Məhkəmə qərarları › İş №2(105)-135/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-135/2024

25.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-135/2024 25.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 19 iyun 2023cü il tarixli, 2(027)-1041/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 20250 (iyirmi min iki yüz əlli) manat məbləğində zərərin və 151 (yüz əlli bir) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 1(027)-28/2019 saylı hökmünə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində vurduğu maddi ziyana görə 17500 manat və mənəvi ziyana görə 1000 manat pul vəsaitinin X4 alınaraq atası X16 verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli qərarına əsasən mənəvi ziyana görə ödənilməli məbləğ dəyişdirilərək 4000 min manat müəyyən edilmişdir. Qərar qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. İcra müddətində 1250 manat pul ödənilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq keçən müddət ərzində 20250 manat pul borclu tərəfindən ödənilməmişdir. X17 19 noyabr 2021-ci il tarixdə vəfat etmiş, atasının vəfatından sonra hüquqi varis kimi o, proseslərdə iştirak etmişdir. X3 isə 15 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra üç vərəsəsi - cavabdehlər qalmışdır. Cavabdehlər qərəzli formada öhdəlik yaranmaması üçün miras qoyan X8 ölümündən sonra vərəsəlik açılması üçün notariat orqanına müraciət etmirlər. Buna baxmayaraq cavabdehlər Rəcəb Əzizova məxsus 0,06 ha torpaq sahəsində yerləşən evdə yaşamaqla, onun mirasından istifadə və idarə etməklə mirası faktiki qəbul etmişlər. Həmçinin cavabdehlərdən Cavabdeh1 borclunun ölümündən sonra məhkəmə proseslərində hüquqi varis kimi tanınmış və iştirak etmişdir. Cavabdehlər göstərilən borcu ödəmək istəmirlər. Quba Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(027)-1041/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 20250 (iyirmi min iki yüz əlli) manat məbləğində vəsaitin İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun əvəzi 151 (yüz əlli bir) manatın cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim Vüqar Seyidov). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(027)-1041/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ziyana görə hesablanan pul iddiaçıya aid olmadığı üçün iddiaçının bu pulu cavabdehlərdən tələb etməyə subyektiv hüququ yoxdur. Bu tələb X16 aid olub. Onun vəfat etməsi ilə tələbə də xitam verilib. Bu tələb Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına əsasən vərəsəlik üzrə keçə bilməz. Bu tələb şəxsin özünə aid olduğundan onun ölümü ilə də tələbə xitam verilmişdir. Bununla yanaşı cavabdehlər X8 vərəsəliyini qəbul etməyiblər. Bununla bağlı Quba rayon icra və probasiya şöbəsinin icraata xitam verilməsi haqqında 18 aprel 2023-cü iltarixli qərarı qəbul edilmişdir. Həmin qərara əsasən Rəcəb Əzizovun adına vərəsəlik açılmadığı üçün Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 28/2021 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilməli, cavabdehlərin hər birindən 6750 manat tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan Quba RİHB-nın Alekseyevka kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Quba rayonu, Timiryazev qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)- 28/2019 saylı hökmündən görünür ki, X12 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X4 vurduğu maddi ziyana görə 17.500 (on yeddi min beş yüz) manat və mənəvi ziyana görə 1.000 (bir min) manat məbləğində pul alınaraq, X16 verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(105)-164/2019 saylı hökmündən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(027)-28/2019 saylı hökmü mülki iddianın təmin edilməsi hissəsində dəyişdirilərək, mənəvi ziyana görə X4 alınaraq X16 verilməli olan pulun məbləği 1.000 (bir min) manatdan 4.000 (dörd min) manata qədər artırılmışdır. İş materiallarında olan AZ-İİ 211675 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı X14 vərəsəsidir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-260F KOD 30304048 saylı şəhadətnamənin surətindən görünür ki, X12 və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarı ilə 0,06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Quba rayonu, Timirzyev qəsəbəsində yerləşən 0,3191 ha torpaq sahəsi X8 adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi xx.xx.2019-cu il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən alıcı X2 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan Quba Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünüür ki, X8 ölümündən sonra Quba Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə onun adına vərəsəlik işinin açılması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 151 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdehin apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarına əsasən və qanuni qüvvəyə mimiş məhkəmə qərarlarına əsasən müəyyən edilir ki, X8 X14 hüquqi varisi İddiaçı maddi və mənəvi ziyana görə ödənilməmiş 20250 manat borcu vardır və X14 hüquqi varisi İddiaçı mülki qanunvericiliyə əsasən qeyd edilən maddi və mənəvi zərəri tələb etmək hüququ vardır. Belə ki, Mülki Məcəllənin 1151ci maddəsinə əsasən ölən şəxsə tələb hüququ ilə məxsus olan borc məbləği onun miras kütləsinə daxildir və buna görə də vərəsəliyi qəbul etmiş şəxs də həmin ona ödənilməli olan borcu da qəbul etmiş sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən isə mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Birinci instansiya məhkəməsi Cavabdeh1 mirası qəbul etməməsinə dair dəlilinə münasibətdə “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 15 sentyabr 2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakı qanunla müəyyən edilmiş rəsmi formada vərəsəliyi qəbul etməsələr də, iş materiallarından müəyyən edildiyi kimi onlar X8 ailə üzvləridir və mərhumdan qalan miras əmlaka faktiki olaraq sahib olmuşlar. Həmin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Bununla əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibərlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda mübahisə predmeti olan cavabdehlərin yaşadıqları fərdi yaşayış evinin tikintisinə müəyyən vəsait sərf olunmuşdur. Həmin tikilinin fotoşəkilləri işin 167,168,169-cu səhifələrində əks olunmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 cavabdehlərin yaşadıqları evin onun atası mərhum X12 tərəfindən deyil, babası X13 tərəfindən tikildiyini bildirmişdir və bunu təsdiq edən cavabdehlərin imza etdikləri 16 yanvar 2024-cü il tarixli aktı məhkəmə kollegiyasına təqdim etmişdir (i/v 181).Belə olan halda isə həmin evin tikintisinə çəkilmiş xərclər üzrə hüquqlar mərhum X5 onun hüquqi varisi olan xx.xx.2022-ci ildə vəfat etmiş X1.Bununla əlaqədar məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-135/2024 nömrəli qərardadı ilə Quba rayonu, Timirzayev kəndində yerləşən hazırda cavabdehlərin yaşadıqları həmin evin tikintisinə istifadə edilmiş tikinti materiallarının ümumi dəyərinin müəyyən edilməsinə dair məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.Ekspertizanın kçeirilməsi ilə əlaqədar tədqiqat obyekti olan evə baxış keçirilməsi 06 mart 2024-cü il tarixə saat 16:00-a təyin edilsə də, cavabdehlər tərəfindən həmin tarixdə tədqiqat obyektinə baxış keçirilməsi təmin olunmadığından ekspert H.Məmmədov tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir.Azərbaycan Respublikası MPMin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Buunla əlaqədar məhkəmə kollegiyası işin 167,168 və 169-cu səhifələrində əks olunmuş fotoşəkillərə əsasən qeyd olunan evin tikintisinə çəkilmiş tikinti materiallarının ümumi dəyərinin borc məbləğinin ümumi dəyərindən çox olması nəticəsinə gəlir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası həmçinin bu nəticəyə gəlir ki, cavabdehlərin hazırda yaşadıqları mərhum X9 məxsus yaşayış evinə çəkilmiş xərclərə görə hüquqlar onun vərəsələri olan cavabdehlər tərəfindən qəbul olunduğundan mərhum X8 borcları üzrə vəzifələr bərabər payda onun birinci növbəli vərəsələri olan cavabdehlərə keçməlidir. Bundan əlavə məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mərhum borcluya məxsus yaşayış evi qeydiyyatdan keçməsə də, həmin tikinti X8 və onun hüquqi varislərinin ümumi birgə mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşdiyindən qeyd edilən yaşayış evinə Mülki Məcəllənin 180.3-cü maddəsinin tələbləri baxımından cavabdehlərin gələcəkdə gözlənilən mülkiyyət hüququ vardır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilməli, cavabdehlərin hər birindən 6750 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X6, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilməlidir. Belə ki, 04 dekabr 2023-cü il tarixli ekspert rəyinə əsasən Quba rayonu, Timirzayev kəndində yerləşən birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin hazırki orta bazar qiymətinin 13000 manat olduğu qeyd edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası mərhum X3na aid torpaq sahəsi üzrə payının dəyərinin ayrılıqda müəyyən edilməsini işin yuxarıda araşdırılan hallarına əsasən artıq zəruri hesab etmir. Yəni evin tikintisinə çəkilmiş xərclər yuxarıda göstərilənlərə əsasən ümumi borc məbləğindən çox olduğundan, mərhum borclunun torpaq payının dəyərinin ayrılıqda müəyyən edilməsinə zərurət aradan qalxmış olur. Bununla əlaqədar məhkəmə kollegiyası həmçinin borcdan yayınmaq məqsədi ilə hələ mərhum borclunun sağlığında ona məxsus torpaq sahələrinin onun nümayəndəsi Cavabdeh1 tərəfindən özgəninkiləşdirilməsinə dair iddiaçının dəlillərinin araşdırılmasını da zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(027)-1041/2023 nömrəli nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birindən 6750 manat olmaqla, ümumilikdə 20250 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulsun. Qətnamə digər hissədə dəyişdirilmədən saxlansın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X6, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar