Məhkəmə qərarları › İş №2(105)-1345/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1345/2021

12.04.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1345/2021 12.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X4, Cavabdehlərin nümayəndələri: X3 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Heydər Əliyev adına Neft Emalı zavoduna qarşı tikinti işlərinin aparılmasına maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddianın təmin edilməsi, İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.06 ha ölçüdə torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Heydər Əliyev adına Neft Emalı zavodu tərəfindən maneələrin aradan qaldırılması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona mülkiyyət hüququ ilə mənsub olan torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi, tikinti işlərinin aparılmasına qarşı hər hansı maneənin törədilməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 iddia tələbinin dəyişdirilməsi və əlavə cavabdehin cəlb edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Heydər Əliyev adına Neft Emalı zavodunu da cavabdeh kimi cəlb edilməsini və iddiaçıya mülkiyyət hüququ ilə mənsub olan torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehlər tərəfindən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia iddia tələbi onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına razılıq verilməsini xahiş etmişdir. Dövlət Neft Şirkəti tərəfindən onun müraciətinə xx xxxxx 2019-cu il tarixdə göndərilmiş cavabla sözügedən torpaq sahəsində hüquqi rejimli mühafizə sahələrinin yaradılması əsas gətirilərək tikinti aparılması qadağan edilmişdir. Göstərilən torpaq sahəsinə mülkiyyət hüququ tanınan zaman torpaq sahəsi əslində qeyd olunan neft boru kəmərlərindən 50 metr məsafədə olmuş, sonradan Dövlət Neft Şirkəti tərəfindən ərazidə aparılan konstruksiya tədbirləri ilə əlaqədar həmin ərazidən yeni neft boru kəmərləri istifadəyə verilmiş, beləcə məsafə yaxınlaşmışdır. Belə ki, xx xxxxx 2011-ci il və xx xxxxxx 2011-ci il tarixdə Bakı Neft Emalı Zavodu tərəfindən neft boru kəmərlərinin istismara buraxılması ilə qeyd olunan məsafə azalmış, bunun məntiqi nəticəsi olaraq onun mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Məhz sözügedən neft kəmərlərinin istifadəyə verilməsi ilə o, mülkiyyətində olan əmlakla bağlı sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Beləliklə, Dövlət Neft Şirkəti tərəfindən əlavə konstruksiya işlərinin aparılması, yeni neft boru kəmərlərinin istifadəyə verilməsi nəticəsində məsafə 50 metrdən aşağı düşmüşdür ki, bu da onun mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına süni surətdə qadağanın qoyulmasına gətirib çıxarmışdır. Ona mənsub olan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin 2008ci il tarixdən mövcud olmasına baxmayaraq, tikinti işlərinin aparılmasına cavabdehlər tərəfindən maneəçilik törədilir ki, bu da son nəticədə onun öz mülkiyyətindən sərbəst istifadə etmək hüququnun pozulması ilə nəticələnir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Heydər Əliyev adına X10 nümayəndəsi E.İsmayılov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar tərəfindən tikintinin aparılmasına heç bir maneəçilik olmamışdır. Maneəçilik SOCAR-ın nəzdində fəaliyyət göstərən, bütün hüquqi şəxslərə nəzarət edən, ayrıca hüquqi şəxs olan Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən edilmişdir. Təhlükəsizlik İdarəsinin əməkdaşlarının hərəkətlərinə görə onlar məsuliyyət daşımırlar. Sözügedən boru kəmərləri Neft Emalı zavoduna məxsusdur. Bu işnən bağlı Heydər Əliyev adına X10 cavabdeh kimi təyin edilməsi düzgün deyildir, onların iş üzrə üçüncü şəxs kimi cəlb edilmələri daha məqsədə müvafiqdir. Boru kəmərlərinin çəkilişinə 2011-ci ildən başlanılmışdır və bu hal iddiaçıya məlum idi. İddiaçı o zaman müraciət edib narazıçılığını bildirə bilərdi. Birinci instansiya məhkəməsi yalnız iddiaçının formal izahatı əsas götürərək iddianı təmin etmişdir. Məhkəmə hazırki iş üzrə qərar qəbul edən zaman, qeyd olunan boru kəmərlərinin iddiaçının özünün və ailə üzvlərinin həyatı üçün yüksək təhlükə mənbəyi olduğunu nəzərə almamışdır. Birinci instansiya məhkəməsi mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan hazırki mülki işə düzgün hüquqi qiymət verməmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(012)- 2730/2019 saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi R.K.Yolçuyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin UTM WGS 84 koordinat sistemində koordinatlar daxilində olan hissəsi (359 m2) SOCAR-ın Heydər Əliyev adına X9 10 N-li sahəyə (Güzdək) neft məhsulu nəql edilən Dş-250 mm.(nafta) neft boru kəmərinin 26.5-31 metrliyində mühafizə zonası daxilində yerləşir. Bundan başqa həmin ərazidən Dş-250 mm. neft boru kəmərinə paralel zavoda məxsus Dş-300 mm. (quru qazi), Dş-300 mm. (reaktiv mühərrik yanacağı) və Dş-500 mm. (dizel) neft boru kəmərləri keçir. Qanunvericiliklə neft və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorunmaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə neft və qaz təchizatında təhlükəsizlik zonası və təhlükəsizlik tədbirləri qaydaları müəyyən edilmişdir ki, həmin zonada tikinti və sair işlərin aparılması qadağandır. İddiaçıya məxsus torpaq sahəsi müəsissəyə məxsus boru kəmərlərinin mühafizə zonasında yerləşdiyindən, həmin kəmərlərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Boru kəmərinə görə kompensasiyanı onlar yox, torpağı ayıran orqan ödəməlidir. Kəmər çəkilən zaman vətəndaş etirazını həmin zaman bildirməmiş, illər sonra məhkəməyə müraciət etmişdir. İddiaçı hər bir halda boru kəmərinin tikintisinin dayandırılması ilə bağlı məhkəməyə müraciət edə bilərdi. Hazırda boru kəməri ilə tikili və ya yaşayış məntəqəsi arasında 50 metr məsafə olmalıdır. Əgər vətəndaş torpaqda tikinti işləri aparmaq istəyirsə boru kəmərinə daxil olmayan hissədə tikinti apara bilər. Məhkəmə hazırki iş üzrə qərar qəbul edən zaman, qeyd olunan boru kəmərlərinin iddiaçının özünün və ailə üzvlərinin həyatı üçün yüksək təhlükə mənbəyi olduğunu nəzərə almamışdır. Birinci instansiya məhkəməsi mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan hazırki mülki işə düzgün hüquqi qiymət verməmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(012)-2730/2019 saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi R.F.Sədiyev öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını, digər cavabdehin apellyasiya şikayətini qəbul etdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi Y.H.Səfərəliyev öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını, digər cavabdehin apellyasiya şikayətini qəbul etdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı nümayəndəsi R.İ.Həsənov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ərizəsini təmin edərkən, mübahisəli torpağın iddiaçının mülkiyyətində olmasına və onun bir mülkiyyətçi kimi hüquqlarının pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin nümayəndələrinin apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin MH seriyalı, ******* saylı çıxarışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.06 ha ölçüdə torpaq sahəsi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Belə ki, iş materialları araşdırılarkən müəyyən edildi ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.06 ha ölçüdə torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmış və həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla xx.xx.2008-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Mübahisəli torpaq sahəsinə AR ƏMDK yanında DƏDRX- də xx.xx.2008-ci il tarixdə İddiaçı mülkiyyət hüququ tanınan zaman torpaq sahəsi qeyd olunan neft boru kəmərlərindən 50 metr məsafədən kənarda olmuşdur. Bu halın mövcudluğu iddiaçı iddia ərizəsində göstərmiş, idddiaçını nümayəndəsi məhkəmə iclaslarında bir daha qeyd etmiş, lakin cavabdehlər həmin halı təkzib etməmiş və yaxud həmin halı təkzib edən sübutlar təqdim etməmişlər. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehlərin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0,06 ha ölçüdə torpaq sahəsinə dair hansı bir müdaxiləsi iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələndiyindən iddianı təmin etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.06 ha ölçüdə torpaq sahəsinə haır hansı bir müdaxiləsi iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbi iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehlərin maneəsinin aradan qaldırılması barədədir. İş materiallarından görünür ki, iddiaçı torpağa mülkiyyət hüququnu təstiq edən sənədlə yanaşı, sübut kimi Abşeron rayon İcra Hakimiyyəti Başçısının torpaq sahəsində tikinti aparılmasına icazə verməsi barədə xx xxxxxx 2008-ci il tarixli 1287 saylı sərəncamada istinad etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini yalnız iddiaçının mülkiyyət hüquqlarının pozulması kontekstində qiymətləndirmiş, həmin sərəcam baxımından qiymət verməmiş, qeyd edilən sərəncamı məhkəmə araşdırmasından kənarda qoymuş, nəticədə iddianı cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxiləsini iddiaçının mülkiyyət hüququnu pozması əsası ilə təmin etmişdir. Halbuki məhkəmə kollegiyası iclası zamanı cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarına əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutdugu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İşdə olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2008-ci il tarixli 1287 saylı sərəncamından məlum olur ki, vətəndaş S.R.X1 xx xxxx 2006-cı il tarixli 170 saylı sərəncamı ilə ayrılmış, Xırdalan şəhərində yerləşən 0,06 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Heydər Əliyev adına X10 nümayəndəsi E.İsmayılov və cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X2 apellyasiya şikayətləri təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2019-cu il tarixli 2(012)-2730/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Heydər Əliyev adına Neft Emalı zavoduna qarşı tikinti işlərinin aparılmasına maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar