Məhkəmə qərarları › İş №2(105)-1331/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1331/2021

05.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1331/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddianın təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-7674/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının dəyişdirilərək, xx xxxx 2007-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması, alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması tələbinə dair» iddia ərizəsi ilə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-7674/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş xx xxxx 2007-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanmaları üçün cavabdehin hər ay bir uşağa görə 117 (yüz on yeddi) manat alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir bir uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Tərtər Rayon Məhkəməsinin 2(61)-1135/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə onun arasında Tərtər rayon Söylən kənd icra nümayəndəliyi tərəfindən xx xxxxx 2007-ci ildə 01 sayla qeydə alınmış nikahın pozulması qət edilmişdir. Nikahları məhkəmə qaydasında ləğv edildikdən sonra birgə nikahdan olan övladları - xx xxxx 2007ci il təvəllüdlü T.Cavabdeh və xx xxxxxxxx 2008-ci il təvəllüdlü A.Cavabdeha onun himayəsində qalmışdır. Cavabdehlə aralarında olan razılığa əsasən övladları üçün aliment məsələsi məhkəmədən kənar öz aralarında həll olunacaqdı və cavabdeh öz övladlarına baxacağını ona söz verərək, məhkəmədə aliment tələb etməməyini xahiş etmişdir. O da cavabdeh ilə razılaşmış və məhkəmədə aliment tələb etməmişdir. Lakin cavabdeh sözünü tutmayaraq, övladlarına bir manatda olsa, pul ödəməmiş və ümumiyyətlə övladları ilə maraqlanmamışdır. O, məcbur olub faktiki yaşadığı ərazi üzrə Abşeron Rayon Məhkəməsinə aliment tələbinə dair cavabdehə qarşı iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-7674/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx xxxx 2007-ci il təvəllüdlü Tahir və xx xxxxxxxx 2008-ci il təvəllüdlü Aydanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 117 (yüz on yeddi) manat, ümumilikdə 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Hər iki övladı məktəblidir. Onların təlabatları günü-gündən artır. O, işləmir və heç bir yerdən gəliri yoxdur. Ölkəmizi ağuşuna alan koronovirus pandemiyasınma görə isə maddi vəziyyəti daha da pisləşmişdir. Cavabdehin maddi imkanı xeyli yaxşıdır. O, ona aliment pulundan başqa öz övladları üçün əlavə maddi yardım göstərmir. Bundan əlavə doğma övladları ilə maraqlanmır. O, tək başına körpəlikdən hər iki övladlannı böyütmüş, hazırda isə onların təlabatlarını ödəməkdə çətinlik çəkir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar heç bir zaman ailə kimi uzun müddət birlikdə yaşamamışlar, nikahları formal xarakter daşımışdır. Bu səbəbdən də nikahları məhkəmə qaydasında pozularkən iddiaçı ondan aliment tələb etməmiş və gələcəkdə də bu tələblə iddia qaldırmamagına söz vermişdir. Lakin sonradan ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmiş və hər uşağa ondan 117 manat olmaqla aliment tutulmuşdur. Onların nikahları pozulduqdan sonra o, yeni ailə həyatı qurmuşdur. Bu nikahdan iki uşaqları anadan olmuşdur. Hazırda heç bir yerdə işləmir. Valideynləri xəstədir və dair həkim nəzarəti altında yaşayırlar, bunun üçün məhkəmə iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsi onun bu durumunu nəzərə almamışdır. O, heç bir növ sosial müavinət və pensiya almır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-4695/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehin bir ata kimi uşağın saxlanılmasında, maddi köməklik göstərməsində borclu olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, tərəflər xx xxxxx 2007-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahdan xx xxxx 2007-ci ildə Tahir və xx xxxxxxxx 2008-ci ildə Aydan adlı uşaqları anadan olmuş, Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. İşə əlavə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-7674/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, xx xxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxxxxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 117 (yüz on yeddi) manat, ümumilikdə 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ail əvə ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə kollegiyası cavabdehin yenidən ailə həyatı qurması, iki övladının olmasını və bununla da hazırkı uşaqlarına aliment ödəməyə imkanı olmaması barədə gətirdiyi dəlili qəbul etmir, belə ki, bu dəlil onu aliment ödəməkdən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(012)- 4695/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar