Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1330/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim İlqar Məmmədov) İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Cavabdeh Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilmiş, Cavabdeh Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzürlü sayılaraq prosessual müddətin bərpa edilməsi qərara alınmış, İddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh Ələm oğlunun İddiaçı məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarış əsasında Quba-Bakı yolunun kənarında, Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0,209 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin Cavabdeh Ələm oğlunun hesabına boşaldılması və İddiaçı məxsus torpaq sahəsinə Cavabdeh Ələm oğlu tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdeh Ələm oğlu qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzürlü sayılaraq prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, qərardad əsassız və qanunsuz olduğundan dəyişdirilməli, Cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzürlü sayılması barədə ərizəsi təmin edilməməlidir. Belə ki, onun iddia ilə məhkəməyə müraciət etdiyindən, işin məhkəmədə baxılmasından, iş üzrə məhkəmə qətnaməsi çıxarılmasından Cavabdeh məlumatı olmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-244/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilmiş, 09 iyun 2021-ci il tarixdə icra məmurunun icraatına daxil olmuş, 09 iyun 2021-ci il tarixdə cavabdehə bildiriş göndərilmiş, bundan sonra icra prosesi zamanı ona məxsus torpaq sahəsində olan Cavabdeh tikdiyi tikiliyə gedilmişdir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 05 iyul 2021-ci il tarixli aktdan görünür ki, ona məxsus torpaq sahəsində tikilmiş tikilini Cavabdeh Rəhim Qədirova çayxana məqsədilə icarəyə vermiş və Rəhim Qədirova da məhkəmə qətnaməsi barədə məlumat verilmişdir. Bundan sonra yenidən növbəti icra prosesi 10 avqust 2021-ci il tarixə təyin edilmiş, torpaq sahəsinə gedilmiş, icra prosesi barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq icra prosesinə gəlməməsi, icra sənədinin icra olunması barədə 10 avqust 2021-ci il tarixli akt tərtib edilmişdir. Göründüyü kimi, dəfələrlə təşkil edilmiş icra prosesi zamanı cavabdehin işlətdiyi ona məxsus torpaq sahəsində yerləşən obyektə gedilmiş, orada icra prosesləri keçirilmiş, hətta Quba rayon İcra və probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş aktda da ona məxsus torpaq sahəsində tikilmiş obyekti icarəyə əsasən işlədən şəxsə də məhkəmə qətnaməsi barədə məlumat verilmiş, məhkəmə qətnaməsi icra olunmuşdur. Belə olan halda, cavabdehin məhkəmə qətnaməsinin mövcud olmamasından məlumatı olmaya bilməzdi. Cavabdeh hazırda məhkəmə qətnaməsindən apellyasiya şikayəti verməklə vaxtı uzatmaq, onu bezdirərək iddiasından əl çəkməyə vadar etmək istəyir. Göstərilən əsaslarla məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına, müddətin ötürülməsinin üzürlü sayılmasına heç bir əsas yoxdur. Cavabdeh məhkəmə qətnaməsini rəsmi qaydada almamasına istinad etməklə hüquqdan sui istifadə edir. Hüquqdan sui-istifadə isə yolverilməzdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilib, cavabdehin apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə vəsatətinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayətinin verilməsi müddətini bərpa edərkən Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsinin Cavabdeh Ələm oğluna sifarişli məktubla 30 mart 2021-ci tarixdə göndərilməsinə, lakin rabitə orqanı tərəfindən cavabdehin ünvanının düzgün olmadığı qeyd edilməklə məktubun geri qaytarılmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsi Cavabdeh Ələm oğluna sifarişli məktubla göndərilmış, lakin poçt göndərişinin verilməsi haqqına xəbərnamə ünvanın düzgün olmadığı qeydi ilə geri qaytarılmışdır. Göründüyü kimi, Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)- 244/2021 saylı qətnaməsi Cavabdeh Ələm oğluna rəsmi qaydada verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən apellyasiya şikayəti verilməsi ilə bağlı 1 aylıq müddətin axımını, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən Quba Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə ərizəsi xx.xx.2021-ci il tarixdə Quba Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə ərizəsini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(027)-244/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1330/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1330/2022
31.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver