Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1358/2024 19.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abışov (Hümbətov) Elvin Əmir oğluna qarşı mülki iş üzrə (Açar sözlər: Borc pul tələbi- sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdeh Abışov (Hümbətov) Elvin Əmir oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(060)-2430/2024 nömrəli qətnaməsindən cavabdeh Abışov (Hümbətov) Elvin Əmir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.
1. İş materiallarında olan xx.xx.2023-cü il tarixli yazılı qəbzin (iltizamın) mətnindən görünür ki, X10 İddiaçı 2000 manat məbləğində borc aldığını və həmin pulu 2 ay müddətinə qaytaracağını öhdəsinə götürmüş və bununla bağlı qəbzi imzalamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər X10 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər X7 və Cavabdeh2 səmimiliyinə inanaraq xx.xx.2023-cü il tarixində 2000 manat məbləğində borc vermişdir. Cavabdehlər almış olduqları pulu xx.xx.2023-cü il tarixində qaytaracaqlarına söz vermişlər. Lakin uzun müddət keçməsinə baxmayaraq, borcu qaytarmamışlar. Müxtəlif bəhanələrlə bundan imtina edirlər. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür. Göstərilənlərə əsasən cavabdehlər X6 və X4 2000 manat borcun və ödənilmiş 40 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək, Cavabdeh2 cavabdehlər sırasından çıxarılmasını və cavabdeh Abışov (Hümbətov) Elvin Əmir oğlundan 2000 manat borcun və ödənilmiş 40 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(060)-2430/2024 nömrəli qətnaməsi ilə ( hakim Ş.Həxiyeva) ilə iddia tələbi təmin edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən olundu ki, iş materiallarında olan əlyazma borc müqaviləsindən görünür ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, cavabdeh Abışov (Hümbətov) Elvin Əmir oğlu İddiaçı 2000 manat borclu olduğunu etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edib ki, iddia ərizəsi təmin olunmalı, cavabdeh Abışov (Hümbətov) Elvin Əmir oğlundan 2000 (iki min) manat məbləğində pul və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 331.1, 385.1 442, 739.1, 740.1, 740.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
b)Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
8. Həmin qətnamədən narazı qalan cavabdeh Elvin Abışov apellyasiya şikayəti vermişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. O, iddiaçıdan 1000 manat pulu faizə götürmüş və əvəzində ona 2000 manat qaytaracağına dair yazılı qəbz vermişdir. Həmin 2000 manat pulu da iddiaçıya tam olaraq ödəmişdir. Bu barədə qəbzlər şikayətə əlavə edilib. Yəni 2000 manat pul iddiaçının kartına göndərilib. Hazırda cavabehə hər hansı borcu yoxdur. Bundan əlavə iddiaçı qanunsuz olaraq bank-kredit təşkilatının funksiyaları yerinə yetirir. Lakin məhkəmə həmin şəxsin barəsində xüsusi qərardad çıxarmamışdır. Məhkəmənin gəldiyi əsassız nəticəyə görə iddiaçı əsassız olaraq varlanmış, o isə qanunsuz və əsassız olaraq maddi ziyana düşmüşdür. Məhkəmə mülki işi obyektiv araşdırmamış, ümumiyyətlə araşdırmağa cəhd belə etməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. O, hazırkı cavabdeh Elvinə borc pulu Cavabdeh2 vasitəsilə vermişdir. Belə ki, onun Nihadla münasibəti olub, onun xahişi ilə Elvinə 2000 manat məbləğində borc pulu verib. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi qəbzlər onun deyil, Nihadın öz borcundan ödənilmiş vəsaitlərdir. Belə ki, Cavabdeh2 ondan müxtəlif vaxtlarda borc pul istəmiş, o da hər dəfə fərqli məbləğlərdə Nihadın kart hesabına pul ödəmişdir. Cavabdeh ona borc məbləğindən hər hansı məbləğdə ödəniş etməmişdir.
12. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 izahatında bildirdi ki, iddiaçı onun iştirakı ilə Elvinə əlbəəl 1000 manat məbləğində pul verib, lakin qəbzə 2000 manat yazdırıb. Daha sonra Elvin həmin borc pulu hissə-hissə onun kartına ödəmiş, o da müvafiq olaraq iddiaçıya məxsus kart hesabına ödəmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh X10 iclasda iştirak etməmiş, nümayəndəsi kimi atasına verilmiş etibarnamədə məhkəmə üçün səlahiyyətlər nəzərdə tutulmadığından, sonuncunun məhkəmədə dindirilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 14.2.1.Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Madə 739.1. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MMin 740-cı maddəsi).
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(060)-2430/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını, iş materialları ilə birgə əlaqəli şəkildə təhlil edərək, belə qənaətə gəlir ki, aşağıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. Kollegiya hər şeydən öncə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdeh X10 tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, iddia tələbi sonda yalnız həmin cavabdehə qarşı yönəlməsinə baxmayaraq işə onun iştirakı olmadan baxılıb yekun nəticə verilmişdir. Belə ki, iş materialları təhlil edilərkən müəyyən edildi ki, cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri, həmçinin yekun məhkəmə qətnaməsi göndərilsə də, qeyd olunan sənədlər işə əlavə edilmiş poçt zərflərin üzərinə “bu ünvanda yaşamır” qeydi edilməklə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 138.1-ci maddəsinə görə, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. 138.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməməklə yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən işə baxılmasının vaxtı və yeri haqqında cavabdeh Elvin Abışova (Hümbətov) lazımi qaydada məlumat verilmədən işə baxılmışdır ki, bu da nəticə etibarı ilə tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsipinin pozulmasına səbəb olmuşdur və bu hal qətnamənin ləğvi üçün əsasdır. Bundan əlavə öyrənilən işdən müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları qanunvericilikdə olduğu kimi məhkəmə qərarının mətninə əlavə edilsə də, heç bir əsaslandırma aparılmadan, qətnamənin mətnindən niyə məhz həmin maddələrin tətbiq edilməsinin, yaxud dəlillərə ümumiyyətlə niyə qiymət verilməməsinin səbəbi aydın olmur. Qeyd edilməlidir ki, qərarın əsaslandırılması işin halları ilə iddia tələbinin əsası olan hüquq normalarının tələbləri arasında uyğunluğun yoxlanılmasıdır. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddianın mahiyyətindən müəyyən edilir ki, tələb cavabdehə borc olaraq verilmiş pulun geri qaytarılması barədədir. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, cavabdehin səmimiyyətinə inanaraq ona maddi köməklik göstərmək məqsədilə ona 2000 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə aldığı pulu bugünədək ödəməmişdir. Nəticədə o hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxan məhkəmə mübahisəni yuxarıda qeyd edilən formada həll etmiş, narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir. Cavabdeh isə əksinə, iddia tələbi ilə razılaşmadığını, tələb olunan pulun böyük əksəriyyətini qaytardığını bəyan edərək, apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu bildirmiş və iddianın bütövlükdə rədd edilməsi xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, aşağıdakları qeyd etməyi vacib bilir. Qeyd edilməlidir ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin faktiki halı ilə qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, hər şeydən öncə cavabdeh tərəf iddiaçı ilə aralarında borc münasibətinin olduğu qeyd edir. Konkret halda, cavabdeh iddiaçıdan 1000 manat məbləğində borc alıb, əvəzində 2000 min manat qaytaracağına dair razılaşmanın mövcudluğunu etiraf edir və buna dair tərtib edilmiş qəbzin onun tərəfindən imzalandığını təsdiq edir. Lakin cavabdehin şikayətinin əsas dəlili budur ki, sözügedən borc məbləği iddiaçının bank kartı hesabına müvafiq vaxtlarda, müxtəlif məbləğlərdə ödənişlər edilməklə tərəfindən icra edilmişdir və hazırda ona hər hansı məbləğdə borcu qalmamışdır. Kollegiya qeyd olunan istiqamətdə araşdırma aparmış və müəyyən edilmişdir ki, vəsait silinən 416973........4979 nömrəli kart/hesabdan vəsait alan 416973......2122 nömrəli kart/hesaba vaxtaşırı ödəmələr olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, 416973........4979 nömrəli kart/hesab Cavabdeh2, 416973......2122 nömrəli kart/hesab isə İddiaçı məxsusdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və üçüncü şəxs də müvafiq olaraq həmin kartların onlara məxsus olmasını təsdiq etmişlər. Kollegiyanın araşdırması zamanı iddiaçı onun 416973......2122 nömrəli kart/hesabına daxil olmuş vəsaitin hazırki borcla heç bir əlaqəsinin olmadığını bildirərək, Cavabdeh2 özünün ona borcu olduğunu və həmin borclarla bağlı köçürmələr etdiyini qeyd etmiş və bununla bağlı özünün 416973......2122 nömrəli kart/hesabından 416973........4979 nömrəli kart/hesabına ayrı-ayrı vaxtlarda ödənişlər edilməsinə dair qəbzləri məhkəməyə təqdim etmişdir. Araşdırma zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuş Cavabdeh2 isə 416973........4979 nömrəli kart/hesabının ona məxsus olduğunu inkar etməyərək, qarşı tərəfin kart hesabına köçürdüyü pulların məhz Elvin Abışovun borcundan ödənildiyni bildirmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Elvin pulları onun kartına, o da öz növbəsində iddiaçının kartına köçürmüşdür. Sonuncu özünün iddiaçıya heç bir borcunun olmadığını bildirsə də, iddiaçı tərəfin təqdim etdiyi qəbzlərdəki köçürmələrə, yəni ayrı-ayrı vaxtlarda 416973......2122 nömrəli kart/hesabından 416973........4979 nömrəli kart/hesabına edilən köçürmələrə aydınlıq gətirə bilməmişdir. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfin öz kart/hesabından Cavabdeh2 kart/hesabına köçürdüyü məbləğlərin tarixi 2023-cü ilin avqust ayına, Cavabdeh2 kart/hesabından qarşı tərəfin kart/hesabına edilmiş köçürmələr isə 2023-cü ilin sentyabr-dekabr aylarına təsadüf edir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Beləliklə, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı yekunlaşdıraq bildirir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdeh arasında öhdəlik münasibətləri yarandığından iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, cavabdeh Abışov (Hümbətov) Elvin Əmir oğlundan 2000 (iki min) manat pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1- ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstinad olunan prosessual normanın tələbini nəzərə alaraq kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddia ərizəsi təmin olunduğundan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 manat məbləğində dövlət rüsumu iş üzrə cavabdeh Abışov (Hümbətov) Elvin Əmir oğlundan tutularaq İddiaçı ödənilməlidir. Sonda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.2, 385.1, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Abışov (Hümbətov) Elvin Əmir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(060)-2430/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilsin. Cavabdeh Abışov (Hümbətov) Elvin Əmir oğlundan 2000 (iki min) manat pul və 40 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.