Məhkəmə qərarları › İş №2(105)-1357/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1357/2024

14.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1357/2024 14.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X14 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh “X8 Şirkəti” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “X8 Şirkəti” MMC-yə qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(060)-1931/2024 nömrəli qətnaməsindən cavabdeh “X8 Şirkəti” MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “X8 Şirkəti” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «X8 Şirkəti» MMC-dən onun işçisi olmuş Bayramov İsməli Həmid oğlunun törətdiyi əmələ görə dəymiş zərərin əvəzi kimi 55000 (əlli beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 255 manat, cəmi 55255 (əlli beş min iki yüz əlli beş) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Onunla cavabdeh MMC arasında bağlanan 01 oktyabr 2006-cı il tarixli, 154 nömrəli icarə müqaviləsinə əsasən o, Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən Karvan Ticarət Mərkəzində 154 saylı mağazanın ümumi sahəsi 15 kv.m olan əmlakı ticarət fəaliyyəti üçün – kişi ayaqqabılarının pərakəndə satışı üçün icarəyə götürüb. Cavabdeh MMC-nin direktoru X7 verdiyi 02 mart 2010-cu il tarixli, 05 saylı əmrə əsasən ticarət mərkəzində yanğın təhlükəsizliyinə riayət edilməsi üçün cavabdehlik daşıyan şəxslərdən biri də Bayramov İsməli Həmid oğlu olmuşdur. Bayramov İsməli Həmid oğlu ticarət mərkəzində cavabdehlik daşıdığı 3-cü mərtəbədə yerləşən ayaqqabı sahəsində yanğın təhlükəsizliyinə riayət etməmiş, nəticədə baş vermiş hadisəyə görə bir çox sahibkara (icarəçilərə) ziyan dəymişdir. Bayramov İsməli Həmid oğlu barəsində Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə cinayət işi başlanmış və həmin maddə ilə təqsirli bilinmişdir. Qanuni qüvvəyə minmiş Sumqayıt şəhər məhkəməsinin 1(060)-9/2015 saylı, 27 aprel 2015-ci il tarixli hökmündən görünür ki, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən “X8 Şirkəti” MMC-yə məxsus ticarət mərkəzində yanğın baş vermiş və 19615 kv.metr sahədə yerləşən 360 sahibkarın ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 30 iyun 2014-cü il tarixli, 18338 saylı rəyinə əsasən ona ticarət mərkəzində baş vermiş yanğına görə 55000 (əlli beş min) manat maddi zərərin dəyməsi müəyyən edilmişdir. Bu məbləğdə zərərin vurulması məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə təsdiq olunmuşdur. Bu qərarları da o, sübut olaraq məhkəməyə göndərəcək. Bayramov İsməli cavabdeh MMCnin işçisi olduğundan və yanğın baş verən zaman MMC-nin işçisi kimi əmək fəaliyyətini davam etdirdiyindən, yanğın təhlükəsizliyinə məsul şəxs kimi vəzifə başında olmasına görə hazırda ona vurulan zərərə görə cavabdeh MMC məsuliyyət daşıyır. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(060)-1931/2024 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbi təmin edilmiş, cavabdeh «X8 Şirkəti» MMC-dən 55000 (əlli beş min) manat pul və ödənilmiş 255 (iki yüz əlli beş) manat dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Qətamədən cavabdeh «X8 Şirkəti» MMC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(060)-1931/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aidiyyət qaydalarını pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin “iddiaçı X3 cavabdeh “X8 Şirkəti” MMCyə qarşı iş üzrə xx.xx.2023-cü il tarixli qərarını nəzərə almamış, Sumqayıt Şəhər Məhkəməsi özünün formalaşdırdığı təcrübədən kənara çıxmaqla qərar vermişdir. Belə ki, iddiaçı özü məhkəməyə ifadə verərkən bildirmişdir ki, Cavabdeh arasında 01 oktyabr 2006-cı il tarixli, 154 nömrəli icarə müqaviləsi bağlanmışdır. Onunla cavabdeh MMC arasında bağlanan 01 oktyabr 2006-cı il tarixli, 154 nömrəli icarə müqaviləsinə əsasən o, Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən Karvan Ticarət Mərkəzində 154 saylı mağazanın ümumi sahəsi 15 kv.m olan əmlakı ticarət fəaliyyəti üçün – kişi ayaqqabılarının pərakəndə satışı üçün icarəyə götürüb çalışmışdır. Göründüyü kimi həm iddiaçı həmdə cavabdeh sahibkarlıq subyektidir və vergi ödəyicisidir. X11 ********** saylı VÖEN əsasında «X8 Şirkəti» MMC isə ********** saylı VÖEN əsasında fəaliyyət göstərir. Hər iki subyekt arasında müqavilə münasibətləri mövcud olmuş və iddiaçı həmin müqavilə münasibətləri ilə icarə obyektində fəaliyyət göstərən zaman mövcud hadisə baş vermişdir. Yəni iddiaçı cavabdehlə sahibkarlıq münasibətində olmasaydı, ticarət mərkəzində fəaliyyət göstərməsəydi ona ziyanda dəyməzdi. Hətta məhkəmə prosesində hal-hazırda da sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 12 kv.m ayaqqabı dükanı işlətdiyini təxmini 200-300 cüt ayaqqabı sataraq fəaliyyət göstərdiyini etiraf etmişdir. Belə olan halda məhkəmə göstərdiyini etiraf etmişdir. Belə olan halda məhkəmə müvafiq qərardad əsasında işi aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərməli və bu mübahisə kommersiya münasibətlərini əhatə etməklə işə kommersiya məhkəməsində baxılmalı idi. Lakin məhkəmə həmin halı digər məhkəmə aktları ilə əsaslandırmışdır. Ancaq işlərin həqiqi hallarını nəzərə almamış və tanış olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1663/2024 saylı qərarı üzrə iddiaçı X1 subyekti olmamış və cavabdehlə ümumilikdə icarə münasibətləri olmamışdır. (Həmin qərarın 7-ci bəndinə bax) Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-9/2022 saylı qərarında isə aidiyyət məsələləri müzakirə mövzusu olmamış, həmin halları məhkəmələr araşdırmamışdır. Lakin hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərinin qarışıq tərkibdə qəbul etdiyi vahid məhkəmə təcrübəsini formalaşdıran qərarı mövcuddur ki, məhkəmə həmin qərarı nəzərə almalı olduğu halda nəzərə almamışdır. Belə ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin “iddiaçı X3 cavabdeh “X8 Şirkəti” MMC-yə qarşı iş üzrə xx.xx.2023-cü il tarixli qərarı qəbul edilmişdir. Həmin qəbul edilmiş qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax bu qərarın 9-cu bəndinə) məzmunundan aydın olur ki, mübahisənin məhkəmə aidiyyəti aşağıdakı 3 meyar əsasında müəyyən edilməlidir: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri. 11. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 12 və 13-cü bəndlərində formalaşdırılmış hüquqi mövqelərə görə, hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Cavabdeh “X8 Şirkəti” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 vəsatətlə də məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1931/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv etməklə işin Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegyasının iclasında cavabdeh “X8 Şirkəti” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, apellyasiya şikayətində bir neçə məsələni qeyd etsələr də ilk olaraq aidiyyət məsələsini mübahisələndirir. Hazırda məhkəmələrin icraatında bu tip iddialar var, onlardan biri də Abdullayev Natiqin işi ilə bağlı işidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 2- 2(102)-725/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə bu tip iddialara kommesiya məhkəmələrində baxılması qərara alınmışdır. Hazırki iş üzrə iddiaçı vergi ödəyicisidir, VÖEN-i var. Cavabeh təşkilatla onun arasında icarə müqaviləsi var. Tutulacaq məbləğ onun kommersiya fəaliyyətinə təsiri olacaq. Qeyd edilən tələblə bağlı 4 tələb olub məhkəmələrin icraatında, bir işdə iddiaçının biri vergi ödəyicisi olmamış, 3-cü işdə kommersiya məhkəməsində baxılıb. Odur ki, iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 vəsatətə münasibət olaraq bildirdi ki, məhkəmənin mövqeyi düzgündür. Cavabdeh tərəfin qeyd etdiyi tələblə hazırki tələb fərqlidir. Qeyd edilən həmin prosesdəki tələb kommersiya məsələsidir. Lakin hazırki iş üzrə iddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan şəxdir və tələb də cinayət nəticəsində dəymiş zərərin mülki iddiasıdır. Həmin işə cinayət işinə baxılan zaman da baxıla bilərdi. Həmin vaxt işə kommersiya işi kimi deyil, mülki iş kimi baxılacaqdır. Hazırki işə uyğun olan 4-5 iş olub, cavabdehə qarşı qaldırılıb. Həmin işlərə mülki qaydada baxılıb. Hazırki mübahisə kommersiya əlaqələri nəticəsində yaranmış mübahisə deyil, cinayət nəticəsində dəymiş zərərlə bağlı mübahisədir. İşin hansı məhkəmədə baxılması önəmli deyil. İşə birinci instansiya məhkəməsində baxılıb, qətnamə qəbul edilib ki, hazırki gündə qətnamənin ləğv edilib yenidən baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi vaxt itkisidir. Buna görə də vəsatətin təmin edilməməsini xahiş etmişdir. İşdə olan 154 nömrəli, xx.xx.2006-cı il tarixli icarə müqaviləsindən görünür ki, “X8 Şirkəti” MMC tərəfindən 15 kv/m sahə aylıq 45 (qırx beş) manat olmaq şərtilə İddiaçı icarəyə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-9/2015 saylı, 27 aprel 2015-ci il tarixli hökmündən görünür ki, Bayramov İsməli Həmid oğlu Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən “X8 Şirkəti” MMCnin direktoru X12 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 03 saylı əmrlə nəzarətçi-rüsumçu vəzifəsində işləyən zaman üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulan şəxs kimi «Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydaları»nın 6.1, 6.5, «Ticarət və ictimai iaşə müəssisələri, yarmarkaları, baza və anbarları üçün yanğın təhlükəsizliyi qaydaları»nın 3.19.1, 3.19.15, 3.19.18 və «Elektrik enerjisindən istifadə qaydaları»nın 9.3.7-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, “X8 Şirkəti” MMC-nin direktoru X12 tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 05 saylı əmrə əsasən ticarət mərkəzində yanğın təhlükəsizliyinə cavabdeh şəxs olduğu halda ticarət mərkəzinin cavabdehlik daşıdığı 3-cü mərtəbəsində, ayaqqabı sahəsində yanğın təhlükəsizliyinə riayət etməmiş, ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin yanğın təhlükəsizliyinə görə təlimatlandırılmasına və istifadə edilən elektrik şəbəkələri və elektrik avadanlıqlarının qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməsini təmin etməmiş, eləcə də ticarət obyektlərində elektrik qızdırıcılarından, cihazlardan və elektrik uzadıcılarından istifadə olunmasının qarşısını almamışdır. Bu səbəbdən də xx.xx.2013-cü il tarixdə saat 19.26 radələrində ticarət mərkəzinin 2-ci binasının 3-cü mərtəbəsində pilləkən qəfəsinə yaxın olan 121 saylı ticarət obyektinin içərisində elektrik şəbəkəyə nəzarətsiz qoşulu qalmış elektrik xəttində (elektrik uzadıcısında) əmələ gəlmiş elektrik təyinatlı qəza halının nəticəsində yaxınlıqda yerləşən yanar materialların alışmasından yanğın baş vermişdir. Nəticədə 19615 kv.metr sahədə yerləşən 360 sahibkarın ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmü ilə Bayramov İsməli Həmid oğlu Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, iş üzrə verilmiş mülki iddialar baxılmamış saxlanılmış, zərərçəkmiş və mülki iddiaçılara həmin iddia ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli qərarı ilə Bayramov İsməli Həmid oğluna Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı vergi ödəyicisidir və adına ********** nömrəli VÖEN var, fəaliyyət istiqaməti- “Suvenirlərin pərakəndə satışı”, fəaliyyat sahəsiayaqqabı mağazasıdır. İş materialları ilə müəyyən edilir ki, “X8 Şirkəti” MMC vergi ödəyicisidir və adına ********** nömrəli VÖEN var, fəaliyyət istiqaməti- “Maşın bazarının icarəyə verilməsi üzrə fəaliyyət”, fəaliyyat sahəsi – “Karvan Ticarət Mərkəzi”-dir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(060)-1931/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş baxılması üçün məhkəmə aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı işin hallarına əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən, cavabdehin mülkiyyətində olan ticarət mərkəzindəki müvafiq mağaza pərakəndə ticarət fəaliyyəti üçün İddiaçı icarəsinə verilmiş, icarə müddətində həmin ticarət mərkəzində yanğın baş vermişdir. İddiaçı cavabdehin işçisinin yanğın təhlükəsizliyinə riayət etməməsi səbəbindən baş vermiş yanğın hadisəsi nəticəsində zərər çəkdiyini, həmin hadisədə cavabdehin işçisinin təqsirinin məhkəmə qərarı ilə təsdiq olunduğunu əsas gətirərək, sözügedən yanğın nəticəsində əmlakın məhv olunmasına görə cavabdehdən zərərin əvəzini tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər iki tərəf sahibkarlıq subyekti olmaqla, onlar arasındakı münasibət də hər ikisinin sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir. Belə ki, iddiaçının iddiasının mahiyyəti cavabdehin öz sahibakrlıq fəaliyyətini düzgün aparmaması nəticəsində onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi predmetlərin yanması ilə əlaqədar ona zərər dəyməsindən ibarət olmuşdur ki, deliktdən irəli gələn mübahisə qismində də mübahisə həmin şəxslərin sahibklarlıq fəaliyyətindən irəli gəldiyindən işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı idi. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin xx.xx.2023-cü il tarixli, 2-2(102)-725/2023 nömrəli qərarından görünür ki, eyni yanğın hadisəsi üzrə zərərçəkmiş şəxs qismində tanınmış olan mərhum X2 vərəsəsi X6 da “X8 Şirkəti” MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş zərərin əvəzi olaraq 99.924 manat məbləğində pulun alınaraq, ona ödənilməsini xahiş etmiş və məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmiş və qeyd olunan qərarla mübahisə kommersiya mübahisəsi hesab olunmaqla baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, hazırkı iddia tələbinin əsas mahiyyəti kommersiya xarakterlidir, habelə mübahisənin subyekt tərkibi də onun kommersiya mübahisəsi kimi qiymətləndirilməsinə imkan verir. Bu səbəbdən də mübahisənin ümumi rayon məhkəməsində baxılması məqbul hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işlə yuxarıda qeyd edilən işin halları eynilik təşkil etməkdədir. Məhkəmə kollegiyası iddiaçı tərəfin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin xx.xx.2023-cü il tarixli, 2-2(102)-725/2023 nömrəli qərarının aid olduğu işin halları ilə hazırkı işin hallarının fərqli olması, yəni hazırkı iş üzrə tələbin cinayət nəticəsində vurulmuş zərərdən irəli gəldiyini iddia etmişdir ki, məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız hesab etmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli qərarından (i.v.104) görünür ki, qeyd edlən cinayət işi üzrə iddiaçının anası X5 da zərərçəkmiş şəxs qismində tanınmış və o da həmin hadisə nəticəsində dəymiş zərəri tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlarından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarında qeyd olunur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(060)-1931/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(060)-1931/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “X8 Şirkəti” MMC-yə qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar