Məhkəmə qərarları › İş №2(105)-1345/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1345/2024

21.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1345/2024 21.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1107/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. AZ-İİİ seriyalı 412509 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X8 adlı övladları doğulmuşdur.

2. Quba Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli, 2(027)-1365/2015 saylı qətnaməsindən görünür ki, 14 dekabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 15 may 2015-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir.

3. Azərbayan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsi Quba rayonu Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 17 nömrəli arayışından görünür ki, X8 2023-2024-cü tədris ilində Quba rayonu Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbinin Azərbaycan bölməsinin İX sinfində oxuyur.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Quba rayonu Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qətnaməsi ilə 14 dekabr 2009-cu il təvəllüdlü X1 üçün qət edilmiş 100 manat sabit pul məbləğində alimentin miqdarını 220 manat müəyyən edilərək, hər ay Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi və Cavabdeh hər ay 300 manat tutularaq əlavə xərclərə görə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2007-ci ildə ailə qurmuş, birgə ər-arvad olaraq yaşadıqları 14 dekabr 2009-cu il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Aralarında olan narazılıqlara görə ayrılmışlar, azyaşlı Bahar hal-hazırda onun yanındadır. Cavabdeh uşağa maddi yardım göstərmədiyi üçün o, aliment tələbi ilə 2015-ci ildə Quba rayonu Məhkəməsinə müraciət etmiş və Quba rayonu Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qətnaməsi ilə 14 dekabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. xx.xx.2015-ci il təvəllüdlü Baharın hal-hazırda 8 yaşı var. Cavabdehdən tutulub ona verilməsi qət edilmiş 100 manat pul uşağın tələblərini ödəmir, cavabdeh də bu hallara əhəmiyyət vermir. O, özü də heç bir yerdə işləmir, uşağı maddi cəhətdən təmin etməyə çətinlik çəkir. O, həmçinin bildirir ki, azyaşlı Baharın yaxşı təhsil alması məqsədilə onu məktəbdən əlavə müəllim yanına aparıb əlavə təhsil aldırır ki, gələcək də müasir təhsil sisteminə uyğunlaşa bilsin və onun bu təhsilini təkmilləşdirməsinə hər ay 300 manat xərc çəkir. Ona görə də hesab edir ki, Cavabdeh ona verdiyi alimentin miqdarı artırılmalı və azyaşlı Baharın təhsili ilə əlaqədar əlavə xərclərə cəlb edilməlidir.

6. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1107/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 14 dekabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-1365/2015 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, iddia qalan hissədə təmin edilməməsi, alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim Vüqar Seyidov).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 56.1, 75.1, 78.1, 78.2, 112.1-ci maddələri, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.2 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(027)-1107/2024 saylı qətnaməsinin təmin edilmiş hissədə dəyişdirərək, iddiaçı ilə birgə nikahlarından 14 dekabr 2009-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatınadək saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli, 2(027)-1365/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının hər ay 130 manat sabit pul məbəğində müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə qismən – təmin edilmiş hissədə razılaşmır. Quba Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(027)-1107/2024 saylı qətnaməsi qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyətli olan hallar düzgün araşdırılmamışdır. Birinci instansiya məhkəməsində izhatında qeyd etdiyi kimi, iddianı qismən 130 manat miqdarında qəbul edir. Hazırki qətnamə ilə müəyyən edilən alimenti ödəməyə maddi imkanı yoxdur. İş yeri yoxdur. Uzun müddətdir ki, aliment ödəyir. Hazırda ailəlidir, 2014-cü ildə ailə qurduğu X4 ilə birgə nikahlarından 08 noyabr 2015-ci il təvəllüdlü uşağı – X12 vardır. Həmçinin həyat yoldaşı X4 onkoloji xəstədir, onun müalicə xərclərini də ödəyə bilmir, bu xərcləri qohumlarının və yaxın ətrafının köməkliyi ilə ödəyirlər. Quba Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli, 2(027)-1365/2015 saylı qətnaməsi qəbul edilən tarixdən, yəni alimentin müəyyən edildiyi vaxtdan onun maddi vəziyyəti yaxşılaşmamışdır, əksinə olmuşdur. Müəyyən edilən alimenti çətinliklə ödəyir, ailəsini güclə dolandırır. Həmçinin iddiaçı özü də əmək qabiliyyətlidir. Beləliklə, hesab edir ki, Quba Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(027)-1107/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alımentin miqdarı onun maddi və ailə vəziyyətinə uyğun deyildir, həmin alimentin miqdarının 130 manat müəyyən edilməsini xahiş edir.

10. Alimentin müəyyən edildiyi vaxtdan onun maddi vəziyyəti yaxşılaşmamış qazancı artmamışdır, azalmışdır, əksinə məsrəfləri artmışdır. X5 başqa himayəsində digər yetkinlik yaşına çatmayan uşağı X9 da vardır. Həmçinin hazırki həyat yoldaşı 3-cü dərəcəli bədxassəli onkoloji xəstədir. Hazırki çətin maddi durumunda 2015-ci ildən müəyyən edilən alimenti belə çətinliklə ödəyir. Eyni zamanda bildirir ki, iddiaçı da ikinci nikaha daxil olub, ailəlidir, ailəsinin kifayət qədər maddi imkanı vardır, yeni nikahdan uşağı yoxdur. Göründüyü kimi məhkəmədə qərar qəbul edilərkən qanunun qeyd olunan maddəsi düzgün tətbiq edilməmişdir.

11. Uşaqların saxlanılması hər iki valideynin eyni dərəcədə borcudur. Uşaqların saxlanması üçün lazım olan xərclərin yalnız bir valideynin üzərinə qoyulması düzgün deyildir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.

15. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

16. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

17. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

18. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

“Uşaq hüquqları haqqında” Konvensiya:

19. Maddə 27.2. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

“Uşaq hüquqları haqqında” Qanun:

20. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

21. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

22. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

23. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

24. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1107/2024 nömrəli qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir.

35. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini iddianın təmin edilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.

38. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

39. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.

40. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir.

41. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır.

42. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər.

43. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.

44. Cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərində onun maddi vəziyyətində dəyişikliyin olmamasını, həyat yoldaşının onkoloji xəstə olmasını, ikinci nikahdan uşağın olmasını və uşağın saxlanılmasının hər iki valideynin borcu olmasını göstərmişdir.

45. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərkən həm də uşağın mənafeyini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alaraq iddianın qismən təmin edilməsini əsaslı hesab etmişdir.

46. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

47. Kollegiya qeyd edir ki, göstərilən dəlillər cavabdehin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş alimentin sabit pul məbləğindən az məbləğdə müəyyən edilməsi üçün əsas deyildir. Bununla belə, məhkəmə alimentin miqdarını müəyyən edərkən cavabdehin maddi vəziyyətini və uşağın maddi tələbatını nəzərə almışdır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər cavabdehi uşağının saxlanılmasında maddi iştirakdan azad etmir. Həm də aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Birinci instansiya məhkəməsi sabit pul məbləğində alimentin miqdarını müəyyən edərkən uşağın maddi tələbatını və tərəflərin maddi və digər diqqətəlayiq hallarını nəzərə almışdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli, 2(027)-1365/2015 saylı qətnaməsinin çıxarılmasından 9 il vaxt keçməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin uşağın saxlanması üçün yetərli olmaması, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanları, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanları, mövcud iqtisadi vəziyyətdə inflyasiya nəzərə alınmalıdır.

50. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.

51. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X14rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

52. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 14 dekabr 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır.

53. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1107/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar