Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1341/2023 03.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X10 Məmmədov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Nigar Natiq qızı Təhməzlinin katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Məhəmməd Rəhim oğlu Quliyevin, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-272/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İşin halları:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15343 manat pul vəsaitinin alınaraq onlara ödənilməsi, pulun ödənilməsi ilə onların Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilindən çıxarılmalarının eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı1, İddiaçı2, X8 və X2 onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(012)-675/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər İddiaçı1, İddiaçı2, X8 və X2 onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər. Onlar Zəngilan rayonunun işğalı ilə əlaqədar Xırdalan şəhərinə gəlmişlər. Yaşayış yeri olmadığı üçün məskunlaşmaq məqsədilə yaşayış sahəsi axtarmağa məcbur olmuşlar. Mübahisələndirilən mənzil zibillikdə yerləşirdi və yararsız vəziyyətdə idi. Evin pəncərələri və qapıları yox idi. Onlar evin ətrafını təmizləyərək normal vəziyyətə gətirmişlər. Bundan sonra evin təmirini həyata keçirmişlər. Evin divarları suvanmış, döşəmə və tavan təmir edilmişdir. Bundan sonra isə digər təmir işləri həyata keçirilmiş və ev yararlı vəziyyətə gətirilmişdir. Onlar uzun illərdir ki, qeyd edilən evdə fasiləsiz və etirazsız yaşamışlar. İddiaçı heç vaxt mübahisələndirilən evi onlardan tələb etməmişdir. Evin təmiri zamanı iddiaçı heç vaxt onlara bu barədə etiraz etməmiş, həmin vəziyyətlə razılaşmışdır. Nəticə etibarilə onlar mübahisələndirilən mənzildən çıxarıldıqları təqdirdə cavabdehin razılığı ilə mənzilə çəkilən xərclə bağlı onlara ziyan vurulmuşdur. Cavabdeh vaxtında xəbərdarlıq etsəydi, evin təmirinə vəsait xərclənməzdi. Mübahisəli evə çəkdikləri xərcin qiymətləndirilməsi üçün müstəqil ekspertə müraciət etmişlər və müəyyən olunmuşdur ki, mənzilin tikilməsinə 15343 manat məbləğində xərc çəkilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
4. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, o, İddiaçı1, İddiaçı2 və onların ailə üzvlərinə qarşı mənzildən çıxarılmalarına dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2013-cü il tarixdən xüsüsi mülkiyyətində olan Abşeron rayon Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 675/2022 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə iddia tələbi təmin edilmiş və yuxarıda qeyd edilən iddiaçıların ailə üzvləri ilə birlikdə Abşeron rayon Xırdalan şəhəri, məhəllə 28 ev 4, 15 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və hal-hazırda qeyd edilən qətnamənin icra işi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Qeyd edilən qanuni qüvəsini almış qətnamədən sübut olunur ki, iddiaçılar ailə üzvləri ilə birlikdə Zəngilan rayonundan məcburi köçkünlər kimi 1993-cü ildən bu günə qədər ona məxsus olan ünvanda məskunlaşmışlar. Zəngilan rayonu 2020-ci ildə işğaldan azad edildikdən sonra Qaçqınlar və X6 Üzrə Dövlət Komitəsi tərəfindən onların evlə təmin olunacağı bildirilmişdir. İddiaçılar 30 ildir ki, onun mənzilində yaşayırdılar, o isə 2 azyaşlı uşağı ilə müxtəlif dost, tanış, qohumların evində uzun müddətdir yaşayır. İddiaçılar 30 il onun mülkiyyətində olan mənzilindən istifadə edirdilər və öz yaşayış şəraitlərini yaxşılaşdırmaq məqsədi ilə evi təmir edib və özləri istifadə ediblər. İddiaçılar evin təmiri ilə bağlı onunla heç bir mülki müqavilə bağlamamışlar və o, heç bir mülki öhdəlik qəbul etməmişdir ki, yaşadıqları evdən özləri istifadə etdiyi dövürdə onların təmir edilən mənzilə dair vəsaitlərini ödəməlidir, onun mənzilini təhvil verərkən onlara evin təmirə xərclədikləri pulu ödəsin. Bundan başqa, iddiaçılar öz şəraitlərini yaxşılaşdırmaq üçün və həmin təmirdən özləri istifadə etmək məqsədi ilə təmir işlərini aparmışlar ki, ailə üzvləri ilə birlikdə təmir edilmiş mənzildən istifadə etsinlər. Buna görə hesab edir ki, iddiaçılar onun mənzilindən çıxmağı uzatmaq məqsədi ilə və icra işinin icrasına maneə törətmək məqsədi ilə, heç bir əsası olmadığı halda ona qarşı haqsızlıq edərək onu məhkəmələrdə süründürmək məqsədi ilə, eyni zamanda icra işini uzatmaq məqsədi ilə onun və iki övladının səbirsizliklə və ümidlə nəhayət öz mülkiyyətlərinə köçməklərinə süni şəkildə maneə törədirlər. İcra zamanı ona məlum olmuşdur ki, icra məmurunun rəsmi sorğusuna əsasən aşkar edilmişdir ki, iddiaçılara məxsus olan xüsusi mülkiyyətləri var. Belə olan halda onların köçməsi üçün şəxsi mənzilləri olduğuna baxmayaraq, iddiaçılar ona qarşı haqsızlıq edirlər. Bundan başqa iddiaçılar ona icra məmurunun iştirakı ilə və rəsmi qaydada izahatlarında 35 min manat qarşılığında evi onlara satmağı təklif etmişlər. O isə onlara öz evinə köçmək niyyətində olduğunu bildirmişdir. Bundan sonra iddiaçılar ona qarşı qərəzli və əsassız şəkildə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən İddiaçı1 və İddiaçı2 ona qarşı verilmiş pul tələbinə dair iddia ərizəsinin əsassız və qanunsuz olduğundan rədd edilməsini xahiş edi.
5. AA 474055 saylı Məsburi köçkün vəsiqəsinin surətindən görünür ki, Hacıyev X4 rayonundan məcburi köçkündür və müvəqqəti məskunlaşdığı yer Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilidir.
6. 30.08.2022-ci il tarixli, 398 saylı arayışın surətindən görünür ki, İddiaçı2 T.Musazadə küçəsi, 11 saylı evin 9 saylı mənzilində yaşayır.
7. 06.05.2022-ci il tarixli, 863 saylı arayışın surətindən görünür ki, Zəngilan rayonundan məcburi köçkün olan İddiaçı2, X8, X3 və X1 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilində yaşayırlar.
8. Abşeron Rayon Məhkəməsinin 2(012)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı1, İddiaçı2, X8 və X2 Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilindən çıxarılmaları qət edilmişdir.
9. 29.04.2022-ci il tarixli qərarın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsində icraata başlanmışdır.
10. İşdə olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilindəki təmirtikinti xərcləri 15343 manat təşkil edir.
11. İşdə olan “X9 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilindəki təmir-tikinti xərcləri 10850 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
12. Abşeron Rayon Məhkəməsinin 2(012)-272/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə iddia tələbi təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7, 1091, 1092.1, 1093-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
14. Abşeron Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(012)-272/2023 nömrəli, qətnaməsi ilə razılaşmayan İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə araşdırılmış hallara düzgün hüquqi qiymət verməyib və nəticədə əsassız qətnamə qəbul etmişdir. Mənzilin tam şəkildə hazırki vəziyyətə gətirilməsi üçün görülmüş bütün təmir işlərinin iddiaçı tərəfindən aparılması işin mübahisəsiz halıdır. Cavabdeh özü də bunu mübahisləndirmədiyi halda, məhkəmə görülən işlərin kim tərəfindən aparılmasını hansı əsasla, dəlillə mübahisəli olması qənaətinə gəlməsi qeyri-müəyyən və əsassızdır. Görülmüş təmir işləri nəticəsində mülkiyyətçi Şarikovanın varlanmaması hissəsində isə qeyd edir ki, aydın məsələdir ki, kimliyindən asılı olmayaraq mənzil əldə edən şəxs ondan istifadə etmək üçün təmir etməli, kommunal xətlərlə təmin etməli və yaşayış üçün minimal həddə çatdırmalıdır. Bunu kimin etməsindən asılı olmayaraq mənzilin təmirindən yararlanan şəxs mülkiyyətçidir. Mübahisə və şübhə doğurmayan haldır ki, görülən təmir işləri yalnız və yalnız mənzilin dəyərinin artmasına səbəb ola bilər. Əgər düşünülsə ki, mülkiyyətçi həmin mənzildə yaşamayacaq satacaqsa da belə, qapısı-pəncərəsi olmayan, zibilxanaya çevrilmiş atılmış mənzillə orta səviyyədə təmir olunmuş mənzilin satış dəyərində də fərq olacaqdır. Bu halda da mülkiyyətçinin təmirdən yararlanan – varlanan şəxs olması şübhə doğura bilməz. O ki qaldı iddiaçıların cavabdehin mənzilini təmir etməkləri ilə öz yaşayışlarını təmin etmək məqsədi güddüyündən təmir xərclərinin geri qaytarılmaması barədə məhkəmənin mövqeyinə, o halda da belə məhkəmə ilə razılaşmaq mümkün deyil. Aydın məsələdir ki, iddiaçılar 1993-cü ildən etibarən həmin mənzildə yaşayıb və mənzildən təyinatı üzrə istifadə etmək məqsədilə həmin mənzili təmir etdiriblər. Yenə də sual yaranır ki, təmirdən bugün yararlanan şəxs kimdir?! İddiaçılar mənzili təmir etdirməyə başlayanda ona qarşı pretenziya bildirən, mənzildən çıxmaqlarını tələb edən kimsə olubmu?! Ümumiyyətlə 1993-cü ildə mülkiyyətçinin neçə yaşı var idi, o mülkiyyət hüququnu nə vaxt əldə edib?! Bugünkü gündə təmir tam yararsız vəziyyətdə olsaydı məhkəmənin bu mövqeyini ədalətli hesab etmək olardı, lakin hazırkı vəziyyətdə məhkəmə qətnaməsi ədalətli hesab edilə bilməz. Hazırkı iş üzrə hüquqi və ədalətli qətnamə qəbul edilməsi üçün aşağıdakı xüsusatlar əhəmiyyət kəsb edir : 1. Mənzilin iddiaçılar tərəfindən zəbt edilib - edilməməsi; 2. İddiaçının vicdanlı sahib olub-olmaması; 3. Mülkiyyətçinin mülkiyyət hüququnun nə vaxt yaranması; 4. İddiaçı tərəfindən görülən işlərin hansı həcmdə aparılması; 5. İddiaçı tərəfindən görülmüş işlər mülkiyyətçinin -cavabdehin iqtisadi vəziyyətini yaxşılaşdırırmı, onun varlanmasına təsir edib-etməməsi. 1-ci məsələ ilə bağlı qeyd edir ki, iddiaçılar və onların ailə üzvləri mübahhisəli mənzilə daxil olarkən həmin mənzil atılmış vəziyyətdə olmuş, zibilxanaya çevrilmişdir. Həmin ev, qonşuların da bildirdiyinə görə, hansısa bir erməniyə məxsus olmuş, Qarabağ müharibəsi dövründə həmin şəxs Ermənistana qayıtmışdır. Yəni iddiaçılar həmin mənzilə yerləşərkən hər hansı bir şəxsin – Azərbaycan vətəndaşının mülkiyyət hüququnun olmasından xəbərsiz olmuşlar. 2021-2022-ci ilədək də heç bir şəxs, həmçinin hazırkı iş üzrə cavabdeh, nə də onun qohumları mənzilin ona məxsus olması barədə nə şifahi, nə də yazılı qaydada iddiaçıları məlumatlandırmamışdır. 1993-cü ildə cavabdeh-mülkiyyətçi azyaşlı olmuşdur. Həmin vaxt onun mülkiyyət hüququ və ya gözlənti hüququ da ola bilməzdi. Cavabdehin isə döyülərək mənzildən qovulması barədə qeyd etdikləri xüsusatlar isə yalandır və bu barədə heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Edə də bilməzdi. Digər tərəfdən iş materialarından da görünür ki, iddiaçılar Zəngilan rayonunda qeydiyyatda olmaqla, məcburi köçkündürlər. Digər tərəfdən Prezidentin 1 iyul 2004-cü il 298№-li sərəncamının 2-ci bəndində də göstərilir ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Yəni iddiaçılar və onların ailə üzvləri sahibsiz, atılmış və zibilxanaya dönmüş mübahisəli mənzilə məskunlaşarkən həmin mənzil heç kimin istifadəsində olmamış, ora məcburi şəkildə daxil olmamış və Prezidentin 298 nömrəli və digər sərəncamları ilə məcburi köçkünlərin məskunlaşdığı mənzillərdən istifadə hüququnun hüquqi əsası yaranmışdır. Odur ki, mənzilin iddiaçılar tərəfindən zəbt edilməsi faktı inkar olunur. İkinci məsələ ilə bağlı da qeyd edir ki, iş materiallarından da göründüyü kimi 1993-cü ildən bugünkü günədək iddiaçılar və onların ailə üzvləri vicdanlı şəkildə mənzilə qulluq göstərmiş, yaşayış üçün zəruri standartları yaratmış, mənzilə heç bir ziyan vurmamış, onun sxematik ölçüsunu, konstruksiyasını dəyişməmiş və ən azı hüquqi mülkiyyətçi qədər vicdanlı şəkildə qulluq və qayğı göstərmişlər. İş materiallarından da görünür ki, mülkiyyətçi mübahisəli mənzilə dair mülkiyyət hüququna dair sənədi 2013-cü ildə, yəni iddiaçılar həmin evdə məskunlaşdıqdan, təmir etdikdən 20 il sonra əldə etmişdir. Odur ki, iddiaçı mənzildə məskunlaşarən və mənzilin təmirini həayata keçirərkən məlumat verməli olduğu, icazə almalı olduğu bir mükiyyətçisi olmayıb və belə bir şəxsi tanımayıblar. Cavabdehin də bildirdiklərindən və işin hallarından belə təxmin olunur ki, mənzil cavabdehə vərəslik hüququ əsasında keçmiş və miras qoyan həmin mənzili dəyişmə orderi ilə erməni vətəndaşından əldə etmişdir. İddiaçılar tərəfindən mübahisəli mənzilin tam şəkildə hazırkı vəziyyətdə təmir olunması və onlardan əvvəl cavabdehin tərəfindən hər hansı bir işlərin aparılmaması, görülmüş təmir işlərinin hamısının iddiaçılar tərəfindən aparılması işin mübahisələndirilməyən halıdır. Cavabdehin “təmir etməzdilər, özləri yaşayıb və özləri üçün təmir ediblər” ifadəsi də cavabdeh tərəfindən hər hansı bir işin görülməməsinin birbaşa sübutudur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Apellyasiya baxışının hədləri
19. İddiaçılardan İddiaçı1ov oğlu birinci instansiya məhkəməsinin qətnaməsini özünə aid hissədə mübahisələndirərək ləğv edilməsini xahiş etdiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - İddiaçı1 aid hissədə dəyişdirilmədən saxlanmalıdır.
23. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən - iddiaçı Hacıyev İddiaçı1 aid hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, iddiaçılar Zəngilan rayonundan məcburi köçkün olmaqla və 1993-cü ildən iddiaçının mülkiyyətində olan mübahisəli mənzildə məskunlaşmışlar. Onların mənzildən çıxarılmaları barədə hazırki iş üzrə Cavabdeh iddiası Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 675/2022 nömrəli qətnaməsi ilə təmin edilmiş, İddiaçı1, İddiaçı2, X8 və X2 Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Araşdırılan mübahisə üzrə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15343 manat pul vəsaitinin alınaraq onlara ödənilməsi, pulun ödənilməsi ilə onların Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin 15 saylı mənzilindən çıxarılmalarının eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddialarını belə əsaslandırmışlar ki, onlar mübahisəli mənzili təmir etdirmişlər və onların bu mənzildən qətnaməyə əsasən çıxarılmaları nəticəsində cavabdeh bu təmirə çəkilmiş xərc miqdarında, yəni 15343 manat məbləğində əsassız varlanacaqdır.
25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir.
26. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar qanunsuz əsaslarla məskunlaşdıqları mübahisəli mənzili müəyyən şəraitlə təmin etmiş və 1993-cü ildən hazırki vaxtadək orada yaşamışlar. İddiaçıların həmin mənzili yaşamaları üçün bu və ya digər şəkildə təmir etdirmələri həmin əmlakın mülkiyyətçisinin əsassız varlanmasına səbəb ola bilməz, çünki yerinə yetirilmiş təmir-bərpa işləri kommersiya xarakteri daşımamış, iddiaçıların özlərinin orada minimal şəraitdə yaşamalarına yönəlmişdir. Bundan başqa, mübahisəli evin iddiaçılar oranı zəbt etdiklərindən əvvəl hansı şəraitdə olması, orada konkret hansı işlərin iddiaçılar tərəfindən görülməsi məlum deyildir. İşdə olan mütəxəssis rəylərinə isə mənzilə çəkilmiş ümumi işlərin dəyəri daxil edilmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdr.
28. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin mübahisələndirilən hissədə ləğvi və şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 385.2, 392,393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-272/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.