Məhkəmə qərarları › İş №2(105)-1359/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1359/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1359/2021 12.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” İKB (hazırda “xxxx”) ASC-nin cavabdehlər Cavabdeh və X1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3446/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: “xxxx” İKB ASC Cavabdeh və X1 qarşı məhkəmədə iddia qaldıraraq onlardan müştərək qaydada xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 10732,65 ABŞ dolları məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3446/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsilə iddia qismən təmin edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3446/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə çikayət və ona əlavə edilmiş sənədlər cavabdehə geri qaytarılmışdır. (hakim E.Abdullayev) Qərardaddan narazı qalan Cavabdeh ondan şikayət verərək, onun ləğv edilməsini, ötürülmüş müddətin bərpa edilməsi və qətnamədən verilmiş apelyasiya şikayətinə baxılması üçün işin Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3446/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh şikayət ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı əsassızdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-3446/2020 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin ona və X1 qarşı pul tələbinə dair iddiası qismən təmin edilməklə əsas borc üzrə 7557,16 ABŞ dolları, faiz borcu üzrə 1559,06 ABŞ dolları, cərimə üzrə 300 ABŞ dolları, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faiz hesablanmış 1283,1 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 10699 ABŞ dolları 32 sent məbləğində pulun manata olan ekvivalenti əsasında və ödənilmiş 15 manat dövlət rüsumunun onlardan müştərək qaydada bankın xeyrinə tutulması qət olunmuşdur. O, həmin qətnamə ilə iddia tələbinin təmin edilməsi hissəsində razı olmadığı üçün ondan apellyasiya şikayəti vermiş, lakin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3446/2021saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə onun apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Apellyasiya şikayətini geri qaytaran məhkəmə bunu onunla əsaslandırmışdır ki, guya apellyasiya şikayətinin verilməsi müddəti onun tərəfindən ötürülmüşdür. Məhkəmə qətnaməsi xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, lakin o bu qətnamənin qəbul edilməsindən məlumatsız olmuş, yalnız Sumqayıt Şəhər İcra İdarəsinə dəvət edilən vaxt o belə bir qətnamənin qəbul edildiyini bilmişdir. Məhkəmə qərardadda göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə qətnamənin surətini Fidan adlı şəxs poçt bildirişini imzalamaqla qəbul etmiş və guya bu səbəbdən də şikayətin verilməsi üçün nəzərdə tutulan bir aylıq müddət xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Qətnamənin surətinin Fidan adlı şəxsə verilməsi həmin qətnamənin ona təqdim olunması anlamına gəlməyə əsas vermir, belə ki, məktubun çatdırıldığı ünvan onun yaşayış ünvanı deyil və Fidan adlı şəxs onun ailə üzvü deyildir. Bundan başqa, pandemiya ilə bağlı bütün müəssisələrdə, o cümlədən də məhkəmədə xx.xx.2021-ci il tarixə kimi qeyri-iş günləri olmuş, hətta həmin qətnamədən şikayət hazırlansa da onun məhkəməyə təqdim edilməsi mümkün ola bilməzdi, çünki məhkəmələr tərəfindən ərizə və şikayətlərin qəbulu dayandırılmışdı. Buna görə də qərardad ləğv edilməli, ötürülmüş müddətin bərpa edilməsi və qətnamədən verilmiş apelyasiya şikayətinə baxılması üçün işin Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Cavabdeh məhkəmə kollegiyasının iclasında şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh əlavə etdi ki, qətnamə göndərilən ünvan onun qeydiyyatda olduğu evdir və burada o, firma (yüksək texnologiya istiqamətli) yaradaraq sahibkarlıq fəaliyyətilə məşğul olur. Fidan adlı qız bu firmada işləyir və qətnamə göndərilən zərfi ümumi məktublar qovluğuna qoymuş, bu barədə onun məlumatı olmamışdır. Məhz bu fakta görə də o, qətnamədən vaxtında şikayət verə bilməmişdir və bu hal üzürlü hesab edilməlidir. İddiaçı “xxxx” ASC və digər cavabdeh X2 məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə adları göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan (i.v. 133) poçt xəbərnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-3446/2020 saylı qətnaməsi Cavabdeh qeydiyyatda olduğu ünvana (ünvan 1 göndərilmiş və Fidan adlı şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə imzalanmaqla alınmışdır. Cavabdeh apelyasiya şikayətindən görünür ki, onun qətnamədən verdiyi apelyasiya şikayəti xx xxxxxx 2021-ci il tarixdə rabitə orqanına təhvil verilmiş və məhkəməyə xx xxxxxx 2021-ci il tarixdə daxil olmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətlərin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayətlər təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3446/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki işin materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-3446/2020 saylı qətnaməsinin surəti xx xxxxxx 2020-ci il tarixdə poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. İş materaillarının 133-cü səhifəsində olan xəbərnamədən görünür ki, qətnamə Cavabdeh qeydiyyatda olduğu ünvanda Fidan adlı şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə imzalanmaqla alınmışdır. Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinin mənasına görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə verilməklə çatdırıla bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 3446/2020 saylı qətnaməsinin surəti birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 2(060)-3446/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin təqdim edildiyi günün sabahı, yəni xx xxxxxx 2020-ci il tarixdən başlanmışdır. Lakin onun verdiyi şikayət xx xxxxxx 2021ci tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, məhkəmənin qətnaməsini aldıqdan sonra cavabdeh tərəfindən apellyasiya şikayəti 1 ay müddətində deyil, 19 gün sonra verilmiş və qanunla müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi müddəti buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müəyyənləşdirilmiş müddətlər hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən Cavabdeh şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Onun qətnamədən guya sonradan xəbər tutması və müddətin bu tarixdən hesablanmalı olması barədə dəlilləri əsassızdır, çünki məhkəmə kollegiyasının da qənaətinə görə onun qətnamədən məhz xx.xx.2020-ci ildə məlumatı olmuşdur. Qeydiyyatda olduğu ünvanın iş yeri olması, buradakı işçinin qətnaməni ona vaxtında göstərməməsi halları hazırda üzürlü hesab edilə bilməz, çünki bu hallar barədə cavabdeh mübahisə araşdırılarkən daha əvvəllər məhkəməyə bildirməyə borclu idi. Digər tərəfdən, ötürülmüş müddətn bərpa olunması barədə onun vəsatəti də iş materiallarında mövcud deyildir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3446/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar