Məhkəmə qərarları › İş №2(105)-134/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-134/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-134/2023 14.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-762/2017 nömrəli, 30 mart 2017-ci il tarixli qətnaməsindən cavabdeh Zamin tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Quba Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(027)-762/2017 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli, CAQub 122886/14 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 05 noyabr 2014-cü il tarixli, CAQub 122886/14 saylı kredit müqaviləsi üzrə yaranmış 1842,75 manat məbləğində əsas borc, 918,51 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2861,26 (iki min səkkiz yüz altmış bir manat iyirmi altı qəpik) manat məbləğində pul və 18 (on səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə tutulması qət edilmişdir.(hakim F.Yaqubov) Qətnamədən cavabdeh Zamin apellyasiya şikayəti şikayəti verərək, Quba Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(027)-762/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli, CAQub 122886/14 saylı kredit müqaviləsinin ləğv olunması, kreditin əsas məbləğindən 1842,75 manat, əsas məbləğə hesablanmış faiz borcundan 918,51 manat, gecikdirilmiş günlərə görə cərimə məbləğindən 2047,90 manat olmaqla, cəmi 4809,16 manat kredit borcunun və bu iddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun Cavabdeh və Zamin müştərək qaydada alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli, CAQub 122886/14 saylı kredit müqaviləsinə əsasən sonuncuya 3000 min manat məbləğində kredit verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh illik 33 faiz olmaqla, 24 ay müddətinə kreditin əsas məbləğini və hesablanmış faizləri qaytarmalıdır. Borclunun öhdəliyinin təminatı kimi İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC ilə Zamin arasında 05 noyabr 2014-cü il tarixli, CAQub 122886/14 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borclunun kreditor qarşısında öhdəlikləri yerinə yetirənədək borclu ilə birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Qeyd olunan kredit müqaviləsi üzrə kredit vəsaiti borclu Cavabdeh verilmiş, cavabdeh isə müqavilə üzrə ödənişləri lazımi qaydada və vaxtında icra etməmişdir. Borcluya mövcud borcun ödənilməsi barədə edilən xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh Zamin apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi işin faktiki halları tam araşdırılmadan qəbul edilmişdir. Belə ki, sözügedən kredit müqaviləsi üzrə o, 24 ay müddətinə zamin olmuşdur. Həmin müqavilə bağlandıqdan sonra zamin olduğu şəxslə əlaqədar ona hər-hansı bir xəbərdarlıq edilməmişdir. Sonradan məlum olmuşdur ki, əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən onun banka borca yaranmışdır, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Artıq iş üzrə məhkəmə qətnaməsi çıxarılmışdır. Hazırda borcalan Cavabdeh vəfat etmişdir. Vəfat etdiyi vaxta kimi kredit müqaviləsi üzrə, ödənişlərin gecikdirildiyi barədə cavabdeh Zamin hər hansı məlumatı olmamışdır. Kredit müqaviləsinin 3.5-ci maddəsinə əsasən kreditor kreditin qaytarılması üzrə risklərini borcalanın hesabına sığorta etdirmişdir. Borcalanın həyat və sağlamlığı xəstəlik və qəzalardan sığorta olunmuşdur. Bununla əlaqədar o, 54 manat sığorta haqqı ödəmişdir. Belə olan halda isə borcalanın ölümü ilə kredit müqaviləsinə xitam verilməli idi. Borc isə zamindən tələb edilməməli idi. Həmçinin borcalan öldüyü halda məhkəmə tərəfindən onun vərəsəsi müəyyən edilməmişdir. Bundan başqa kredit müqaviləsinin müddəti 24 ay müəyyən edilmişdir. Yəni həmin müddət 05 noyabr 2016-cı ildə bitmişdir. Zaminlik müqaviləsinin 3.1-ci maddəsinə əsasən 24 ay başa çatdıqdan sonra ötən bir il ərzində müqavilə qüvvədə qalır. Hazırda həmin müddətlər də ötürülmüşdür. Eyni zamanda müqavilənin müddəti 2016-cı ildə bitsə də iddiaçı 2017-ci ildə iddia verərək müqavilənin ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi hazırda iddiaçının zaminə qarşı iddia müddəti ötürülmüşdür. Lakin birinci instansiya məhkəməsi iş üzrə bu halları araşdırmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin cavabdeh Zamin aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı iş üzrə Cavabdeh xx.xx.2017-ci ildə öldüyü məlum olmuş və məhkəmə icraatı zamanı X7 və X1 Hüseyn Atamalı oğlunun prosessual hüquqi varisləri kimi tanınmışlar. Apellyasiya baxışı zamanı iş üzrə tərəflərə və Cavabdeh prosessual hüquq varisləri X4 və X3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına təkrar gəlməmiş, nümayəndəsini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli, CAQub 122886/14 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC tərəfindən illik 33% faiz olmaqla, 24 ay müddətinə 3000 min manat məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC ilə Zamin arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli, CAQub 122886/14 saylı zaminlik müqaviləsindən görünür ki, 05 noyabr 2014-cü il tarixli, CAQub 122886/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi məsuliyətini Zamin öz üzərinə götürmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 05 noyabr 2014-cü il tarixli, CAQub 122886/14 saylı kredit müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC-yə 23 yanvar 2017-ci il tarixə 1842.75 manat əsas borc, 918.51 manat faiz borcu, 2047.90 manat cərimə borcu olmaqla, cəmi 4809.16 manat məbləğində borcu vardır. Yenə də iş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh və Zamin kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin iddiaçıya tam olaraq qaytarılması barədə bildiriş göndərilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2017-ci ildə ölmüşdür. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(027)-762/2017 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli, cavabdeh Zamin, digər Cavabdeh prosessual hüquq varisləri X7 və X2 müştərək qaydada 05 noyabr 2014cü il tarixli, CAQub 122886/14 saylı kredit müqaviləsi üzrə yaranmış 1842,75 manat məbləğində əsas borc, 918,51 manat məbləğində faiz borcu tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC-yə ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC ilə Cavabdeh arasında 05 noyabr 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən QSC tərəfindən illik 33% faiz olmaqla, 24 ay müddətinə 3000 min manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı qismində İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC ilə Zamin arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi məsuliyətini öz üzərinə götürmüşdür. Borclu qrafik üzrə ödənişləri vaxtında və lazımi qaydada icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc cavabdeh tərəfindən tam ödənilməmiş və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yaranmış mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmişdir. Narazı qalan cavabdeh Zamin qətnamədən apellyasiya şikayəti vermişdir. Yaranmış mübahisə ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. AR Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Yenə həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqavilələri üzrə tətbiq edilən cərimə borcuna gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, bu borc əsas borca uyğun olmadığından azaldılmalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi iddaçı cavabdehdən 2047,90 manat cərimə tələb edir. Halbuki, tələb edilən əsas borc 1842,75 manat təşkil edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarını, iş üzrə əsas borclunun ölməsini, digər cavabdehlərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, həmin kredit müqaviləsi üzrə cərimə borc əsas borca uyğunlaşdırılmalı, cavabdehə 100 manat cərimə tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh, əsas borclu Cavabdeh hazırkı iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı, qətnamə qəbul edilənədək ölmüşdür. Məhkəmə işin bu halını araşdırmamış, artıq həyatda olmayan şəxs barəsində qətnamə qəbul etmişdir ki, bu hal özlüyündə kobud prosessual pozuntu olmaqla bərabər qətnamənin ləğvi üçün əsasdır. Göründüyü kimi məhkəmə öz qətnaməsində Cavabdeh məhkəmə iclasında iştirak etməməsi səbəbi kimi “Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılsa,da məhkəmə iclasına gəlməmişdir” ifadəsini qeyd etmişdir ki, bu hal işin faktiki hallarının məhkəmə tərəfindən tam araşdırılmadığını göstərir. Mülki Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Eyni Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Bu Məcəllənin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Sadalananların yekunu kimi apellyasiya kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi artıq həyatda olmayan, başqa sözlə hüquq və fəaliyyət qabiliyyəti olmayan şəxs barəsində qəbul edildiyindən, onun yaratdığı nəticələr, gələcəkdə icrası qeyri-müəyyənlik yaratmaqla, qətnamənin qanuniliyi kölgə altına salır. Apellyasiya kollegiyası cavabdehin zaminlik müqaviləsinin müddətinin keçməsi və bu səbəbdən zaminliyə aid hissədə icraata xitam verilməsi barədə dəlilini isə əsassız hesab edir. Belə ki, iş materiallarından aydın olduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2014cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmiş, iddiaçı isə hazırkı tələblə məhkəməyə xx.xx.2017-ci il tarixdə, yəni zaminə aid hissədə iddia müddətini ötürmədən müraciət etmişdir. Belə olan halda cavabdehin zaminliyə aid hissədə idiaçının iddia müddətini ötürməsi barədə dəlili əsassız olduğundan, şikayət həmin hissədə təmin edilə bilməz. Kollegiya onu da qeyd edir ki, iddiaçı hazırkı iddia tələbində İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli, CAQub 122886/14 saylı kredit müqaviləsinin ləğv olunmasını tələb etsə də, işdən aydın olur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etdiyi vaxt, sözügedən kredit müqaviləsinin müddəti bitdiyindən, başqa sözlə müqavilə müddət əsasında qüvvədə olmadığından, onun məhkəmə qaydasında ləğvinə hər hansı zərurət yoxdur. Yekun olaraq kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh oğlu həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Hazırda o, öldüyündən, onun prosessual hüquqi varisləri kimi X7 və X5, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icra edilmədiyi bütün hallar üçün zaminlə birlikdə cavabdehdirlər. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, hazırkı halda cavabdeh Zamin apellyasiya şikayətinin dəlillərini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdeh Zamin və digər Cavabdeh prosessual hüquq varisləri X7 və X2 müştərək qaydada alınaraq, İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC–yə ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 dövlət rüsumu cavabdeh Zamin özünə aid edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 386, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(027)-762/2017 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Zamin, digər Cavabdeh prosessual hüquq varisləri X7 və X2 müştərək qaydada 05 noyabr 2014-cü il tarixli, CAQub 122886/14 saylı kredit müqaviləsi üzrə yaranmış 1842,75 manat məbləğində əsas borc, 918,51 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2861,26 (iki min səkkiz yüz altmış bir manat iyirmi altı qəpik) manat məbləğində pul İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSCnin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzi cavabdeh Zamin, digər Cavabdeh prosessual hüquq varisləri X7 və X2 müştərək qaydada alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC–yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 dövlət rüsumu cavabdeh Zamin özünə aid edilsin. Qətnamə qətidir, dərhal qanuni qüvvəsini alır, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar