Məhkəmə qərarları › İş №2(105)-1333/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1333/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1333/2023 01.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(012)-577/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3079,06 manat məbləğində əsas borc, 439,62 manat məbləğində faiz borcu və 0,00 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3518,68 manat məbləğində borc və ödənilmiş 55,18 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “Finca Azerbaijan” MM QBKT-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı “Finca Azerbaijan” MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “Finca Azerbaijan” MM QBKT-nin xeyrinə 3079,06 manat məbləğində əsas borcu, 439,62 manat məbləğində faiz borcu və 0,00 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3518,68 manat məbləğində borcun və ödənilmiş 55,18 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********6610 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 41,50 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 304 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin xx.xx.2015-ci il tarixli, **********6610 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 3301 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 3298 manat, faiz borcuna görə 439,62 manat, cərimə borcuna görə 0,00 manat, cəmi 3518,68 manat təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əvvəldən işə səthi yanaşmış, işin hərtərəfli araşırılmasına maraqlı olmamışdır. Məhkəmənin gəldiyi nəticə ilə mühüm əhəmiyyət daşıyan hallardan heç biri aydınlaşdırılmamışdır. Onlar məhkəmə aidiyyəti, zaminliklə bağlı iddia müddəti, icraatın dayandırılması və başqa hallardır. Qeyd edildiyi kimi iş üçün əhəmiyyəti olan hallar araşdırılmadığına görə məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında qərar qəbul etmişdir. Həmin sənədlər arasında ziddiyyətlər mövcuddur. Məhkəmə qətnaməsi qanunvericiliyə zidd qəbul olunduğuna görə məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması səbəbindən həmin qətnamə apellyasiya qaydasında ləğv olunmalıdır. Belə ki, mübahisənin predmeti sahibkarlıq fəaliyyətinə aid olduğuna görə işə Kommersiya məhkəməsində baxılmalı idi. Bundan başqa ölən şəxs haqqında məhkəmədə işə baxılması, zaminliyin vaxtının keçməsinə və özünün prosesdə iştirakı təmin edilməməsinə baxmayaraq məhkəmənin bu məsələni hüququ cəhətdən həll etməməsi qərarın əsassızlığını sübut edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehlərin müqavilə üzrə öhdəliyi lazımınca icra etməməsi ilə əsaslandırmışdır. Cavabdeh2 bu nəticədən narazı qalaraq, apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin məzmununa əsasən qətnaməni yalnız özünə aid hissədə mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin qismən mübahisələndirməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir. Baxılan iş üzrə iddia tələbi borcun tutulması barədədir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanan **********6610 saylı kredit müqaviləsinə əsasən ona illik 41,5 faizlə, 18 ay müddətinə 4000 manat məbləğində kredit verilmiş, Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Həmçinin xx.xx.2016-cı il tarixli **********6610 saylı sazişlə restrukturizasiya olunmuş və müddəti 36 ay müəyyən edilmişdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələri). Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi iddiaçı “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmış, xx.xx.2016-cı il tarixdə restruktrizasiya olunaraq 36 ay müddətinə məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət ötürülməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. İşin kommersiya məhkəməsində baxılmasına dair apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi eyni zamanda həyat səviyyəsinin yaxşılaşdırılması üçün istehlak məqsədilə də götürülmüş və mövcud işdə həmin kreditin təminatı kimi zamin durmuş şəxs Cavabdeh2 fiziki şəxsdir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən aidiyyət qaydaları pozulmamışdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi cəmi 3518,68 manat məbləğində borc və ödənilmiş 55,18 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 tutulması hissəsində rədd edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar