Məhkəmə qərarları › İş №2(105)-1340/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1340/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1340/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdehlər X2 və Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3689/2016 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətlərə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 və Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq onlardan müştərək qaydada 44700 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında iddiaçı tələbinin azaldaraq, cavabdehlərdən müştərək qaydada 19500 manat əsas borcun, X1 əlavə olaraq 12800 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3689/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsilə iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3689/2016 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə onun apelyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Bundan sonra Cavabdeh həm ötürülmüş müddətin bərpa olunması barədə ərizə ilə, həm də apelyasiya şikayətilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3689/2016 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (hakim A.Süleymanova) ərizə təmin olunmamış, apelyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan narazı qalan Cavabdeh ondan şikayət verərək, onun ləğv edilməsi, ötürülmüş müddətin bərpa olunması barədə ərizəsinin təmin olunmasına dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3689/2016 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh şikayət ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı əsassızdır. Belə ki, qətnamə çıxarılarkən onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, məhkəmə qətnaməsi rəsmi qaydada ona verilməmişdir. Qətnaməni o, xx xxxxxx 2020-ci il tarixdə almış və ondan vaxtında şikayət vermişdir. Məhkəmə onun ərizəsinə formal yanaşmışdır, çünki onun nümayəndəsi olmuş X10 qətnaməni əvvəllər alsa da, surətini ona verməmiş, onun adından vaxtında qətnamədən apelyasiya şikayəti verməmişdir. Zaur digər cavabdehin tanışı olduğundan onunla əlbir olmuş, bilərəkdən qətnamədən şikayət verməmişdir ki, o da digər cavabdehlə birlikdə müştərək məsuliyyət daşısın və borc almadan həmin borcun ödənilməsində iştirak etsin. O, X8 nə o vaxtlar, nə də indi tanımır. Bu nümayəndə ilə onua digər cavabdeh X5 tanış etmişdir. Nümayəndəsi olduqdan sonra o, işin gedişatı ilə maraqlanmamışdır. Bu qətnamədən onun icrası prosesində, inzibati qaydada cərimə olunduqda xəbər tutmuşdur. Bütün bu hallar isə üzürlü hesab edilməli olduğu halda, məhkəmə onun ərizəsinin rədd olunması barədə qanunsuz qərardad qəbul etmişdir. Göstərilənlərə əsasən qərardad ləğv edilməli, müddətin bərpa olunması barədə ərizə təmin olunmalıdır. Cavabdehlər Cavabdeh və X5 məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh əlavə etdi ki, o, qətnaməni 2020-ci ilin yay aylarında almış və vaxtında şikayət vermişdir. Bundan əvvəlki tarixdə onun qətnamədən məlumatı olmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında şikayətlərə etiraz etdi və onun təmin edilməməsini xahiş etdi. Əlavə etdi ki, cavabdehlərin hazırki hərəkətləri qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasının yubadılmasına xidmət edir, çünki hər iki cavabdeh qətnamənin mövcudluğundan 2016-cı ildən xəbərdardır. O, qətnamə çıxandan sonra əri ilə Cavabdeh evində olmuş, ondan borcun qaytarılmasını tələb etmiş, o da qaytaracağına söz vermişdir. Hazırda onun guya qətnamədən xəbəri olmaması barədə dedikləri həqiqətə uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan (i.v. 111) xx xxxxxx 2017-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh X9 qanunda nəzərdə tutulmuş bir sıra hüquqlar, o cümlədən məhkəmədə işləri aparmaq barədə 3 illik səlahiyyət vermişdir. Yenə iş materiallarında olan X6 ərizəsindən görünür ki, o, Cavabdeh nümayəndəsi kimi məhkəməyə mütaciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3689/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin surətinin verilməsini xahiş etmişdir. Yenə də iş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3689/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi Cavabdeh nümayəndəsi X10 tərəfindən xx xxxx 2017-ci il tarixdə alınmışdır. İşdə olan xx xxx 2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3689/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin surətinin ona verilməsini xahiş etmişdir. Yenə işdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh qeyd edilən qətnamənin onun nümayəndəsi Z.A.Quliyev tərəfindən xx xxxx 2017-ci ildə alınması səbəbilə verilməsindən imtina edilmiş, aktın təkrar alınması üçün rüsum ödəməli olması izah olunmuşdur. Yenə də işdə olan xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3689/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin surətinin ona verilməsini xahiş etmişdir. Bu ərizədə cavabdeh bildirmişdir ki, qətnamədən həmin ilin noyabr ayında icra məmuru vasitəsilə xəbər tutmuşdur. İşə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh qeyd edilən qətnamənin onun nümayəndəsi Z.A.Quliyev tərəfindən xx xxxx 2017-ci ildə alınması səbəbilə verilməsindən imtina edilmiş, aktın təkrar alınması üçün rüsum ödəməli olması izah olunmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətlərin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayətlər təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3689/2016 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki işin materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3689/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surəti həmin tarixdə poçt vasitəsi ilə Cavabdeh ünvanına göndərilsə də, iş materiallarında qətnamənin onun tərəfindən poçt vasitəsilə əldə edilməsi barədə sənəd (poçt xəbərnaməsi) yoxdur. Yuxarıda da qeyd olunduğu kimi, X10 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh nümayəndəsi kimi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3689/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin surətinin verilməsini xahiş etmiş və qətnamə ona xx xxxx 2017-ci il tarixdə verilmişdir. Bundan sonra isə Cavabdeh xx xxx 2020-ci il tarixdə yenidən ərizə ilə müraciət edərək, qətnamənin surətinin ona verilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli məktubu ilə qeyd edilən qətnamənin onun nümayəndəsi Z.A.Quliyev tərəfindən xx xxxx 2017-ci ildə alınması səbəbilə ona verilməsindən imtina edilmiş, aktın təkrar alınması üçün rüsum ödəməli olması izah olunmuşdur. Cavabdeh yenidən xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə eyni tələblə müraciət etmiş və bu dəfə bildirmişdir ki, guya qətnamədən həmin ilin noyabr ayında icra məmuru vasitəsilə xəbər tutmuşdur, halbuki qətnamənin verilməsi barədə onun xx xxx 2020-ci il tarixli ərizəsi mövcuddur. Bundan başqa, iş materiallarından görünür ki, qətnamənin alınması barədə Cavabdeh iki dəfə məhkəməyə müraciət etmiş və hər dəfə məhkəmə tərəfindən qətnamə, aktın onun nümayəndəsi tərəfindən alınması əsası ilə ona verilməmişdir. Lakin iş materiallarından görünür ki, qətnamə cavabdehə verilməsə də, Cavabdeh xx xxxxxx 2020ci il tarixdə ondan apelyasiya şikayəti vermişdir. Bu hallara məcmu halda qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3689/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən daha əvvəllərdən nümayəndəsi vasitəsil məlumatlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 135.3-cü maddəsinin mənasına görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə verilməklə çatdırıla bilər. Yenə həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3689/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin surəti birinci instansiya məhkəməsi tərəfindən cavabdehin nümayəndəsinə, başqa sözlə məhz özünə xx xxxx 2017-ci il tarixdə rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3689/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin onun nümayəndəsinə təqdim edildiyi günün sabahı, yəni xx xxxxx 2017-ci il tarixdən başlanmışdır. Lakin Cavabdeh verdiyi apelyasiya şikayəti xx xxxxxx 2020-ci tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, məhkəmənin qətnaməsini aldıqdan sonra cavabdeh tərəfindən apellyasiya şikayəti 1 ay müddətində deyil, 3 ildən də çox sonra verilmiş və qanunla müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi müddəti buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müəyyənləşdirilmiş müddətlər hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən Cavabdeh şikayətdə göstərdiyi dəlilləri əsassız hesab edir. Onun qətnaməni xx xxxxxx 2020-ci il tarixdə alması və müddətin bu tarixdən hesablanmalı olması barədə dəlilləri əsassızdır və çünki, qətnamə onun nümayəndəsi tərəfindən şəxsən xx xxxx 2017-ci il tarixdə alınmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3689/2016 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar