Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1340/2024 08.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-560/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan yazılı qəbzdən görünür ki, Cavabdeh2 maşını satmış, İddiaçı 8000 manat almışdır.
2. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, müraciətdə qeyd etdiyi xüsusatların həlli məhkəmələrin səlahiyyətində olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq və Mülki Prosessual Məcəlləsinin 149, 150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etməsi məqsədəmüvafiqdir.
3. İş materiallarında olan Sumqayıt ŞPİ 3-cü PB tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə polis bölməsinə müraciət edərək bildirmişdir ki, təxminən 10 gün bundan öncə Zahid adlı şəxsə 3200 manat müqabilində “BMW 520İ” markalı, **-ZR-*** nömrəli avtomobili satmışdır. Halhazırda Zahiddən verdiyi pulu geri qaytarıb öz avtomobilinin qaytarılmasını istəsə də, Zahid avtomobili ona geri qaytarmır, aldadır. Həmçinin, Cavabdeh1 xx.xx.2023-cü il tarixli izahatında bildirmişdir ki, 10 gün bundan qabaq “Sevgilim” şadlıq sarayının qabağında Nadirşah kişi ilə rastlaşmışdır. Yolun qırağında maşını xarab olmuş və dayanmışdır. Yaxınlaşıb ona avtomobilin satılıb-satılmadığını soruşmuş. O, isə cavabında satdığını, bezdiyini bildirmişdir. Əvvəl 5000 manat desə də, sonradan 4800 manata razılığa gəlmişlər. Həmin vaxt demişdir ki, oğlu ilə məsləhətləşib dəqiq cavab deyəcək. 3 gündən sonra zəng vurub demişdir ki, avtomobili satır. Birlikdə DYP-yə getmişlər. Həmin vaxt avtomobilin 1762 manat cəriməsi olmuşdur. Ümumi məbləğdən cərimə ödənilmiş, sonra 73 manat sığorta ödənişi ödənilmiş, 100 manata texniki baxışdan keçirilmişdir. Sonra notariusa getmişlər. Məlum olmuşdur ki, avtomobil Nadirşah kişinin adına deyildir. Avtomobili idarə etməyə heç bir sənədi yoxdur. Avtomobil qohumunun adına olmuşdur. Onlayn formada etibarnamə almışlar. Sumqayıt şəhərində dostunun yanında 3200 manat Nadirşah kişiyə verilmiş. Hallallıq vermiş və sağollaşmışlar.
4. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN-in Baş X9 İdarəsinin Qeydiyyat-İmtahan Şöbəsinin kompüter uçot bazasına görə “BMW 520İ” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı (1994-cü il buraxılışlı, tünd göy metallik rəngli, ban nömrəsi WBAHB51020GH06841) avtomobil ünvan 2 ünvanda qeydiyyatda olan xx.xx.1978-ci il təvəllüdlü X2 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə onun adından qeydiyyatdan çıxmış, xx.xx.2023-cü il tarixdə avtomobil alqı-satqı müqaviləsi əsasında dövlət qeydiyyat nişanları dəyişdirilərək (**-EU-***) ünvan 3 ünvanda qeydiyyatda olan Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış və xx.xx.2023-cü il tarixdə onun adından qeydiyyatdan çıxarılaraq, elə həmin tarixdə alqı-satqı müqaviləsi əsasında dövlət qeydiyyat nişanları dəyişdirilmədən ünvan 4 ünvanda qeydiyyatda olan İddiaçı adına dövlət qeydiyyatına alınmış və hazırda qeydiyyatdadır.
5. İşin materiallarında olan X3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 ona məxsus “BMW 520İ” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 7000 manata satmışdır.
6. İşin materiallarında olan Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ona məxsus “BMW 520İ” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 8000 manata satmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Əbdülməcid oğlu “BMW” markalı, **-ZR-*** nömrəli maşınla evə gedərkən maşında nasazlıq baş vermişdir. “Sevgilim” Şadlıq Sarayının yanında maşını ustalara göstərmək istəyəndə ona üç nəfər Zahid, atası və Fərhad adlı şəxslər yaxınlaşıb ona kömək etmək istədiklərini bildirmişlər. Bundan başqa, iddiaçının 102 və Sumqayıt şəhər 3-cü Polis Bölməsinə müraciəti olub. Zahid və atası ilə bölmədə görüşmüşlər, lakin cavabdehlər avtomobili geri qaytarmamışlar. Bir neçə müddət keçdikdən sonra o, əlavə 5000-dən sonra 3000 də verib maşını geri qaytarmışdır. Halbuki, 3-cü polis bölməsində 6000 manata razılaşmalı idilər. Ancaq sözlərinə düz çıxmamışlar, maşını qaçırtmışlar. Göstərilənlərə əsasən, onlara verdiyi əlavə 3000 manat məbləğində pulub alınıb geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Sonradan iddiaçı ərizə təqdim edərək, Cavabdeh2 əlavə cavabdeh kimi işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir.
10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-560/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı istifadəsində olan “BMW 520İ” markalı avtomobili cavabdehlərə satmış, sonradan avtomobilin geri qaytarılmasını tələb etmişdir. Avtomobil iddiaçıya geri qaytarılmışdır. Hazırda iddiaçı cavabdehlər tərəfindən aldadıldığını iddia edərək, vurulmuş 3000 manat maddi ziyanın ödənilməsini tələb edir. Cavabdehlər iddia tələbi ilə razı deyildir.
13. Məhkəmə hesab etmişdir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 339.2, 339.3, 385.1, 386.1, 442, 567-ci və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “BMW 520İ” markalı, **-ZR-*** dövlət nömrə nişanlı avtomobil şəhid oğluna məxsus olmuşdur. Həmin avtomobili cavabdehlərə satmışdır. Cavabdehlər ona 3200 manat pul vermişlər. Sonradan artıq pul ödəyərək avtomobili cavabdehlərdən geri almışdır. Avtomobilə 3000 manat əlavə pul ödəmişdir. Cavabdehlər onu aldatmışdır. Belə ki, polis bölməsində 6000 manata razılığa gəlmişlər. Lakin məhkəmə bu halların heç birini araşdırmamış və iddia tələbini təmin etməmişdir. Hesab edir ki, çıxarılan qətnamə ləğv edilməli və iddia tələbi təmin olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (...) 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
21. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)
22. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 398.3. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.
24. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 8. Qanun və məhkəmə qarşısında bərabərlik 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. (...)
26. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
27. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
28. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. İş materiallarından görünür ki, əvvəlcə iddiaçı istifadəsində olan “BMW 520İ” markalı avtomobili cavabdehə satmış, sonradan avtomobil cavabdeh tərəfindən iddiaçıya alğı-satqı müqaviləsi əsasında yeni qiymət müəyyən edilməklə satılmışdır. Hazırda iddiaçı cavabdehlər tərəfindən aldadıldığını iddia edərək, 3000 manatın qaytarılmasını tələb edir. Cavabdehlər isə avtomobilə yüksək məbləğdə xərc çəkildiyindən iddia tələbini etriaf etmirlər.
35. Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, avtomobili iddiaçıdan xarab vəziyyətdə almış. Evakuatorla avtomobili Bakı şəhərinə aparmış, ustada yoxlatdırıb müxtəlif ehtiyat hissələrini dəyişdirmişdir. Avtomobilə dörd ədəd təzə təkər, radiator, akumlyator və sair yeni ehtiyat hissələri alıb quraşdırmışdır. Avtomobili atasının adına rəsmiləşdirmişlər. Bundan başqa, avtomobili yüz manat ödəməklə texniki baxışdan keçirmiş və həmçinin icbari avtomobil sığortası etdirmişdir. Bir müddət sonra iddiaçı zəng edərək avtomobili ona qaytarmağını tələb etmiş, daha sonra isə polisə şikayət etdiyi üçün onları Sumqayıt şəhər 3-cü polis bölməsinə çağırmışlar. Polis bölməsində olan zaman avtomobilin onlara 6300 manat xərcə başa gəlməsini demişdir. Bundan sonra atasının təklifi ilə avtomobili 6000 manata iddiaçıya qaytarmağa razı olmuşdur, lakin iddiaçı ilə aralarında avtomobilə baxmağın üstündə mübahisə düşdüyü üçün avtomobili ona geri qaytarmamışdır və atası demişdir ki, daha avtomobili satmır. Bundan bir müddət sonra Ağcabədi rayonuna gedərkən avtomobilin motoru dağılmışdır və bu səbəbdən 850 manat ehtiyat hissələrinə xərci çıxmışdır. Avtomobildə su qızdığı üçün radiatoru da yeniləməli olmuşdur. İddiaçı zəng edərək avtomobili ona qaytarmağını istədiyi üçün ondan 8000 manat istəmişdir. O, iddiaçını avtomobili almağa məcbur etməmişdir, özü almağa razı olmuşdur və daha sonra avtomobili iddiaçının adına keçirmiş və bundan iyirmi gün sonra ondan pul tələb etmişdir. Bundan başqa avtomobilin üzərində ödənilməmiş 1762 manat cərimə də olmuşdur və həmin cəriməni özü ödəmişdir. Avtomobil iddiaçının qohumunun adına olmuşdur. Bakı şəhərində 7-ci mikrorayonda onun qohumu ilə görüşmüşlər və o, özü avtomobilin alqı-satqısına xeyir-dua vermişdir. İddiaçı həmin zaman özü demişdir ki, bu avtomobil onu incidir və satmaq istəyir və özünə “Lada Grante” markalı avtomobil almaq istəyir.
36. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, 1994-cü il buraxılışlı, tünd göy metallik rəngli, ban nömrəsi WBAHB51020GH06841 olan “BMW 520İ” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin olaraq xx.xx.2017-ci il tarixdə ünvan 2 ünvanda qeydiyyatda olan xx.xx.1978-ci il təvəllüdlü X2 adına qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə avtomobil alqı-satqı müqaviləsi əsasında dövlət qeydiyyat nişanları dəyişdirilərək (**-EU-***) Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış və xx.xx.2023-cü il tarixdə onun adından qeydiyyatdan çıxarılaraq, elə həmin tarixdə alqı-satqı müqaviləsi əsasında dövlət qeydiyyat nişanları dəyişdirilmədən iddiaçının adına dövlət qeydiyyatına alınmışdır.
37. Avtomobilin faktiki olaraq iddiaçı tərəfindən cavabdehə satılan zaman nasaz olması, cavabdehlər tərəfindən avtomobilin təmirinə pul vəsaiti xərclənməsi işin mübahisəsiz halıdır.
38. Göründüyü kimi iddiaçı avtomobili təmir edildikdən sonra Cavabdeh2 rəsmi alqısatqı müqaviləsi əsasında razılaşdıqları 8000 manata satın almış və avtomobili mülkiyyətinə qəbul etmişdir. İddiaçı həmin alqı-satqı müqaviləsini ləğv etmək və avtomobili qaytarmaq istəmir, lakin müqavilə üzrə ödənilmiş 8000 manatın 3000 manatını aldanılma faktına istinad edərək geri tələb edir.
39. İşdə olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi Ramin Musayevin İddiaçı müraciətinin icrasına dair xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, vətəndaş İddiaçı müraciətində Zahid adlı şəxsə avtomobil satdığını, hazırda isə satdığı avtomobili geri qaytarmaq istədiyini bildirmişdir. Müraciət əsasında izahatı alınmış İddiaçı ərizədə qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Vətəndaş İddiaçı müraciətində qeyd olunan xüsusatların həllinin xüsisi ittiham qaydasında məhkəmələrin səlahlyyətində olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq və Mülki Prosessual Məcəlləsinin 149, 150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etmək hüququnun olması izah olunmuşdur. Odur ki, xx.xx.2023-cü il tarixil 3/1-A- 14802 nömrəli ərizə əsasında toplanmış materialın vətəndaşa rəsmi cavab verilməklə PBnin dəftərxanasında işə tikilməsi məqsədəmüvafiqdir.
40. Məhkəmə kollegiyasının iclasında işin müəyyən olunmuş hallarına və tərəflərin izahatlarına əsasən müəyyən olundu ki, sonuncu alğı-satqı müqaviləsi bağlanması barədə təklif iddiaçı tərəfindən edilmiş, tərəflər avtomobilin alğı-satqısına görə müəyyənləşdirilmiş qiyməti öz iradə ifadələrinə əsasən müəyyənləşdirmişlər və alğı-satqı baş tutmuşdur. İddiaçının mövcud iddia üzrə tələb etdiyi 3000 manat məbləğində pul vəsaiti avtomobilin qüsuruna görə deyil, avtomobilin əvvəlcə onun tərəfindən cavabdehə satılarkən müəyyən olunmuş məbləğindən artıq olan hissəsidir.
41. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
42. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
43. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən, 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. (...)
44. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
45. Məhkəmə kollegiyasının araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, avtomobilə dair alğı-satqı müqaviləsi bağlanarkən tərəflərin iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuşdur. Bundan başqa, iddiaçı həmin müqaviləni mübahisələndirməmişdir.
46. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
48. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-560/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.