Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1344/2024 08.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçının Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-3399/2016 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış 05 mart 2015ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 25 faiz dərəcəsi ilə 18 ay müddətinə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış 05 mart 2015ci il tarixli 110009513/ZM saylı zaminlik müqaviləsindən aydın olur ki, Cavabdeh2 əsas cavabdehin öhdəliklərini yerinə yetirməyəcəyi və ya lazımınca yerinə yetirməyəcəyi təqdirdə bank qarşısında onunla bərabər qaydada məsuliyyət daşıyacağı şərtləndirilmişdir.
3. 31 mart 2016-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X2 bankla bağladığı kredit müqaviləsindən yaranmış borcu - əsas borc üzrə 1871,40 ABŞ dolları, faiz borcu üzrə 188,25 ABŞ dolları, cərimə borcu üzrə 72,29 ABŞ dolları, cəmi 2131,94 ABŞ dolları məbləğindədir.
4. 03 noyabr 2015-ci il tarixli xəbərdarlıq məktubundan məlum olur ki, cavabdeh kredit müqaviləsinin şərtlərini kobud şəkildə pozmuş, borc öhdəliyini icra etməmiş və iddiaçı tərəf məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 1871,40 ABŞ dolları əsas, 188,25 ABŞ dolları faiz borcu, 72,29 ABŞ dolları cərimə borcu, cəmi 2131,94 ABŞ dolları məbləğində kredit borcunun və bank tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış 05 mart 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 25 faiz dərəcəsi ilə 18 ay müddətinə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən yaranan öhdəliyin təmin üsulu kimi bankla Cavabdeh2 arasında 05 mart 2015-ci il tarixli 110009513/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 31 mart 2016-cı il tarixinə 1871,40 ABŞ dolları əsas, 188,25 ABŞ dolları faiz borcu, 72,29 ABŞ dolları cərimə borcu, cəmi 2131,94 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit borcunun qaytarılması üçün zəruri tədbirlər görülməmişdir.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-3399/2016 nömrəli qətnaməsi ilə (hakim İlham Kərimli) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1871,40 ABŞ dolları əsas, 188,25 ABŞ dolları faiz borcu, 72.29 ABŞ dolları cərimə borcu, cəmi 2131,94 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739-cu, Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
10. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3399/2016 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli 2(012)-3399/2016 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarına dəvət edilməmişdir. Bu iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi ona 05 iyun 2024-cü ildə təqdim edilmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmişdir. Cavabdehlərin məhkəmə iştirakları təmin edilməmişdir. Məhkəmə sübutları araşdırarkən MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Həyat yoldaşı Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq 300 gündən artıq gecikdirilmiş kredit borcları restrukturizasiya edilir. O, xx.xx.2015-ci ildə bağlanmış ********* saylı kredit müqaviləsi üzrə borcu tam ödəmişdir. Borc məbləği tam ödənilsə də, adı kredit borclusu kimi sistemdən silinməmişdir. Bu səbəbdən də şəhid ailəsi kimi banklardan kredit götürə bilmir. Həmçinin tərəflər arasında xx.xx.2015-ci ildə bağlanmış kredit müqaviləsinin müddəti 2016-cı ilin sentyabrında başa çatır. İddiaçı həmin müddəti gözləmədən məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı təmin etsə də, tərəflər arasında imzalanmış ********* saylı kredit müqaviləsinə xitam verməmişdir. Bununla məhkəmə Mülki Məcəllənin 427.1-ci maddəsinin tələbinə əməl etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının Nümayəndə apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
20. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)
21. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
22. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
31. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 Ərnrəli qızı arasında bağlanmış 05 mart 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 25 faiz dərəcəsi ilə 18 ay müddətinə 2500 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi tam icra etməmiş və bank öhdəliyin tam çəkildə icrasını tələb etmişdir.
32. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.
33. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi, müqavilə üzrə ödənişləri qrafiklər üzrə aparmamaqla müqavilə şərtlərini pozması və hazırkı öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları, işin araşdırılmış halları ilə də inkar edilmədiyindən, habelə apellyasiya şikayətinin dəlili hər hansı bir mötəbər sübuta əsaslanmadığından birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Bununla yanaşı, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh apellyasiya şikayətində borcu tam ödədiyini göstərsə də, əslində cavabdehin mövcud qalıq borc üzrə ödəniş aparmadığı, hazirkı iş üzrə qətnaməyə dair verilmiş icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir.
35. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir.
36. İcra üzrə icraata xitam verilməsi haqqında 20 iyun 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsiri altına düşdüyü üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(012)-3399/2016 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamə çıxarılan zaman iş üzrə yuxarıda göstərilən nəticəyə gəlməsi düzgün olmuş, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsi üçün əsas yoxdur.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-3399/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.