Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1359/2023 06.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2(034)-197/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 7237.10 manat məbləğində əsas borc, 144.35 manat faiz borc, 0.12 manat cərimə borcu olmaqla, cəmi 7381.57 manat məbləğində borcun və iş üzrə ödənilmiş 94 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2019-ci il tarixli 2656Y nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 5 (beş) il müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 7239 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-cı bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 15 dekabr 2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi 7381.57 manat təşkil edir. Bundan 7237.10 manat məbləğində əsas borc, 144.35 manat faiz borc, 0.12 manat cərimə borcu təşkil edir. Kredit müqaviləsinin 1-cı, 1.1-cı və 2-cı bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********761 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2(034)-197/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 7237.10 manat məbləğində əsas borc, 144.35 manat faiz borc, 0.12 manat cərimə borcu olmaqla, cəmi 7381.57 manat məbləğində borcun və 94 manat ödənilmiş dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ekspertiza xərci olan 100 manatın Cavabdeh tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir (hakim Gülsarə İmanova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2(034)-197/2022 nömrəli qətnaməsinin ləğv edilərək müvafiq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə yalnız bankın təqdim etdiyi sənədlər və ekspertzanın rəyinə əsaslanaraq qanunsuz bir qətnamə qəbul etmişdir. Hesab edir ki, ekspert tərəfindən rəy verilərkən borc düzgün hesablanmamışdır. Belə ki, banka heç bir faiz borcu olmadığı halda necə faiz borcu hesablana bilər. Etdiyi ödənişləri belə nəzərə alınmamışdır. Necə ola bilər ki, ödəniş etdiyi halda bankın iddia etdiyi kimi 7237.10 manat məbləğində əsas borcu və 144.35 manat faiz borcu ola bilər. Bu da onu göstərir ki, məhkəmə iş üzrə heç bir araşdırma aparmamışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları tam və hərtərəfli araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə bank tərəfindən təqdim edilən maliyyə arayışında qeyd olunan borcların əsaslandırılmasını tələb etməmiş, bank yalnız maliyyə arayışında şişirdilmiş borc məbləğini qeyd etməklə borcu əsaslandırdığını hesab etmişdir. Onun tərəfindən edilmiş ödənişlər isə borc məbləğindən düzgün silinməmişdir. Qanunvericiliyin tələbləri məhkəmə tərəfindən pozularaq sübutlara obyektiv, qərəsiz, hərtərəfli və tam baxmadan qiymət verilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq rayonda səhhəti ilə bağlı müalicə aldığına görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının 1 ay müddətinə təxirə salınmasını xahiş etsə də, bununla əlaqədar məhkəmə kollegiyasına hər hansı rəsmi sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli 2656Y nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə 5 (beş) il müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 7239 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehin banka 7237.10 manat məbləğində əsas borc, 144.35 manat faiz borc, 0.12 manat cərimə borcu olmaqla, cəmi 7381.57 manat məbləğində borcu vardır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı hesablanan borcun məbləği ilə razı olmayan Cavabdeh vəsatəti əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7523 nömrəli ekspert rəyi ilə rəyin təhqiqat hisəssində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli 2656Y saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixə 7.237.10 manat əsas borcu, 144.34 manat faiz borcu, ekspert rəyinin tərtib edilmə tarixinə, yəni xx.xx.2022-ci il tarixə 7.237.10 manat əsas borcu, 208.47 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət - cavabdehlik daşıyır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin 07 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın xx.xx.2022-ci il tarixli 9/7523 nömrəli ekspert rəyi ilə rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli 2656Y saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixə 7.237.10 manat əsas borcu, 144.34 manat faiz borcu, ekspert rəyinin tərtib edilmə tarixinə, yəni xx.xx.2022-ci il tarixə 7.237.10 manat əsas borcu, 208.47 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin əsas və faiz borcunu Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2022-ci il tarixli ekspert rəyində, eləcə də xx.xx.2021-ci il tarixli maliyyə arayışında göstərilən məbləğdə tutması əsaslıdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apellyasiya şikayətində irəli sürülən, borcun (əsas, faiz və cərimə) düzgün hesablanmaması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bu dəlilinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin “ödədiyi kredit məbləğlərinin əsas borcdan çıxılmaması” dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ödənilən borcun silinməsini qanunvericiliyin tələb etdiyi qaydada aparmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2(034)-197/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1359/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1359/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver