Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1342/2021 12.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X1, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova) iddianın təmin edilməsi, Cavabdeh 2140 (iki min yüz qırx) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2140 (iki min yüz qırx) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun sabiq gəlinidir. Cavabdeh oğlundan boşanmadan əvvəl qonşuları Məryəm adlı qadının evindən müxtəlif vaxtlarda ümumilikdə 11000 manat pul götürmüşdür. Məryəm onu da tanıyır. Məryəm onu və baldızı Xalidəni çağıraraq, bu hadisəni onlara danışmışdır. Bunu onlar kamera vasitəsi ilə bilmişdirlər. O, cavabdehi pulları qaytarmadığı halda polisə şikayət etdəcəyini bildirmişdir. Cavabdeh də tutulmasın deyə ondan köməklik istəmiş, o da nəvələrinin anası olduğu üçün ona borc olaraq 2140 manat pul vermişdir. Hazırda cavabdehlə oğlu arasında nikah pozulmuşdur. Cavabdeh həmin pulları ona qaytaracağını bildirsə də hələ də borcu qaytarmamışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə araşdırması zamanı tərəfindən verilən ifadələr heç də məhkəmə qətnaməsində qeyd edildiyi kimi deyildir. Qətnamədə göstərilmişdir ki, guya o, 2140 manat pulu keçmiş qaynanası, yəni iddiaçıdan alaraq Məryəm adlı qonşusuna vermişdir. Məhkəmə tərəfindən qonşu Məryam xanım dindirilməmişdir. Məryəm xanım hər zaman deyir ki, onlar, yəni iddiaçı tərəf ona 2140 manat yox, 1000 manat pul vermişdir. Lakin məhkəmə bunları dəqiq araşdırmamışdır. Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(034)- 285/2020 saylı qətnaməsini ləğv edərək, yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili P.V.Hüseynova apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehin iddiaçıdan pul götürməsini etiraf etməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2(034)-41/2012 saylı qətnamənin surətindən görünür ki, X2 ilə X3 xx.xx.2009-cu il tarixdə bağladıqları rəsmi nikah pozulmuş və uşaqlar ananın yanında saxlanmışlar. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının oğlundan boşanmadan əvvəl qonşuları Məryəm adlı qadının evindən müxtəlif vaxtlarda ümumilikdə 10000 manat pul borc götürmüşdür. Tərəflərin qonşusu cavabdehdən götürdüyü pulları qaytarmağı tələb edərək cavabdehi pulları qaytarmadığı halda polisə şikayət etdəcəyini bildirmişdir. Cavabdeh də tutulmasın deyə iddiaçıdan köməklik istəmiş, iddiaçı da nəvələrinin anası olduğu üçün ona borc olaraq 2140 manat pul vermişdir. Cavabdeh qonşudan hissə-hissə aldığı 10000 manat pulun 2140 manatını qayınanası İddiaçı tərəfindən qonşuları Məryəmə ödədiyini etiraf etmişdir. Hazırda cavabdehlə oğlu arasında nikah pozulmuşdur. Cavabdeh həmin pulları ona qaytaracağını bildirsə də hələ də iddiaçıya olan həmin borcu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən və cavabdehin iddiaçıya 2140 (iki min yüz qırx) manat pul borcunun olması məhkəmə araşdırilması zamanı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, Cavabdeh 2140 (iki min yüz qırx) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(034)-285/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1342/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1342/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver