Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1349/2025 06.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2(060)-1747/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh XXX Cavabdeh 9000 (doqquz min) manat məbləğində pulun tutulub ona verilməsi, həmçinin onun tərəfindən ödənilmiş 110 (yüz on) manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, yəni İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xüsusi notariusunda borc müqaviləsi bağlamaqla cavabdeh XXX Cavabdeh 30664 (otuz min altı yüz atlmış dörd) manat borc pul vermişdir. Müqaviləyə əsasən cavabdeh XXX Cavabdeh borc pulu xx.xx.2021-ci il tarixdən ilk ay 35 müddətinə hər ay 851 (səkkiz yüz əlli bir) manat, sonuncu ay isə 879 manat qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh bir müddət ödənişi ona hissə-hissə etmişdir. Son vaxtlar isə ödəniş etmir. Hal-hazırda müqavilə üzrə cavabdehin ona 9000 (doqquz min) manat borcu qalmışdır. Elə bu səbəbdən də məcbur olub məhkəməyə müraciət edir. İddiaçı sonradan iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh XXX Cavabdeh 17889 (on yeddi min səkkiz yüz səksən doqquz) manat məbləğində pulun tutulub ona verilməsi, həmçinin onun tərəfindən ödənilmiş 220 (iki yüz iyirmi) manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh XXX Cavabdeh ümumillikdə 31889 (otuz bir min səkkiz yüz səksən doqquz) manat məbləğində pulun tutulub ona verilməsi, həmçinin onun tərəfindən ödənilmiş 352 (üç yüz əlli iki) manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizəni onunla əsaslandırmışdır ki, cavabdehin ondan notariusda bağladığı müqavilədən əlavə əlyazma ilə 9000 manat və 14000 manat məbləğində borc götürmüşdür. O, dəfələrlə ona olan borcunun ödənilməsini tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə imtina etmişdir. Elə bu səbəbdən cavabdehi hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Hazırda o, iddia tələbinin həcmini artırmaq istəyir. Ona görə hazırki ərizə ilə müraciət edir. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2(060)-1747/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 17889 (on yeddi min səkkiz yüz səksən doqquz) manat məbləğində pul və 143.67 (bir yüz qırx üç manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2(060)-1747/2025 nömrəli qətnaməsinin dəyişdirilməsi və İddiaçı ümumilikdə 9.000 manat məbləğində borcunun olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, borclu olduğunu qəbul edir. Belə ki, iddiaçı ilə arasında notarial qaydada bağlanılmış kredit müqaviləsinə əsasən qarşı tərəf ona 30.664 min manat qarşılığında 3 (üç) ədəd avtomobil verməli idi. Müqavilənin tarixi bitdikdən sonra qalan 9000 manatın rəsmiləşdirilməsi üçün ona əlyazmaya imza çəkdirmişdir. Bundan sonra, iddiaçı ondan xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə qalmış 8.889 manatdan əlavə həmin məbləğ barədə imza etdiyi əlyazmada göstərilmiş 9.000 manat pulu da əlavə borc kimi hesablamışdır. Halbuki, həmin əlyazmada qeyd olunmuş 9.000 manat borc kredit müqaviləsindən qalmış borca aid olmuş, lakin buna baxmayaraq məhkəmə ümumilikdə 17.889 manat borcun ondan alınaraq iddiaçıya verilməsi barədə qərar qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən ləğv edilməklə, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli notarial qaydada bağlanılmış kredit müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 30664 manat məbləğində pulu hal-hazırda tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC-nin Sumqayıt 8 saylı şöbəsi vasitəsi ilə borc verir. Borc alan krediti xx.xx.2024-cü il tarixinədək ilk 35 ay hər ay 851 manat, sonuncu ay isə 879 manat pulu borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. İş materiallarında olan 05 yanvar 2025-ci il tarixli əlyazmada XXX Cavabdeh Yasəmənə doqquz min manat borcunun olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (740.1.) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2.) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş qaydada pul vəsaitinin verilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq nəzərdə tutulan həmin məbləğ ödənilməmişdir. Cavabdeh iddiaçıdan müqavilə üzrə cəmi 30664 (otuz min, altı yüz altmış dörd) manat məbləğində borc pul götürmüş, kredit müqaviləsi üzrə müəyyən ödənişləri həyata keçirmiş və 8889 manat borcu qalmışdır. İddiaçı isə kredit müqaviləsi üzrə yerdə qalan məbləği tələb edir.Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək 9000 manat borcunun olduğunu bildirmişdir. Bundan əlavə cavabdeh tərəfindən imza edilərək, məhkəmə iclasında onun imzası olması təsdiq edilən əlyazmaya əsasən cavabdeh 9000 min manat borclu olduğunu yazılı qeyd edərək imza etmişdir.Cavabdehin etirazının dəlilləri ilə bağlı (onun təhdid edilməsi, məhkəməyə şahid gətirilməsi və səs yazısının olması ilə bağlı) məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir.Bütün qeyd olunan xüsusatlar notarial qaydada bağlanılmış kredit müqaviləsi və sadə yazılı qeyd ilə iltizamın olması iddia tələbinin borc müqaviləsi və əsassız varlanma nəticəsində hüquqi nəticə yaratmaqla cavabdehin iddiaçının hesabına əsassız varlanmaqla əmlak əldə etməsi olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutlar iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlmişdir ki, onların təkzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən iddia tələbinin əsaslı olmasını şübhə altına alan dəlillər məhkəmə tərəfindən müəyyən edilməyək, iddia tələbinin qismən əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir. Bütün qeyd olunan xüsusatlar nəzərə alınmaqla iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmır və qeyd edir ki, iş materiallarına əsasən müəyyən müəyyən edilir ki, tərəflər arasında 21 dekabr 2021-ci il tarixli notarial qaydada bağlanılmış kredit müqaviləsi vardır.Həmin müqaviləyə əsasən də cavabdehin 9.000 manat borcu 05 yanvar 2025-ci il tarixli əlyazma ilə təsdiq edilir. Yəni tərəflər arasında bir neçə borc tələbi üzrə müxtəlif münasibətlərin mövcudluğu iş materialları ilə təsdiq edilmir. Göründyü kimi, mövcud borc münasibəti üzrə iddiaçı cavabdehin yalnız 9.000 manat borcunun qalmasına dair sübutu məhkəməyə təqdim etdiyindən iddia tələbi də həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətinin əsas dəlili işin faktiki hallarının düzgün araşdırılmayaraq cavabdehin borc müqaviləsi üzrə yalnız 9000 manat borcunun qalması ilə əlaqədar olduğundan apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehdən 9000 manat pul tutulmalı olduğundan apellyasiya şikayəti üçün ödənilmiş 72 manat dövlət rüsumu nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumuna görə 38 manat tutulmalıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2(060)-1747/2025 nömrəli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat və ödənilmiş dövlət rüsumuna görə 38 (otuz səkkiz) manat alınaraq İddiaçı verilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1349/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1349/2025
06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver