manat təşkil etmişdir.

51. İşin mübahisəsiz, iddiaçının iddia tələbinin əsaslandırması zamanı da istinad etdiyi hal isə ondan ibarətdir ki, 5000 manat məbləğində pul vəsaiti sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Belə olan halda kollegiya o qənaətə gəlir ki, iddiaçıya dəymiş zərər ödənildiyindən iddia təmin edilməməlidir.

52. Mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Ona görə də kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 50 manat məbləğində ekspertiza xərci, eləcə də apellyator tərəfindən mütəxəssis rəyinin əldə edilməsi zamanı ödənilmiş 350 manat məbləğində pul iddiaçıdan alınmalıdır.

53. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

55. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçının əmlakına dair iddiasının tam təmin edilməsi üçün əsaslı şübhələrdən kənar sübutlar kifayət deyildir.

56. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə göstərilən qaydada iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmiş, zəruri araşdırma aparmamışdır..

57. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

58. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmiş, bununla belə Məhkəmə kollegiyasının araşdırması zamanı iddianın əsassız olması öz təsdiqini tapmışdır.

61. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla, ədalətli və qanuni mövqe hesab oluna bilməz.

62. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2844/2024 nömrəli qətnaməsi ləğv edilərək iddianın təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2844/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X2 cavabdeh Nurəhmədov Kamil Faiq oğluna qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. İddiaçı X1 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı alınaraq cavabdeh Nurəhmədov Kamil Faiq oğluna ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar