Məhkəmə qərarları › İş №2(105)-1332/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1332/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1332/2021 25.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və mübahisəli mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3980/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3980/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.12.2014-cü il tarixli, 112/14 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 “xxxx” KB ASC-nin xeyrinə 25.12.2014-cü il tarixli, 112/14 saylı saylı kredit müqaviləsi üzrə 31604,08 ABŞ dolları əsas borcun, 4047,20 ABŞ dolları faiz borcunun, 6,02 ABŞ dolları cərimə borcunun, cəmi 35657,30 ABŞ dolları borcun manat məzənnəsilə ilə tutulması, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 30 manat xidməti haqqının əvəzinin tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evinin açıq hərracda satılması, kredit borcunun və dövlət rüsumlarının əvəzinin mənzilin satışından əldə olunacaq vəsait hesabına “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55.000 (əlli beş min) manat müəyyən edilməsi, yaranmış borc ödənildikdən sonra artıq qalan vəsaitin Cavabdeh1 qaytarılması, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və həmin evin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmişdir. (hakim Ş.Nəcəfova) Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)- 3980/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qətnaməsinin qismən-kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsi və oranın boşaldılması hissəsində ləğv edilməsini, bu hissədə mübahisə üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İŞİN HALLARİ: “xxxx” KB ASC Cavabdeh1, Cavabdeh2 Siyavuş qızına, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı «xxxx” X5 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 25.12.2014-cü il tarixli, 112/14 saylı əlavə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 19.12.2014-cü il tarixli, UM-41/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 25.12.2014-cü il tarixli, 112/14 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 31.604,08 ABŞ dolları, faiz borcu üzrə 4.047,20 ABŞ dolları, cərimə borcu üzrə 346,02 ABŞ dolları, cəmi 35.997,30 ABŞ dolları borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 25.12.2014-cü il tarixli, 112/14 saylı əlavə kredit müqaviləsi üzrə cəmi 35.997,30 ABŞ dollar borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi 30 manatın tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 42.000,00 (qırx iki min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Siyavuş qızının, Cavabdeh4 və Cavabdeh3 çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx” X5 Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh1 arasında bağlanmış 19.12.2014-cü il tarixli, UM-41/14 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış 25.12.2014-cü il tarixli, 112/14 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, yəni 25.12.2017-cü il tarixədək, illik 23 faiz ödəmək şərtilə 38.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2014-cü il tarixli, UMi-41/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evi “xxxx” KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 22.12.2014-cü il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. (çıxarış RX ******* saylı, qeydiyyat № **********). Borclu Cavabdeh1 22.02.2017-ci il tarixə 25.12.2014-cü il tarixli, 112/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 31.604,08 ABŞ dolları, faiz borcu üzrə 4.047,20 ABŞ dolları, cərimə borcu üzrə 346,02 ABŞ dolları olmaqla, cəmi 35.997,30 ABŞ dolları borcu vardır. 19.12.2014-cü il tarixli, UMi-41/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evi 19.12.2014-cü il tarixli, UM-41/14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.4-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 42.000 manat məbləğində qiymətləndirilmişdir.Odur ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları iddiaçının xeyrinə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, əsas kredit müqaviləsinin icrasının təminat üsulu kimi çıxış edən əmlak boşaldılmalı, həmin əmlak hərracdaa satılmalı, onun satışından əldə edilmiş pul vəsati hesabına borclunun iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir.Qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehlər apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən qət edilən borc şişirdilmiş, borclu tərəfindən ödənilmiş bir sıra ödənişlər bank tərəfindən qanunsuz olaraq faiz borcuna silinmiş, məhkəmə isə bunu nəzərə almamışdır. Məhkəmə 4047,20 ABŞ dolları faiz borcunun tutulması hissəsində iddianı rədd etməli idi. Bundan başqa, məhkəmə tərəfindən ipoteka predmetinin 55000 manat dəyərində qiymətləndirilməsi də əsassızdır. Məhkəmə bu qiyməti müəyyən edərkən tərəflər arasında imzlanmış ipoteka müqaviləsinə isitinad etmişdir. Lakin bundan artıq 5 il müddət keşmiş və evin dəyərində dəyişilmə olmuşdur. Bu barədə təkrar əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etsə də vəsatəti təmin edilməmişdir. İpoteka predmetinin boşaldılması barədə tələbi isə bank (ipoteka saxlayan) deyil, əmlakı gələcəkdə hərrac vasitəsilə alacaq şəxs qaldıra bilər. Bu tələbi də təmin edərkə məhkəmə səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi bu halları araşdırmadığıdan qətnamə əsas və faiz borcunun tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və onun boşaldılması hissəsində ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X3 şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 teleqramla məhkəməyə müraciət edərək, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsini göstərmiş, iclasın təxirə salınmasını xahiş etmiş, lakin bunu təsdiq edə biləcək sübutu əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan «xxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2014-cü il tarixli, UM-41/14 saylı əsas kredit müqaviləsindən görünür ki, müqavilənin 1.1 və 1.2-ci bəndinə əsasən borc verən borcalana 120 ay müddətinə 19.12.2024-cü il tarixinədək 1 000 000 (bir milyon) manat məbləğində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənir. Yenə iş materiallarında olan «xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.12.2014-cü il tarixli, 112/14 saylı əlavə kredit müqaviləsindən görünür ki, bu müqaviləyə görə «Borcverən» müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə krediti «Borcalan»ın mülkiyyətinə verir və «Borcalan» isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə «Borcverən»ə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə «Bank» tərəfindən «Borcalan»a verilən kreditin məbləği 38 000 (otuz səkkiz min) ABŞ dolları təşkil edir.Kredit 36 ay müddətinə (25.12.2017-ci il tarixinədək), illik 23 faiz ödəmək şərtilə verilir. Kreditin məqsədli təyinatı: İstehlak-Mənzilin təmiridir. Yenə də iş materiallarında olan «xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2014-cü il tarixli, UMi-41/14 saylı ipoteka müqaviləsindən görünür ki, bu müqaviləyə görə ipoteka qoyan öhdəliklərinin təminatı olaraq, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 05.12.2014-cü il tarixində **********86-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyatı aparılmış, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evini ipoteka qoyur. Tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 42000 (qırx iki min) manat qiymətləndirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 22.12.2014-cü il tarixli, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evi-19.12.2014-cü il tarixdən 19.12.2024-cü il tarixədək, 120 ay müddətinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlak üzərindəki hüquq qeydiyyata alınmışdır. Öhdəliyin əsas mahiyyəti və icra müddəti 19.12.2014-cü il tarixli, UM-41/14 saylı kredit müqaviləsi, kreditin məbləği 1 000.000 (bir milyon) manatdır. Yenə işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 22.12.2014-cü il tarixli, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evi (69.1 kv/m ümumi sahə, 31.9 kv.m. yaşayış, 37.2 kv.m.yardımçı sahələrdən ibarət 3 otaqlı) 05.12.2014-cü il tarixdən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Yenə də işdə olan «xxxx” KB ASC-nin 22.02.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 «xxxx” KB ASC-yə 25.12.2014-cü il tarixli, 112/14 saylı kredit müqaviləsi üzrə 31.604,08 ABŞ dolları əsas borcu, 4.047,20 ABŞ dolları faiz borcu, 346,02 ABŞ dolları dəbbə pulu borcu olmaqla, ümumilikdə 35.997,30 ABŞ dolları borcu vardır. Mülki iş materiallarında olan «xxxx” KB ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanlanmış 16.01.2017-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizəsindən görünür ki, ipoteka predmeti olan, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 11.01.2017-ci il tarixdə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmişdir və bu bildirişin qeydiyyata alınması ilə bağlı müraciət edilmişdir. İş materiallarında olan «xxxx” KB ASC tərəfindən verilmiş borcun tələbi haqqında 13.12.2016-cı il tarixli pretenziyadan görünür ki, bank cavabdehə əlavə kredit müqaviləsi üzrə borcunun olması və 10 gün ərzində kredit borcunu ödəməsi, əks təqdirdə qanunla müəyyən edilmiş qaydada ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat vermişdir. Yenə iş materiallarında olan Cavabdeh1 göndərilmiş 06.01.2017-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görünür ki, «xxxx” KB ASC tərəfindən Cavabdeh1 ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamaqları barədə xəbərdar edilmişdir. İşdə olan «xxxx» MMC-nin 17.11.2017-ci il tarixli hesabatından görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evinin bazar dəyəri 50.000 manat müəyyən edilmişdir. Yenə işdə olan “LEX FORİ Hüquq və Qiymətləndirmə” şirkətinin 07.11.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evinin real bazar qiyməti 55.000 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş 18 dekabr 2014-cü il tarixli, 2101 saylı arayışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. Yenə iş materiallarına əlavə edilmiş 18.12.2014-cü il tarixli ərizələrin surətlərindən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evinin banka ipoteka qoyulmasına razıdırlar. Yenə də iş materiallarına əlavə edilmiş «B+Ş Audit» MMC-nin 23 aprel 2021-ci il tarixli hesabatından görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 69,1 kv.metrlik 91 saylı fərdi yaşayış evinin bazar qiyməti 60000 manat, likvid dəyəri isə 55000 manat təşkil edir. İşdə olan hərracın keçirilməsi haqqında bildirişlərin surətlərindən görünür ki, Hərrac Mərkəzi “xxxx” MMC ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evinin hərracda satılması barədə ipoteka qoyan Cavabdeh1 məlumat vermişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, cavabdehlərin apelyasiya şikayəti qismən təmin olunmalı, Abşeron Rayon Məhkəməsinin 2(012)-3980/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin hərracda satılmasından sonra qalan vəsaitin ipoteka qoyana qaytarılması və cavabdehlərin bu ipoteka predmetindən istifadə hüquqlarına xitam verilməsi hissələrinə ləğv edilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 ilə “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti arasında 19.12.2014-cü il tarixli, UM-41/14 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə çərçivəsində bağlanmış 25.12.2014-cü il tarixli, 112/14 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 25.12.2017cü il tarixədək, illik 23 faiz ödəmək şərtilə 38.000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2014-cü il tarixli UMi-41/14 saylı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evi “xxxx” KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 22.12.2014-cü il tarixdə AR ƏMDK yanında DƏDRXnin 4 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit götürməsinə və xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdən görünür ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 31604,08 ABŞ dolları əsas borc, 4047,20 ABŞ dolları faiz borcu, 346,02 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 35997,30 ABŞ dolları (manat məzənnəsilə) borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq, iddiaçı “xxxx” KB ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə isə əsas və faiz borcunu təmin etsə də, cərimə borcunu 6,02 ABŞ dollarına endirmişdir. Cavabdeh isə şikayətində qeyd etmişdir ki, onun borcu əslində bu miqdarda deyil və bank tərəfindən şişirdilmişdir, buna baxmayaraq cavabdeh bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında imzalanmış əlavə kredit müqaviləsi üzrə ümumilikdə borc 35657,30 ABŞ dolları (manat məzənnəsilə) təşkil edir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka premetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələbin ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdehlər apelyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətini də mübahisələndirirlər. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarından aydın olur ki, məhkəmə ipoteka predmetinin orta bazar qiymətini 55000 manat müəyyən etmiş, bu məbləği isə yalnız cavabdehlər mübahisələndirmiş, iddiaçı isə bununla razılaşmışdır. Məhkəmə kollegiyası cavabdehlərin bu dəlili üzrə araşdırma aparmış, özünün 19 mart 2021-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Bu araşdırma nəticəsində isə müəyyən edilmişdir ki, ipoteka predmetinin 22 aprel 2021-ci il tarixinə orta bazar qiyməti 60000 manat, likvid dəyəri 55000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli yaşayış evi açıq hərraca çıxarılarkən, qanunla onun satış qiyməti likvid dəyərində, yəni 55000 manat məbləğində müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinin hazırda qüvvədə olan mətninə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası ipoteka predmeti olan yaşayış sahəsinin boşaldılması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla belə, işdən görünür ki, birinci instansiya məhkəməsi iddiadan kənara çıxmış, bununla da MPM-nin 218.3-cü maddəsinin tələblərini pozmuşdur. AR MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə ki, “xxxx” KB ASC-nin iddia ərizəsindən görünür ki, bank tərəflər arasındakı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, bu müqavilə üzrə yaranmış kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuuş pul vəsaiti hesabına Cavabdeh1 kredit borcunun qaytarılmasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmeti olan məlum yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə belə bir tələb olmadığı halda, «xxxx” X5 Səhmdar Cəmiyyətinə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması və Cavabdeh1, Cavabdeh2 Siyavuş qızının, Cavabdeh3 və Cavabdeh4 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi nəticəsinə gəlmiş, bununla da iddiadan kənara çıxmışdır ki, bu da qanunla qadağandır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə göstərilən hissələrdə ləğv olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “xxxx” KB ASC iddiasının əsaslarını sübut edə bilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Siyavuş qızı, Cavabdeh3 və Cavabdeh4 isə qətnamənin ləğv edilməsi barədə dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətində göstərdikləri dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi, habelə iddianın rədd olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər, yaxud həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən tamamilə və ya qismən ləğv edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3980/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin hərracda satılmasından sonra qalan vəsaitin ipoteka qoyana qaytarılması və cavabdehlərin bu ipoteka predmetindən istifadə hüquqlarına xitam verilməsi hissələrinə ləğv edilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Siyavuş qızı, Cavabdeh3 və Cavabdeh4 apelyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3980/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin hərracda satılmasından sonra qalan vəsaitin ipoteka qoyana qaytarılması və cavabdehlərin bu ipoteka predmetindən istifadə hüquqlarına xitam verilməsi hissələrinə ləğv edilsin. Qalan hissələrdə, yəni iddianın qismən təmin olunması, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.12.2014-cü il tarixli, 112/14 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 “xxxx” KB ASC-nin xeyrinə 25.12.2014-cü il tarixli, 112/14 saylı saylı kredit müqaviləsi üzrə 31604,08 ABŞ dolları əsas borcun, 4047,20 ABŞ dolları faiz borcunun, 6,02 ABŞ dolları cərimo borcunun, cəmi 35657,30 ABŞ dolları borcun manat məzənnəsilə ilə tutulması, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 30 manat xidməti haqqının əvəzinin tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 91 saylı fərdi yaşayış evinin açıq hərracda satılması, kredit borcunun və dövlət rüsumlarının əvəzinin mənzilin satışından əldə olunacaq vəsait hesabına “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməsi, mübahisəli yaşayış sahəsinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar