Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1353/2022 02.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-859/2022 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-859/2022 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) iddiaçı "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 681 manat əsas, 331,15 manat faiz və 14,43 manat cərimə borcu olmaqla, cəmi 1026,58 manat borcun və 30,30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsinin xeyrinə ödənilməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsi iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 681 manat əsas, 331,15 manat faiz və 14,43 manat cərimə borcu olmaqla, cəmi 1026,58 manat borcun və 30,30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsi ilə bağlanmış xx.xx.2015-ci il tarixli, **********1144 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 34% dərəcəsi olmaqla, 15 ay müddətinə 2000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borcun hər ay 166 manat olmaqla bərabər hissələrdə ödənilməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin qismində kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqavilələsində kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin borcalan tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin xx.xx.2015-ci il tarixli, **********1144 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 757 manat, faiz 0 manat, cərimə 0 manat müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli **********358-996111 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 öhdəliklərin icrasına təminat olaraq həmin kredit müqaviləsinin tərəfi olmuşdur. xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 əsas borcu 681 manat, faiz borcu 331,15 manat, cərimə borcu 14,43 manat olmaqla, cəmi 1026,58 manat təşkil edir. Cavabdeh2 ilə öhdəliyin icra edilməsi barədə danışıqlar aparılmasının heç bir nəticəsi olmamışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır, qətnamə ona aid hissədə əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh2 "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 15 ay müddətinə illik 34 faizlə 2000 manat məbləğində kredit almış, o da həmin müqavilə üzrə zamin olmuşdur. Bundan sonra Cavabdeh2 ilə "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsi arasında xx.xx.2016-cı il tarixdə xx.xx.2015-ci il tarixli, **********1144 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair saziş imzalanmışdır. Həmin sazişdə kredit müqaviləsinin müddəti 35 ay göstərilmişdir. Onunla isə xx.xx.2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanılmış və o, Cavabdeh2 xx.xx.2016-cı il tarixli, **********7358 saylı kredit müqaviləsinə 35 ay müddətinə zamin olmuşdur. "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsi 11 fevral 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" Qeyri Bank Kredit X1 qarşı iddia verərkən zaminliyə xitam verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, öhdəliyin icrasının bitmə müddətini 2016-cı ilin aprel ayından 35 ay əlavə etməklə hesablandıqda, 2019-cu ilin mart ayı edir. İddiaçı təşkilat qanunvericiliyin tələbinə əsasən həmin tarixdən bir il müddətində ona qarşı məhkəmədə iddia irəli sürə bilərdi ki, bu da ən yaxşı halda 2020-ci ilin mart ayı ola bilərdi. Lakin iddiaçı təşkilat tərəfindən məhkəmədə iddia 2022-ci ilin fevral ayında qaldırılmışdır. Müqavilə üzrə onun zaminlik müddəti başa çatdığı üçün zaminliyə xitam verilməlidir. Belə ki, həmin müqavilədə zaminliyin müddəti göstərilməmişdir. Zaminliyin müddəti göstərilmədikdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə əsas kredit müqaviləsi üzrə müddət 35 ay olduğu üçün, yəni əsas kredit müqaviləsi üzrə müddət xx.xx.2019-cu il tarixdə bitdiyi üçün bundan sonra bir il ərzində ona qarşı heç bir iddia tələbi irəli sürülmədiyi üçün onun zaminliyinə xitam verilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsi əsası ilə onun zaminliyinə xitam verilməli idi. Məhkəmə Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsinin tələblərini nəzərə almadan iddianı ona aid hissədə də təmin etmişdir. Hazırki iddia ərizəsi 2022-ci il fevral ayında, yəni zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən təxminən 3 il müddət keçdikdən sonra birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bu da təsdiq edir ki, iddiaçı ona qarşı onun zaminliyinə qanunla xitam verildikdən sonra iddia irəli sürmüşdür ki, həmin vaxt da zamin kimi onun məsuliyyəti aradan qalxmışdır və iddiaçının tələb hüququ mövcud olmamışdır. Cavabdeh1 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi Cavabdeh1 qarşı olan hissədə rədd edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ona aid hissədə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında görünür ki, **********1144 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsi tərəfindən Cavabdeh2 biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 34% dərəcəsi olmaqla 15 ay müddətinə 2000 manat kredit verilmiş, müqaviləni zamin kimi Cavabdeh1 da imzalamışdır. İş materiallarında olan "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********1144 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişin surətindən görünür ki, **********1144 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit alanın kredit verənə əsas borcu 757 manat təşkil etmiş, həmin məbləğin 35 ay müddətində ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsi ilə Cavabdeh1 arasında bağlanmış **********358-996111 saylı, xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliyə kredit alan Cavabdeh2 tərəfindən hər hansı səbəbdən əməl edilmədiyi hallarda Cavabdeh1 əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsinin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 681 manat əsas, 331,15 manat faiz və 14,43 manat cərimə borcu olmaqla, cəmi 1026,58 manat borcu vardır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş üzrə araşdırılmış sübutlardan görünür ki, **********1144 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsi tərəfindən Cavabdeh2 biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 34% dərəcəsi olmaqla 15 ay müddətinə 2000 manat kredit verilmiş, həmin kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişlə kredit alanın kredit verənə əsas borcu 757 manat təşkil etmiş, həmin məbləğin 35 ay müddətində ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, **********1144 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsini zamin kimi Cavabdeh1 da imzalamış, eləcə də "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsi ilə Cavabdeh1 arasında **********358-996111 saylı, xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda, zaminliyə xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən görünür ki, "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********1144 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişə əsasən **********1144 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit alanın kredit verənə əsas borcu 757 manat təşkil etmiş, həmin məbləğin 35 ay müddətində ödənilməsi müəyyən edilmişdir. Göründüyü kimi, sazişin müddəti 2019-cu ilin martında başa çatmış, "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsi isə 2022-ci ilin fevralında məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" Qeyri Bank Kredit X4 Müəssisəsi zamin Cavabdeh1 qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən hallara əhəmiyyət verməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi qismən, Cavabdeh1 aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi Cavabdeh1 qarşı olan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-859/2022 saylı qətnaməsi qismən, Cavabdeh1 aid hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi Cavabdeh1 qarşı olan hissədə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1353/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1353/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver