Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1334/2025 25.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2380/2025 nömrəli, 25 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 14000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 132 manat hissəsi vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 9 manat hissəsi iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, borcun məbləği olan 17000 manat miqdarında vəsaitinin və ödənilmiş 141 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının həm kəndlisi, həm də 7 il müddətində dostluq etdiyi bir şəxs olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə cavabdeh ona öz istifadəsində olan avtomobilin kreditini bağlamaq istədiyini bildirmiş və təklif etmişdir ki, bankdan iddiaçı öz adına 7500 manat məbləğində kredit götürərək cavabdehə versin. O da cavabdehlə olan dostluq münasibətinə və cavabdehin hazırda mühafizə polisində işlədiyini, bu baxımdan sabit gəlir mənbəyinin olduğunu bildiyinə görə cavabdehin bu təklifini qəbul edərək onunla razılaşmışdır. Cavabdeh ona bildirmişdir ki, kredit müqaviləsi iddiaçının adına olacaq, cavabdeh özü isə bankda iddiaçıya zamin olacaqdır. xx.xx.2023-cü il tarixdə onlar birlikdə "xxxx" ASC-yə gedərək iddiaçının adına ümumi 8900 manat məbləğində kredit götürmüş, həmin kredit pulundan 7500 manat məbləğini həmin gün cavabdeh vermiş, qalan 1400 manat pulu isə özündə saxlamışdır. Həmin 1400 manat məbləği isə cavabdeh iddiaçının aylıq ödənişi etməsi məqsədilə vermişdir. Daha sonra cavabdeh banka aylıq krediti ödəmədiyi üçün iddiaçı həmin pulu (1400 manat) bu məqsədlə ödəmişdir. Bundan sonra da cavabdeh tərəfindən bankda olan aylıq kredit ödənişləri ödənilmədiyi üçün bankdan cavabdeh üçün kredit aldığı 7500 manat pula görə o, "xxxx" ASC-yə faiz ilə birlikdə ümumilikdə 8900 məbləğində həmin ödənişləri məcbur olaraq ödəmiş və hazırda da ödəməkdədir. Bundan əlavə həmin ildə, yəni 2023-cü ilin iyun və iyul aylarında cavabdeh iddiaçıdan işdə müəyyən problemləri olduğundan təcili pula ehtiyacı olduğunu bildirərək əvvəlcə 4500 manat, daha sonra isə 2500 manat olmaqla, ümumilikdə 6500 manat məbləğində pulu da borc almışdır. 2500 manat pulu iddiaçıdan borc alan zaman cavabdeh ona bildirmişdir ki, həmin pulla Hüsniyyə adlı tanışının adına götürdüyü bank kreditini bağlayacaqdır və təkrar Hüsniyyənin adına bankdan kredit götürərək həmin kredit pulu ilə iddiaçıdan aldığı 6500 manat pulu bağlayacaqdır. 6500 manat məbləğində pulu iddiaçı cavabdehə hissə-hissə, yəni, xx.xx.2023-cü il tarixdə cavabdehin adına olan **********934348 saylı bank hesab nömrəsinə 1700 manat, xx.xx.2023-cü il tarixdə **********007703 bank hesab nömrəsinə 1400 manat, xx.xx.2023-cü il tarixdə eyni hesab nömrəsinə yenə də 1400 manat, daha sonra isə yenə eyni kart hesabına 2500 manat məbləğində ödəniş etmişdir. Ümumi 7000 manat məbləğində olan borc puldan cavabdeh ona 500 manat hissəsini qaytarmışdır. Bundan əlavə iddiaçı bankın aylıq ödənişlərini etməsinə baxmayaraq, cavabdehlə hələ də münasibətləri olmuş və cavabdeh hər dəfəsində pulu tam şəkildə ödəyərək bağlayacağını bildirmişdir. İddiaçı aralarındakı dostluq münasibətinin xətrinə cavabdehə həm əl borclu, həm də kredit ilə pul vermiş, Lakin indiyə kimi həmin pullarını cavabdehdən ala bilməmiş, bununla cavabdehlə aralarındakı dostluq münasibətləri pozulmuşdur. Odur ki, bu məsələ ilə bağlı ilk öncə Abşeron RPİ-nin Mehdiabad PB-nə şikayət ərizəsi ilə müraciət etmiş, həmin şikayət Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2 icraatına verilmiş, iddiaçı və cavabdehin izahatı alınmışdır. Lakin cavabdehin həqiqətə uyğun olmayan izahatını qəti şəkildə qəbul etmir. Həmin şikayətlə bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X4 tərəfindən cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Bundan əlavə qeyd etmişdir ki, həmin qərar qəbul edilməmişdən əvvəl iş aidiyyəti üzrə təhqiqat bölməsində baxılmış və iş Abşeron RPİ-nin Mehdiabad PB-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 icraatında olmuşdur. Həmin vaxt cavabdeh tərəfindən verilmiş izahatla sonrakı izahatı ilə aralarında uyğunsuzluq olmuş, cavabdeh fərqli-fərqli izahatlar verərək iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırmağa çalışmışdır. Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X4 tərəfindən xx.xx.2024-cü il tarixli material mülki qaydada olduğunu bildirərək, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. İddiaçı hələ də banka ödəniş edir, həmçinin gecikmələr etdiyi üçün əsas borcun üzərinə faiz gəlir. Hazırda iddiaçı “X13” ASC-dən öz adına götürdüyü kredit pulu, yəni 8900 manat pulu, daha sonra 6500 manat və banka ödədiyi 1600 manat pulu cavabdehdən ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlarla bağlı şahid olan şəxslər - X5 və X7 məhkəmə zalında ifadə verməyə hazırdırlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbindən göründüyü kimi, tələb olunan pul vəsaiti 8900 manat iddiaçının adına götürülmüş kredit məbləği, həmin kreditin illik 16,5 %-i (8900+1468), 6500 manat borc məbləği və ödənilmiş 141 manat dövlət rüsumu olmaqla, ümumilikdə 17000 manatdan (8900+16,5%=8900+1468+6500+141) ibarətdir. İlk öncə işə baxan məhkəmə iddia tələbini 14000 manat pul vəsaitinin tutulması hissəsində təmin edərkən, iddia tələbinin təmin olunmayan hissəsinin, yəni 3000 manat pul vəsaitinin nədən ibarət olduğunu müəyyən edə bilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində götürülmüş 8900 manat kredit məbləğindən 7500 manatını cavabdehə verdiyini, qalan 1400 manat pul vəsaitini özündə saxladığını, sonradan götürülmüş krediit üzrə aylıq ödəniş etdiyini bildirmişdir. Belə olan halda, yalnız ehtimal etmək olur ki, iddianın təmin olunan hissəsi, iddiaçının götürülmüş 8900 manat kredit məbləğindən cavabdehə verdiyini iddia etdiyi 7500 manat və borc kimi kart hesabına köçürdüyü 6500 manatdan ibarətdir. Halbuki, “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 9.1-ci bəndinin tələbinə əsasən iddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir. Bu həm də onun üçün konkretləşdirilməli idi ki, cavabdeh məhkəmə iclaslarında borc kimi götürdüyü məbləği, yəni 6500 manatı iddiaçıya kart hesabına köçürməklə və bir hissəsini isə iddiaçının iş yerində əlbəəl qaytardığını bildirmiş, qaytarılmış məbləğin təxminən 2940 manat hissəsinin iddiaçının kart hesabına köçürüldüyünə dair ödəniş sənədlərini məhkəməyə təqdim etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında cavabdehin nümayəndəsi və vəkilinin iddiaçıya verdiyi “cavabdeh tərəfindən Sizə əlbəəl pul vəsaiti qaytarılmışdırmı? – sualına iddiaçı tərəfindən – “bəli qaytarılmışdır” cavabı verilmiş, əlbəəl qaytarılmış borcun məbləğinə dair suala isə cavab verilməmişdir. Götürülmüş borc məbləğindən cavabdeh tərəfindən iddiaçının kart hesabına köçürülmüş təxminən 2940 manat pul vəsaiti, eyni zamanda, əlbəəl verilmiş pul vəsaiti ilə bağlı iddiaçının etirafı məhkəmə tərəfindən nəzərə alınmamış, qətnamədə bu hala qiymət verilməmiş, həmin sübutlara qərəzli yanaşılmışdır. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə vəsatətlə müraciət olunaraq, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən götürülmüş 8900 manat kredit məbləğindən elə həmin gün iddiaçının "xxxx" ASC-də olan 5420 manat kreditinin bağlandığını qeyd etməklə, "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin məbləği barədə sorğu verilməsi xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin vəsatət təmin olunaraq, sorğu edilən məlumatın "xxxx" ASC-dən alınması qərara alınmışdır. Həmin iclasda vəsatətin müzakirəsi zamanı iddiaçı "xxxx" ASC-dən xx.xx.2023cü il tarixdə götürülmüş 8900 manat kredit məbləğindən 2500 manatını "xxxx" ASC-də olan digər kreditinə ödədiyini qeyd etmiş, həmin məbləğin 5420 olacağının mümkün olmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Həmin iclasın audio-video yazısına baxmaqla qeyd olunanların həqiqət olduğu təsdiq olunar. Məhkəmənin həmin sorğusuna "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə verilən və məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş cavab məktubuna əlavə edilmiş çıxarışdan göründüyü kimi, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən götürülmüş 8900 manat kredit məbləğindən elə həmin gün iddiaçının "xxxx" ASC-də olan 5420 manat krediti bağlanmışdır. Həmin sənəd AZEMİS-də 14-cü sırada qeyd olunmaqla şəxsi kabinetə yerləşdirilmişdir. Məhkəmə tərəfindən cavabdehin vəsatəti əsasında əldə olunmuş və iş üçün əhəmiyyətli olan halların müəyyən olunmasını təmin edəcək həmin sübutun mövcudluğuna və əhəmiyyətinə qərəzli olaraq qiymət verilməmişdir. Bundan əlavə, məhkəmənin diqqətinə o da çatdırılmışdır ki, iddiaçının "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixdə götürülmüş 8900 manat kredit məbləğindən 1400 manat ödəniş edilmişdir və qalan kredit məbləğinin, 7600 manat pul vəsaitinin hazırki iş üzrə iddiaçı və cavabdehdən tutulmasına dair Abşeron Rayon İcra Şöbəsinin icraatında icra sənədi mövcuddur. Həmin sübut da məhkəməyə elektron sistem vasitəsilə təqdim edilmiş və şəxsi kabinetdə 19-cu sırada yerləşdirilmişdir. Məhkəmə tərəfindən hazırki iş üzrə iddiaçı və cavabdehin kredit təşkilatı olan "xxxx" ASC qarşısında birgə borclu olması və kredit öhdəliyinin icra edilmədiyi nəzərə alınmamışdır. Bundan əlavə, işə baxan məhkəmə hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan normanı deyil, qüvvədən düşmüş normanı tətbiq etmişdir. Belə ki, Mülki Məcəllənin 37-ci fəsli (o cümlədən 739-740-cı maddələr) xx.xx.2023-cü il tarixli 822-VİQD nömrəli qanunla yeni redaksiyada verilmişdir. Məhkəmə həmçinin Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə göz yummuş, borc müqaviləsinin hazırki iş üzrə borcun məbləğindən asılı olaraq, yazılı formasına riayət olunmamasının həmin müqavilənin etibarsızlığına səbəb olduğunu nəzərə almamışdır. Məhkəmənin iş üzrə qəbul etdiyi qətnamədən və işin həqiqi hallarını təsdiq edən edən sübutlardan, mülki və mülki prosessual qanunvericiliyin hazırki iş üzrə pozulmuş normalarından göründüyü kimi, həmin qətnamə iddianın təmin olunan hissəsində əsassız və qanunsuzdur. Hesab edir ki, həmin hissədə qətnamə ləğv edilməli və iddia təmin olunan hissədə də rədd edilməlidir. Həmin normanın tələbini rəhbər tutmaqla, tərəflər arasındakı münasibətin etibarlı borc münasibəti olmadığını müəyyən etməli olduğu halda, bunu etməmiş, normanın tələbini tətbiq etməmişdir. Götürülmüş borc məbləğindən cavabdeh tərəfindən iddiaçının kart hesabına köçürülmüş təxminən 2940 manat pul vəsaiti, eyni zamanda, əlbəəl verilmiş pul vəsaiti ilə bağlı iddiaçının etirafı məhkəmə tərəfindən nəzərə alınmamış, qətnamədə bu hala qiymət verilməmiş, həmin sübutlara qərəzli yanaşılmışdır. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə vəsatətlə müraciət olunaraq, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən götürülmüş 8900 manat kredit məbləğindən elə həmin gün iddiaçının "xxxx" ASC-də olan 5420 manat kreditinin bağlandığını qeyd etməklə, "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin məbləği barədə sorğu verilməsi xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin vəsatət təmin olunaraq, sorğu edilən məlumatın "xxxx" ASC-dən alınması qərara alınmışdır. Həmin iclasda vəsatətin müzakirəsizamanı iddiaçı "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixdə götürülmüş 8900 manat kredit məbləğindən 2500 manatını "xxxx" ASC-də olan digər kreditinə ödədiyini qeyd etmiş, həmin məbləğin 5420 olacağının mümkün olmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmənin həmin sorğusuna "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə verilən və məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş cavab məktubuna əlavə edilmiş çıxarışdan göründüyü kimi, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən götürülmüş 8900 manat kredit məbləğindən elə həmin gün iddiaçının "xxxx" ASC-də olan 5420 manat krediti bağlanmışdır. Həmin sənəd AZEMİS-də 14-cü sırada qeyd olunmaqla şəxsi kabinetə yerləşdirilmişdir. Məhkəmə tərəfindən cavabdehin vəsatəti əsasında əldə olunmuş və iş üçün əhəmiyyətli olan halların müəyyən olunmasını təmin edəcək həmin sübutun mövcudluğuna və əhəmiyyətinə qərəzli olaraq qiymət verilməmişdir. Məhkəmə iddianın 14000 manat hissəsini təmin edərkən, həmin məbləğdən iddiaçının "xxxx" ASCdə olan kreditinin bağlanması üçün ödənilmiş 5420 manatı, o cümlədən cavabdeh tərəfindən iddiaçının kart hesabına ödənilmiş 2940 manat pul vəsaitini, iddiaçının məhkəmə iclasında cavabdeh tərəfindən ona əlbəəl də pul ödənilməsini etiraf etməsini nəzərə almamış, təmin olunan hissədə sübutları düzgün qiymətləndirməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçının cavabdehlərə pul verməsi, lakin cavabdehlərin öz öhdəliklərini yerinə yetirməyərək, həmin pulun iddiaçıya qaytarmadığının sübuta yetirilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətində qətnamənin qismən, iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, qətnamə bütövlükdə yoxlanılmalıdır. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İşdən görünür ki, iddiaçı bankdan götürdüyü 8900 manat məbləğində puldan 7500 manat, daha sonra 7000 manat pul vəsaitini cavabdehə verdiyini və həmin məbləğdən ona cəmi 500 manat qaytarıldığını iddia etsə də, Cavabdeh buna etiraz edərək, iddiaçıya pulun qaytarıldığını, lakin bu halın nəzərə alınmadığını bildirmişdir. Qeyd olunmalıdır ki, iddiaçı cavabdehə borc şəklində 17.000 manat borc pul verdiyini iddia etsə də, tərəflər arasında yazılı formada hər hansı borc müqaviləsi bağlanmamışdır. Halbuki Mülki Məcəllənin 740.2-ci maddəsinin mənasına görə borc müqaviləsinin predmetinin üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanır. Göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanmadığından, mövcud mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsinin tətbiqi yolverilməzdir. Nəzərə alınmalıdır ki, iddianın faktiki əsaslarını göstərmək iddiaçının vəzifəsi olduğu kimi, iddianın qanuni əsasını müəyyən etmək isə məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından, tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. "xxxx" ASC və borcalan İddiaçı arasında xx.xx.2023-cü il tarixli, ******* saylı fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən, bank tərəfindən borcalana şəxsi ehtiyaclarının ödənilməsi üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla, illik 16.5 % dərəcəsilə 8900 manat məbləğində kredit verilməsi, "xxxx" ASC və zamin Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 1160404/37174 saylı zaminlik müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi cavabdehin əsassız əldə etdiyi pulun qaytarılması təşkil etdiyindən, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091.1, 1092.1-ci maddələri nəzərdən keçirilə bilər. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehlə birlikdə "xxxx" ASC-yə gedərək iddiaçının adına ümumi 8900 manat məbləğində kredit götürdüyünü, həmin kredit pulundan 7500 manat məbləğini həmin gün cavabdehə verdiyini, qalan 1400 manat pulu isə özündə saxladığını qeyd etmişdir. Lakin iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, elə həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə İddiaçı banka olan 5420,78 manat ödəniş etməklə həmin bankda olan borcunu bağlamışdır. Həmçinin iş materiallarında olan “Mpay” və “eManat” ödəniş sistemi vasitəsilə verilmiş qəbzlərə əsasən xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 250 manat kredit ödənişi edilmişdir. Məhkəmə iclasında izahatı zamanı İddiaçı həmin ödənişin Cavabdeh tərəfindən həyata keçirildiyini qeyd etmişdir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, bankdan götürülmüş 8900 manat məbləğində puldan 1400 manat pulu iddiaçı özündə saxladığını qeyd etdiyindən, 8900-1400=7500 manat pul qalmış, həmin məbləğdən 5000 manat iddiaçının banka olan borcu özü tərəfindən bağlanmaqla (7500-5000=2500 manat), yerdə qalan 2500 manat cavabehə verilmiş, həmin məbləğdən cavabdeh tərəfindən iddiaçıya 550 manat ödəniş edildiyini sonuncu özünün izahatı və işə əlavə edilmiş ödəniş qəbzində öz təsdiqini tapdığından, yerdə qalan (2500-550=1950) 1950 manat məbləğində pulu cavabdeh iddiaçıya qaytarmamışdır. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə Cavabdeh məxsus (**********934348 – "xxxx" KB (Leobank); **********007703 – "xxxx" ASC) bank hesab nömrələrində xx.xx.2023-xx.xx.2024-cü il tarixədək aparılmış əməliyyatlar ilə bağlı "xxxx" KB ASC və "xxxx" ASC tərəfindən müfəssəl məlumat verilməsi üçün qərardad qəbul edilmişdir. İşə əlavə edilmiş "xxxx" KB tərəfindən verilmiş çıxarışa əsasən Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 340 manat, xx.xx.2023-cü il tarixdə 199 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, ümumilikdə 2139 manat pul iddiaçının istifadəsində olmuş sonu *2468 rəqəmləri ilə bitən bank kartına köçürülmüşdür. Göründüyü kimi daha sonra iddiaçı tərəfindən cavabdehə 7000 manat məbləğində pul verildiyini, həmin pulun geri qaytarılmadığını bildirsə də, iş materiallarında olan sənədlərə əsasən cavabdeh tərəfindən müəyyən vaxtlarda iddiaçıya ümumilikdə 2139 manat qaytarılmışdır (7000-2139=4861 manat). Qeyd olunmalıdır ki, cavabdehin iddiaçıya birinci dəfə verilmiş pul məbləği üzrə 1950 manat, ikinci dəfə verilmiş borc üzrə 4861 manat olmaqla, ümumilikdə 6811 manat məbləğində qaytarılmamış borcu qalmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən iddiaçıya 550+2139=2689 manat məbləğində pulun qaytarılması iş materialları ilə öz təsdiqini tapmışdır. Mülki Məcəllənin 439.4. maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1., 1092.1. maddələri). Göründüyü kimi cavabdeh iddiaçıdan ümumilikdə 2500+7000=9500 manat pul vəsaiti əldə edib, həmin puldan 2689 manatını geri qaytarsa da, yerdə qalan (9500-2689=6811) 6811 manat məbləğində pulu geri qaytarmamaqla bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanıb. Belə olan halda əsassız varlanmış şəxs kimi cavabdeh, əldə etdiyi 6811 manat pul vəsaitini məhrum olanın, yəni iddiaçının hazırkı tələbi ilə ona geri qaytarmağa borcludur. Ona görə də həmin vəsait Cavabdeh alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6811 (altı min səkkiz yüz on bir) manat məbləğində pul və ödənilmiş 141 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1334/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1334/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver