Məhkəmə qərarları › İş №2(105)-134/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-134/2022

31.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-134/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdehməmməd Arif oğlunun iştirakı ilə, İddiaçı Cavabdehməmməd Arif oğluna qarşı torpaq sahəsinə giriş-çıxış yolunun açılması və yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-135/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 2(027)-135/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim R.Həsənov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)-135/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən verilmiş RX ******* saylı, 10.10.2018-ci il tarixli reyestrdən çıxarışına əsasən ona məxsus Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsinə girişçıxış yolunun qarşısında dəmir şiferlə çəkilmiş hasarın Cavabdeh tərəfindən sökülərək yolun açılması və həmin torpaq sahəsindən mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, 10 oktyabr 2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsi ona verilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikərək ailəsi ilə birlikdə orada yaşayır. O, həmin əraziyə girib-çıxmaq istəyərkən, Seyid adlı şəxs qonşuluqda yaşayan Şuşan adlı qadın və bir neçə tanımadığı adamlar ona yaxınlaşaraq “bura bizimdir, sənədimiz var burdan istifadə etmə” dedilər. Bundan bir neçə gün sonra onun həyətinin qarşısında giriş-çıxış yolunu dəmir hasarla tamamilə bağladılar. O, bu barədə Quba bələdiyyəsinə şifahi formada müraciət etmişdir. Bələdiyyədən nümayəndə gələrək həmin hasara alınmış yeri araşdırdılar və həmin yerin heç bir sənədi olmadığı müəyyən olundu. Daha sonra o, müraciətlərinin heç bir nəticəsi olmadığından 06 mart 2020-ci il tarixdə rəsmi surətdə təkrarən Quba Bələdiyyəsinə müraciət etmişdir. 16 aprel 2020-ci il tarixdə müraciətinə cavab verilmişdir. Bu iş ilə əlaqədar ona çox təzyiqlər göstərilir, hətta ölüm ilə hədələyirlər. O, İİ qrup gözdən əlildir, dövlətin ona verdiyi torpağı hansısa qoluzorlular, digər məmurlar tutduğu mövqedən istifadə edərək kimlərəsə özlərini yaxşı qonşu, yaxın dost kimi göstərmək üçün onu hədələyirlər. O, qanuni torpaq sahəsində tikilmiş yaşayış evindən istifadə edə bilmir. Ona görə ki, evinə yalnız dar cığırla gedib-gələ bilir. Evinə giriş çıxış yolu tamam bağlanmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin olunmlıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, şikayətində göstərmişdir ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. O, torpaq sahəsini aldıqdan sonra dəmirlə hasara almış, sonra yol tərəfə dəmirdən darvaza düzəldərək yola çıxırb torpaq sahəsinə mülkiyyət hüququnu həyata keçirirmiş. 2019-cu ilin oktyabr ayında cavabdeh onun torpaq sahəsindən yola giriş-çıxış yolunu bağlamışdır. Bundan sonra o, müxtəlif orqanlara müraciət etsə də, heç bir nəticəsi olmadığı üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə heç bir araşdırma aparmamış, ekspertiza təyin etməmiş, cavabdehin izahatına əsaslanaraq, əsassız qətnamə qəbul etmişdir. Faktiki olaraq o, torpaq sahəsinə daxil olmaq üçün bir metrlik dar zolaqdan istifadə edir. Təqdim etdiyi fotoşəkillərdən də göründüyü kimi onun başqa yerdən torpaq sahəsinə giriş-çıxışı yoxdur. Faktiki olaraq cavabdehin torpaq sahəsinin hasarlaması nəticəsində onun giriş-çıxış yolu bağlanmışdır. Sadalanan hallar nəzərə alınmalı, apellyasiya şikyəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdehməmməd Arif oğlu şikayətin əsassız olmasını bildirərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. İş üzrə mütəqil tələb irəli sürməyən üçüncü şəxs Quba Bələdiyyəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Quba Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. İş materiallarında olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən verilmiş reyestrdən çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsi 10.10.2018-ci il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Onun adına 18.12.2019-cu il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Yenə iş materiallarında olan 09 iyul 2020-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, Quba şəhəri, 28-ci məhəllədə yerləşən 0,034 ha torpaq sahəsinə dair Cavabdehməmməd Arif oğluna istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Onun adına 08.07.2020-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş AR İN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin Xaçmaz LTİ-nin 02.03.2022-ci il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 aprel 2022-ci il tarixli, 10/2033 nömrəli ekspert rəyindən məlum olur ki, iddiaçıya məxsus qeyd olunan torpaq sahəsinə, elektron baza məlumatlarına əsasən, gediş-gəliş yolu nəzərdə tutulmamışdır, həmin torpaq sahəsinə gedən yol Cavabdehməmməd Arif oğlu tərəfindən bağlanılmamış, iddiaçıya məxsus qeyd olunan torpaq sahəsinə başqa, yəni alternativ gediş-gəlişi üçün maşın yolu yoxdur və iddiaçının gediş-gəliş yolu olduğunu iddia etdiyi sahə cavabdehin istifadəsində olan 0.034 ha torpaq sahəsindən keçir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-135/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, 10 oktyabr 2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Eləcə də, Quba şəhəri, 28-ci məhəllədə yerləşən 0,034 ha torpaq sahəsinə dair Cavabdehməmməd Arif oğluna istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hər iki şəxsin torpaq sahələrinə dair plan və ölçü sənədləri tərtib edilmişdir. Tərəflər qonşudurlar. İddiaçı ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən bağlandığını iddia etsə də, məhkəmə araşdırması zamanı, eləcə də mütəxəssis və ekspert rəyləri ilə bu fakt öz tədiqini tapmamışdır. Yaranmış mübahisə ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxsə də mənsub ola bilər. İşdən göründüyü kimi iddiaçı və cavabdeh qonşudurlar. İddiaçının mülkiyyətində 0,04 ha torpaq sahəsi, cavabdehin istifadəsində 0,34 ha torpaq sahəsi vardır. Hər iki tərəfin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşin tədqiq olunan faktik hallarından aydın olur ki, mübahisə, cavabdehin sahibliyində və istifadəsində olan torpaq sahəsindən keçməklə, iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolunun açılması ilə bağlıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, bu mübahisə qonşuluq münasibətlərindən doğan mübahisədir. Mübahisənin obyektiv həlli üçün aşağıdakı hüquq normalarına istinad edilməlidir. Mülki Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Mülki qaninvericiliyin tələblərinə görə əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir(Mülki Məcəllənin 175.1, 175,2, 175.3-cü maddələri). Daha öncə qeyd olunduğu kimi iddia tələbinin hansı formada verilməsindən asılı olmayaraq iddiaçının əsil niyyəti mülkiyyətində olan torpaq sahəsinə, qonşunun torpaq sahəsindən keçməklə, ictimai yola çıxış yolunun açılmasıdır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi mübahisələndirilən torpaq sahəsi hazırda cavabdehin istifadəsindədir. İddiaçı cavabdeh tərəfindən onun torpaq sahəsinə gedən yolun bağlanmasını iddia etsə də, məhkəməyə bunu sübut edəcək heç bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Cavabdehin apellyasiya şikayətində əsas dəlillərindən biri odur ki, məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmamış, iş üzrə məhkəmə mühəndis texniki ekspertizası təyin edilməmişdir. Apellyasiya zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq mütəxəssis və ekspert rəylərində iddiaçıya məxsus qeyd olunan torpaq sahəsinə gediş-gəliş yolunun Cavabdehməmməd Arif oğlu tərəfindən bağlanılmadığı göstərilmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Başqa sözlə, cavabdeh tərəfindən onun torpaq sahəsinə gedən yolun özbaşına bağlanması faktı öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə kollegiyası izah edir ki, iddiaçı daha öncə istinad olunan maddi hüquq normalarına əsasən ictimai yola zəruri keçidin ayrılması üçün qonşu torpaq sahiblərinə, o cümlədən cavabdehə kompensasiya ödənilməsi barədə təklif irəli sürməli, mübahisə bu qaydada öz həllini tapmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə yekun olaraq düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, keçirilmiş ekspertizanın dəyəri olaraq 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-135/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertizanın xidmət haqqı olaraq 50 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar