Məhkəmə qərarları › İş №2(105)-1357/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1357/2023

03.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1357/2023 03.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Nigar Natiq qızı Təhməzlinin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1350/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay 100 manat sabit pul məbləğində alimentin məbləğini dəyişdirərək cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X2 adlı bir övladı olmuşdur. Nikahlarının ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan cavabdehlə aralarında dava-dalaş olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1350/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması, uşağın onun himayəsinə verilməsi və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Qeyd edir ki, uşaq günü-gündən böyüyür, məktəblidir. Onun ehtiyaclarının və tələbatlarını ödəməkdə çətinlik çəkir. AR Prezidentinin Fərmanına əsasən bir uşağın minimum yaşayış məbləği 193 manat təşkil edir. Ona görə də alimentin artırılmasına dair məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Alimentin miqdarı bu günki iqtisadi münasibətlərə uyğun gəlmir. Belə ki, uşaqların qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsi nəzərdə tutulan müddəa «uşağı saxlamaq» anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfındən icra edilməlidir. Valideynlərin uşağı saxlamaq vəzifəsi nə uşağın buna ehtiyacının, nə də valideynlərin imkanın olubolmamasından asılı deyildir. Alimentin sabit pul məbləği miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1350/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalmasının müəyyən edilməsi və sabit pul məbləğində aliment tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində bağlanmış 637 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 27 dekabr 2013-cü il təvəllüdlü X1 ananın- İddiaçı yanında qalması, Cavabdeh İddiaçı xeyrinə 27 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-7003/2022 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1350/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 27 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaı, Cavabdeh 50 (əlli) manat ödənilmiş mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 100.2, 112.1-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 112.1.3, 119.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-7003/2022 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək iddia tələbinin qismən təmin olunması və aliment məbləğinin 150 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən onun maddi vəziyyəti nəzərə alınmamışdır. Artıq 3 ilə yaxın müddətdir ki, işsizdir. Ali təhsilli olmasına baxmayaraq, heç bir yerdə iş tapa bilmirm. Məhkəmə öz qərarında qeyd etdmişdir ki, guya o, izahatında bildirmişdir ki, fevral-mart ayında iş tapaca. Bildirir ki, hazırda Məşğulluq idarəsində qeydiyyatdadır. Məhkəmə sabit pul məbləğində aliment müəyyən etməsinə baxmayaraq, qərarını düzgün əsaslandırmamışdır. Heç bir əsas olmadan, onun maddi vəziyyətini nəzərə almadan alimenti 100 %-ə yaxın miqdarda qaldırmışdır. Övladını saxlamaq məsuliyyətindən qəti şəkildə yayınmır. İddiaçının övladı olduğu kimi onun da övladıdır. Dəfələrlə olub ki, alimenti müəyyən edilmiş miqdarından artıq ödəmişdir. Həmin alimenti ailə üzvlərinin köməyliyi ilə ödəyir. Hazırda səhhətində də bir sıra xəstəliklər vardır, maddi olaraq imkan edib müalicə oluna bilmir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.

10. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

11. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh qətnamənin ləğv edilərək iddia tələbinin qismən təmin olunması və aliment məbləğinin 150 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, kollegiya hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-7003/2022 nömrəli qətnaməsi tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyasının 17.1-ci maddəsinə əsasən cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

13. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün;

14. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;

16. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd).

18. Həmin qərarda qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

23. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

26. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

27. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2011-ci il tarixdə nikahlarını rəsmi qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikah münasibətlərindən bir yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflər münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar. xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş 27 dekabr 2013-cü il təvəllüdlü X2 anası –İddiaçı yanında saxlanılmış, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat miqdarında alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı uşağın günü-gündən böyüdüyünü, ehtiyaclarının və tələbatlarının artıdığını, bunu ödəməkdə çətinlik çəkdiyini iddia edərək alimentin miqdarının ölkə ərazisində uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu həcmində müəyyən edilməsini tələb etmişdir.

28. Birinci instansiya məhkəmə qətnaməsi ilə iddia təmin edilmiş, alimentin miqdarı dəyişdirilərək Cavabdeh 27 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

29. Məhkəmə qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Apelyator şikayətin dəlili olaraq işsiz olmasını göstərmişdir.

30. Göründüyü kimi iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etmişdir.

31. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.

32. Məhkəmə qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımışdır və formalaşmış məhkəmə təcrübəsinə görə alimentin minimum məbləği müəyyən edilərkən bir qayda olaraq ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu meyar olaraq qəbul edilir.

33. İşin hallarından göründüyü kimi hazrki halda uşağın saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutulması məhkəmə qətnaməsi ilə qət edilmişdir.

34. Məhkəmə kollegiyası uşağın üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu, məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan xeyli müddət keçdiyini, bu müddət ərzində ölkə ərazisində istehlak səbətinin miqdarının artdığını, uşağın böyüdüyünü və tələbatının artmasını nəzərə alaraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək uşaqların saxlanılması üçün minimum dolanışıq xərci məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı və ədalətli, eləcə də valideynlərin üzərinə uşaqların saxlanılması vəzifəsinin qoyulması ilə bağlı konstitusiya prinsipinə uyğun hesab edir.

35. Məhkəmə kollegiyası hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Nəzərə alınmalıdır ki, Qanunla 2022-ci il üçün yaşayış minimumu bir uşağa görə 193 manat məbləğində müəyyən olunduğundan, məhkəmə tərəfindən alimentin məbləği haqlı olaraq 193 manat sabit pul məbləğində müəyyən edilmişdir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

37. Məhkəmə kollegiyası cavabdehin heç bir yerdə işləməməsi və qazancının olmamasına dair şikayətin dəlili ilə bağlı qeyd edir ki, əmək qabiliyyətli valideynin heç bir yerdə işləməməsi uşağın qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu məhdudlaşdıra bilməz və onun aliment öhdəliyindən azad edilməsi, yaxud aliment miqdarının artırılmasını istisna edən hal kimi çıxış edə bilməz.

38. Məhkəmə, cavabdehin bir valideyn kimi uşağını saxlamaq vəzifəsini, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarını, yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması və diqqətəlayiq olan digər halları, ölkə ərazisində uşaqlar üçün müəyyən edilən minimum dolanışıq xərclərinin miqdarını, təyin edilmiş məbləğin ağlabatan məbləğ olmasını nəzərə alaraq hesab edir ki, alimentin məbləğinin müəyyən olunmuş hissədə ləğv edilməsi üçün əsas yoxdur.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-7003/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar