Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1338/2024 22.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(012)-1736/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2915/2023 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləğinin artırılaraq tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2915/2023 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləğinin artırılaraq tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin və mediasiya üçün ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh ailə münasibətlərinin davam etdirilməsi mümkünsüz olduğundan nikahları Abşeron Rayon Məhkəməsinin 2(012)-2441/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikah dövründə tərəflərin xx.xx.2013-cü tarixdə X6 adlı övladları dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2915/2023 saylı qətnaməsinə əsasən X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bundan əlavə iddiaçının övladının yaşayış üçün zəruri tələblərini ödəmək üçün maddi imkanı yoxdur. Ərzaq məhsullarının qiyməti qalxmış, infiliyasiya nəticəsində pulun dəyəri düşmüş, 220 manat övladının xərclərini ödəməyə çatmır. Odur ki, iddiaçı hazırki iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Alimentin artırılması ilə bağlı həmçinin cavabdehdən mediasiya üçün ödənilmiş 50 manat pul məbləği də tutularaq iddiaçıya verilməlidir. Abşeron Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(012)-1736/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Elçin Kazımov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(012)-1736/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianı təmin etməyən birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən halların dəyişməsini, eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasının təsdiq edən sübutları iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddia tələbinə münasibətdə cavabdehin nümayəndəsinin cavabdehin ikinci dəfə ailə həyatı qurması, həmin evlilikdən üç uşağının olması, ailəsi ilə birlikdə kirayədə yaşaması və aylıq gəlirinin 350 manat olması barədə sübutları təqdim etməsi məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş sübutlar təqdim olunmadığı təqdirdə iddia təmin edilərsə, təyin olunacaq alimentin miqdarı cavabdehin digər uşaqlarının təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola bilər. Tərəflərin birgə övladları olan X1 10 yaşı vardır, məhkəmə 220 manat məbləğində alimentin tutulmasını müəyyən edən zaman, qətnaməsində nə uşaqların təminatının maksimal saxlanılmasını, nə cavabdehin hazırki maddi vəziyyətini, nə iqtisadi vəziyyətdə inflyasiyanı, nə də valideynlərin uşaqlarını saxlamaqda bərabər hüquqlara və öhdəliklərə malik olmalarını nəzərə almamışdır. Cavabdeh birgə yaşadıqları dövrdə övladlarının ehtiyaclarının qarşılınması üçün hər ay təxminən 1000 manatdan çox pul xərcləyirdi. Hesab edir ki, onların nikahlarının pozulması uşaqların əvvəlki təminatına, o cümlədən də təhsil, istirahət və s.hallara mənfi təsir göstərməməlidir. Məhkəməyə təqdim etdikləri sübutlar da ona dəlalət edir ki, cavabdehin aylıq gəlirləri kifayət qədər çoxdur və bu səbəbdən də onun övladlarının saxlanılması üçün daha artıq məbləğdə aliment ödəməyə imkanı var. O, təkbaşına uşağı saxlamaqda çətinlik çəkir. Uşağın qidası, geyimi, baxım xərcləri yüksək məbləğdə olduğundan, ərzaq, geyim və dərmanların qiyməti artdığından uşaqların normal fiziki və mənəvi inkişafı üçün əlverişli şəraitdə böyüdülməsi üçün çox xərc tələb olunur. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halların özlərinin sübut etməli olmaları Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində təsbit olunmuşdur. İşə baxan məhkəmə isə işin hallarını düzgün araşdırmamış, cavabdehin izahatında göstərilənləri, onun məhkəməyə təqdim etdiyi sübutları (qəyyumluq rəyində azyaşlının fikri və sair.) nəzərə almamış, nəticədə isə iş üzrə ədalətsiz və əsassız qərar qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin e-2(012)-2915/2023 saylı, 26 iyul 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2441/2019 saylı, 31 may 2019-cu il tarixli qətnaməsi ilə 28 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh 28 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən 25 yanvar 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 901894 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 25 yanvar 2014-cü il tarixdə Şamaxı rayon qeydiyyat şöbəsində rəsmi nikah bağlamaqla evlənmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 yanvar 2014-cü il tarixdə 21 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada Süleymanova soyadı verilmişdir. Şamaxı RPŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı 11976694 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Saimə Süleymanlı xx.xx.2014-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş, atası Cavabdeh, anası Ruhanə Süleymanova qeyd edilmişdir. Şamaxı RPŞ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı 11048623 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Süleyman Süleymanlı xx.xx.2016-cı il tarixdə Türkiyə Respublikasının Bursa şəhərində anadan olmuş, atası Cavabdeh, anası Ruhanə Süleymanova qeyd edilmişdir. AA5281897 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Cavabdeh verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X16 X3 surətindən görünür ki, Cavabdeh vergi ödəyicisi kimi 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Qeydiyyat №(VÖEN) **********-dir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********977800 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh 2023-cü ilin 3-cü və 4-cü rübləri üzrə vergi orqanına təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində dövriyyəsinin 2.100 manat olduğunu bəyan etmişdir. Kirayəyə verən X4 ilə kirayəçi Cavabdeh arasında bağlanmış 29 fevral 2024-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin surətindən görünür ki, kirayəyə verən X4 tam mülkiyyət hüququ üzrə özünə məxsus ünvan 1 ünvanında yerləşən 55.4 kv.m olan mənzilini xx.xx.2025-ci il tarixədək aylıq 230 manat kirayə haqqı ödəmək şərti ilə kirayəçi Cavabdeh kirayəyə vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İddiaçının apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh yenidən rəsmi nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvllüdlü X9 dünyaya gəlmişlər. Bundan əlavə məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh heç yerdə işləmədiyini bildirmişdir və iddiaçı tərəfindən də onun hal-hazırda işləməsi barədə sübut məhkəməyə təqdim olunmamışdır. Həmçinin iş materiallarında olan kirayə müqaviləsinə əsasən də müəyyən edilir ki, cavabdeh hazırda kirayədə yaşayır. Buna görə də Cavabdeh maddi imkanının əvvəlki dövrlə müqayisədə daha da yaxşı olması iş materialları ilə təsdiq olunmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin hər ikisinin maddi vəziyyətini, azyaşlı uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alaraq, qeyd edilən miqdarda alimentin tutulması barədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(012)-1736/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1338/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1338/2024
22.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver