Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1352/2022 09.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, nümayəndəsi Nümayəndə2, Cavabdeh X10 və onun nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh X8 qarşı pul tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(031)-283/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Şabran Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(031)-283/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X8 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. (hakim Çingiz İsgəndərov) İddiaçı apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(031)-283/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8500 ABŞ dolları məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşının kənddə ən yaxın olduğu adam cavabdeh X10 olmuşdur. Cavabdehin kənddə dükanı olduğundan həmişə ticarətini genişləndirmək üçün onun həyat yoldaşından sələmsiz borc pul alıb qaytarmışdır. Axırıncı dəfə cavabdeh onun iştirakı ilə xx.xx.2015-ci ildə özünün imzası ilə verdiyi pulun alınması barədə izahatında 8500 ABŞ dolları və 7200 manat almasını təsdiq etmişdir. Cavabdeh 7200 manat pulu hissə-hissə qaytarmış, 8500 ABŞ dolları isə bu günə kimi qaytarmamış və buna cəhd belə göstərməmişdir. Buna görə də 8500 ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, işdə olan materialların araşdırılması nəticəsinə görə iddia əsassız olduğundan təmin edilməməlidir, lakin məhkəmə bu qənaətə hansı sübutların tədqiqi nəticəsində gəldiyini qeyd etməmişdir. Eləcə də, məhz hansı sübutun tədqiqindən bu nəticəyə gəlməsi də qətnamədə qeyd olunmamışdır. Məhkəmə təqdim olunmuş SD diskdə olan danışığını səsləndirmiş və cavabdeh səsin ona məxsus olmasını etiraf etmişdir. Eləcə də, iclas zalında mərhum Həsənov Mübariz tərəfindən yazılan və borclunun ödəniş etdiyi 2018-2019-cu illəri əks etdirən əlyazmanı qəbul etməmiş və bunu nə üçün qəbul etmədiyini də bildirməmişdir. Birinci instansiya məhkəməsinin həmin nəticəsi tamamilə əsassızdır. Belə ki, məhkəmədə dinlənilən SD diskdə olan danışığın məzmunundan görünür ki, cavabdeh borcu ödədiyini desə də, ödənişi nə vaxt, kim tərəfindən edildiyini, hansı şəraitdə ödənildiyini, bunları necə sübut edə biləcəyini, kimin iştirakı ilə ödənilməsi barədə bir kəlmə də demir. Həmçinin bankrot olmasını və imkanın olmamasını bildirir, dollarla bağlı isə cavabdeh məzənnə mübahisəsi edir, 1.5 olanda götürdüyünü bildirir. Bu isə onu deməyə əsas verir ki, borc ödənilməyib. Eləcə də, danışıqlar zamanı borclu 6-7 il ödəniş etdiyini bildirir. Bu isə borcun yarandığı gündən hesablandıqda iddia müddətinin ötməməsini deməyə əsas verir və təqdim etmək istədikləri sənədlə üst-üstə düşür. Məhkəmə isə bunları nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti təmin olunmalıdır. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək əlavə etdilər ki, cavabdeh X10 aldığı 7200 manat pulu hissə-hissə qaytarmış, 8500 ABŞ dolları isə ödənilmədən qalmaqdadır. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi Nümayəndə2 da apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, cavabdeh borcundan sonuncu dəfə 2019-cu ilin iyun ayında 200 manat qaytarmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında cavabdeh X10 apellyasiya şikayətini qəbul etməyərək əlavə etdi ki, iddiaçının mərhim həyat yoldaşından doğrudan da 2015-ci ilin axırlarında 7200 manat və 8500 ABŞ dolları borc pul almış, lakin alınmış pulu geri qaytarmış və iddiaçıya hazırda heç bir borcu qalmamışdır. Borcunu 2018-ci ildə ödəyib qurtarıb, lakin 2019-cu ildə narazılıq olmasın deyə 4 dəfə “dilxoşluq” üçün 200 manat pul ödəmişdir. Sonuncu dəfə təxminən yay aylarında 200 manat vermişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında cavabdeh X7 nümayəndəsi-atası X4 bildirdi ki, oğlunun iddiaçının ərinə borcu olduğunu bilmiş və özü onunla görüşüb söhbət etmiş, dolların məzənnəsi ilə bağlı razılığa gəlmiş, kənddə olan torpağı 3000 manata satıb ona vermiş və 23 ayda 200-300 manat pul ödəyərək borcu qaytarmışlar. 8500 ABŞ dollarını 8600 manat pul ilə bağlamışlar. Manatla olan borcu oğlu, dollar ilə olan borcu o, qaytarmışdır. 2019-cu ildə ödənilən pulları “halallıq” üçün ödəmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Vİ-ЖГ seriyalı, 340389 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X9 və Həsənov (İsmayılova) Bahar Qəhrəman qızı 19 noyabr 1996-cı ildə nikahlarını rəsmi qeyd etdirərək evlənmişlər. İşdə olan xx.xx.2015-ci il tarixli əlyazmadan görünür ki, X1 Mübariz Xanbala oğlundan 8500 ABŞ dollar və 7200 manat məbləğində borca pul almış, həmin pulu 2016-cı ilədək qaytarmağı öhdəsinə götürmüşdür. Əlyazmanı N.Heydərov öz iması ilə təsdiq etmişdir. Yenə də işdə olan Şabran rayon Qeydiyyat şöbəsi tərəfindən 17 avqust 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 151834 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 «respirator pozğunluq sindromu» səbəbindən 08 avqust 2021-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən 01 mart 2022-ci il tarixdə reyestrdə 308 və 310 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, 08 avqust 2021-ci il tarixdə vəfat etmiş X5 vərəsələri İddiaçı və X13r. Yenə işə əlavə edilmiş əlyazmalardan görünür ki, cavabdeh X10 2018-ci ilin fevral ayından etibarən 2019-cu ilin aprel ayına qədər və 2019-cu ilin iyun ayında hər ay 200-300 manat olmaqla, İddiaçı pul qaytarmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(031)-283/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mərhum əri Mübariz Həsənov ilə cavabdeh arasında borc münasibətləri yaranmışdır. İddiaçı cavabdehə əri tərəfindən 2015-ci ilin noyabr ayında borc olaraq 8500 ABŞ dolları və 7200 manat pul verdiyini, cavabdehin 7200 manat pulu hissə-hissə qaytardığını, 8500 ABŞ dolları borcu isə bu günə kimi qaytarmadığını bildirir. Cavabdeh isə tələb edilən borc pulları aldığını etiraf etsə də, həmin pulları mərhum Mübariz Həsənovun özünə qaytardığını, borcunun qalmadığını bildirir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının əri tərəfindən cavabdehə 2015-ci ilin noyabr ayında borc olaraq 8500 ABŞ dolları və 7200 manat pul verilməsi, cavabdehin 7200 manat pulu hissə-hissə qaytarması işin mübahisəsiz halıdır. Qeyd edildiyi kimi əsas mübahisə 8500 ABŞ dolları məbləğində borcun qaytarılması ilə bağlıdır. Cavabdeh borclu həmin məbləği aldığını etiraf edərək hissə-hissə qaytardığını bildirir. Başqa sözlə, artıq tələb edilən borc pulun qaytarılmasının sübut etmə yükü cavabdehin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, hazırki halda cavabdehin iddiaçıdan 8500 ABŞ dolları pul alması onun etirafı ilə təsdiqini tapır. Lakin həmin pulun qaytarılmasını iddia etsə də, bununla bağlı cavabdeh tərəf məhkəməyə öz mülahizələrindən başqa, əsaslı şübhələrdən kənar heç bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Cavabdehin və nümayəndəsinin izahatı isə ziddiyətli olub, onların dəlillərinin təsdiqi üçün yetərli deyildir. Onlar yaşadıqları kənddə özlərinə məxsus torpaq sahəsini 3000 manata sataraq iddiaçının ərinə verdiklərini və 23 ayda 200- 300 manat pul ödəyərək borcu qaytardıqlarını bildirsələr də, bu məbləğin özü həqiqət olduğu təqdirdə belə tələb edilən borcun bağlanmasına kifayət etmir. Əksinə, iddiaçının bildirdiyi kimi həmin məbləğin 7200 manat borcun ödənilməsinə yönəlməsi daha ağlabatan görünür. Məhkəmə kollegiyası, işin tədqiq olunan faktiki hallarına əsaslanaraq belə hesab edir ki, tərəflər arasında borc münasibətlərinin mövcudluğu mübahisəsizdir. Cavabdehin iddiaçı qarşısında bu borc münasibətlərindən doğan öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icrası üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qanunvericiliyə əsasən cavabdehin iddiaçıya borclu olması təsdiq edilirsə cavabdehin həmin öhdəliyi tamamilə icra etməsi və bu öhdəliyin iddiaçı tərəfindən qəbul edilməsi yalnız həmin etiraf üzrə ona qaytarılmalı olan pulun qəbul edildiyi, yaxud da öhdəliyin icra edilməsinə dair cavabdehə iddiaçı tərəfindən sənəd verilməsi yolu ilə müəyyən edilə bilər. Lakin hazırkı iş üzrə cavabdehdə nə öhdəliyin icra edilməsinə dair iddiaçı tərəfindən verilmiş sənəd yoxdur, nə də ki, onun tərəfindən razılaşmanın icra edilməsinə dair heç bir qeyd yoxdur. Bu isə cavabdeh tərəfindən öhdəliyin icra edilməməsini göstərir. Məhkəmə kollegiyası hesab edir ki, borca alınmış pul məbləği cavabdeh tərəfindən qaytarılmamış, cavabdeh üzərinə düşən öhdəliyin icrasından yayındığı üçün əsassız olaraq varlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırda cavabdehin iddiaçıya borcu 8500 ABŞ dollar təşkil edir və onun həmin məbləğdə iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icrası üçün cavabdehdir. Birinci instansiya məhkəməsi cavabdeh X7 ərizəsini nəzərə alaraq iddia müddətinin keçməsi səbəbi ilə iddianı rədd etmişdir. İşin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. Bu səbəbəbdən də məhkəmə iş üzrə iddia müddətinin tətbiq edərək iddianı rədd etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Yenə həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yenə də həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 380.1 və 380.2-ci maddələrinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İddiaçı tərəfindən təqdim edilmiş əlyazmadan görünür ki, cavabdeh sonuncu dəfə 2019-cu ilin yanvar, fevral, mart, aprel və iyun aylarında iddiaçıya hər ay 300 manat pul qaytarmış, iddiaçının hazıki iş üzrə ərizəsi 07 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddia tələbi borc münasibətindən ibarətdir və tələb vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn mübahisələrə aiddir ki, bu tələblər üzrə iddia müddəti üç ildir. Tərəflər arasında borc münasibətləri xx.xx.2015-ci il tarixli yazılı qəbz əsasında başlamış və 2019-cu ilin aprel ayına qədər cavabdeh tərəfindən vaxtaşırı icra olunmuşdur. Son ödəniş iyun 2019-cu ildə olmuşdur. Məhkəmə baxışı zamanı cavabdeh tərəf özü də bu faktı təsdiq etmiş, lakin 2019-cu ildə ödənilən həmin pulların “halallıq” üçün verildiyini bildirmişdir. İddia müddətinin tətbiqi barədə sadalanan maddi hüquq normalarının tələbindən göründüyü kimi iddiaçı hazırki tələblə məhkəməyə müraciət etdikdə iddia müddətini ötürməmişdir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndin əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 134 manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 69 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(031)-283/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh X6 8500 (səkkiz min beş yüz) ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına olan məzənnə nisbətində manatla alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 134 (yüz otuz dörd) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 69 (altmış doqquz) manat dövlət rüsumunun əvəzi cavabdeh X6 tutularaq İddiaçı verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1352/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1352/2022
09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver