Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-135/2022 05.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(060)-1442/2021 nömrəli qətnaməsindən İddiaçı ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 131592-CNS-8916 saylı kredit müqaviləsinə, həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 02 saylı Əlavə Razılaşmaya əsasən 03 dekabr 2020-ci il tarixə 376936,15 rubl məbləğində əsas borcun, 74374,38 rubl məbləğində müqavilə bitdiyi xx.xx.2018-ci il tarixə faiz borcunun, 36123,05 rubl məbləğində xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5 faiz hesabı ilə hesablanmış faiz borcunun, 547081,32 RUB məbləğində cərimə borcunun, cəmi 1034514,90 RUB pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, tələbin “Dodge Challenger minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Rəhimli Fərid İlham oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 131592-CNS- 8916 №-li “Avtomobil krediti müqaviləsi”nə əsasən sonuncuya «Dodge Challenger» minik markalı avtomobilin satın alınması məqsədi ilə illik 15 faiz hesablanması şərti ilə 36 ay müddətinə 1 252.293,00 RUB məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh F.İ.Rəhimlinin mülkiyyətində olan «Dodge Challenger» minik markalı, ** HN *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC, F.İ.Rəhimli və X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə 01 №-li, xx.xx.2016-cı il tarixli əlavə razılaşmaya əsasən kredit müqaviləsi üzrə kredit alanın hüquq və öhdəlikləri X2 ötürülmüşdür. Eyni zamanda ipoteka müqaviləsinə dəyişikliklər edilməsi barədə xx.xx.2016-cı il tarixli, 01 saylı Əlavə razılaşmaya əsasən ipoteka qoyanın hüquq və öhdəlikləri R.R.Muradova ötürülmüşdür. İddiaçı ASC, R.R.Muradov və Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 02 №-li, xx.xx.2017-ci il tarixli əlavə razılaşmaya əsasən kredit müqaviləsi üzrə kredit alanın hüquq və öhdəlikləri cavabdehə ötürülmüşdür. Həmçinin həmin razılaşmanın şərtlərinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixə olan borcu kapitallaşdırılaraq 453556 rubl məbləğində müəyyən edilmiş və cavabdeh həmin borcu illik 20 faiz ödəmək şərti ilə 12 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda ipoteka müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xx.xx.2017-ci il tarixli, 02 saylı əlavə razılaşmaya əsasən ipoteka müqaviləsi üzrə ipoteka qoyanın hüquq və öhdəlikləri cavabdehə ötürülmüşdür. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 16 aprel 2018ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində onun İddiaçı ASC-yə ümumilikdə 1 034 514,90 rubl məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(060)-1442/2021 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilib, əsas borc üzrə 376936,15 rubl, faiz borcu üzrə 74374,38 rubl, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5% hesabı ilə hesablanmış faiz borcu üzrə 36123,05 rubl, cərimə borcu üzrə 5000 rubl olmaqla, cəmi 492433 (dörd yüz doxsan iki min dörd yüz otuz üç) Rusiya rublu 58 (əlli səkkiz) qəpik məbləğində pul (ödəniş günü Rusiya rublunun Azərbaycan manatına olan ekvivalentində manatla) və 15 (on beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın “Dodge Challenger minik” markalı, boz (metal) rəngli, 2013-cü il buraxılışlı, ** BN *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, cavabdehə məxsus “Dodge Challenger minik” markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsi, avtomobilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC-yə olan borc ödənildikdən sonra avtomobilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh qaytarılması, “Dodge Challenger minik” markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin ******* (iki milyon səksən yeddi min yüz əlli altı) Rusiya rublu (satış vaxtı Rusiya rublunun Azərbaycan manatına olan ekvivalentində manatla) məbləğində müəyyən edilməsi və iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onun bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 279, 317.1, 319.1, 319.6, 385.1, 445.2.1, 445.7, 462.1, 467, 739.1, 739.2-ci maddələri, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 34.1.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı İddiaçı ASC apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(060)-1442/2021 nömrəli qətnaməsinin qismən – cərimə borcunun, dövlət rüsumunun məbləğlərinin müəyyən edilməsi və “Dodge Challenger minik” markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin ******* (iki milyon səksən yeddi min yüz əlli altı) Rusiya rublu (satış vaxtı Rusiya rublunun Azərbaycan manatına olan ekvivalentində manatla) məbləğində müəyyən edilməsi hissələrində ləğv edilib, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinsi instansya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələblərinin təmin edilməmiş, cavabdehdən tutulmalı olan cərimə borcunun və dövlət rüsumunun məbləğlərinin müəyyən edilməsi hissələrində ləğv edilməli və həmin hissələrdə iddiaçının iddia tələbi tam təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1315xx-xx-16739 saylı ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunan qiymət açıq hərraca çıxarılacaq ipoteka predmetinin ilkin satış qiyməti deyil, ipoteka predmetinin həmin dövrə olan, yəni 2014-cü ilin avqust ayına olan avtomobilin avtosalondan alış qiymətidir. Açıq hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti və hər hansı bir əmlakın bazar dəyəri, xüsusi ilə də 2014-cü ilə olan dəyəri ayrı-ayrı anlayışlardır. Bu səbəbdən də, məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunmuş avtomobilin 2014-cü il üçün olan dəyəri ilə müəyyən edilməsi əsassızdır. Bundan başqa, hamıya bəlli olan haldır ki, hər hansı bir əmlakın, xüsusi ilə də avtomobilin dəyəri daimi deyil və əlbətdə ki, dəyişir. İpoteka müqaviləsində ipoteka predmetinin dəyərinin müəyyən olunmasından sonra 6 ildən artıq müddətin keçməsini, avtomobil bazarında qiymətlərin köklü şəkildə dəyişməsini, ən əsası isə həmin avtomobilin istifadədə olmasını və aşınmaya məruz qalmasını nəzərə alsaq, məhkəmənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən etməsi hissəsində gəldiyi nəticənin əsassız olduğunu müəyyən edərik. Hesab edirik ki, birinci instansiya məhkəməsi maddi hüquq norması kimi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3, 39.3.3-cü maddələrini səhv təfsir etmiş, bununla da maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı cərimə borcunun məbləğinin də müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmiş və iddiaçı olan Bankın iddia tələbinin cərimə hissəsini heç bir əsas olmadan qismən təmin etmişdir. Göründüyü kimi hazırkı iş üzrə cavabdehin kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozması, onları lazımınca icra etməməsi və aldığı krediti müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində Banka qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi Bankın cavabdehdən cərimə üzrə 547.081,32 (beş yüz qırx yeddi min səksən bir rubl 32 qəpik) RUB məbləğində məbləğində pul vəsaitinin tutulmasına dair tələbini qismən təmin edərək 5.000 (beş min) RUB məbləğində cərimə borcunun Bankın xeyrinə tutulması barədə qətnamə qəbul etmişdir. Bu zaman məhkəmə qətnamədə bu qənaətinin səbəblərini, əsaslarını, məhkəmənin bu qənaətə hansı sübütların qiymətləndirilməsi nəticəsində gəlməsini göstərməmiş, yalnız qətnamənin əsaslandırıcı hissəsində "376936,15 rubl əsas borc məbləğinə 547081,32 rubl cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasübün gözlənilmədiyini” qeyd etməklə kifayətlənmişdir. İddiaçının iddia ərizəsində göstərilən cərimənin əsas borca nisbətən tənasübsüz olduğunu qeyd edən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, öhdəliklərin icrasını təmin edilməsi üsullarından olan cəriməni müqavilənin tərəfləri, müqavilənin şərtlərə müqavilə üzrə tərəflərin gözlədikləri mənafelər əsasında müəyyən olunur. Lakin birinci instansiya məhkəməsi tərəflərin sərbəst iradə ifadələri ilə müəyyən etdikləri şərtlər əsasında cərimə məbləğininin müəyyən edilməsini, müqavilə üzrə borclu tərəfindən istifadə edilmiş kredit vəsaitinin məbləğini və borclunun öhdəliklərini vaxtında üzrlü səbəb göstərmədən icra etməməsini, Bank təşkilatı olan kreditora həmin borcun qaytarılmamasına görə dəymiş ziyanı nəzərə almamışdır. Məhkəmənin qeyd olunan hallar nəzərə alınmadan cərimə borcunun tənasübsüz sürətdə yüksək olduğu qənaətinə gəlməsi əsassızdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 8-ci bəndinə əsasən «Ödəniş cədvəli»ndə və pul öhdəliyinin vaxtından əvvəl icrasına dair bu Müqavilə ilə müəyyən edilən pretenziyada (bildirişdə) müəyyən edilən müddətlərdə (kredit müddətində) öhdəliklər vaxtında tam icra edilmədikdə gecikdirilmiş kredit yaranır və gecikdirilmiş kredit hesablarında əks etdirilir. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(060)-1442/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Bankın iddia ərizəsində qeyd etdiyi məbləğ həddindən artıq şişirdilmişdir. Onun tərəfindən banka ödənilmiş məbləğlər, bankın təqdim etdiyi sənədlərdə öz əksini tapmamışdır. Bundan əlavə həm əsas, həm də faiz borcu bank tərəfindən dəfələrlə şişirdilmişdir. Bununla bağlı ekspertizanın keçirilməsi zəruri olduğu halda keçirilməmişdir. Bundan əlavə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1315xx-xx-16739 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka yüklü edilmiş “Dodge Challenger minik” markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobil ******* rubl məbləğində qiymətləndirilmişdir. Hesab dir ki, həmin məbləğ avtomobilin real bazar qiymət deyil və bununla bağlı əlavə ekspetizanın keçirilməsi zəruridir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Tərəflərin apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi Nümayəndə iddiaçının verdiyi apellyasiya şikayətini müdafiə, cavabdehin verdiyi apellyasiya şikayətinə etiraz edərək iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Cavabdeh öz verdiyi apellyasiya şikayətini müdafiə, qarşı tərəfin verdiyi apellyasiya şikayətinə etiraz edərək qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Maddə 421.2. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 467. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanun Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Maddələr 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 39.3.3-cü maddəsində «ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında» ifadəsi mübahisəyə baxılan anda razılaşmanın olmasını nəzərdə tutur. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir qiymətləndirici vasitəsi ilə ilkin satış qiymətini müəyyən edir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, İddiaçı ASC və Rəhimli Fərid İlham oğlu arasında bağlanan xx.xx.2014-cü il tarixli, 131592-CNS-8916 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Fərid Rəhimliyə 36 ay müddətinə, illik 15 faiz ödənilməsi şərtilə ******* rubl məbləğində kredit verilmişdir. Kassa məxaric orderi bunu təsdiq edir. xx.xx.2014-cü il tarixli, 131592-CNS-8916 saylı kredit müqaviləsinin ödəniş planına əsasən Fərid Rəhimli kredit müqaviləsi üzrə hər ay 43421 rubl, sonuncu ay isə 43419,43 rubl ödəniş etməli idi. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1315xx-xx-16739 saylı ipoteka müqaviləsinə əsasən cavabdeh Rəhimli Fərid İlham oğlu kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə özünə məxsus “Dodge Challenger minik” markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir.Avtomobilin ilkin satış qiyməti ******* rubl məbləğində qiymətləndirilmişdir. İddiaçı ASC, Fərid Rəhimli və Rəmzan Muradov arasında xx.xx.2016-cı il tarixində bağlanmış avtomobil krediti müqaviləsinə dəyişiklik edilməsi barədə razılaşmaya əsasən Fərid Rəhimlinin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə hüquq və öhdəlikləri Rəmzan Muradova ötürülmüşdür. Eyni tərəflər arasında eyni tarixdə bağlanmış ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında razılaşmaya əsasən Fərid Rəhimlinin ipoteka qoyan kimi hüquq və öhdəlikləri Rəmzan Muradova ötürülmüşdür. İddiaçı ASC, cavabdeh və Rəmzan Muradov arasında xx.xx.2017-ci il tarixində bağlanmış avtomobil krediti müqaviləsinə dəyişiklik edilməsi barədə razılaşmaya əsasən Rəmzan Muradovun xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə hüquq və öhdəlikləri cavabdehə ötürülmüşdür. Həmin müqaviləyə əsasən cavabdehin borcu kapitallaşdırılaraq 453 556 rubl məbləğində müəyyən edilmiş, o, həmin borcu 12 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixinədək qaytarmağı və 20 % ödəməyi öhdəsinə götürmüşdür. Kredit alanın həmin tarixə 2974,40 rubl cərimə borcu müəyyən edilmişdir. Bu müqavilənin ödəniş planına əsasən cavabdeh kredit müqaviləsi üzrə hər ay 45552,58 rubl, sonuncu ay isə 44303,19 rubl ödəniş etməli idi. Eyni tərəflər arasında eyni tarixdə bağlanmış ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında razılaşmaya əsasən Rəmzan Muradovun ipoteka qoyan kimi hüquq və öhdəlikləri cavabdehə ötürülmüşdür. AD seriyalı 117063 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Dodge Challenger minik” markalı ** BN *** dövlət nömrə nişanlı minik avtomobil mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. Maliyyə arayışına əsasən cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixinə 376936,15 rubl əsas borc, 74374,38 rubl faiz borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5 % hesabı ilə hesablanmış 36123,05 rubl faiz borcu, 547081,32 cərimə borcu olmaqla, cəmi 1034514,90 rubl borcu vardır. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2014-cü il tarixli, AA seriyalı 137694 saylı çıxarışa əsasən Cavabdeh məxsus “Dodge Challenger minik” markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobil iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir və Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2021-ci il tarixli, 9/4998 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 27 noyabr 2017-ci il tarixli əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müdətinin bitdiyi 27 noyabr 2018-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 429.793,44 rubl təşkil edir, o cümlədən həmin məbləğin 376.936,2 rubl hissəsi əsas borc və 52.857,24 rubl hissəsi isə faiz borcudur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2021-ci il tarixli, 9/5001 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, “Dodge Challenger minik” markalı, 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin real bazar qiyməti təxminən 38.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2021-ci il tarixli, 9/7849- 9/7873 saylı təkrar ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 27 avqust 2014-cü il tarixli, 131592-CNS-8916 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh 27 noyabr 2018-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 429.793,39 rubl məbləğində təşkil edir, o cümlədən həmin məbləğin 376.936,15 rubl hissəsi əsas borc və 52.857,24 rubl hissəsi isə faiz borcudur. Eyni zamanda “Dodge Challenger minik” markalı, 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin real bazar qiymət təxminən 38.000 manat, likvid dəyəri (təxminən 10-15 % çıxılmaqla) 33.500 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli, 9/2946 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, “Dodge Challenger minik” markalı, 2013-cü il buraxılışlı normal vəziyyətdə likvid qiyməti təxminən 41.000 manat təşkil edir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli, 131592-CNS- 8916 saylı kredit müqaviləsi və 27 noyabr 2017-ci il tarixli əlavə sazişə əsasən cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və həmin müqavilə və saziş üzrə borcu yaranmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı bank müqavilə üzrə əsas, faiz və cərimə borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək məqsədi ilə məhkəm mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2021-ci il tarixli, 9/4998 saylı və 16 dekabr 2021-ci il tarixli, 9/7849- 9/7873 saylı ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 27 avqust 2014-cü il tarixli, 131592- CNS-8916 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh 27 noyabr 2018-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 429.793,39 rubl məbləğində müəyyən olunur, həmin məbləğin 376.936,15 rubl hissəsi əsas borc üzrə və 52.857,24 rubl hissəsi isə faiz borcudur. Qeyd olunan ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu, birinci istansiya məhkəməsinin müəyyən etdiyi məbləğ ilə eynilik təşki etsə də, faiz borcu birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğlərdən azdır. Belə olan halda xx.xx.2014-cü il tarixli, 131592-CNS-8916 saylı kredit müqaviləsi və 27 noyabr 2017-ci il tarixli əlavə sazişə əsasən tələb edilən 74.374,38 rubl məbləğində faiz borcu Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2021-ci il tarixli, 9/4998 saylı və 16 dekabr 2021-ci il tarixli, 9/7849- 9/7873 saylı ekspert rəylərində müəyyən edilmiş 52.857,24 rubl məbləğində müəyyən edilməlidir. İş materiallarından görünür ki, kreditor tərəfindən borcludan 547081,32 rubl məbləğində cərimə tələb edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 547081,32 rubl məbləğində cərimə azaldılaraq 5000 rubl müəyyən edilmişdir. Məhkəmə kollegiyası kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cərimə məbləğinin 5000 rubl müəyyən edilməsi qanuni və əsaslı olub, işin faktiki hallarına uyğundur. Tərəflərin verdikləri apellyasiya şikayətinin dəlilərindən biri də, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən xx.xx.2014-cü il tarixli, 1315xx-xx-16739 saylı ipoteka müqaviləsinə əsasən cavabdeh Rəhimli Fərid İlham oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə özünə məxsus “Dodge Challenger minik” markalı, boz (metal) rəngli, 2013-cü il buraxılışlı, ** BN *** dövlət nömrə nişanlı avtomobilin müəyyən edilmiş ilkin satış qiymətinin həqiqəti özündə əks etdirmədiyi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası tərəfindən mübahisənin obyektiv həlli məqsədi məhkəmə əmtəəşünaslıq – qiymətləndirmə ekspertizaları təyin edilmiş və müvafiq rəylər alınmışdır. Məhkəmə kollegiyasının növbəti iclasında tərəflər yazılı ərizə ilə müraciət edib, ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsini qətnamənin icra mərhələsində həyata keçirilməsinə razılıq vermişlər. Məhkəmə kollegiyası nəzərə alır ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin təyinatı tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birini əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyini eyni həcmdə müdafiə olunmasını tələb edir. Bu baxımdan tərəflər arasında razılaşma olmadan, həmçinin əmlakın real bazar qiymətini müəyyən etmədən, yalnız qanunda nəzərdə tutulduğuna istinad edərək, ehtimal əsasında ipoteka predmeti olan əmlaka tərəflərdən birinin mənafeyinə zidd, əmlakın mövcud vəziyyətinə açıq-aşkar uyğun olmayan ilkin satış qiymətinin qoyulması qanunun məqsədlərinə riayət edilməsi kimi qəbul oluna bilməz. Nəzərə alınmalıdır ki, qətnamədə ilkin satış qiyməti müəyyən edilmədikdə “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan məqsədlər bu barədə məhkəmə qətnaməsinin icra edilməsi mərhələsində təmin olunur. Belə ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə müvafiq olaraq açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə görə borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin göstərişinin icra edilməsi məqsədilə ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin ehtimallar əsasında müəyyən edilməsi əslində qanunun həmin göstərişinin məqsədlərinə cavab vermir və ipoteka saxlayanın mənafelərinə ziddir. Məhkəmə baxışı çərçivəsində qanunun bu tələbinə riayət edilməsi qeyri-mümkün olduğundan həmin məsələ mülki və icra haqqında qanunvericiliyin tələbinə müvafiq olaraq icra icraatı çərçivəsində ipoteka predmeti aşkar edilib ona tutma yönəldilməsi proseduru zamanı riayət edilməlidir. Ona görə də, ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti qətnamənin icra mərhələsində müəyyən olunmalıdır. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2021-ci il tarixli, 9/4998 saylı rəyi ilə bağlı tədqiqatın dəyəri 150 manat, 02 avqust 2021-ci il tarixli, 9/5001 saylı ekspert rəyi ilə bağlı tədqiqatın dəyəri 100 manat, 16 dekabr 2021-ci il tarixli, 9/7849- 9/7873 saylı ekspert rəyləri ilə bağlı tədqiqatın dəyəri 100 manat və 07 sentyabr 2022-ci il tarixli, 9/2946 saylı rəyi ilə bağlı tədqiqatın dəyəri 100 (yüz) manat olmaqla ümumilikdə 450 (dörd yüz əlli) manatdır. İddiaçının apellyasiya şikayəti qismən təmin edildiyi üçün ekspertiza tədqiqatına xərclənmiş 450 (dörd yüz əlli) manat pulun 245,16 manat hissəsi İddiaçı ASC-dən, 204,84 manat hissəsi ilə Cavabdeh tutulub AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına və 500 manat alınıb "xxxx" ASC-nin VÖEN **********, KOD 505141 müxbir hesab AZ 82 NABZ********************4 SWİFT BİK PAHAAZ22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC-nin və Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(060)-1442/2021 nömrəli qətnaməsi – «Faiz borcu üzrə 74374,38 rubl məbləğində pul (ödəniş günü Rusiya rublunun Azərbaycan manatına olan ekvivalentində manatla) Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin» hissəsində dəyişdirilsin və kredit müqaviləsi üzrə faiz borcu 52.857,24 rubl məbləğində müəyyən olunsun. İddia qismən təmin olunsun. Qətnamə - «Əsas borc üzrə 376936,15 rubl, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5% hesabı ilə hesablanmış faiz borcu üzrə 36123,05 rubl, cərimə borcu üzrə 5000 rubl pul (ödəniş günü Rusiya rublunun Azərbaycan manatına olan ekvivalentində manatla) və 15 (on beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, tutma “Dodge Challenger minik” markalı, boz (metal) rəngli, 2013cü il buraxılışlı, ** BN *** dövlət nömrə nişanlı avtomobilə yönəldilsin, cavabdehə məxsus “Dodge Challenger minik” markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobil açıq hərracda satılsın, avtomobilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcu ödənilsin, avtomobilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin, İddiaçı ASC-yə olan borc ödənildikdən sonra avtomobilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh qaytarılsın, iddia qalan hissədə təmin edilməsin» hissələrində dəyişdirilmədən saxlansın. «“Dodge Challenger minik” markalı, ** BN *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti ******* (iki milyon səksən yeddi min yüz əlli altı) Rusiya rublu (satış vaxtı Rusiya rublunun Azərbaycan manatına olan ekvivalentində manatla) məbləğində müəyyən edilsin» hissəsi qətnamədən xaric edilsin və həmin avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi qətnamənin icra mərhələsində icra icraatı qaydasında həyata keçirilsin. Ekspertiza tədqiqatına xərclənmiş 450 (dörd yüz əlli) manat pulun 245,16 manat hissəsi İddiaçı ASC-dən 204,84 manat hissəsi ilə Cavabdeh tutulub AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına və 500 manat alınıb "xxxx" ASC-nin VÖEN **********, KOD 505141 müxbir hesab AZ 82 NABZ********************4 SWİFT BİK PAHAAZ22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-135/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-135/2022
05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver