Məhkəmə qərarları › İş №2(105)-1348/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1348/2022

18.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1348/2022 18.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X13 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi: X15, Cavabdehin vəkili: Vəkil, Üçüncü şəxsin nümayəndəsi: X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddiaçı Aztelekom MMC-nin Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaitinin iddiaçı Aztelekom MMC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Aztelekom MMC Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 9 ünvanında yerləşən və Aztelekom MMC-nin balansında olan sahədə aparılan qanunsuz tikintinin cavabdeh tərəfindən sökülərək həmin sahənin iddiaçıya təhvil verilməsi, həmin sahədə tikililərin sökülməsi nəticəsində iddiaçıya dəymiş 500000 manat zərərin və ödənilmiş 30 manat pulun cavabdehdən tutularaq Aztelekom MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında İddiaçı (X3 Qovşağının) balansında olan mantyor evi, dizel otağı, gücləndirici məntəqə və həyət sanitar qovşağı qanunsuz şəkildə sökülərək onun yerində mərtəbə sayı məlum olmayan binanın inşasına başlanılmışdır. Bununla bağlı ərazidə olan Aztelekom MMC-nin əməkdaşları aidiyyəti qurumların nümayəndələri ilə birlikdə hadisə yerinə baxış keçirərək akt tərtib etmiş, qanunsuz şəkildə həyata keçirilən tikinti işlərinin dayandırılmasını cavabdehdən tələb etmişdir. Lakin Cavabdeh verilən göstərişə əməl etməyərək tikinti işlərini davam etdirəcəyini bildirmişdir. Aztelekom MMC-nin balansında olan tikililərin qanunsuz şəkildə sökülməsinə başlandığı zaman bununla bağlı Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Abşeron Rayon Polis İdarəsinə müraciət edilsə də, cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. Beləliklə də, cavabdeh İddiaçı MMC-nin balansında olan əmlakı qanunsuz yolla ələ keçirməklə əsassız varlanmış, eyni zamanda, həmin ərazidəki tikililəri özbaşına sökməklə iddiaçıya maddi zərər vurmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı MMC-nin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iş üzrə çıxardıgı qətnamə qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən ekspertiza keçirilmişdir, lakin həmin ekspertiza keçirilən zaman onların nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Ekspert öz rəyində həmin ərazinin onlara aid olmadıgını deyil, sadəcə dəqiqləşdirmə aparılmasının mümkün olmadıgını bildirmişdir. Halbu ki, işdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubu var. Həmin məktubda bina tikintisi üçün özül qazılmış ərazinin İddiaçı MMC-nin balansında oldugu bildirilmiş, orada aparılmış söküntü işlərinin Abşeron Rayon Hakimiyyəti tərəfindən araşdırılmasına göstəriş verilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını tam araşdırmadan yanlış nəticəyə gəlmişdir. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi mübahisələndirilən ərazidə cavabdeh tərəfindən söküntü işlərinin aparıldıgına dair akt tərtib edilmiş, ona söküntü işlərinin dayandırılması barədə rəsmi xəbərdarlıq etmişdir. Abşeron Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli 2(012)- 112/2022 saylı qətnaməsi ləğv olunması və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspert rəyi ilə iddiaçının balansında olan əmakın yerləşdiyi torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsinin üst-üstə düşüb düşməməsi müəyyən edilməmişdir. Məhkəmə isə bu qeyri-müəyyənliyə aydınlıq gətirilmədiyi halda, əlavə araşdırma aparmadan əsassız olaraq iddianı rədd etmişdir. Məhkəmə eyni zamanda, iddia ərizəsində söküldüyü qeyd edilən tikililərin iddiaçıya məxsus olmasına dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyi qeyd etmişdir. Cavabdeh tərəfindən dövlət təşkilatının balansında və dövlət mülkiyyətində olan tikililər sökülməklə dövlətin mülkiyyət və iddiaçının sahiblik hüququ pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli 2(012)-112/2022 saylı qətnaməsi ləğv olunması və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi E.A.Məmmədov öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, üçüncü şəxsin nümayəndəsinin apellyasiya şikayəti qəbul etdi, ərizəyə və şikayətə uyğun izahat verdi, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi T.B.Məhərrəmov öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddiaçının nümayəndəsinin apellyasiya şikayətini qəbul etdi, ərizəyə və şikayətə uyğun izahat verdi, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə ijlasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməməsinin ekspert rəyinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinji instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və üçüncü şəxsin apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİ bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. X1 ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən 0.0126 ha torpaq sahəsini alıcıya 5000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AA546447 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0.1126 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış olmuşdur. Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-ti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0.1126 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1082 saylı reyestr kitabının 82 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********19 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı MMC-nin hüquqşunası X18, İddiaçı MMC KMTQ-nın İİŞ-də TS-nun müdiri X7 və İddiaçı MMC KMTQ-nın Bakı kabel sahəsinin qrup rəhbəri X11 tərəfindən tərtib olunmaqla onların imzaları ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, həqiqətən də, Xırdalan şəhəri H.Əliyev prospekti ərazisində yerləşən, İddiaçı MMC KMTQnin balansında olan, montyor evi, dizel otağı, UP yaşayış evi və həyət tualeti nəməlum tikinti şirkəti tərəfindən sökülmüşdür. İddiaçı MMC-nin KMTQ-nın direktoru X5, İddiaçı MMC-nin İİD mülki tikinti şöbəsinin mühəndisi X10,İddiaçı MMC-nin KMTQ-nın İİŞ-də TS-nun təsərrüfat işləri üzrə mütəxəssisi X6, İN-nin yanında ƏMDX-nin Abşeron rayon ərazi şöbəsinin məsləhətçi müfəttişi X20 tərəfindən tərtib olunmaqla onların imzaları ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, həqiqətən də Xırdalan şəhəri, H.Əliyev prospekti ərazisində yerləşən, İddiaçı MMC X3 Qovşağının balansında olan, montyor evi, dizel otağı, UP yaşayış evi və həyət tualeti Niftəliyev Taleh tərəfindən sökülərək bina tikintisi məqsədi ilə özül qoyulması üçün qazıntı işləri aparılmışdır. Qazıntı işlərinin dayandırılması üçün xx.xx.2020-ci il tarixdə ərazidə olunmuş və Taleh Niftəliyevdən qazıntı işlərinin dayandırılması tələb olunmasına baxmayaraq, T.Niftəliyev buna etiraz edərək işləri dayandırmayacağını bildirmiş və aktı imza etməkdən imtina etmişdir. Əmlak məlumatlarına dair sənəddən görünür ki, Bakı 2 saylı XQ ünvanında inventar nömrəsi 182, ilin sonuna ilkin dəyəri 619.49 manat, ilin sonuna balans dəyəri 142.91 manat, əmlakın ümumi sahəsi 19 kv.m olan birmərtəbəli dizel otağı, Up Xırdalan, inventar nömrəsi 184, ilin sonuna ilkin dəyəri 219.17 manat, ilin sonuna balans dəyəri 50.56 manat, əmlakın ümumi sahəsi 4 kv.m olan birmərtəbəli həyət tualeti, Abşeron rayonu ərazisində inventar nömrəsi 181, ilin sonuna ilkin dəyəri 2158.56 manat, ilin sonuna balans dəyəri 497.96 manat, əmlakın ümumi sahəsi 38 kv.m olan birmərtəbəli montyor evi, Xırdalan ərazisində inventar nömrəsi 183, ilin sonuna ilkin dəyəri 9109.73 manat, ilin sonuna balans dəyəri 2101.51 manat, əmlakın ümumi sahəsi 209 kv.m olan birmərtəbəli UP Xırdalan qeydə alınmışdır. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı Abşeron Rayon İcra Hakimiyyətinə, Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı dövlət əmlakına qanunsuz müdaxilənin qarşısının alınması barədə xx.xx.2020-ci il tarixli 102-xx/xx/0267-20 saylı və 102xx/xx/0268-20 saylı məktublardan görünür ki, İddiaçı (X3 Qovşağının) balansında olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 9 ünvanında yerləşən montyor evi, dizel otağı, gücləndirici məntəqə və həyət sanitar qovşağından ibarət daşınmaz əşyanın naməlum şəxslər tərəfindən sökülməsi işləri həyata keçirilmişdir. Bununla əlaqədar olaraq, MMC-nin əməkdaşları tərəfindən söküntü aparılan əraziyə baxış keçirilmiş və akt tərtib edilmişdir. Aparılan söküntü işləri dövlət əmlakına qanunsuz müdaxilədir və qanunvericiliyin tələblərinə uyğun olaraq qarşısı alınmalıdır. Qeyd edilənlərin nəzərə alınaraq, həmin ərazidə söküntü işlərinin qarşısının alınmasına köməklik göstərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2021-ci il tarixli **********91 saylı məktubdan görünür ki, Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinə nəzarət məqsədilə keçirilən növbəti monitorinqlər zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H Əliyev prospektində yerləşən, İddiaçı MMC-nin tabeliyində olan X8 Qovşağının balansında olan tikililərin söküldüyü və həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisi üçün özül qazılması faktı aşkar edilmişdir. Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət müəssisə və təşkilatlarına sərəncamlarında olan dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi tapşırılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.16.1-ci yarımbəndinə əsasən, müvafiq ərazidə dövlət əmlakının qorunmasının təşkil edilməsi, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlərin həyata keçirilməsi yerli icra hakimiyyətlərinin vəzifələrinə aid edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli, 177 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin, oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”a uyğun olaraq dövlət mülkiyyətində olan əsas vəsaitlər Azerbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq rəy alınaraq balansdan silindikdən sonra sökülə bilər. Göstərilənlər və mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq, yuxarıda qeyd edilən ünvanda yerləşən dövlət əmlaklarına münasibətdə baş vermiş qanun pozuntusu ilə əlaqədar zəruri tədbirlərin görülməsi və nəticəsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-ti 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********36 saylı məktubundan görünür ki, Aztelekom MMC-nin adına daşınmaz əmlak 4 saylı Abşeron rayon ərazi idarəsində qeydiyyatdan keçmədiyi üçün üst-üstə düşmə halı aşkarlanmamışdır. İşdə olan materiallarına əlavə olunmuş 7 (yeddi) ədəd fotoşəkillərdən görünür ki, həmin fotoşəkillərdə əks olunmuş torpaq sahəsində söküntü işləri aparılmışdır. Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, İddiaçı MMC adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.1996-cı il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1122, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 187-ci məhəllə ünvanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6957 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 1082 saylı reyestr kitabının 82 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0,1126 ha torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşür. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev 9 ünvanında yerləşən Aztelekom MMC-nin balansında olduğu iddia olunan torpaq sahəsi barədə iş materiallarına həmin torpaq sahəsinin yerini dəqiqləşdirmək üçün hansı bir məlumat (ayrıc aktı, döngə nöqtələrinin koordinatları, hər hansı tərpənməz nöqtəyə bağlılığı, torpaq sahəsinin planı və ölçüsü sənədi və.s) əlavə edilmədiyindən həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Aztelekom MMC-nin balansında olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 9 ünvanında yerləşən torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestrində 1082 saylı reyestr kitabının 82 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0.1126 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası apellyantın birinci instansiya məhkəməsi tərəfindən sahələrin üst-üstə düşüb-düşməməsinin aydınlaşdırılmaması barədə gətirdiyi dəlilə qiymət verərək hesab edir ki, həmin dəlili qəbul edilə bilməz. Belə ki, mülki iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixli çıxarışa əsasən, Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0.1126 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1082 saylı reyestr kitabının 82 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********19 reyestr nömrəsi ilə qeydiyyata alınmış və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli AA546447 saylı plan və ölçü verilmişdir. Beləliklə də, cavabdehin sözügedən torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ rəsmi dövlət qeydiyyatına alınmaqla sonuncunun həmin əmlak barəsində sahiblik, istifadə və sərəncam vermək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 139-1.1.3. maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun tələblərindən göründüyü kimi, daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Abşeron rayonu Xırdalan şəhəri 0.0126 ha torpaq sahəsini müəyyən məbləğ qarşılığında almaqla 0.1126 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində hüquqlarını qeydə aldırmaqla həmin əmlaka mülkiyyət hüququ əldə etmiş Cavabdeh qeyd olunan əmlaka münasibətdə sahiblik, istifadə və sərəncam vermək hüququnu əldə etmişdir ki, onun göstərilən hüquqları həmçinin, Daşınmaz əmlakın Dövlət reyestri haqqında Qanunun 8.0.3-cü maddəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, sözügedən Qanunun 8.0.3. maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə də, mübahisə predmeti olan Abşeron rayonu Xırdalan şəhəri ünvanında yerləşən 0.1126 ha torpaq sahəsinin Cavabdeh xüsusi mülkiyyətində olması mülki iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmaqla hazırki işin mübahisələndirilməyən tərəfidir. Məhkəmə kollegiyası iddiaçı Aztelekom MMC-nin iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir ki, ilkin olaraq iddiaçı Aztelekom MMC iddia tələbində Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 9 ünvanındakı tikililərin sökülməsini xahiş etdiyi həmin ərazinin onun balansında olduğunu iddia etmişdir. Lakin məhkəmə araşdırması zamanı həmin ərazinin həqiqətən də iddiaçının balansında olmasına dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamış, iddiaçının mülkiyyətində daşınmaz əmlakın qeydiyyata alınmaması isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********36 saylı məktubu ilə də təsdiqlənmişdir. Belə ki, həmin məktuba əsasən, Aztelekom MMC-nin adına daşınmaz əmlak 4 saylı Abşeron rayon ərazi idarəsində qeydiyyatdan keçmədiyi üçün üst-üstə düşmə halının aşkarlanmadığı müəyyən edilmişdir. Bununla da, idda tələbinin əsası kimi irəli sürülən halları sübuta yetirmək sübutetmə vəzifəsi daşıyan iddiaçının üzərinə düşdüyü halda, tikililərin sökülməsini tələb edən iddiaçı Aztelekom MMC həmin ərazisinin həqiqətən də MMC-nin balansında olmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1. maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin naturada üst-üstə düşübdüşmədiyini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və mülki iş üzrə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6957 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 1082 saylı reyestr kitabının 82 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0,1126 ha torpaq sahəsinin plan və ölçüsünün faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən də, məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib əsas sübut növü kimi qəbul edir və iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin cavabdehin qanuni sahiblik, istifadə və sərəncamında olan torpaq sahəsi olması qənaətinə gəlir. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddiaçı Aztelekom MMC iddia tələbində Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 9 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsini tələb etsə də, mülki iş materiallarına əlavə olunmuş fotoşəkillərdə söküntü işlərinin aparılmaqla həmin ərazi üzrə hər hansı bir tikilinin olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi sübut olaraq həmin fotoşəkilləri təqdim etmiş, fotoşəkil əsasında tikilinin olmadığı müəyyən edilmiş, sökülmüş tikilinin təkrar olaraq sökülməsi mümkün olmayan bir hal olduğundan iddia tələbləri bu hissədə də təmin edilə bilməz. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddia tələblərindən göründüyü kimi, iddiaçı Aztelekom MMC həmin tikililərin sökülməsi nəticəsində MMC-yə vurulmuş 500 000 manat maddi ziyanın cavabdehdən MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsində hər hansı bir tikilinin olmadığı, əvvəllər var olmuş tikilinin sökülməsi müəyyən edildiyindən, həmçinin, sökülməsi tələb olunan tikilinin məhz cavabdeh tərəfindən sökülməsi sübuta yetirilmədiyindən, ümumiyyətlə, belə bir tikilərin iddiaçının balansında olmasını sübut edilmədiyindən, eyni zamanda, iddiaçı ona maddi ziyan dəydiyi halda həmin ziyanın konkret olaraq nədə və hansı məbləğdə dəydiyini sübuta yetirəcək əsaslı sənədlərini məhkəməyə təqdim etmədiyindən iddia tələbləri bu hissədə də təmin edilə bilməz. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Göründüyü kimi, iddiaçı Aztelekom MMC iddia ərizəsində cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin onun balansında olmasını, həmçinin, cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilməklə üzərində qanunsuz tikili inşa etdiyini qeyd etsə də, həmin halları sübuta yetirə bilməmiş, bununla da, iddia tələbində irəli sürdüyü halları sübuta yetirəcək əsaslı sənədlərini məhkəməyə təqdim etməmişdir. Halbuki, sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan hüquqlarının və X9 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun məbləği və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığgından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin nümayəndəsinin apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 02 mart 2022-ci il tarixli 2(012)-112/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar