Məhkəmə qərarları › İş №2(105)-1348/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1348/2023

20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1348/2023 20.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, cavabdeh Qafarzadə (Zülfüqarova) İlahə İlham qızının nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2(060)-6251/2022 nömrəli qətnaməsindən cavabdeh Qafarzadə (Zülfüqarova) İlahə İlham qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, vərəsələr Cavabdeh1, Zülfüqarova (Qafarzadə) İlahə İlham qızından, zaminlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada idiaçının хеyrinə 27R000004201 saylı krеdit razılaşması üzrə 1552,43 ABŞ dolları məbləğində krеdit bоrcu, 1386,15 ABŞ dolları məbləğində faiz bоrcu və 1683,12 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4621,70 ABŞ dolları məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 98,57 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qafarzadə İlham Nizami oğluna iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli, 27L000002377 saylı krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə Qafarzadə İlham Nizami oğlu iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli, 27R000004201 saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 ABŞ dolları məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 27R000004201S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qafarzadə İlham Nizami oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Qafarzadə İlham Nizami oğlu götürdüyü krеdit bоrcundan 3447,57 ABŞ dolları ödəmiş, onun 1552,43 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Qafarzadə İlham Nizami oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 2456 gün üçün hesablanmış faiz borcu 1386.15 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi xx.xx.2022-ci il tarixli, 970 nömrəli cavab məktubuna əsasən Qafarzadə İlham Nizami oğlundan miras qalmış əmlaka, xx.xx.2017-ci il tarixdə verilmiş 2v-19 saylı reyestrlə rəsmiləşdirilməsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, Cavabdeh1, X1 İlham Nizami oğlunun vərəsələridir. İddiaçı QSC xx.xx.2022-ci il tarixdə elektron sistem vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, Qafarzadə İlham Nizami oğlu ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27R000004201 saylı kredit razılaşması əsasında yaranmış borc "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya olunacaq problemli kreditlərə aid edilmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi məlumata əsasən, 27R000004201 saylı kredit razılaşması üzrə 2268,66 ABŞ dolları məbləğində kompensasiya hesablanaraq həmin məbləğ əsas borcdan silinmişdir. Hazırda xx.xx.2014-cü il tarixli, 27R000004201 saylı kredit razılaşması üzrə əsas borc 1552,43 ABŞ dolları, xx.xx.2016-cı il tarixinə (müqavilə müddəti sonuna) faiz borcu 0, cərimə isə 182,72 ABŞ dolları təşkil edir. Bununla yanaşı, sözügedən kredit öhdəliyi istinad olunan Fərmana əsasən restrukturizasiya olunacaq problemli kreditlərə aid edilmişdir. Lakin həmin Fərmanın qüvvədə olduğu dövr ərzində kredit razılaşması üzrə əsas borcun restrukturizasiya olunması ilə bağlı Banka rəsmi müraciət daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2(060)-6251/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 1552 (min beş yüz əlli iki) ABŞ dolları 43 (qırx üç) sent (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) məbləğində pulun və iddia ərizəsi verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Qafarzadə (Zülfüqarova) İlahə İlham qızından müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2(060)-6251/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(105)-748/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e- 2(060)-6251/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş və iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası Cavabdeh1 aid hissədə təmin olunmamışdır (sədrlik edən Almaz Süleymanova, hakimlər Səyyad Qafari və Gülnar Cabbarova). Qətnamədən narazı qalan cavabdeh Qafarzadə (Zülfüqarova) İlahə İlham qızı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e- 2(060)-6251/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 970 №-li cavab məktubuna əsasən Qafarzadə İlham Nizami oğlundan miras qalmış əmlaka xx.xx.2017-ci il tarixdə verilmiş 2V-19 saylı reyestrlə rəsmiləşdirilməsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Cavabdeh1 və o, Qafarzadə İlham Nizami oğlunun vərəsələri hesab edilmişdir. Bildirir ki, mərhum atası Qafarzadə İlham Nizami oğlu xx.xx.2016-cı ildə vəfat etmişdir. Kredit müqaviləsinin təminat tədbiri kimi zaminlər müqavilə bağlanarkən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin 472.1-ci maddəsinin tələbini pozmuşdur. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qətnamə qəbul edərkən zaminləri məsuliyyətdən kənarda saxlamışdır. 18 avqust 2014-cü ildə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə kredit müqavilə üzrə əsas borclu vəfat etdiyindən yəni, kredit borcunu icra edə bilmədiyindən tələb zaminlərə qarşı yönəldilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Qafarzadə (Zülfüqarova) İlahə İlham qızının nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə iddiaçının nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə cavabdeh Qafarzadə (Zülfüqarova) İlahə İlham qızından 1552,43 (min beş yüz əlli iki dollar qırx üç sent) (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) məbləğində pulun tutulması hissəsində dəyişdirilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Qafarzadə İlham Nizami oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27L000002377 saylı krеdit xətti müqaviləsindən görünür ki, Bank Cavabdeh1 120 ay müddətinə 50000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Qafarzadə İlham Nizami oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27R000004201 saylı krеdit razılaşmasından görünür ki, Bank Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,3333% оlmaqla 5000 ABŞ Dolları məbləğində krеdit vermişdir. İş materiallarında olan İddiaçı QSC ilə zaminlər arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsi üzrə İlham Qafarzadənin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X5, Cavabdeh2və Cavabdeh3 iddiaçı qarşısında zamin olmuşlar. İş materiallarında olan İddiaçı QSC ilə Qafarzadə İlham Nizami oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 27R000004201S saylı sazişdən görünür ki, Bank Cavabdeh1 arasında bağlanmış razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Belə ki, xx.xx.2012-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh iddiaçıya 13 ay müddətinə 4cü aydan başlayaraq hər ay 433,23 ABŞ dolları, sonuncu ay isə 657,18 ABŞ dolları ödəməli idi. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən Qafarzadə İlham Nizami oğlunun xx.xx.2016-cı il tarixinə əsas borc üzrə 1552,43 ABŞ dolları, cərimə üzrə 182,72 ABŞ dolları olmaqla, cəmi 1735,15 ABŞ dolları borcu vardır. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş «Nikahın pozulması haqqında akt qeydi»ndən görünür ki, Qafarzadə İlham Nizami oğlu ilə Cavabdeh1 arasında bağlanmış nikahın pozulması xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı 839061 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Qafarzadə İlham Nizami oğlu 21 dekabr 2016-cı il tarixdə ölmüşdür. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh1 və İlahə Qafarzadə (Zülfüqarova) İlham Qafarzadənin vərəsələridirlər. Bu səbəbdən onlar İlham Qafarzadənin iddiaçı qarşısında öhdəlikləri üzrə məsuliyyət daşıyırlar. Cavabdehin kredit müqaviləsi üzrə borcu “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşdüyündən cavabdehə faiz borcu hesablanmalı olmadığından iddia yalnız əsas borcun tutulması hissəsində təmin edilməli, faiz və cəriməyə aid hissədə isə təmin edilməməlidir. Həmçinin kredit müqaviləsinin icra müddəti xx.xx.2016-cı il tarixində bitmiş, lakin iddia ərizəsi 1 illik müddəti ötürməklə xx.xx.2022-ci il tarixində məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən iddia tələbi zaminlər Cavabdeh3, Cavabdeh2 və X2 aid hissədə təmin edilə bilməz. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək 1552 (min beş yüz əlli iki) ABŞ dolları 43 (qırx üç) sent (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) məbləğində pulun və iddia ərizəsi verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Qafarzadə (Zülfüqarova) İlahə İlham qızından müştərək qaydada tutulması qənaətinə gəlmişdir. İşə əvvəl Cavabdeh1 apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən apellyasiya instansiyası məhkəməsində müəyyən edilmişdir ki, 04 fevral 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunun tələbləri pozulmaqla verilmiş, Cavabdeh1 ilə Qafarzadə İlham Nizami oğlu arasında olan nikah münasibətlərinə 2013-cü ildə xitam verildiyindən Cavabdeh1 21 dekabr 2016-cı il tarixdə ölmüş keçmiş əri Qafarzadə İlham Nizami oğlunun vərəsəsi ola bilməz və sonuncunun kredit öhdəliyinin yerinə yetirilməsi ilə bağlı mülki məsuliyyətə cəlb edilə bilməz. Qanunvericiliyin tələbinə görə isə miras pasivinə görə miras qoyanın vərəsələri məsuliyyət daşımaqla borcu tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1163-cü maddəsinin göstərişinə əsasən isə Cavabdeh1 mərhumun vərəsəsi hesab edilmir. Belə olan halda apellyasiya instansiya məhkəməsi iddia tələbini İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiasını Cavabdeh1 aid hissədə təmin edilməməsi qənaətinə gəlmişdir. Hazırda iş üzrə digər cavabdeh Qafarzadə (Zülfüqarova) İlahə İlham qızı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2(060)- 6251/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Qafarzadə İlham Nizami oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27L000002377 saylı krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində krеdit хətti açılmış, həmin kredit xətti müqaviləsi üzrə Qafarzadə İlham Nizami oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2014-cü il tarixli, 27R000004201 saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 ABŞ dolları məbləğində krеdit götürmüş, daha sonra tərəflər imzaladıqları xx.xx.2015-ci il tarixli, 27R000004201S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, Qafarzadə İlham Nizami oğlu krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamış, Qafarzadə İlham Nizami oğlu ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27R000004201 saylı kredit razılaşması əsasında yaranmış borc "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya olunacaq problemli kreditlərə aid edilmiş və Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi məlumata əsasən, 27R000004201 saylı kredit razılaşması üzrə 2268,66 ABŞ dolları məbləğində kompensasiya hesablanaraq həmin məbləğ əsas borcdan silinmiş, və xx.xx.2014-cü il tarixli, 27R000004201 saylı kredit razılaşması üzrə əsas borc 1552,43 ABŞ dolları, xx.xx.2016-cı il tarixinə (müqavilə müddəti sonuna) faiz borcu 0, cərimə isə 182,72 ABŞ dolları borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırması zamanı həmçinin müəyyən edildi ki, Qafarzadə İlham Nizami oğlu 21 dekabr 2016-cı il tarixdə ölmüş və xx.xx.2017-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı ildə ölmüş Qafarzadə İlham Nizami oğlunun vərəsəsi kimi Cavabdeh1 və X3 miras əmlakdan (90 manat 32 qəpik) bərabər hissədə pay almaq hüququna dair vərəsəlik şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Qafarzadə İlham Nizami oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşımışdır. Belə ki, Cavabdeh1 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin icrasının daşıyıcısı olmuşdur. Lakin o, müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit borcunu ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə kollegiyası Qafarzadə İlham Nizami oğlunun vəfat etdiyini, Qafarzadə (Zülfüqarova) İlahə İlham qızının onun vərəsəsi kimi tanındığını, qanunvericiliyi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeni nəzərə alaraq hesab edir ki, Qafarzadə (Zülfüqarova) İlahə İlham qızının miras əmlakdan 90,32 (doxsan manat otuz iki qəpik) məbləğində pay almaq hüququ olduğundan və miras əmlakdan aldığı pay həcmində ödəməyə borclu olduğunudan 90,32 (doxsan manat otuz iki qəpik) məbləğində pul Qafarzadə (Zülfüqarova) İlahə İlham qızından tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilərək cavabdeh Qafarzadə (Zülfüqarova) İlahə İlham qızından 90,32 (doxsan manat otuz iki qəpik) məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Qafarzadə (Zülfüqarova) İlahə İlham qızının apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2(060)-6251/2022 nömrəli qətnaməsi “borcun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh Qafarzadə (Zülfüqarova) İlahə İlham qızından 90,32 (doxsan manat otuz iki qəpik) məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar