Məhkəmə qərarları › İş №2(105)-134/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-134/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-134/2025 23.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv Prosesindədir) Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, e- 2(060)-1688/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 38898.55 (otuz səkkiz min səkkiz yüz doxsan səkkiz manat, 55 qəpik) manas əsas, 26976.25 (iyirmi altı min doqquz yüz yetmiş altı manat, 25 qəpik) manat faiz olmaqla, cəmi 65874.80 (altmış beş min səkkiz yüz yetmiş dörd manat, 80 qəpik) manat məbləğində kredt borcunun və dövlət rüsumu kimi ödənilən 288 (iki yüz səksən səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 301/ZB saylı kredit müqaviləsinə əsasən, cavabdehə 300 (üç yüz) ay müddətinə, illik 8% (səkkiz faiz) ödənilmək şərtilə mənzil alınması məqsədi ilə 41000 (qırx bir min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 38898.55 (otuz səkkiz min səkkiz yüz doxsan səkkiz manat, 55 qəpik) manat əsas, 26976.25 (iyirmi altı min doqquz yüz yetmiş altı manat, 25 qəpik) manat faiz olmaqla, cəmi 65874.80 (altmış beş min səkkiz yüz yetmiş dörd manat, 80 qəpik) manat borcu mövcuddur. Onlar tərəfindən cavabdehə xx.xx.2011-ci il tarixli, 301/ZB saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması bildirilmişdir.

3. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2011-ci il tarixli 301/ZB saylı kredit müqaviləsindən görünür ki, Bank borcluya ev almaq məqsədi ilə 300 ay müddətinə illik 8% ödəmək şərti ilə 41.000 manat verməyi, borcalan isə müqavilə şərtlərinə uyğun olaraq ödənişi ödəməyi öhdəsinə götürmüşdür.

4. 23.09.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2011-ci il tarixli ******************** saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu xx.xx.2023-cü il tarixə 38898.55 manat əsas, müqavilə müddətinə 26976.25 manat faiz borcu olmaqla, cəmi 65874.80 manat təşkil edir.

5. 28.09.2023-cü il tarixli LPO İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixə 38898.55 manat əsas, müqavilə müddətinə 26976.25 manat faiz borcu olmaqla, cəmi 65874.80 manat borc olduğu göstərilmiş, borcun üç gün ərzində təmin edilməsi, əks təqdirdə bankın öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə bu müqaviləyə vaxtından əvvəl xitam verilməsi, ümumi kredit borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2024-cü il tarixli, 9/5028 saylı ekspert rəyindən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli 301/ZB saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh xx.xx.2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) LPO İddiaçı ASC-yə olan borcu 65424.41 manat məbləğində müəyyən edilmişdir. O cümlədən əsas borc üzrə 38324.95 manat, faiz borcu üzrə isə 27099.46 manat təşkil etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

7. Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, e-2(060)- 1688/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 38324.95 manat əsas və 27099.46 manat faiz borcu olmaqla, cəmi 65424.41 manat və iddianın qaldırılması üçün ödənilmiş 288 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 150 manatın alınaraq X2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 741, 385.1, 386.1, 442, 448.1, 269.7-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3, 14.2, 77.1, 216-220, 222, 233 və 360cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, e-2(060)-1688/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını və məhkəmə baxışının barışıq sazişi ilə yekunlaşmasını xahiş etmişdir.

10. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə göstərilir ki, “Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1688/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair mübahisə üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməməsi və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır. Bununla bağlı qeyd edir ki, nəinki Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1688/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında, eləcə də iş materiallarında olan digər qərardadların heç birində tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməməsi barədə hər hansı bir qeyd yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1688/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı yalnız iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi barədədir. Əksinə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1688/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında da qeyd edildiyi kimi, məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASCnin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Bundan əlavə, həmin qərardadda daha sonra qeyd edilir ki, məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, prinsip etibarı ilə barışıq sazişinin təsdiq edilməsinə etiraz etmirlər. İstəyirlər ki, bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilsin. İş materiallarında tərəflər arasında Bakı 8 saylı Mediasiya təşkilatında bağlanılmış MŞB/8/2024- 00585 saylı xx.xx.2024-cü il tarixli Barışıq sazişi mövcuddur. Lakin məhkəmə tərəflərin barışmaq istəyi ilə bağlı mövqeyini nəzərə almamış, barışıq sazişini təsdiq etməmişdir. Halbuki, barışıq sazişi ilə məhkəmə baxışını tamamlamaq qanunvericliyin tələbinə görə məhkəmənin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Odur ki, məhkəmənin işin bu halı üzrə tutduğu mövqe qanuna tam zidd olmaqla, başa düşülən deyil və ləğv edilməlidir. Eyni zamanda bildirir ki, qətnamədə göstərilənlərin əksinə olaraq Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində hər hansı bir rəsmi bildiriş göndərilməmiş, eləcə də qətnamə rəsmi qaydada təqdim edilməmişdir. Qətnamə, yalnız xx.xx.2024-cü ildə müvafiq vəkil sorğusu nəticəsində əldə edilmişdir. Ona görə də, yuxarıda sadaladığı halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırmadan, onlara hüquqi qiymət vermədən məhkəmənin qənaəti tamamilə səhvdir. Beləliklə, şərh olunanlar məhkəmənin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini əsaslandırır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, tərəflər arasında barışıq əldə edilməmişdir.

13. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Hazırkı işlə əlaqədar tərəflər razılığa gəlməmişlər və heç bir barışıq sazişi mövcud deyildir.

14. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə iddia tələbinin faiz məbləğinin tutulması hissəsinə münasibətdə səhv nəticəyə gələrək iddia tələbindən kənara çıxmış və faiz məbləğini düzgün müəyyən etməmişdir.

19. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

20. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

22. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.2011-ci il tarixli 301/ZB saylı kredit müqaviləsinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana 41.000 manat məbləğində kredit ayırmışdır. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirməli olduğu halda öhdəliyi lazımınca icra etməmişdir.

23. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən tərəflər arasında sərbəst şəkildə qanunla müəyyən edilən qaydada kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etməkdə haqlı olmuşdur.

25. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizədə cavabdehə qarşı 38898.55 (otuz səkkiz min səkkiz yüz doxsan səkkiz manat, 55 qəpik) manas əsas, 26976.25 (iyirmi altı min doqquz yüz yetmiş altı manat, 25 qəpik) manat faiz borcu tələbini irəli sürsə də, təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən, iddiaçının tələb etdiyi xx.xx.2023cü il tarixə cavabdehin ödəməli olduğu borcu 65424.41 manat məbləğində müəyyən edilmişdir. O cümlədən əsas borc üzrə 38324.95 manat, faiz borcu üzrə isə 27099.46 manat təşkil etmişdir.

26. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 38324.95 manat əsas və 27099.46 manat faiz borcu olmaqla, cəmi 65424.41 manat və iddianın qaldırılması üçün ödənilmiş 288 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 150 manatın alınaraq X2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

27. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir.

28. Apellyator şikayətin dəlili olaraq məhkəmənin tərəflərin barışmaq istəyi ilə bağlı mövqeyinin nəzərə alınmaması, barışıq sazişinin təsdiq edilməməsi və birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası barədə məlumatlandırılmamasını göstərmişdir.

29. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

30. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1688/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair mübahisə üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməməsi və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidddir. Belə ki, tərəflər arasında bağlanmış barışıq sazişinin həyata keçirilməsi şərtləri aydın deyildir (40 min manat məbləğin hər ay 500 manat ödənilməklə 1 ilə bağlanılması kimi, daha sonra qalan məbləğin 2027-ci il tarixinə kimi ödənilməsi (ümumi məbləğin yoxsa 40 min manatın qalıq məbləği hissəsi və s). Bundan əlavə barışıq sazişi üzrə öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə öhdəliklərin icrasının məcburi qaydada həyata keçirilməsi şərtləri göstərilməmişdir.

31. Məhkəmənin qeyd olunan qərardadı tərəflərin elektron kabinetinə yerləşdirilmiş, tərəflərin buna hüququ olsa da, həmin qərardadı mübahisələndirməmişlər.

32. Apellyatorun digər dəlilinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh hər bir məhkəmə iclası barədə qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, lakin məktub “köçüb” statusu ilə geri qayıtmışdır. Bundan sonra məhkəmə tərəfindən hər bir məhkəmə iclası barədə cavabdehin istifadəsində olan mobil nömrəyə SMS bildiriş göndərilmişdir.

33. Məhkəmə kollegiyası cavabdehin şikayətində göstərdiyi dəlillərə münasibətdə bildirir ki, dəlil həqiqəti əks etdirmir, iş materialları ilə təkzid olunur, odur ki, əsaslı hesab edilə bilməz.

34. MPM-nin 372.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. MPM-nin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbindən kənara çıxaraq prosessual hüquq normalarının tələblərini pozmuş, cavabdehdən tələb olunan faiz məbləğinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir.

37. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır Xüsusi ilə qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyində edilən dəyişikliklərə görə iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa yalnız işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər haqlıdır. Qeyd olunan dəyişikliklər tərəflərin intizamlandırılmasına, mülki işlərə baxılmasında süni vaxt itkisinin qarşısının alınmasına, habelə işdə iştirak edən şəxslərin prosessual hüquqlarının müdafiəsinə yönəldilmişdir.

38. MPM-nin 385.1-ci maddəsinə əsasən Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

39. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə 27099.46 manat faiz borcunun tutulması hissədə dəyişdirilərək, faiz borcu 26976.25 (iyirmi altı min doqquz yüz yetmiş altı manat, 25 qəpik) manat məbləğində müəyyən edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, e-2(060)-1688/2024 nömrəli qətnaməsi Cavabdeh 27099.46 manat faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcu 26976.25 (iyirmi altı min doqquz yüz yetmiş altı manat, 25 qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar